Məhkəmə qərarları › İş №2-1(104)-325/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-325/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-325/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2001/2023 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mərhum atası X1 “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsi üzərində hüquqlatın qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum atası X1 “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsi və yaşamaq üçün vaqon verilmişdir. Həmin vaxtdan atası ailəsi birlikdə orada yaşamışdır. O, 1980-ci ildə orada anadan olmuş və orada yaşamışdır. Atası 2001-ci ildə vəfat etmiş və sonra torpaqdan o, istifadə etmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyatı üzrə cavabdehə müraciət edilsə də, müraciətindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2001/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadından da göründüyü kimi, bu qərardadın çıxarılmasına əsas iddiaçının iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud olmaması olmuşdur. Məhz bu hala söykənən məhkəmə öz daxili inamı ilə qeyd edir ki, "Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır". Lakin, bu qeyd edilənlə razı deyil, düşünür ki, məhkəmə bu formal əsasa söykənməklə əslində iddia tələblərini araşdırmağı lazım bilməmiş və nəticədə hazırki formal qərardad çıxarılmışdır. Əvvəla onu qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının və ailə üzvlərinin yaşayış şəraitini təmin etmək üçün "Azərelektromontaj-2' idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə qeyd edilən torpaq sahəsi və vaqon verilmişdir. Şübhəsiz ki, həmin dövrdə hələ ölkədə koordinat sistemi tətbiq olunmadığından bu sahəyə məhkəmə tərəfindən koordinatların istənilməsi absurd haldır. Maraqlısı odur ki, məhkəmənin özü tərəfindən təyin edilən və iş materiallarına əlavə edilməklə saxlanılan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində də hər hansısa koordinatlar qeyd edildiyi məlum deyildir. Lakin, nə səbəbdənsə məhkəmə bu mütəxəssis rəyində koordinatların olmadığına irad tutmamış müasir zamanın tələbinə uyğun məlumat verilmədiyi mütəxəssis rəyinə istinad etməklə qərardad çıxarmışdır. Qeyd edilən hala istinad edərək qərardad çıxaran məhkəmənin nəzərə almadığı digər əsas isə hazırda ölkədə koordinatların müəyyən edilməsi səlahiyyətinin də cavabdehə həvalə edilməsidir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan aktdan müəyyən edilir ki, iddiaçının mərhum atası X1 “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə 0,80 ha torpaq sahəsi və yaşamaq üçün vaqon verilmişdir, lakin həmin torpaq sahəsinin məkan göstəricilərini (koordinatlar və yerləşmə mövqeyi) əks etdirən hər hansı yerləşmə cizgisi mövcud deyildir. Həmçinin həmin aktda olan möhürdən möhürün hansı müəssisəyə aid olduğunu müəyyən etmək qeyrimümkündür. Odur ki, dolayısıyla həmin istiqamətdə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Bundan əlavə iş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “Azərelektromontaj-2” idarəsi tərəfindən 15 sentyabr 1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Araşdırma iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0, 28 torpaq sahəsinə istinad edilmişdir. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinə dair torpağın hansı koordinatlarda yerləşməsi və ya həmin torpaq sahəsinin mövcudluğunu təsdiq edəcək hər hansısa digər sənədlər təqdim etməmişdir. Bununla da həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının mövcudluğunu, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair digər əsasları müəyyən etmək mümkün olmamışdır. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçının ərizəsində qeyd edilən torpaq sahəsinin naturada təqdim etdiyi faktiki istifadədə olan sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olduğu müəyyən olunmuşdur, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun mövcud olmadığı müəyyən olunmuşdur. Bu da iddianın mümkün sayılmaması üçün digər bir əsasdır. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2001/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar