Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-328/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1940/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ləğv edilmiş əlilliyi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1971-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. O, 1992-ci ildə Hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci ildə müharibədə düşmən tərəfindən atılan artilerya mərmisinin partlaması zamanı “Sağ əlin ön sətinin yaralanması ilə dəri defekti, sağ əlin İİİ-İV daraq sümüklərinin çoxqəlpəli sınığı, sağ əlin İ-V-ci barmaqlarının açıcı kontrakturası, sağ əlin iri həcmli çapığı, sağ mil sinirinin postravmatik neyropatiyası. Xronik pielonevrit tez-tez kəskinləşmələrlə xroniki anemiya”. Travması ilə xx.xx.1992-ci il tarixə kimi AR X1 və Ortopediya İnstitutunda stasionar müayinə və müalicə olunmuşdur. Müalicə olunduqdan sonra, AR MN-nin MHHK-nin 59 nömrəli qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bundan sonra 2014-cü ildən ona 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı stasionar müalicə olunsa da, səhətində heç bir müsbət irəliləyiş olmamışdır. Xəstəliyi ilə bağlı iş qüvvəsini itirdiyi üçün heç bir yerdə işləyə bilmir. 2021-ci ilin oktyabr ayından pensiyası dayandırılmışdır. İddiaçının 2021-ci il dekabr ayında və 2022-ci ilin avqust ayının 01-də əlillərin bərpa mərkəzində və travmatologiya institunda həkim müayinəsi zamanı əlilliyi ilə bağlı həkim sənədləri və digər xəstəlik sənədləri yazılsa da, 2022-ci il sentyabr ayının 9-da ona imtina cavab məktubu göndərilmişdir. AR Elmi Tədqiqat travmatalogiya və ortopediya institutunda müayinədən keçən zaman xəstəliyi ilə bağlı yazılmış həkim rəyi və forma 88 tibbi sənədi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə göndərilsə də, bu günə kimi cavabdeh orqan səhlənkarlıq edərək iddiaçının heç bir sənədinə baxmadan nə də ki, onu təkrar əyani müayinədən keçirmədən imtina yazaraq geri qaytarmışdır. Cavabdeh orqanın səhlənkarlığı nəticəsində səhv olaraq yazdıqları cavab məktubundan sonra iddiaçının əlilliyi ləğv edilmiş və ona təyin edilmiş pensiya dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya yazılmış imtina məktubunda onun xəstəliyi tamlıq və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, 2014-cü il tarixdən 2021-ci il tarixə kimi Bakı şəhərində və Tərtər RMX-da müalicə olsa da, səhətində heç bir müsbət irəlləyişlər yoxdur. Bu günkü gündə də xəstəlikdən əziyyət çəkir. Onun pensiyası dayandırıldıqdan sonra müalicə olunmaq üçün iynə və dərmanlarını ala bilmir. Odur ki iddiaçı hesab edir ki, cavabdehin imtina qərarı mahiyyəti üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-43/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-422/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-43/2024 nömrəli qərarı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə göndərmiş, ərizədə qeyd etmişdir ki, xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunur. Buna görə də iddia müddətini üzrlü səbəbdən buraxmışdır. Odur ki, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1940/2025 nörməli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1940/2025 saylı qərardadı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1940/2025 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli gərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “ Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası üzrə Gəncə İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(114)-1940/2025 saylı qərardadına əsasən onun tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, iddiasının mümkün sayılmaması qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin qərardadı aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, qərardadın qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, məhkəmə öz qərardadını lazımi qaydada əsaslandırmamışdır. Məhkəmənin öz qərardadını bu cür əsaslandırması tamamilə əsassızdır. Belə ki, əvvəla, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsini (inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər) tətbiq etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. İkincisi isə, məhkəmə nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində sikayət verilə bilər. Normanın məzmunundan çıxan nəticə ondan barətdir ki, ona göndərilmiş imtina məktubunda və ya SMS-də imtina qərarından şikayətin vermə qaydası və müddəti göstərilmişdirsə onda həmin imtina qərarından onun qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verilə bilərdi, yox əgər ona göndərilmiş imtina məktubunda və ya SMS-də imtina qərarından şikayətin vermə qaydası və müddəti göstərilməmişdirsə onda həmin imtina qərarından onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verə bilərdi. Məhkəmənin qərarının əsaslandırıcı hissəsinidən də görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında qiymətləndirilərək əlillik təyinatından imtina edilmiş və bu barədə qəbul edilmiş qərar barədə xx.xx.2022-ci il tarixdə sms-bildiriş göndərilməklə, məlumat verilmişdir. Lakin iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərmişdir. Belə olan halda o, iddia müddətini buraxmamışdır. Lakin hər bir halda o, məhkəmə işinin uzanmaması xatirinə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə yazaraq səhhəti ilə bağlı müddətin buraxıldığını bildirmiş və həmin müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş etmiş və bu zaman ümid etmişdir ki, məhkəmə hər bir halda onun əlil olduğunu, müharibədə hərbi travma aldığını nəzərə alaraq buraxılmış iddia müddətinin bərpa edilməsinə dair qərardad çıxaracaqdır. Lakin məhkəmə bu halları və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almamışdır. Məhkəmə həm də onu nəzərə almamışdır ki, ona göndərilmiş SMS-də qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə 30 gün müddətində inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməmişdir, yəni SMS-də belə bir məlumat görməmişdir. Belə olan halda onun iddia müddətinin axımı xx.xx.2022-ci ildən başlayır və 6 ay sonra, yəni xx.xx.2023-ci ildə bitirdi. Lakin qeyd edildiyi kimi o, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddətinin bitməsinə 4 ay 15 gün qalmış müraciət etmiş və bu isə o deməkdir ki, o iddia müddətini buraxmamışdır və bu səbəbdən də iddia mümkün sayılmalıdır. Bununla yanaşı qeyd edir ki, şikayət və ya iddia müddətinin 1 (bir) ay olduğunu fərz etsə belə o, həmin müddəti də buraxmamışdır. Belə ki, bu halda onun iddia müddətinin axımı xx.xx.2022-ci ildən başlayar və 1 ay sonra, yəni xx.xx.2022-ci ildə bitərdi. Lakin qeyd edildiyi kimi o, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni bir aylıq iddia müddətinin bitməsinə 14 gün qalmış müraciət etmiş və bu isə o deməkdir ki, bu halda da o, iddia müddətini buraxmamışdır və bu səbəbdən də iddia mümkün sayılmalıdır. Lakin qeyd etdiyi kimi məhkəmə onun müharibə əlili olduğunu, hərbi travma aldığını nəzərə almaq və bu səbəbdən hüququnu müdafiə etmək əvəzinə iddianın mümkün sayılmaması barədə qərardad çıxarmaqla onun ədalətli məhkəmə araşdırması və sosial təminat hüquqlarını pozmuşdur. Qeyd olunan hallar isə maddi və prosessual hüquq normalarının pozuntusu sayılır ki, bu hallar da birinci instansiya məhkəməsinin qərardadının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürməsi əsası ilə mümkün saymamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh tərəfindən əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixdə SMS göndərilsə də, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, həmin vərəqin çap tarixi xx.xx.2022-ci il tarixdir. Ona görə də məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdən iddiaçının xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə məlumatı olmuşdur. Lakin iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2022ci il tarixdə poçt vasitəsilə göndərmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu növ məhdudiyyətlərdən biri də iddia tələbi ilə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməsidir. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia məcburetmə haqqında iddia növünə aiddir. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinin tələbinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya hazırda məhkəmədə mübahisələndirdiyi inzibati akta dair SMS-bildiriş xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, sonuncu xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş (iddia ərizəsini poçt xidmətinə təqdim etmişdir), həmçinin məhkəmə icraatının gedişində ərizə təqdim edərək ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, şəxs barəsində cavabdeh orqan tərəfindən müvafiq qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, sözügedən qərarla bağlı şəxsə 10 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə SMS vasitəsi ilə məlumat verilmişdir. Halbuki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxsə vaxtında rəsmi məlumat verməyə borcludur. Bundan əlavə, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair imtinasından şəxsin xx.xx.2022-ci il tarixdə məlumatlı olması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 38.2-ci maddəsinin dispozisiyası şərtlərinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə inzibati orqan tərəfindən iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırki işdə iddiaçı qəbul edilmiş qərarla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə SMS vasitəsi ilə məlumatlandırılmışdır. Şəxsin müvafiq iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etdiyi nəzərə alınsa, prosessual müddəti ötürülməmiş sayılmalıdır. Şəxsin qəbul edilmiş qərardan digər şəraitdə məlumat alması, inzibati orqan tərəfindən təqdim edilməsi və ya məlumat verilməsi kimi qiymətləndirilməməlidir. Digər tərəfdən, şəxsin xx.xx.2022-ci il tarixdə barəsində olan qərardan məlumatlı olması ehtimalında belə, o sözügedən qərarı qısa müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir ki, bu da həmin müddətin bira aydan da az müddətdə ötürüdüyünü deməyə əsas verir. Göründüyü kimi iddiaçının inzibati aktı mübahisələndirmək marağı olmuş, cavabdeh tərəfindən barəsində olan qərarla bağlı ona gec məlumat verilmiş, həmçinin qanunvericiliklə müəyyən edilmiş müddəti çox ötürmədən məhkəməyə müraciət etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, əlilliyi olan şəxslər cəmiyyətdə həssas təbəqə sayıldıqlarına görə dövlət onların reabilitasiyası, məşğulluqlarının təmin olunması və sosial təminatı istiqamətində konkret addımlar atır. Hazırki iddia da mahiyyət etibarı ilə iddiaçının əlilliyinə görə sosial təminatının bərpası ilə bağlı olduğundan yuxarıda qeyd olunan hallar onun xeyrinə şərh edilə bilər. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatında xəstə olmasını, bu səbəbdən vaxtında şikayət vermək imkanın olmadığını və ona cavabdeh tərəfindən məlumat verildiyi tarixdən qısa müddətə iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və məhkəmə kollegiyasının yuxarıda qeyd etdiyi səbəblərə görə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi ağlabatandır və üzürlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1940/2025 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-328/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-328/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver