Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-329/2023 24.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 111/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, xxxxxxx0003 nömrəli məlumatdan görünür ki, İddiaçı 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Volff- Parkinson-Uayt (WPW) sindromu, ürək ritminin supraventrikulyar taxikardiya paroksizm epizodu (xx.xx.2014) və mədəcik ekstrasistoliyası tipli pozulması: Xəstəlikdir – “hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAXAF nömrəli göndərişindən görünür ki, İddiaçı TSEK-ə göndəriş zamanı əsas diaqnozu İ45.6-Vaxtından əvvəl oyanma sindromu Volf-Parkinson- Uayt (WPW) sindromu; ağırlaşma İ47.1-Mədəciküstü taxikardiya Supraventrikulyar paroksizmal taxikardiya, İ49.1-Qulaqcığın erkən depolyarizasiyası Qulaqcıq ekstrasitoliyaları, İ49.3-Mədəciklərin erkən depolyarizasiyası Mədəcik ekstrasitoliyaları, İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı) Mitral qapaqların çatmamazlığı İİ dər.,.; yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu Th8-Th12 disklərin osteoxondrozu, kökcük ağrıları sindromu ilə, F48.0 Nevrasteniya Nevrasteniya qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı “İ45.6 Vaxtından əvvəl oyanma sindromu Volf-Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S. Ağırlaşma İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı) Mitral qapaqların çatmamazlığı İİ dər.Ağırlaşma İ34.1 Mitral qapağın (prolapsı) düşməsi Mitral qapaq prolapsı İİ dər. Ağırlaşma İ47.1 Mədəciküstü taxikardiya Supraventrikulyar paroksizmal taxikardiya.” Diaqnozu qoyulmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə (ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir) imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Vaxtından əvvəl oyanma sindromu Volf-Parkinson-Uayt (WPW) sindromu. Durğunluq ürək çatmamazlığı İİ F.S. Mitral qapaqların çatmamazlığı İİ dər. Mitral qapaq prolapsı İİ dər. Mədəciküstü taxikardiya, Supraventrikulyar paroksizmal taxikardiya”-dan sonrakı ağırlaşmalar və patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən 0232003AAXAF nömrəli göndərişə əsasən 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində bir neçə hərbi hissələrdə hərbi xidmət keçmişdir. xx.xx.2014-cü ildə ürək nahiyəsində olan ağır xəstəliklə bağlı hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış, həmin tarixdə DİN DQ Hərbi Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2014-cü ildə ona 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilmişdir. Eyni diaqnozla və ağırlaşmalarla xx.xx.2021-ci ilədək fasiləsiz olaraq 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyinatı aparılmışdır. Bir çox vaxtlarda o tibb müəssiələrində müayinə və müalicələrdə olmuş, səhətində olan ağır ürək və nevroloji xəstəlilərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün xx.xx.2022-ci ildə tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh tərəfindən əlillik təyin etməkdən imtina edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin 0232003AAXAF nömrəli göndərişə əsassən ona əlillik təyinatı aparılmalıdır, belə ki, o ağır xəstəydi, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-111/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinə əsasən iddiaçının diaqnozu - “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı barəsində “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatı” və 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə” ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında" Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində bir neçə hərbi hissələrdə hərbi xidmət keçmişdir. xx.xx.2014-cü ildə ürək nahiyyəsidə olan ağır xəstəliklə bağlı hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış, həmin tarixdə DİN DQ Hərbi Həkim Komissiyasının "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2014-cü ildə ona 2-ci dərəcə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik təyin edilmiş, eyni diaqnozla və ağırlaşmalarla xx.xx.2021-ci ilədək fasiləsiz olaraq 2-ci dərəcə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik təyinatı aparılmışdır. Bir çox vaxtlarda o, tibb müəssiələrində müayinə və müalicələrdə olmuş, səhətində olan ağır ürək və nevroloji xəstəlilərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün xx.xx.2022-ci ildə tibb müəssiəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh tərəfindən əlillik təyin etməkdən imtina edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin 0232003AAXAF nömrəli göndərişə əsassən ona əlillik təyinatı aparılmalıdır. Belə ki, o ağır xəstədir, bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə haqlı iddia tələbi təmin edilmişdir, lakin cavabdeh "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4-cü maddəsinə əsasən Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin olunur maddəsinin tələblərinə əməl etmədən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, hərbi əlilliyə qarşı cavabdehin apellyasiya şikayəti əsassız qanunsuz və formal xarakterli olduğu üçün ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-329/2023 nömrəli iş üzrə qərardadına əsasən onun xəstəliyilə bağlı Səhiyyə Nazirliyinin nəzdində olan ekpertizasının əyani müayinə zamanı rəyi ilə onun xəstəlikləri öz təsdiqini tapmasını nəzərə almaqla apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarını qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. - 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.4.1-ci bəndinə görə ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); halında, həmçinin 2.4.4-cü bəndinə əsasən emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35- 50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48- F48.9, F70-F79) hallarında ikinci dərəcə əlillik müddətsiz təyin edilir. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.5-ci bəndinə görə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: - 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; - 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; - 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; - 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Volff-Parkinson-Uayt (WPW) sindromu, ürək ritminin supraventrikulyar taxikardiya paroksizm epizodu (xx.xx.2014) və mədəcik ekstrasistoliyası tipli pozulması: Xəstəlikdir – “hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinə əsasən iddiaçının diaqnozu - “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri sayır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAXAF nömrəli F0rma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi İ45.6 Vaxtından əvvəl oyanma sindromu Volf-Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S və yanakı xəstəlik nevrasteniya – İ45.6, İ50.0, F48.0 indeksləri ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Vaxtından əvvəl oyanma sindromu Volf-Parkinson-Uayt (WPW) sindromu. Durğunluq ürək çatmamazlığı İİ F.S. Mitral qapaqların çatmamazlığı İİ dər. Mitral qapaq prolapsı İİ dər. Mədəciküstü taxikardiya, Supraventrikulyar paroksizmal taxikardiya”-dan sonrakı ağırlaşmalar və patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Kollegiya hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz əlilliyin təyin olunmasından imtina edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən şəhadətnaməsinin mövcud olması və həmin sənəd əsasında əlilliyin təyin olunması ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi təşkil edir. İddiaçının əlilliyini səbəbi isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsi ilə “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsində iddiaçının diaqnozu - “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xəstəliyi İ45.6 Vaxtından əvvəl oyanma sindromu Volf- Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S və yanakı xəstəlik nevrasteniya – İ45.6, İ50.0, F48.0 indeksləri ilə qiymətləndirilmişdir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.4.1-ci bəndinə görə ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); halında, həmçinin 2.4.4-cü bəndinə əsasən emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35- 50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48- F48.9, F70-F79) hallarında ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Göründüyü kimi Əsasnamənin 2.4.1 və 2.4.4-cü bəndində tələb olunan indekslərlə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (İ45.6, İ50.0 və F.48.0) üst-üstə düşür. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2776 saylı ekspert rəyindən müəyyən olunur ki, 1,3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. 2. Vətəndaş İddiaçı adına tərtib edilmiş sonuncu müayinəyə dair qiymətləndirmə nəticəsində qeyd edilən və hazırda əziyyət çəkdiyi "İ45.6- Vaxtından əvvəl oyanma sindromu Volf-Parkinson-Uayt (WPW) sindromu; Ağırlaşma: İ50.0-Durğunluq, ürək çatmamazlığı, qan dövranı çatmamazlığı İİ F.S, İ34.0-mitral (qapağın) çatışmamazlıq(ğı), mitral qapaqların çatmamazlığı İİ dərəcə, İ34.1-mitral qapağın (prolapsı) düşməsi, mitral qapaq prolapsı İİ dərəcə, İ47.1- mədəciküstü taxikardiya, supraventrikulyar paroksizmal taxikardiya" diaqnozu ilə əlaqədar şəxsin əyani müayinəsi də nəzərə alınmaqla hazırda müalicəsinə zərurət yoxdur, lakin yarandığı təqdirdə müalicəyə cəlb oluna bilər. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAXAF nömrəli göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının insulindən asılı şəkərli diabet xəstəsi olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.4.1 və 2.4.4-cü bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (İ45.6, İ50.0 və F.48.0) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-111/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-329/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-329/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver