Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-332/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 391/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müvafiq qanunlara uyğun olaraq dövlət qulluqçusunun dövlət məvacibinin 2 mükafata qədər artırılmış hissəsinin (cəmi 3 mükafat və 1 müavinət) və dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyaya əlavələrin: qulluq stajına görə 30 faizlik əlavənin, 15 faizlik əlavə pul ödənişi barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya məbləğinin hesablanaraq ödənilməsi və yanlış hesablama nəticəsində yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10722/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, noyabr 2014-cü il tarixdən dövlət qulluqçusu kimi ona pensiya təyin olunmuş, həmin vaxt 25 ildən artıq dövlət qulluğu stajı mövcud olmuşdur. Məlum olduğu kimi, pensiya təyin edilərkən «Əmək pensiyaları haqqında», «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları» və «Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları” rəhbər tutulmalı idi. Lakin ona pensiya təyin olunarkən, cavabdeh tərəfindən bu qanunların, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələbləri bilərəkdən pozulmuşdur. Belə ki, bu qanunvericilik aktlarında tam aydın şəkildə qeyd edilmişdir ki, pensiyanın məbləği pensiyaya çıxanın dövlət qulluğu stajından və həmin vaxt həmin vəzifədə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibindən asılı olaraq müəyyən edilir. Eyni zamanda, dövlət məvacibinin tərkibi və hesablanması da aydın birmənalı göstərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-391/2024 saylı qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses işritakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət etmək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X3 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyrimütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X2rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia tələbindən görünür ki, iddiaçı ona dövlət qulluqçusunun dövlət məvacibinin 2 mükafata qədər artırılmış hissəsinin və dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyaya əlavələrin qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya məbləğinin hesablanaraq ödənilməsini və yanlış hesablama nəticəsində yaranmış fərqin birdəfəyə ödənilməsi xahiş edir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbini mümkünsüz sayan birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-99401/2023 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıya ödənilmiş dövlət məvacibinə dair arayışlarda mükafatlar və müavinətlərin dövlət büdcəsindən, yaxud büdcədənkənar pul vəsaitləri hesabına ödənilməsi göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 3 nömrəli Əlavəsinə uyğun tərtib edilərək təqdim olunmasının zəruriliyi izah edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı həqiqətən də yuxarıda qeyd olunan Qaydanın 3 nömrəli Əlavəsinə uyğun arayışı cavabdehə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin qeyd olunan məktubları imtina xarakterli akt hesab edilə bilməz və inzibati orqan qanunvericiliyin tələblərinə əsasən müvafiq qanunvericiliyin tələblərini iddiaçının nəzərinə çatdırmış və ona uyğun tərtib edilmiş sənədin təqdim edilməsini izah etmişdir. Bu hal isə iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə əsaslı olmamışdır. Belə ki, istər cavabdeh inzibati orqan istərsə də birinci instansiya məhkəməsi iddiaçının tələbinə münasibətdə qeyd olunan Qaydalarının tələblərini əsas gətirərək iddiaçının müvafiq arayışı təqdim etməli olduğunu bildirmişlər. Lakin nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixdə yaranmasına baxmayaraq cavabdeh inzibati orqan iddiaçıdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 3 nömrəli Əlavəsinə uyğun tərtib edilmiş arayışın təqdim edilməsinə dair qoyulmuş tələb iddiaçının vəziyyətinin ağırlaşmasına səbəb olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş Qaydaların 3 nömrəli Əlavəsinə uyğun tərtib edilmiş arayışın tələb edilməsi pensiyanın yenidən hesablanmasına dair müraciətlərə tədbiq edilib-edilməməsi müəyyənləşdirilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı 2014-cü il tarixdə pensiyaya çıxmış və pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət edərkən müvafiq dövrdə onun əmək fəaliyyətilə bağlı olan arxivdən əldə olunmuş arayışları cavabdeh orqana təqdim etmişdir. Lakin, inzibati orqan tərəfindən iddiaçının müvafiq arayışı təqdim etməməsi əsas gətirilərək müraciətinin müsbət həlli həyata keçirilməmiş və iddiaçıya tələb edilən arayışın aidiyyəti üzrə hansı inzibati orqan tərəfindən tərtib edilməsi və hansı qaydada əldə edilməsi izah edilməmiş. Bundan başqa iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M- 55121/2023 saylı məktubdan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2020-ci il – xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5878,17 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi bildirilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutmaların aparılması üçün yazılı razılığının qısa müddət ərzində təqdim olunması xahiş edilmişdir. Qeyd olunan məktubdan əks edilmiş məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılan zaman birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya ödənilmiş artıq pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun pensiyasından tutmanın aparılmasına dair qərar qəbul edib-etməməsini, müvafiq qərar qəbul edildiyi təqdirdə iddiaçının yazılı razılığının alınıb-alınmaması istiqamətində araşdırmalar aparmalı və bu hallara aydınlıq gətirildikdən sonra Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək inzibati orqan tərəfindən qəbul edilmiş qərar olduqda ona həmin qərarı mübahisələndirə bilməsi hüququ izah edilməlidir. Məhkəmə kollegiyası sadalananları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla iddiaçıların məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-391/2024 saylı qərardadı ləğv edilsin. İş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-332/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-332/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver