Məhkəmə qərarları › İş №2-1(104)-332/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-332/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-332/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qərarın ləğv edilməsi” tələbi üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2766/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qərarın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müraciətin müsbət həllindən imtina edilərək bildirilmişdir ki, aparılmış əyani tibbi müayinə nəticəsində göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmamış və bu səbəbdən heç bir maddə tətbiqinə əsas olmamış, həmçinin müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş və nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmişdir. Yekun tibbi müayinə nəticəsində qəbul edilmiş qərar şəhadətləndirilmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, boynunun sol tərəfli anadan gəlmə əyriliyindən əziyyət çəkir. Bu xəstəliklə bağlı hərbi xidmətə dair çağırışla bağlı vəzifəsinin yarandığı dövrdən tibbi müayinələrdən hər il keçmişdir. Keçirilmiş tibbi müayinələr zamanı da müəyyən edilmişdir ki, onun boynu əyriliyi ilə bağlı hərbi xidmətə yararlı olmağı istisna edilir. Lakin sonuncu dəfə hərbi çağırışla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mərkəzi HərbiHəkim Komissiyasının göndərişi ilə cavabdeh tərəfindən tibbi müayinə aparılarkən onun hərbi xidmətə yararlılığı ilə bağlı qərar qəbul edilmişdir. Bununla bağlı cavabdehə müraciət edərək keçirilmiş tibbi müayinəyə dair qərarın qanunsuz olması ilə bağlı müraciət etsə də, barəsində aparılmış tibbi müayinəyə dair qərardan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin cavabdehin keçirdiyi tibbi müayinənin nəticəsində qəbul edilmiş qərarın əsasında onun hərbi xidmətə yollanmağı ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi tərəfindən ona bildiriş göndərilmişdir. Ona aid bütün tibbi müayinə ilə bağlı hərbihəkim komissiyasının apardığı müayinələrə aid sənədlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzində şəxsi işinin içərisinə əlavə edilmişdir. Həmin sənədlərdən də görünür ki, cavabdehin onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərar qanunsuzdur.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2766/2025 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya iki dəfə sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar ətraflı şəkildə izah edilmiş, yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin verilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək xətaları aradan qaldırmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2766/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinə yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin sərəncamı ona gec çatmış, məhkəmə ona yenidən hüquqi yardım göstərilməsi ilə bağlı yeni məktub göndərmədən iddia tələbini mümkün saymamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

9. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası işin hallarına dair apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddianın düzgün cavabdehə qarşı qaldırılması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

15. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

16. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilmiş, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin onun hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmayaraq onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar ətraflı şəkildə izah edilməsinə və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilməsinə, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq verilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək xətaları aradan qaldırmamışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilmiş, məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərilməklə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin qeyd edilməli olmasına dair xx.xx.2025-ci il tarixli sərəncam göndərilərək xətanın aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, sərəncam iddia ərizəsində qeyd olunan ünvan üzrə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, buna baxmayaraq qeyd edilən xəta aradan qaldırılmamışdır.

19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən iddianın mümkün sayılmamasına dair qərardad qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

Nəticəvi hissə:

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2766/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar