Məhkəmə qərarları › İş №2-1(104)-335/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-335/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-335/2025 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3ə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1814/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1814/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X3in üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1814/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2-1(104)-635/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(104)-623/2025 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2- 1(104)-635/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İl Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Lakin həmin zaman ona yalnız ilkin tibbi yardım göstərilmişdir. O, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədən qayıtdıqdan sonra onda tez-tez qıcolmalar olmuş, uzunmüddətli stressli hallar yaşamış, intihara meyllilik yaranmışdır. Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. O, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında “Partlayış travması. Çoxsaylı qəlpə yaralanmasından (xx.xx.2020) sonra yaranan ağır depressiya, intihar cəhdi ilə davranış pozuntuları, şəxsiyyətin nəzərə çarpan dəyişikliyı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə təkrar müayinə üçün Psixi Sağlamlıq Mərkəzinə göndərilmiş, Mərkəzin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ona “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” diaqnozu təyin edilmişdir. O, əliliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ona əlillik təyin edilməsindən imtina edilibdir. O, həmin tarixdə komissiyadan keçməmişdir, həmin tarixdə o, müalicə olunmaq üçün Rusiya Federasiyasında olmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Komissiyadan noyabr ayının sonlarında keçmişdir. Ondan sonra komissiyanın rəyini gözləmiş, lakin cavab uzun müddət gəlmədiyindən 2024cü ilin yanvar ayında xəstəxana ilə bu barədə maraqlananda sistemə daxil olaraq ona bildirmişlər ki, xx.xx.2023-cü ildə guya ki, o, müayinədə olmuşdur və ona əlillik verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilən halları qəbul etmir və bildirir ki, sözügedən işdə birinci instansiya məhkəməsi sübutları araşdırmadan iddiaçının maraqlarına uyğunlaşdırmaqla qərar qəbul edərək inzibati orqanın diskression səlahiyyətlərinə müdaxilə etmişdir. Məhkəmənin qeyd edilən halları ilə razılaşmadıqlarını, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilmədiyi və ekspertiza keçirilmədiyi bildirilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarət olmuşdur ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermədiyini, şəxsdə sözügedən xəstəliyin ağrılaşmalarının mövcud olduğu halda, şəxsə əlillik təyinatının aparılmalı olduğu bildirilmişdir. Göndərişdə qeyd olunan diaqnozun öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətlərinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır, lakin hazırkı işdə iddiaçıda nəinki sözügedən ağırlaşmalar, həmçinin diaqnoz belə öz təsdiqini tapmamışdır. Göstərilən hallar baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnozlardan “F43.1 – Posttravmatik stress pozuntusu” ona əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Belə ki, həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya həmin pozuntu aralığında əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14464 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə iddiaçının aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3in xx.xx.2025-ci il tarixli, T 560/2025 saylı rəyin nəticə hissəsindən müəyyən edilmişdir ki, 1990-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, vətəndaş E.A.lsmayılovun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə, tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya, astiqmatizm, hər iki gözün sadə miopik astiqmatizmi” diaqnoz ona stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, əyani müayinədə hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmadı. Əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmadığından, əlillik dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Hazırda xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur. İş materialları ilə aşağıdakılar müəyyən olunur: - ******* nömrəli hərbi biletin surətinən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. “Cəbrayılın azad olunması” (xx.xx.2020), “Laçının azad olunması” (xx.xx.2020), “Qubadlının azad olunması” (xx.xx.2020), həmçinin “Vətən müharibəsi iştirakçısı” (xx.xx.2022) medalları ilə təltif edilmişdir. - Abbas Səhhət adına Xəstəxananın xx.xx.2022-xx.xx.2022-ci il xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “Baş beyn silkələnməsi” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “F48.0- Nevrastaniya” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2023-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Tez-tez qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və 3.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-33.1 kq/m2” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ-nin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı professor Fuad İsmayılovun xx.xx.2022-ci il tarixli, 11305 nömrəli tibbi rəyi ilə İddiaçı diaqnozu “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” kimi müəyyənləşdirilmişdir (xəstəlik haqqında şəhadətnamədəki qeydə əsasən). - İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Nevrastaniya. Üzvi dissosiativ pozuntu. Üzvi emosional-labil pozuntu. Partlayış travması. KBT nəticəsində posttravmatik ensefalopatiya. Qıcolma tutmaları (ayda 9-10 dəfə). Sol yan araxnoidal kista (24 mm)” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. - İddiaçı həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. - İddiaçı əlilliyi növbəti dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Teztez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. - İddiaçı həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023cü il tarixli 3-17-4/3-3-2389/2023 nömrəli qərar qəbul edilmişdir. - İddiaçı əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin xx.xx.2023cü il tarixdə imzalanmış göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. - İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19101/2023 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3791 nömrəli ekspert rəyi ilə İddiaçı Posttravmatik stress pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri ilə, anamnezində baş-beyinin silkələnməsi (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilir. Təqdim edilmiş tibbi sənədlərin tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı psixi vəziyyətində yaranmış pozuntular ilə əlaqədar dəfələrlə psixiatrik tibbi müəssisələrə müraciətləri olmuş, stasionar qaydada müalicələrdə olmuş və halhazırda ambulator qaydada qəbul etdiyi müalicələrə baxmayaraq psixi vəziyyətində sabitləşmə baş verməmiş, hazırki müayinə gedişatında psixi vəziyyətinin remissiya vəziyyətində olmadığı müəyyən edilir. Qeyd edilməlidir ki, İddiaçı hazırki psixi vəziyyətinin əlilliyə səbəb olması barəsində, həmçinin qərarda qoyulmuş digər suallara cavab olaraq bildirir ki, qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, belə ki, aparılan psixiatrik müayinə nəticəsində şəxsin psixi vəziyyəti və hazırda onda aşkar edilən psixi xəstəliyin, yaxud psixi pozuntunun diaqnozu tərtib edilmiş rəydə əks olunur. Reabilitasiya (bərpa müalicəsi) məsələləri, xəstəliyin yaxud psixi pozuntu nəticəsində əlilliyin təyin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə əlilliyin təyin olunması meyarları əsasında qiymətləndirilməsi "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi" X3 səlahiyyətlərinə aiddir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”-yə görə: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. Bənd 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Bənd 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Bənd 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır Bənd 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarları üzrə – iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə kollegiya tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi ilə İddiaçı Posttravmatik stress pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri ilə, anamnezində baş-beyinin silkələnməsi (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilmiş, onun ambulator qaydada qəbul etdiyi müalicələrə baxmayaraq psixi vəziyyətində sabitləşmə baş verməmiş, hazırki müayinə gedişatında psixi vəziyyətinin remissiya vəziyyətində olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.5.1.1-ci bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 35-60 faiz olmaqla əlilliyin 2 il müddətinə müəyyən edilməsinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi ruhi xəstəliyə düçar olmuş şəxslərin müayinə və müalicəsi üzrə ixtisaslaşmış tibb müəssisəsidir. Odur ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3791 nömrəli ekspert rəyini daha mötəbər sübut kimi qəbul edir. Beləliklə, cavabdehin şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1814/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar