Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-336/2025 18.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Mehtiyev Fikrət Ədilşah oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Hüseynova (Məmmədova) Səbinə Cəmil qızının ona məxsus olan ünvan 3nda yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2047/2025 nömrəli qərarından üçüncü şəxs Məmmədova (Hüseynova) Səbinə Cəmil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12903/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 3nda yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-210/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, X9 ilə X5 arasında xx.xx.2006-cı il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 869 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 anası X6 və xx.xx.2008-ci il təvəllüdlü X8 atası X3 yanında qalması, xx.xx.2007-ci il təvəllüdlü X4 cavabdeh X1 alınıb iddiaçı X7 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli AZ-İ 477933 nömrəli şəhadətnaməsinə əsasən X5 və X9 arasında nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)- 210/2024 nömrəli qətnaməsi əsasında pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 197 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1987-ci il təvəllüdlü X2 şəhəri, Hərbi şəhərcik 83, ev 394, mənzil 14 ünvanında qeydiyyatdadır. İddiaçı üçüncü şəxs X6 ünvan 3nda yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 266 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2093 nömrəli arayışdan görünür ki, həqiqətən X2 şəhəri, Hərbi şəhərcik 83, ev 394, mənzil 14 ünvanında yaşamır. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-37859/2024 nömrəli cavab məktubundan görünür ki, X9 xx.xx.2011-ci il tarixdən hal-hazıradək ünvan 3nda qeydiyyatdadır. X6 qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs Hüseynova (Məmmədova) Səbinə Cəmil qızının ünvan 3nda yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Hərbi şəhərcik 83, ev 394, mənzil 14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** və xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə onun mülkiyyətçi olduğu qeydiyyata alınmışdır. Ərizədə qeyd olunan üçüncü şəxs həmin ünvanda formal olaraq qeydiyyatdadır. Adı yuxarıda qeyd olunan şəxs faktiki olaraq ona məxsus olan mənzildə yaşamır. Belə ki, həmin şəxs onun oğlunun arvadı olmuş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-210/2024 saylı 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Üçüncü şəxs onun ailə üzvü deyil. O, Cavabdehnə müraciət edib üçüncü şəxs X6 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq 15 oktyabr 2024-cü il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir: "X6 həmin ünvandan qeydiyyatdan çıxarılmaları Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinin 5- ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.” Üçüncü şəxsin ona məxsus evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və əmlakından sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuz bir haldır. Bundan başqa, həmin şəxsin ona məxsus evdə qeydiyyatda qalması əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2047/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllə, Ailə Məcəlləsi, Mənzil Məcəlləsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Məmmədova (Hüseynova) Səbinə Cəmil qızı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2047/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil qapalı şəhərcikdə yerləşir. O, 2005-ci il tarixdə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür. Gəlin köçərkən mənzilə qeydiyyata düşməyi ilə bağlı Müdafiə Nazirliyi KEŞ idarəsi tərəfindən razılıq verilmişdir. Səbəb isə o, idi ki, həmin vaxt mənzil Müdafiə Nazirliyinin balansında idi. Mənzilin özəlləşdirilməsi zamanı o, razılıq vermişdir. Qeyd olunan mənzildən onun istifadə hüququ var. İstifadə hüququna isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Məhkəmə isə onun hüququnu nəinki müdafiə etmiş, əksinə inzibati orqanın səlahiyyətindən çəkinmişdir. Belə ki, mülki məhkəmə icraatında baxılmalı olan işə, inzibati icraat qaydasında baxmışdır. Bu isə nəticədə məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə müdafiəsi hüququnun pozulmasının digər göstəricisi odur ki, əgər bu qərar qanuni qüvvəsini alsa, şəxsiyyət vəsiqəsi qeyri-aktiv olacaq. Nəticədə mülki məhkəmə icraatı qaydasında hüquqlarını həyata keçirə bilməyəcək. Məhkəmə tərəfindən natamam araşdırılma aparılmışdır. Belə ki, əgər məhkəmə tərəfindən araşdırılma aparılmış olsaydı, müəyyən olunardı ki, onun həmin mənzildə istifadə hüququ var. Belə ki, mənzil onun razılığı əsasında özəlləşdirilmişdir. Gəlin köçərkən iddiaçı və onun ailə üzvləri kirayəçi olmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1 Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından aydın olur ki, X9 ilə iddiaçının oğlu X5 arasında nikah xx.xx.2006-cı il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 869 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Üçüncü şəxs X9 xx.xx.2011-ci il tarixdən hal-hazıradək ünvan 3nda qeydiyyatdadır. Qeyd olunan ünvan 3nda yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli AZ-İ 477933 nömrəli şəhadətnaməsinə əsasən X5 və X9 arasında nikah məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 197 nömrə ilə qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3nda yerləşən mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına yönəlmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ilə üçüncü şəxs X9 arasında əvvəllər ailə münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçının oğlu X5 və üçüncü şəxs X9 xx.xx.2024-cü il tarixə kimi birgə nikahda olmuşlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxsin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxsin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üçüncü şəxsin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvünün yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsasları mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsinin inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1934/2023 saylı qərarı). Odur ki, məhkəmə bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iddia tələbi əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2047/2025 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı iddia tələbi təmin edilməsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-336/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-336/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver