Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-337/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1916/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2013-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixində Əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanın tələblərinə əsasən 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021-ci il tarixindən dayandırılıb. Eyni zamanda bildirilir ki, təkrar müayinədən keçməyilə əlaqədar 19 noyabr 2021-ci il tarixindən İİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası 2022-ci ilin yanvar ayında bərpa olunub. Əlillik təyinatı barədə 19 noyabr 2021ci il tarixindən qüvvədə olan qərarın 27 oktyabr 2023-cü il tarixində ləğv edilməsi ilə əlaqədar pensiya ödənişi 1 noyabr 2023-cü il tarixindən dayandırılıb. Buna görə də xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə ona ödənilmiş ümumilikdə 18549,43 manat pul vəsaiti artıq ödənilmiş vəsait hesab edilir. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası üzrə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilmiş ümumilikdə 18549,43 manat artıq ödəmənin müəyyən edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, sonradan təkrar müayinədən keçməysilə əlaqədar xx.xx.2021 -ci il tarixdən 2-ci dərəcəli əlilliyi müəyyən edildiyindən, əmək pensiyam 2022-ci ilin yanvar ayında bərpa olunmuşdur. Daha sonra ona 2-ci dərəcəli əlilliyə görə təyin edilmiş əmək pensiyası heç bir əsas gətirilmədən dayandırılmış və əlillik təyinatı barədə qərarın ləğv edilməsi belə ona bildirilməmişdir. Əlillik təyinatı və əmək pensiyası üzrə ödəniş səlahiyyətli orqanlar tərəfindən qanunamüvafiq surətdə verilmişdir. Yəni, əlillik təyinatının və pensiya ödənişinin həyata keçirilməsində onun hər hansı bir qüsurlu hərəkəti olmamışdır. Buna bamayaraq, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə ümumilikdə 18549,43 manat artıq ödəmə müəyyən olunmuşdur. Lakin bu halların heç birində əmək pensiyaçısının, yəni onun razılığım alınmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli, 3-17-1/3-9541/2024 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1916/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2024- cü il tarixli, 3-17-1/3-9541/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyirinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fond tərəfindən müavinət ödənilməsini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-1(114)-1916/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühim əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Bildirilir ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası üzrə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ümumilikdə 18549,43 manat artıq ödəmənin müəyyən edilməsinin qanunsuz hesab edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub ünvanlanmışdır. İddiaçının müraciəti ilə əlaqədar olaraq onun pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi və əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişinin 1 may 2021-ci il tarixindən dayandırıldığı bildirilmişdir. Eyni zamanda İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar 19 noyabr 2021-ci il tarixdən İİ dərəcəli əlilliyi müəyyən edildiyindən onun əmək pensiyası 2022-ci ilin yanvar ayında bərpa olunmuşdur. İddiaçının əlillik təyinatı barədə 19 noyabr 2021-ci il tarixindən qüvvədə olan qərarın 27 oktyabr 2023-cü il tarixdə ləğv edilməsi ilə əlaqədar pensiya ödənişi 1 noyabr 2023-cü il tarixdən dayandırılmışdır. Buna görə də xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə İddiaçı ödənilmiş ümumilikdə 18549,43 manat pul vəsaiti artıq ödənilmiş vəsait hesab edilir. Bununla əlaqədar olaraq, İddiaçı artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı barədə məktub ünvanlanmışdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası üzrə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ümumilikdə 18549,43 manat artıq ödəmənin müəyyən edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-1(114)-1916/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024- cü il tarixli, 3-17-1/3- 9541/2024 nömrəli qərar ilə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə İddiaçı ödənilmiş ümumilikdə 18549,43 manat pul vəsaiti artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Qeyd edilir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlilliyi etibarsız hesab edilmiş, bu səbəbdən də Mərkəzi Filiala daxil olmuş 3-17/3-1-9384/2024 nömrəli xidməti məruzə əsasında pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi cavabdeh Mərkəzi Filialın hərəkətləri qanuni olmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayara məhkəmə iclasına gəlməmiş və səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanun Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024cü il tarixli, 3-17-1/3-9541/2024 saylı qərarını mübahisələndirmişdir. Həmin qərara əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə İddiaçı ödənilmiş ümumilikdə 18549,43 manat pul vəsaitinin artıq ödənilmiş olması müəyyən edilmişdir. Qeyd olunan qərara münasibətdə kollegiya qeyd edir ki, həmin qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamışdır. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən müavinət məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, cavabdeh həmin normanın müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı halda həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1916/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-337/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-337/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver