Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-339/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2125/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2010-ci il tarixdə “Baş-beyin qan dövranının vertebro-bazilyar hövzəsində kəskin çatmamazlığı. Menyer sindromu. Boyun fəqərələrinin diffuz osteoxandrozu. Hipertonıya xəstəliyi 2-cı mərhələ. Ürək-beyın forması. Mitral qapaq çatmamazlığı. QDÇ 2-Cİ dərəcə. Baş beyin qan dövranının vertebro-bazilyar hövzəsində kəskin çatmamazlığı” diaqnozu ilə təkrar müddətsiz əlillik təyin edilmişdir.
2. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xxxxxxx0002 nömrəli göndərişi ilə “Başbeyin qan dövranının vertebro-bazilyar hövzəsində kəskin çatmamazlığı.Menyer sindromu. Boyun fəqərələrinin diffuz osteoxandrozu. Hipertoniya xəstəliyi 2-ci mərhələ. Ürək-beyin forması. Mitral qapaq çatmamazlığı. QDÇ 2-Cİ dərəcə. Baş beyin qan dövranının vertebro-bazilyar hövzəsində kəskin çatmamazlığı” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-nevroloji Dispanserin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, İddiaçı xx.xx.2025-ci il tarixində Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və “Demensiya, parkinson xəstəliyi, qeyri-iradi hərəkətlər,asteno-nevrotik sindrom (F.01,F48.0, G.20) diaqnozu qoyulmuşdur.
4. X4 xx.xx.2025-ci il tarixli İddiaçı Beyin MRT nəticəsində “Nəticə: -Minimal Beyin atrofiyası; -Hər iki periventrikulyar nahiyyədə, hər iki sentrum semiovaledə, hər iki yan mədəciyin ön buynuz qonşuluğunda və hər iki periatrial nahiyyədə 5 mm ölçüdə T2 FLAİR hiperintens çoxsaylı mikroangiopatik ocaqlar” qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarının ləğv edilməsini və onun əlilliyinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun səhhətində yaranan probeləmlər ilə əlaqədar 25 ilə yaxındır ki, ona əlillik təyin edilmişdir və uzun müddət əlil kimi pensiya almışdır. Lakin hal-hazırda onun pensiyası dayandırılmışdır. Belə ki, onun qanuni olaraq təyin edilmiş əlillik dərəcəsi cavabdeh tərəfindən əsassız olaraq ləğv edilmişdir. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq nəticə olmamışdır. Cavabdehin imtinasını əsassız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh orqanın iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları barədə ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Gəncə şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997- ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 2.2.10-cu bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Qərar qəbul edilmişdir. Əlillik təyinatı aparılmış diaqnoz “Baş-beyin qan dövranının vertebro-bazilyar hövzəsində kəskin çatmamazlığı. Menyer sindromu. Boyun fəqərələrinin diffuz osteoxandrozu. Hipertoniya xəstəliyi 2-ci mərhələ. Ürək-beyin forması. Mitral qapaq çatmamazlığı. QDÇ 2ci dərəcə. Baş beyin qan dövranının vertebrobazilyar hövzəsində kəskin çatmamazlığı.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-18517/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6398/2024 nömrəli qərar əsasında xx.xx.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş yenidən köhnə məktub əsasında xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş, təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinəsi aparılmışdır. Müayinə zamanı, sağ ətraflarında əsmədən, boynunda ağrıdan, arterial təzyiqin yüksək olmasından şikayəti olduğunu bildirmiş, lakin ixtisaslaşmış tibb müəssisəsində müalicə qəbul etdiyini təsdiqləyən heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, vətəndaşa transtorakal exokardioqrafiya (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF= 58% (əlli səkkiz faiz)) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Asendan aorta dilatasiyası (41 (qırx bir) mm). Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ qeyd edilir.) müayinəsi icra edilmiş, həkim-nevropatoloq müayinəsi nəticəsində rəyi “Kəllə beyin sinirləri normal, sümüküstü və vətər refleksləri, D=S, orta canlı, sağ əldə tremor qeyd edilir. “Dişli çarx” simptomu cüzi “müsbət”, “yerişi sərbəstdir.” kimi qeyd edilmişdir. Vətəndaşa ixtisaslaşmış tibb müəssisəsi olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ətraflı müayinədən keçməsi, tibbi rəy alması və kranial MRT müayinəsindən keçməsi üçün göndəriş təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində vətəndaş komissiyaya Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının eyni tarixli 10701 nömrəli diaqnoz “Parkinson xəstəliyi, Xen Yar İİİ (üç). Akineto rigid forma. Arterial hipertenziya. Boyun radikulopatiyası. Yüngül koqnitiv pozuntular. Üzvi mənşəli emosional labil pozuntu” kimi göstərilmiş ambulator kitabçadan çıxarışını təqdim etsədə həkim-nevroloq əlillik səviyyəsini təsdiqləyən patoloji ağırlaşma izlənilmədiyini qeyd etmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi-Sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 6398/2024 nömrəli qərara əsasən təyin edilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı ləğv edilsin, xx.xx.2024-cü il tarixindən “Diaqnoz öz təsdiqini tapmır” qərarı qəbul edilsin.
8. İddiaçı xx.xx.2025-ci il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2125/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.
10. Gəncə İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2125/2025 nömrəli qərarının məzmununda qeyd edilmiş “xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin” ifadəsinin “xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin” kimi oxunması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, prinsipcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit,monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin təhlil məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən əlilliyi olan şəxslərin təhlilinin aparılması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılmasına istinad edə bilməz, həmin təhlilin nəticəsi barədə qərarda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş cavabdehin 25 sentyabr 2024-cü il tarixli qərarının əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, həmin qərar cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskression səlahiyyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2024-cü ilin sentyabr ayından əlilliyi ləğv edilmişdir və hazırda xəstəlikdən əziyyət çəkir.
16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdətutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır- 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından məlum olur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2010-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona “Baş-beyin qan dövranının vertebro-bazilyar hövzəsində kəskin çatmamazlığı.Menyer sindromu. Boyun fəqərələrinin diffuz osteoxandrozu. Hipertonıya xəstəliyi 2-cı mərhələ. Ürək-beyın forması. Mitral qapaq çatmamazlığı. QDÇ 2-ci dərəcə. Baş beyin qan dövranının vertebrobazilyar hövzəsində kəskin çatmamazlığı” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
24. Bundan sonra cavabdeh əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçını məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə qiymətləndirmə aparılmış və nəticədə əlilliyin təyininə əsas verən diaqnoz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 6398/2024 nömrəli qərar əsasında xx.xx.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan iddiaçı yenidən xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş, təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinəsi aparılmış, yekunda cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6398/2024 nömrəli qərara əsasən təyin edilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı ləğv edilmiş, xx.xx.2024-cü il tarixindən “Diaqnoz öz təsdiqini tapmır” barədə qərar qəbul edilmişdir.
25. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin olunmuş ikinci dərəcəli müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsinə nail olmaqdır.
26. Yuxarıda qeyd edilən normalara əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir.
28. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.
29. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2010-cu il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
30. Cavabdeh orqanın qərarlarının məzmunundan müəyyən edilir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmasına baxmayaraq müayinədə iştirak etmədiyi əsas götürülməklə, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən xx.xx.2024-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar (xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6398/2024 nömrəli qərar) qəbul etmişdir. Lakin sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı, nədən ibarət olduğu müəyyən edilmir.
31. Cavabdeh inzibati orqan isə iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində qəbul etdiyi qərarların əsaslılığına dair hər hansı əsaslandırma təqdim etməmişdir.
32. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6398/2024 nömrəli və xx.xx.2024-cü il tarixli qərarlarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız müxtəlif risk qruplarının araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” və “Diaqnoz öz təsdiqini tapmır” barədə qərarlar qəbul edilmişdir.
33. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
34. Başqa sözlə qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
35. Cavabdehin mövqeyinə görə xx.xx.2010-cu il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasının olmasıdır. Lakin iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair qərarda heç bir əsaslandırılma və ya təyin edilmiş əlilliyin əsassız təyinatını təsdiq edəcək heç bir sübuta istinad olunmamış, qərarda heç bir əsaslandırılma qeyd edilməmişdir.
36. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.
37. Bununla bağlı qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
40. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
41. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
42. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlilliyin ləğvinə yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığı aşkar olunduğundan hazırki iş üzrə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıdığından təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2125/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov