Məhkəmə qərarları › İş №2-1(104)-34/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-34/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-34/2024 24.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, “torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-805/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. “Torpağın mülkiyyətə verilməsinə dair” 2004-cü il tarixli, JN027A nömrəli şəhadətnamədən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 16 saylı qərarı ilə X11 və onun ailə üzvləri X12, X9, X10, X13 və X1 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 adına qeydə alınmışdır.

3. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 136 nömrəli və xx.xx.2021-ci il tarixli, 252 nömrəli məktublarında bildirilmişdir ki, İddiaçı və mərhum əri X3 Goranboy rayonu, Qızılhacılı Bələdiyyəsi ərazisində adına həyətyanı torpaq sahəsi yoxdur, İddiaçı 1987-1995-ci illərdə yaşadığı ev mərhum X6 məxsus olan həyətyanı torpaq sahəsində tikilmişdir, Goranboy rayonunda aqrar islahatlar aparılarkən həmin torpaq sahəsi X4 adına işlənmişdir.

4. Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanı ümumilikdə 33 sot torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 10 sotuna dair X5 adına çıxarış verilmişdir, yerdə qalan 23 sot torpaq sahəsi Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətindədir və X14 tərəfindən zəbt edilmişdir.

5. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubunda bildirilmişdir ki, bələdiyyənin sənədlərinə əsasən İddiaçı və mərhum əri X3 adına torpaq sahəsi yoxdur, iddia edilən torpaq sahəsi isə X4 və onun ailə üzvlərinin zəbtindədir, mübahisəli məsələ olduğu üçün aidiyyəti üzrə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət edilməsi xahiş olunur, verilən qərardan sonra ərizəyə yenidən baxıla bilər.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 18 sentyabr 2023-cü il tarixli, 3-21-3-46/2-4044/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, ölçü işləri aparılan zaman İddiaçı istifadəsində olan torpaq sahəsinin sərhədləri hər hansı çəpərlə hasarla ayrılmadığından iddiaçının göstərdiyi ərazi koordinatları 0,10 ha təşkil edir. Qeyd olunan və naturada göstərilən torpaq sahəsinin elektron məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqəsi, təyinatı və hüquqi rejimi həyətyanı torpaq sahəsidir. İddiaçı tərəfin naturada göstərdiyi həyətyanı torpaq sahəsinin yerin üzərində rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətləri mövcud olmadığından mühafizə zolağına və ya sürüşmə zolağına düşmür.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 3-21-3-46/2-4886/2023 nömrəli məktubundan məlum olur ki, İddiaçı hal-hazırda iddia etdiyi həyətyanı torpaq sahəsinin 0,10 ha hissəsi Goranboy rayonu Aqrar islahat komissiyasının 16 may 2001-ci il tarixli 16 saylı qərarı ilə Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri X11, X7, X9, X10, X13, X1 mülkiyyətinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən və istifadəsində olmuş 0.23 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Goranboy rayonu, Qızılhacılı kənd sakini X15 ilə xx.xx.1987-ci il tarixdə ailə həyatı quraraq, həyat yoldaşının atasına məxsus olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı İdris Abdullayevin iki oğluna - X8 və X6 eyni həyətdə tikdiyi iki mənzildən birində məskunlaşmış və 1995-ci ildə mənzildə baş vermiş yanğınla əlaqədar iddiaçı və ailəsi kəndi tərk edərək, Goranboy şəhəri ərazisində məskunlaşmışdır. Uzun illər ərzində iddiaçı və onun ailə üzvləri mütəmadi olaraq Qızılhacılı kəndində yerləşən həmin həyətyanı torpaq sahəsinə və üzərindəki tikililərə baş çəkmiş, həmin həyətdə yaşayan X11 və onun ailə üzvləri ilə heç bir münaqişə baş verməmişdir. Lakin, iddiaçının həyat yoldaşı X15 vəfat etdikdən sonra, qaynının ailəsi bütün həyətyanı torpaq sahəsinin və onun üzərindəki mülklərin onlara aid olduğunu bildirmişlər. Göstərilən məsələ ilə əlaqədar cavabdeh Goranboy rayonu, Qızılhacılı bələdiyyəsi ilə əvvəlki tarixlərdə yazışmalar aparılmış, eyni zamanda iddiaçı ilə X14 (X4 qızı) arasında məhkəmə mübahisəsi olmuşdur. Cavabdeh Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə bildirilmişdir ki, İddiaçı və mərhum əri X3 Goranboy rayonu, Qızılhacılı Bələdiyyəsi ərazisində adına həyətyanı torpaq sahəsi yoxdur. İddiaçı 1987-1995-ci illərdə yaşadığı ev mərhum X6 məxsus olan həyətyanı torpaq sahəsində tikilmişdir. Goranboy rayonunda aqrar islahatlar aparılarkən həmin torpaq sahəsi X4 adına işlənmişdir. Cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 1 ünvanı ümumilikdə 33 sot torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinin 10 sotuna dair X5 adına çıxarış verilmişdir. Yerdə qalan 23 sot torpaq sahəsi Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətindədir və X14 tərəfindən zəbt edilmişdir. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, bələdiyyənin sənədlərinə əsasən İddiaçı və mərhum əri X3 adına torpaq sahəsi yoxdur. İddia edilən torpaq sahəsi isə X4 və onun ailə üzvlərinin zəbtindədir. Mübahisəli məsələ olduğu üçün aidiyyəti üzrə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət edilməsi xahiş olunur. Verilən qərardan sonra ərizəyə yenidən baxıla bilər. Yuxarıda qeyd edilən məhkəmə mübahisəsi dövründə müəyyən olunmuşdur ki, 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-027A nömrəli şəhadətnaməyə əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsi X11 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən həmin 0,10 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi X2 xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi, X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ümumi ərazinin 0,10 ha hissəsinə aiddir və qalan 23 sot torpaq sahəsi hazırda Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin mülkiyyətindədir. Göstərilən həyətyanı torpaq sahəsində uzun illər iddiaçı və mərhum əri X15 övladları ilə birlikdə yaşamış və bütün qəsəbə əhalisi də bundan xəbərdardır. Hətta bununla bağlı, Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinlərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli Akt tərtib olunmuş və mübahisə predmeti olan torpaq sahəsi, orada yerləşən yanmış fərdi yaşayış evi , hovuz və üç otaqlı əl damının iddiaçının ailəsinə məxsus olması təsdiqlənmişdir. Göstərilənlərə əsasən, 06 oktyabr 2022-ci il tarixli, 752 nömrəli ərizə ilə cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə müraciət olunmuş və ünvan 2 ünvanında yerləşən və uzun illər iddiaçının (mərhum əri X15) istifadəsində olmuş 0,23 ha torpaq sahəsinin, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı xüsusi mülkiyyətinə verilməsi üçün qərar verilməsi və müqavilə bağlanması, bu məqsədlə hərracın keçirilməsi və müvafiq icra hakimiyyəti orqanından rəyin alınması xahiş olunmuşdur. Ərizə 10 oktyabr 2022-ci il tarixdə bilavasitə cavabdeh bələdiyyənin sədri Səbinə Həsənova tərəfindən qəbul edilmiş, lakin məktubu aldıqları tarixdən 35 gün müddət keçməsinə baxmayaraq, heç bir cavab verilməmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-805/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi ünvan 1 ünvanı ümumilikdə 0.33 ha torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 0,10 ha hissəsinə dair X2 adına çıxarış verilmişdir, yerdə qalan 0.23 ha torpaq sahəsi isə Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətində olmaqla X10 tərəfindən zəbt edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-805/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki olaraq heç bir araşdırma aparmamış, cavabdeh inzibati orqandan iddiaya münasibət bildirməsini tələb etməmiş, iddiaçının təqdim etdiyi sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmiş, nəticədə yanlış qərar qəbul etmişdir. Belə ki, məhkəmə öz qərarının əsası kimi yalnız, iddiaçı tərəfindən surəti işə əlavə edilmiş Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 nömrəli və xx.xx.2022-ci il tarixli, 19 nömrəli məktublarında göstərilənlərə əsaslanmışdır. Halbuki iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş, Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli Akta hüquqi münasibət bildirilməmişdir. Aktdan birbaşa görünməkdədir ki, mübahisə predmeti olan torpaq sahəsi, orada yerləşən yanmış fərdi yaşayış evi, hovuz və üç otaqlı əl damı iddiaçının ailəsinə məxsusdur. Bu sənəddən də göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi faktiki iddiaçının zəbtindədir. Cavabdeh inzibati orqan iddiaçıya qarşı qərəzli mövqe sərgilədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, Gəncə İnzibati Məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, topraq sahəsinin faktiki kimin zəbtində olmasını araşdırmamış, cavabdeh inzibati orqanın iddiaya münasibət bildirməsini tələb etməmiş, iş üzrə təqdim olunmuş sübutlara birtərəfli hüquqi münasibət bildirmiş və elə birinci iclasda iş üzrə qərar qəbul edərək belə nəticəyə gəlmişdir ki, torpaq sahəsi iddiaçının yox, başqa şəxsin zəbtindədir. X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ümumi ərazinin 0,10 ha hissəsinə aiddir və qalan 23 sot torpaq sahəsi hazırda Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin mülkiyyətindədir. Göstərilən həyətyanı torpaq sahəsində uzun illər İddiaçı və mərhum əri X15 övladları ilə birlikdə yaşamış və bütün qəsəbə əhalisi də bundan xəbərdardır. Həmin torpaq sahəsində yerləşən yanmış fərdi yaşayış evi, hovuz və üç otaqlı əl damı iddiaçının ailəsinə məxsusdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində özbaşına tutulmuş bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün mövcud olan paralel 2 şərtin hər biri iddiaçıda mövcuddur. Belə ki, torpaq sahəsi xx.xx.1987-ci ildən, yəni bu Qanun qüvvəyə minənədək (29 iyun 2001-ci il tarixədək) iddiaçı və onun ailəsinin istifadəsindədir, eyni zamanda həmin torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi, hovuz və üç otaqlı əl damı mövcud olmaqla, qaytarılması mümkün deyildir. Birinci instansiya məhkəməsi yalnızca maddi hüquq normalarını yanlış şəkildə tətbiq edərək sadalamaqla iş üzrə yanlış qərar qəbul etmişdir. 04 nömrəli və 19 nömrəli məktublarında göstərilənlərə əsaslanmışdır. Halbuki iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş, Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta hüquqi münasibət bildirilməmişdir. Aktdan birbaşa görünməkdədir ki, mübahisə predmeti olan torpaq sahəsi, orada yerləşən yanmış fərdi yaşayış evi, hovuz və üç otaqlı əl damı iddiaçının ailəsinə məxsusdur. Bu sənəddən də göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi faktiki iddiaçının zəbtindədir. Cavabdeh inzibati orqan iddiaçıya qarşı qərəzli mövqe sərgilədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən həyətyanı torpaq sahəsində uzun illər İddiaçı və mərhum əri X15 övladları ilə birlikdə yaşamış və bütün qəsəbə əhalisi də bundan xəbərdardır. Həmin torpaq sahəsində yerləşən yanmış fərdi yaşayış evi, hovuz və üç otaqlı əl damı iddiaçının ailəsinə məxsusdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onun və ailəsinin istifadəsində yanmış fərdi yaşayış evi, hovuz və 3 otaqı əl damı olub, həmin tikililərin yerləşdiyi torpaq sahəsini mütəxəssisə təqdim etmiş və ölçmə işləri ona uyğun aparılmışdır. Tələbdə torpaq sahəsi 23 sot qeyd olunsa da, təqdim etdiyi torpaq sahəsi onun faktiki istifadəsindədir.

16. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə etdiyi bildirdi, əlavə olaraq qeyd etdi ki, torpaq sahəsi uzun illər iddiaçı və onun ailə üzvlərinin istifadəsində olmuşdur, bu halın nəzərə alınması xahiş olunur.

17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

25. İddia tələbindən görünür ki, İddiaçı ailə qurduqdan sonra uzun müddət mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamasını, həmin fərdi yaşayış evinin mərhum qaynatasına aid olmasını əsas gətirərək hazırki tələb üzrə iddia etdiyi torpaq sahəsinə dair gözlənilən mülkiyyət hüququnun mövcud olmasını, baş vermiş yanğın nəticəsində qaynatasına məxsus və o vaxta qədər onun yaşadığı evin məhv olduğunu qeyd edərək həmin tikililərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qərarın cavabdeh tərəfindən qəbul olunmasını xahiş etmişdir.

26. İddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən əsaslılığı yoxlanılmış, torpaq sahəsinin üçüncü şəxsin zəbtində olması əsas ilə tələb təmin edilməmişdir.

27. İddiaçının apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən araşdırılmanın aparılmaması və sübutların tam qiymətləndirilməməsi, bu əsasla iddia edilən torpaq sahəsinin faktiki olaraq kimə məxsusluğunun müəyyən edilməməsidir.

28. Məhkəmə kollegiyası ilkin oalarq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tələbin əsaslılığı yoxlanan zaman ümumiyyətlə tələb edilən torpaq sahəsinin faktiki ölçüsü, hüquqi rejimi, bundan başqa torpaq sahəsinin kimin mülkiyyətində olması dəqiqləşdirilməmiş, yalnız tərəflərin təqdim etdiyi sənədlərə və izahatlara əsasən araşdırılma aparılmışdır.

29. Halbuki iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN027A nömrəli şəhadətnamədən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 16 saylı qərarı ilə X11 və onun ailə üzvləri X12, X9, X10, X13 və X1 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir.

30. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 adına qeydə alınmışdır.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, ölçü işləri aparılan zaman İddiaçı istifadəsində olan torpaq sahəsinin sərhədləri hər hansı çəpərlə hasarla ayrılmadığından iddiaçının göstərdiyi ərazi koordinatları 0,10 ha təşkil edir. Qeyd olunan və naturada göstərilən torpaq sahəsinin elektron məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqəsi, təyinatı və hüquqi rejimi həyətyanı torpaq sahəsidir. İddiaçı tərəfin naturada göstərdiyi həyətyanı torpaq sahəsinin yerin üzərində rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətləri mövcud olmadığından mühafizə zolağına və ya sürüşmə zolağına düşmür.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 3-21-3-46/2-4886/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı hal-hazırda iddia etdiyi həyətyanı torpaq sahəsinin 0,10 ha hissəsi Goranboy rayonu Aqrar islahat komissiyasının 16 may 2001-ci il tarixli16 saylı qərarı ilə Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri X11, X7, X9, X10, X13, X1 mülkiyyətinə verilmişdir.

33. Göründüyü kimi təqdim olunan rəyə və sənədlərə əsasən iddiaçının naturada təqdim etdiyi torpaq sahəsi faktiki olaraq 0,23 ha deyil, cəmi 0,10 ha-dır, iddiaçının hüquqi marağı məhz həmin sahənin cavabdeh tərəfindən ona satılmasının mümkünlüyünə yönəlmişdir. İddiaçının ona satılmasını tələb etdiyi və faktiki təqdim etdiyi torpaq sahəsi isə digər şəxslərin mülkiyyətindədir və həmin qeyd hazırda qüvvədədir.

34. Belə olan halda iddiaçının qeyd edilən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ona satılması ilə bağlı hüquqi və faktiki əsas mövcud deyildir, bununla bağlı hər hansı subyektiv hüququ istisna edilmişdir.

35. Bundan başqa iddiaçı ümumiyyətlə torpaq sahəsinin və ya onun üzərində yerləşən yanmış fərdi yaşayış evi və köməkçi sahələrin əri B.Abdullayev və ya onun atasına məxsus olmasına, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu qüvvəyə minənədək istifadələrinə olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd olunur ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (qərarın 4.1 və 4.2-ci bəndləri).

38. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-805/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar