Məhkəmə qərarları › İş №2-1(104)-34/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-34/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-34/2025 16.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı1 və iddiaçının vəkili Vəkil iştirakları ilə, “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-42/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13588 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Nizami rayonu, Vəli Xuluflu küçəsində yerləşən 48,4 kv.m- 2 (iki) yaşayış otağından ibarət yaşayış evi X2 adına mülkiyyət hüququ əsasında xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır (23№- ilə reyestr kitabına yazılmışdır, 58a№-li inventar işi, 346 məhəllə).

2. xx.xx.2002-ci il tarixli Texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 200 kv.m (152,8 tikinti altı və 47,2 həyətyanı), ümumi yaşayış sahəsi 73,3 kv.m (48,4 yaşayış sahəsi və 24,9 kv.m köməkçi sahə) olmaqla, 69,8 kv.m olan «A» yaşayış binası, 18,9 kv.m olan «A» örtülü eyvan, 9,6 kv.m olan «A» mətbəx, 33,5 kv.m olan «B» qaraj , 9,4 kv.m olan «V» əldamı, 1,8 kv.m ayaqyolu, 9,0 hasar, 0,8 dəmir qapının əlavə qeydiyyatı aparılmışdır.

3. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 642 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami rayonu, Ruhlan Əliyev küçəsinin şimal tərəfində yerləşən 400,0 kv.m torpaq sahəsində X9 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi qərara alınmışdır.

4. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-1/2- 03/859/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 5-1/2-xx/xx/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə qeyd edilən mövzuda müraciəti Gəncə şəhər İcra Hakimiyyətinə daxil olmuşdur. Müraciətə cavab olaraq vətəndaşın nəzərinə çatdırılmışdır ki, 2015-2016-ci illərdə Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 2185 nömrəli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat vəsait ayrılmışdır. Həmin ərazidən 95 fərdi yaşayış evi sökülmüş, evlərin sakinlərinə "X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massiviində inşa olunmuş fərdi yaşayış evləri verilmişdir. Bu işlər çərçivəsində 2017-ci ildə İddiaçı1 yaşadığı Vəli Xuluflu küçəsi, 130 nömrəli ünvanda yerləşən, 73,3 kv.metr sahəsi olan fərdi yaşayış eyi sökülmüş, həmin evdə yaşayan şəxslər “X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.m sahəsi olan üç olaqlı fərdi yaşayış evinə köçürülmüş, bundan başqa İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400.0 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı müraciət müəllifinin digər bir vətəndaşla arasında mühahisə yaranmışdır.

5. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-1/2-571/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, V.Xuluflu küçəsi, 130 ünvanında yerləşən və faktiki olaraq 73,3 kv. metr yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı mülkiyyətçi N.X12 Metal Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinin verilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyətində hər-hansı bir sənəd mövcud deyildir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-6179/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m olan (bunun 484 kv.metr hissəsi yaşayış 24.9 kv.metr hissəsi köməkçi sahəsindən) ibarət olan fərdi yaşayış evi 2017-ci il tarixində 3 saylı Gəncə Ərazi İdarəsində bazar dəyərinin qiymətləndirilməsi mövcud olmamışdır. Odur ki, həmin fərdi yaşayış evi hal-hazırda sökülmüş olduğu üçün bazar dəyərinin hesablanması və qiymətləndirilməsi mümkün olmamışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-14785/2024 nömrəli məktubunda qeyd edilmişdir ki: - 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-790 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Göygöl rayonu, Tağana kəndində yerləşən 1,0788 ha torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ üzrə 2/4 hissədə İddiaçı2, 1/4 hissədə İddiaçı1 və 1/4 hissədə X6 adlarına **********67 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. - Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-2-528 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,07 ha torpaq sahəsinə dair İddiaçı1 adına xx.xx.2012-ci il tarixli, **********43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. - Gəncə şəhəri 3 saylı Dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-1-68 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil İddiaçı1 adına xx.xx.2007-ci il tarixli, **********13-05101-093007 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. - Göygöl rayonu, Toğana kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən X4, X8, X11 və X7 adlarına JN-192A, KOD 50810018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmədiyi üçün sorğuda və .şəhadətnamədə göstərilən şəxslərin eyni şəxsin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. - Xanlar rayon X5 İcraiyyə komitəsinin 1980-ci il tarixli protokoldan çıxarışa əsasən Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına 617 nömrəli qeydiyyta vəsiqəsi verilmişdir. Lakin həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməmişdir.

8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 103/Mİ/23 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 130 saylı fərdi yaşayış evinin 2017-ci ilin sentyabr ayına bazar qiyməti 156500 (bir yüz əlli altı min beş yüz) manat təşkil etmişdir.

9. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, G-01/25-011 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsi, 130 saylı fərdi yaşayış evinin 152.8 kv.metr tikilisinin 2017-ci ilin sentyabr ayına olan bazar dəyəri 156500 (bir yüz əlli altı min beş yüz) manat, 200 kv.metr torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə istifadədə olduğu üçün 2017-ci ilin sentyabr ayına bazar dəyəri 10000 (on min) manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri barədə ölçü götürülməsini xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvana yerləşən mülk onun xüsusi mülkiyyətində olmuşdur. 2017-ci ilin sentyabr ayında Cavabdehndən nümayəndələr gələrək evlərinin dövlət ehtiyacı üçün ayrılması və burada abadlaşdırma işlərinin aparılması ilə əlaqədar köçürülməli olduqlarını, Əlvan Metallar zavodu ərazisində yeni qəsəbə salınacağını və sökülən evlərinin yerinə yeni mənzil veriləcəyini bildirmişdir. Lakin sonradan bilmişdir ki, onlara təklif edilən evin yaşayış sahəsi 80 kv.m-dir. Ona görə də evlərindən çıxmamışlar. Evlərinə qaz və işıq verilməsi dayandırılmışdır. Lilli sular süzülərək evə axmış həm evi, həm də ev əşyaları yararsız hala düşmüşdür. Bundan sonra onlara Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Ruhlan Əliyev küçəsində 4 sot torpaq sahəsi ayrılacağı və həmin torpaq sahəsində 120 kv.m yaşayış sahəsi olan tam təmirli, darvazası olan ev tikilib veriləcəyi barədə söz verilmişdir. Onlar təkliflə razılaşmışdır. Onlara deyilən ünvanda sərəncam və tikinti layihəsi ilə birlikdə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Mülkiyyətində olan 200 kv.m yaşayış sahəsini icra hakimiyyətinin nümayəndələri sökmüş, bundan sonra 7 yük maşını kubik daşını və 4 yük maşını çay daşını daşıyıb torpaq sahəsinə tökmüşlər. Onlara bir ay ərzində 120 kv.m yaşayış sahəsi olan evi tikib təhvil verəcəkləri bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin torpaq sahəsində heç br tikinti həyata keçirilməmişdir. Bu müddət ərzində dəfələrlə aidiyyatı orqanlara şikayətlə müraciət etmişlər. Bir dəfə torpaq sahəsinə gedəndə oraya tökülmüş tikinti materialları ilə hasar çəkildiyini görmüşlər. Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinə gedəndə ona məlum olmuşdur ki, İcra Hakimiyyətinin əməkdaşı Samir adlı şəxs 2019-cu ildə həmin torpaq sahəsini Vüqar adlı şəxsə satmışdır. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, öz mülkiyyətindən məhrum olmuşdur.

12. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, qanunsuz olaraq sökülmüş yaşayış evinə görə ona dəymiş 200000 manat ziyanın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-42/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı iddia tələbində ona məxsus evin sahəsinin 200,0 kv.m olduğunu iddia etsə də, işə əlavə edilmiş qeydiyyat vəsiqəsi və texniki pasportdan görünür ki, qeyd olunan fərdi yaşayış evinin yaşayış sahəsi 48.4 kv.m-dir və sözügedən evin sahəsinin 200,0 kv.m olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Gəncə şəhəri, Vəli Xuluflu küçəsindən yerləşən sahəsi 130 nömrəli evin cavabdeh tərəfindən sökülməsi sonuncu tərəfindən mübahisələndirilməmişdir. Belə ki, cavabeh tərəfindən bildirilmişdir ki, “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 2185 nömrəli Sərəncamı əsasında iddiaçının sökülmüş evi əvəzində “X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinə köçürülmüş, bundan başqa iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400,0 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi təsdiq edilsə də, iddiaçı məhz cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini sübut edə bilməmişdir. Belə ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 130 nömrəli evin sökülməsi müqabilində iddiaçı “X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinə köçürülmüş və ona fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400,0 kv.metr torpaq sahəsi verilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərində iddia ərizəsinin məzmunundan əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarında yaşayış evinin sahəsinin 200 kv.m olduğunun sübut edilməməsi qeyd edilsə də, iş materiallarında olan evin texniki pasportunda tikinti altında olan torpaq sahəsinin 200 kv.m olduğu qeyd edilmişdir. Bununla yanaşı məhkəmə tərəfindən dövlət ehtiyacları üçün alınan evlərlə bağlı notariat orqanlarına sorğular göndərilmiş, lakin bu sorğuların hansı məqsədlə göndərilməsi məlum deyildir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili ayrıayrılıqda izahat verərək apellyasiya şikayətini müdafiə etdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, ona “X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində fərdi yaşayış evi və fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400,0 kv.metr torpaq sahəsi verilməsi bildirilsə də, yaşayış evini o, qəbul etmir və həmin evdə kirayə haqqı ödəməmək üçün yaşayır. Həmin evin sənədləşdirilməsi də mümkün deyildir. Dəfələrlə müraciət etsə də sənədləşdirə bilmir, ümumiyyətlə onun sökülən evi mərkəzdə yerləşmişdir və o, həmin evi əvəz kimi qəbul etmir. 400 kv.m torpaq sahəsinin isə ona verilməsinə dair sərəncam olsa da, həmin sahə başqa şəxsə verilmişdir və həmin şəxs torpaq sahəsində tikinti işləri aparır.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq olunan hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

25. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu:

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

28. İşin halları ilə müəyyən olunur ki, “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 2185 nömrəli Sərəncamının icrası məqsədilə cavabdeh orqan tərəfindən iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi sökülmüş, ailəsi ilə birlikdə “X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.m sahəsi olan üç olaqlı fərdi yaşayış evinə köçürülmüş, bundan başqa ona fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400.0 kv.metr torpaq sahəsi verilmişdir.

29. İddiaçı ona dəymiş ziyana görə 200000 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamış və onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus sökülən evin sahəsinin 200,0 kv.m olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçı məhz cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini sübut edə bilməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13588 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Nizami rayonu, Vəli Xuluflu küçəsində yerləşən 484 kv.m- 2 (iki) yaşayış otağından ibarət yaşayış evi X2 adına mülkiyyət hüququ əsasında xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır (23№- ilə reyestr kitabına yazılmışdır, 58a№-li inventar işi, 346 məhəllə).

32. xx.xx.2002-ci il tarixli Texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 200 kv.m (152,8 tikinti altı və 47,2 həyətyanı), ümumi yaşayış sahəsi 73,3 kv.m (48,4 yaşayış sahəsi və 24,9 kv.m köməkçi sahə) olmaqla, 69,8 kv.m olan «A» yaşayış binası, 18,9 kv.m olan «A» örtülü eyvan, 9,6 kv.m olan «A» mətbəx, 33,5 kv.m olan «B» qaraj , 9,4 kv.m olan «V» əl damı, 1,8 kv.m ayaqyolu, 9,0 hasar, 0,8 dəmir qapının əlavə qeydiyyatı aparılmışdır.

33. Göründüyü kimi fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuş, həmin yaşayış evinin sahəsi, həmçinin aparılmış digər tikinti sahələrinə dair qeydlər xx.xx.2002-ci il tarixli Texniki pasportda göstərilmişdir.

34. 13588 nömrəli Qeydiyyat vəsiqəsi ilə yanaşı təqdim olunan texnik pasport səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış yoxlama əsasında tərtib edilmiş, tikintilərin sahəsi dəqiqləşdirilmiş, faktiki vəziyyətə uyğun olaraq qeydiyyat aparılmışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-14785/2024 nömrəli məktuba əlavə edilmiş arxiv nüsxəsi). 35 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: - 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. - 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

37. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə iş materiallarında öz əksini tapmışdır.

39. İşdə olan sənədlərə əsasən cavabdeh orqan tərəfindən iddiaçıya təklif olunan fərdi yaşayış evi və torpaq sahəsi yuxarıda qeyd edilənlərə əsasən maddi hüquq normalarına əsasən ziyanın əvəzi kimi qəbul edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evi üzrə sənədləşmənin natamamlığı, dövlət reyestirdə iddiaçının hüquqlarının qeydiyyata alınmasını mümkünsüzlüyü və real olaraq həmin əmlakın qeydiyyatdan keçməməsi həmin əmlakın real olaraq mövcudluğunu şübhə altına alır. Bu cür əmlakın isə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı nəzərə alınması mümkünsüzdür.

40. Başqa sözlə, təklif edilən fərdi yaşayış evi və ya torpaq sahəsi üzərində hüquqların realizə edilməsinin mümkünlüyü ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alınması qanunamüvafiq hesab edilə bilməz.

41. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-1/2-571/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, V.Xuluflu küçəsi, 130 ünvanında yerləşən və faktiki olaraq 73,3 kv. metr yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı mülkiyyətçi İddiaçı1 “X20 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinin verilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyətində hər-hansı bir sənəd mövcud deyildir.

42. Bununla yanaşı iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatda 400 kv.m torpaq sahəsinin hazırda ondan alındığını, fərdi yaşayış evində isə kirayə haqqı ödəmək məcuriyyətində qalmamaq üçün yaşadığını, lakin kompensasiya kimi qəbul etmədiyini bildirmişdir.

43. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

44. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

45. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastrlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

46. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

47. İddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir.

48. Başqa sözlə qeyd edilməlidir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri- onun geri alındığı vaxt mövcud olan qiyməti hesab edilməlidir.

49. İş materialları ilə müəyyən olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim olunmadığından, həmin torpaq sahəsinin qarşılığında kompensasiya tələbinin əsaslılığı istisna olunur.

50. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-6179/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m olan (bunun 484 kv.metr hissəsi yaşayış 24.9 kv.metr hissəsi köməkçi sahəsindən) ibarət olan fərdi yaşayış evi 2017-ci il tarixində 3 saylı Gəncə Ərazi İdarəsində bazar dəyərinin qiymətləndirilməsi mövcud olmamışdır. Odur ki, həmin fərdi yaşayış evi hal-hazırda sökülmüş olduğu üçün bazar dəyərinin hesablanması və qiymətləndirilməsi mümkün olmamışdır.

51. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 103/Mİ/23 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 130 saylı fərdi yaşayış evinin 2017-ci ilin sentyabr ayına bazar qiyməti 156500 (bir yüz əlli altı min beş yüz) manat təşkil etmişdir.

52. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, G-01/25-011 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsi, 130 saylı fərdi yaşayış evinin 152.8 kv.metr tikilisinin 2017-ci ilin sentyabr ayına olan bazar dəyəri 156500 (bir yüz əlli altı min beş yüz) manat, 200 kv.metr torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə istifadədə olduğu üçün 2017-ci ilin sentyabr ayına bazar dəyəri 10000 (on min) manat təşkil edir.

53. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir.

54. Odur ki, maddi hüquq normalarının tələblərinə əsasən, cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol verməsi və buna görə də iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması müəyyən olunmuşdur. Belə olan halda apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməlidir.

Nəticəvi hissə:

55. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-42/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən 156500 (bir yüz əlli altı min beş yüz) manat maddi ziyan tutularaq İddiaçı1 ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən, 200 (iki yüz) manat xərc İddiaçı1 tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) "xxxx" ASC Abşeron filialı VÖEN **********, m/h AZ 03 NABZ ********************,Kodu 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h AZ52İBAZ******************** nömrəli hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar