Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-342/2024 04.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-902/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqınada” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərar alınmışdır. Hazırda iddiaçı məhkəmə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli qərarını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********8827 nömrəli Qərarı ilə İddiaçı 8 nəfər şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı aşağıda göstərilənlərə əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli qərarı tam əsassızdır və qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "X29" MMC-də operativ vergi nəzarəti tədbirləri həyata keçirmiş və həmin tarixdə akt tərtib etmişdir. Tərtib olunmuş akta görə müəssisədə 15 nəfər şəxsin işə cəlb olunması, onlardan 8 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi qeyd olunmuşdur. Bundan sonra, xx.xx.2023-cü il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə materiallara birgə baxılmışdır. Araşdırma zamanı iddiaçının səlahiyyətli nümayəndəsinin təqdim etdiyi əsaslı sənədlərə baxmayaraq, yekunda qeyd edilən maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, araşdırma zamanı cavabdeh orqana təqdim olunmuş "X22 Mərkəzi" X23 "X29" MMC arasında bağlanmış 22 iyun 2023-cü il tarixli "Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müqavilənin əsas predmetini məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz, işaxtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların "Ofisiant" və "Otel xadiməsi (təmizlik işləri)" peşə ixtisası üzrə qısamüddətli peşə azırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, müasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsini təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədi işsiz, işaxtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlb olunması, onların təcrübə keçməsi və gələcəkdə iş yerləri ilə təmin olunmaqdan ibarət olmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının fəaliyyət göstərdiyi müəssisəyə 7 nəfər "Ofisiant", 6 nəfər "Otel xadiməsi" peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə "Ofisiant" peşəsi üzrə 6 nəfər, "Otel xadiməsi" peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"nin "X17” vasitəsilə vakansiyaya göndəriş göndərilməklə, həmin şəxslərin işə qəbul olunması xahiş olunmuşdur. Bundan sonra, göndəriş əsasında həmin şəxslərlə əmək müqaviləsi bağlanmış və 8 nəfər işçi işə qəbul edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan 8 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunmasına əsaslanaraq, sözügedən əsassız qərarı qəbul etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə görə Mərkəz təminat verir ki, hazırki müqavilə çərçivəsində bilavasitə istehsalat müəssisəsində təcrübəyə cəlb edilmiş şəxslər Müəssisə tərəfindən müəyyən edilmiş yerlərdə təcrübə keçməyə səlahiyyətlidirlər, bununla bağlı qanunverciliklə tələb olunan bütün hərəkətlər Mərkəz tərəfindən həyata keçiriləcəkdir. Bu normanın pozuntusu ilə bağlı hər hansı dövlət və ya qeyri-dövlət orqanı, eləcə də üçüncü şəxslər tərəfindən Müəssisəyə irəli sürülən hər hansı iradlar Mərkəzə yönəldiriləcəkdir. Göründüyü kimi, cavabdeh orqan 8 nəfər şəxsin işə qəbul edilməsi ilə məsələləri bir başa Mərkəzdən tələb etməli olduğu halda, iddiaçının fəaliyyət göstərdiyi müəssisədə yoxlama aparmaqla kifayətlənmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-902/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi “X22 Mərkəzi” X28i ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə Məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz və işaxtaran vətəndaşların "Ofisiant" , "Otel xadiməsi (təmizlik işləri)" peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, mülasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsi barədə razılığa gəlinmişdir. Əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 nəfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan əlavə, hazırlıq kurslarını bitimiş şəxslərdən X14, X1, X7, X10, X11, X4, X5, X8 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, hazırlıq kurslarına cəlb olunmuş şəxslər xx.xx.2023-cü il tarixdə hazırlıq kurslarını başa vurmuş və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlarla əmək müqaviləsi bağlanmış, günün sonunda isə müqavilələr müvafiq sistemə yerləşdirilmişdir. Odur ki, məhkəmə iddiaçının işinin çoxluğu, eyni zamanda işçilərin say çoxluğu və müvafiq müqavilələrin tərtibatı üçün vaxt məhdudiyyəti və bu baxımdan müqavilələrin iş gününün sonunda müvafiq bazaya işlənməsi ilə bağlı dəlillərini inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericilikdə bağlanmış əmək müqavilələrinin iş günün hər-hansı saatında müvafiq bazaya işlənməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Hazırlıq kurslarını bitirmiş şəxslərin məhz kursun bitməsi günündən sonrakı gün həmin müəssisəyə gələrək işə başlamaları onların müqaviləsiz işə cəlb edilmələri ilə bağlı cavabdehin dəlillərinin əsassız olmasını deməyə əsas verir. Başqa sözlə həmin şəxslərin iddiaçıya məxsus obyektdə hazırlıq kursları keçmələri onların gələcəkdə məhz həmin müəssisədə işləmək niyyətlərindən xəbər verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X22 Mərkəzi” X23 “X29” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin icrası ilə bağlı X2 məktubundan görünür ki, ofisiant və otel xadiməsi peşəsi üzrə “təlim kursları”nın müddəti 2 ay olmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. xx.xx.2023-cü il tarixli 001908 nömrəli aktdan isə görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilərək, 8 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb edildiyi aşkar olunmuşdur. Məhkəmə qərarında qeyd olunur ki, hazırlıq kurslarını bitirmiş şəxslərdən X14, X1, X7, X10, X11, X4, X5, X8 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin yuxarıda da istinad edilən məktubdan aydın olur ki, hazırlıq kurslarını bitirən şəxslərin kim olması barədə məlumat məktubda qeyd edilməmişdir. Sadəcə ümumi olaraq, xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfərin, “otel xadiməsi” peşəsi üzrə 4 nəfərin hazırlıq kurslarını bitirdiyi qeyd olunmuşdur. Məhkəmənin əmək müqaviləsi bağlanan şəxslərin hazırlıq kurslarını bitirən şəxslər olması barədə hansı məlumata istinad etməsi iş materiallarında qeyd olunmamışdır. Halbuki, tərəflərindən “X22 Mərkəzi” X20 sorğu ünvanlanmış və “X22 Mərkəzi” X21 xx.xx.2024-cü il tarixli 3-17-2/2- 7399/2024 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, X4, X14, X5, X8 və X11 müvafiq olaraq X22 Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-10299/2023 nömrəli əmri ilə işsiz şəxs kimi 2 ay müddətinə “Ofisiant”, X7, X10 isə müvafiq olaraq Mərkəzin xx.xx.2023-cü il tarixli 3-17- 2/3-2-10300/2023 nömrəli əmri ilə işsiz şəxs kimi 2 ay müddətinə “Otel xadiməsi (təmizlik işləri) peşə hazırlığına cəlb edilmişlər. X1 isə peşə hazırlığı kurslarına cəlb olunmamış və şəxsə dair Mərkəzdə heç bir məlumat yoxdur. Göründüyü kimi, X1 peşə hazırlığı kurslarına cəlb olunmamasına baxmayaraq, məhkəmə heç bir sənədə, materiala istinad etmədən onu da kursa cəlb olunmuş şəxs hesab etmişdir. Halbuki, məhkəmə qərarı ehtimallara əsaslanmamalıdır. Vergi orqanlarında mövcud olan hesabat-axtarış informasiya sistemindən əldə edilmiş məlumata əsasən X1 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə, X7 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə və X4 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Buradan da aydın olur ki, iddiaçının əsas məqsədi vergi ödəməkdən yayınmaq olub, çünki adları yuxarıda qeyd olunan şəxslərlə əmək müqaviləsi imzalamasına baxmayaraq, müvafiq olaraq 3 ay, 10 gün və 3 gün sonra həmin müqavilələri ləğv etdirmişlər. Məqsəd operativ vergi nəzarətinin keçirilməsi zamanı məsuliyyətdən yayınmaq olmuş, adları qeyd olunan şəxslərlə əmək müqaviləsi bağlanmış, lakin ən qısa zamanda da həmin şəxslərlə əmək müqaviləsinə xitam verilmişdir. Hesabat-axtarış informasiya sistemindən əldə olunmuş məlumata əsasən X4 xx.xx.2023-xx.xx.2023-cü il tarixində, X10 xx.xx.2023-xx.xx.2023- cü il tarixində İddiaçı ilə əmək müqaviləsi münasibətlərində olmuşlar. Yəni bu şəxslər təsadüfi şəxslər olmamış, işaxtaran kimi qeydiyyatdan keçməklə, peşə hazırlığı adı altında yenidən əvvəlki iş yerlərində faktiki olaraq əmək fəaliyyətlərini icra etməyə davam etmişlər. Tərəflər öz aralarında vergidən yayınma sxemi qurmuşlar. Məhkəmə qərarını qəbul edərkən heç bir əsaslandırma aparmamış, operativ vergi nəzarəti keçirilən zaman 15 işçidən 8 nəfərinin əmək müqaviləsinin olmamasına, eləcə də bu halın operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, əlavə olaraq əmək müqavilələrinin günün sonunda rəsmiləşdirməsini vaxtla bağlı heç bir məhdudiyyət olmaması ilə izah etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsinin məqsədi vergi nəzarəti tədbiri keçirilən zaman əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunan şəxslərin aşkar edilməsidir. Bu isə vergi ödəyiciləri üçün vergidən yayınma sxeminə gətirib çıxara bilər. Belə ki, vergi nəzarəti tədbiri həyata keçirilən gün işçilərlə əmək müqaviləsi bağlamaq məhkəmə tərəfindən işəgötürənin iş yükünün çoxluğu ilə bağlı məqbul hal sayılır. Qeyd etmək lazımdır ki, iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb etdiyi şəxslərlə əmək münasibətlərində olmuşdur. Belə ki, operativ vergi nəzarəti zamanı həmin şəxslər təqdim etdiyi izahatlarında göstərdikləri əmək fəaliyyəti müqabilində 345 manat məbləğində aylıq əmək haqqı aldıqlarını, eləcə də onlar barəsində iş saatı tətbiq edildiyini, iş saatının saat 12:00-dan 20-00-a kimi davam etdiyini qeyd etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilədə də İddiaçı aktda adları göstərilmiş şəxslərə hər hansı ödəniş etməsi ilə bağlı öhdəliyi nəzərdə tutulmamışdır. Əksinə NKnın 07 iyun 2017-ci il tarixli 261 nömrəli Qərarına əsasən peşə hazırlığı ilə bağlı bütün xərcləri X6 çəkir. Tərəflərindən aktda istinad etdikləri şəxslərə iddiaçı tərəfindən aylıq əmək haqqının verilməsi, eləcədə onlar barəsində iş saatının tətbiq edilməsi xüsusatları onu deməyə əsas verir ki, ovn nəticəsində aşkar edilmiş işçilər İddiaçılə əmək münasibətlərində olmuş və müvafiq işlərə əmək müqaviləsi olmadan cəlb edilmişlər. İddiaçı “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydaları”na istinad edərək tərəflərindən müəyyən edilən işçilərin peşə hazırlığına cəlb edildiyini göstərməyə çalışsa da, sözügedən Qaydaların tələblərinə əməl etməmişdir. Sözügedən şəxslərin Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq “X22 Mərkəzi” X20 göndərilməsi ilə bağlı göndəriş mövcud deyil. Ümumiyyətlə iddiaçı belə bir sənədin mövcudluğuna belə istinad etmir. Həmçinin “peşə hazırlığına” cəlb olunan şəxslərə Qaydaların 1.12-ci bəndinə əsasən kursu başa vurması ilə bağlı möhürlə təsdiq edilmiş diplom və ya sertifikat verilməmişdir. DMA-nın məktubunda peşə hazırlığına cəlb edilmiş şəxslər haqqında məlumat qeyd olunmamış, ümumi ifadələrdən istifadə edilmişdir. İşin fərdi hallarından görünən odur ki, iddiaçının istinad etdiyi sənədlər formal sənədlər olmaqla bərabər, 001908 nömrəli aktda göstərilmiş şəxslər iddiaçı ilə faktiki olaraq əmək münasibətlərində olmuşlar. Məhkəmə qərarını qəbul edərkən heç bir əsaslandırma aparmamış, operativ vergi nəzarəti keçirilən zaman 15 işçidən 8 nəfərinin əmək müqaviləsinin olmamasına, eləcə də bu halın operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, əlavə olaraq əmək müqavilələrinin günün sonunda rəsmiləşdirməsini vaxtla bağlı heç bir məhdudiyyət olmaması ilə izah etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsinin məqsədi vergi nəzarəti tədbiri keçirilən zaman əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunan şəxslərin aşkar edilməsidir. Bu isə vergi ödəyiciləri üçün vergidən yayınma sxeminə gətirib çıxara bilər. Belə ki, vergi nəzarəti tədbiri həyata keçirilən gün işçilərlə əmək müqaviləsi bağlamaq məhkəmə tərəfindən işəgötürənin iş yükünün çoxluğu ilə bağlı məqbul hal sayılır. Məhkəmə obyektiv həqiqətə nail olmaq, işin faktiki hallarını müəyyən etmək üçün prosessual qanunvericiliklə ona verilmiş hüquqi imkanlardan tam istifadə etməmişdir. İnzibati mühakimə icraatını tənzimləyən İnzibati Prosessual Məcəllə işin araşdırılmasını yalnız işdə olan sübutlardan asılı etməmiş,sübutların toplanılmasında məhkəmənin də üzərinə öhdəlik qoymuşdur. Məhkəmə peşə hazırlığı kurslarına cəlb edilmiş şəxslərin kimliyini, yəni operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar edilmiş şəxslərlə eyni şəxslər olub-olmamasını müəyyən etmədən inzibati aktın ləğv edilməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi sübutları birtərəfli qaydada araşdırmış, apellyasiya şikayətində göstərilmiş maddi hüquq normalarının tələblərinə uyğun olmayan formada işçilərin “peşə hazırlığı” na cəlb edilməsi xüsusatını cavabdeh inzibati orqanın təqdim sübutlarla yanaşı qiymətləndirməmişdir. Daha sonra cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə əlavə göndərilərək bildirilmişdir ki, Birinci instansiya məhkəməsi, həmçinin ididaçı iş materiallarında mövcud olan X22 Mərkəzi” X23 “X29” MMC arasında bağlanmış xx.xx.2023- cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin sübut kimi qəbul edilməsinin vacibliyini qeyd etmişlər. X26 Məhkəməsi iş üzrə hüquqi dəyərləndirməsini sözügedən müqavilə əsasında aparmışdır. Aşağıdakı qeyd etdiyimiz xüsusatlara görə xx.xx.2023-cü il tarixli müqavilə sübut kimi qəbul edilə bilməz. xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin tərəfləri “X22 Mərkəzi” X23 “X29” MMC olmuşdur. Müqavilənin 2-ci bəndində tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. Tərəflər, yəni “X22 Mərkəzi” X28 və “X29” MMC sözügedən müqavilə üzrə qarşılıqlı öhdəliklər götürmüşlər və müqavilənin predmetini razılaşdırmışlar. Belə olan halda qeyt etməyi zəruri hesab edirik ki, İddiaçı müqavilə üzrə hər hansı öhdəliyi və ya hüquqları mövcud olmamışdır. Digər diqqət yetirilməli məqam ondan ibarətdir ki, müqavilənin tərəflərindən biri olan “X29” MMC əsas fəaliyyət növü “otellərin fəaliyyəti” olmaqla ********** nömrəli VÖEN-lə xx.xx.2023-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Tərəfimizdən vergi nəzarət tədbiri isə başqa şəxs olan İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində aparılmışdır. İddiaçı əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi” olmaqla ********** nömrəli VÖEN-lə xx.xx.2018-ci il tarixdə vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə əsasən şəxs-istənilın fiziki və ya hüquqi şəxs, qeyri rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsidir. Göründüyü kimi, qanunverici vergi qanunvericiliyinin tətbiqi baxımdan hüquqi və fiziki şəxsləri fərqləndirmiş, onları ayrı-ayrı subyektlər kimi təsnifatlaşdırmışdır. Bu mənada qeyd olunur ki, hətta fiziki şəxslə hüquqi şəxsin təsisçisinin (və ya rəhbərinin) eyni şəxs olması, ünvanlarının eyniliyi faktları onlara eyni şəxs kimi baxılmasını hüquqi baxımdan istisna edir. Hətta hazırkı işdə “X29” MMC-nin təsisçisi və rəhbəri başqa şəxsdir. Bu baxımdan “X29” MMC-yə aid olan hər hansı sənədin İddiaçı fəaliyyəti ilə bağlı xüsusatlara tətbiq edilməsi başa düşülən deyil. Nəzərə alsaq ki, tərəfimizdən cavabdehin xx.xx.2023-cü il tarixli **********9490 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə vergi nəzarət tədbiri həyata keçirilmişdir. Eləcə də “Vergi ödəyicisinin obyekti barədə məlumat”dan görünür ki, cəmiyyətin Gəncə şəhəri Nizami rayonu, Ruzigar Qasımov 73 ünvanında obyekti vergi nəzarət tədbirindən sonra xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin məlumatdan görünür ki, obyektin sahəsi cəmi 11 kvad.metr olmuşdur. Elə bu fakt əsasında bildiririk ki, 8 nəfər şəxsin sahəsi 11 kvad.metr olan obyektdə hər hansı təcrübə məşğələsinə cəlb edilməsi inandırıcı deyil. Tərəfimizdən “X22 Mərkəzi” X20 göndərilmiş məktuba cavab olaraq tərtib edilmiş Mərkəzin xx.xx.2024-cü il tarixli mıktubunda da operativ vergi nəzarəti ilə aşkar olunan işçilərin “X29” MMC-də peşə hazırlığı kurslarına cəlb edildiyi göstərilmişdir. Beləliklə, qeyd etdiyimiz hallar əsasında görünür ki, iddiaçının sübut kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli müqavilə hazırkı mübahisə predmetinə tətbiq edilə bilməz, həmin şəxslər İddiaçı ilə faktiki olaraq əmək münasibətlərində olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X12 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Qeyd olunan üzrlü səbəbin nədən ibarət olması və buna dair sübut məhkəmə kollegiyasına təqdim edilmədiyindən məhkəmə kollegiyası iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Həmin Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sözügedən akt əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı ilə 16000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda qeyd olunan qərarı mübahisələndirir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsinin mövqeyinə görə, “X22 Mərkəzi” X28i ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə Məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz və işaxtaran vətəndaşların "Ofisiant", "Otel xadiməsi (təmizlik işləri)" peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, müasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsi barədə razılığa gəlinmişdir. Əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 nəfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan əlavə, hazırlıq kurslarını bitimiş şəxslərdən X14, X1, X7, X10, X11, X4, X5, X8 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, hazırlıq kurslarına cəlb olunmuş şəxslər xx.xx.2023-cü il tarixdə hazırlıq kurslarını başa vurmuş və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlarla əmək müqaviləsi bağlanmış, günün sonunda isə müqavilələr müvafiq sistemə yerləşdirilmişdir. Məhkəmə iddiaçının işinin çoxluğu, eyni zamanda işçilərin say çoxluğu və müvafiq müqavilələrin tərtibatı üçün vaxt məhdudiyyəti və bu baxımdan müqavilələrin iş gününün sonunda müvafiq bazaya işlənməsi ilə bağlı dəlillərini inandırıcı hesab etmiş və qeyd etmişdir ki, mövcud qanunvericilikdə bağlanmış əmək müqavilələrinin iş günün hər-hansı saatında müvafiq bazaya işlənməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Hazırlıq kurslarını bitirmiş şəxslərin məhz kursun bitməsi günündən sonrakı gün həmin müəssisəyə gələrək işə başlamaları onların müqaviləsiz işə cəlb edilmələri ilə bağlı cavabdehin dəlillərinin əsassız olmasını deməyə əsas verir. Məhkəmə həmin şəxslərin iddiaçıya məxsus obyektdə hazırlıq kursları keçmələri onların gələcəkdə məhz həmin müəssisədə işləmək niyyətlərindən xəbər verirdiyini bildirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi həmin nəticədə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəmə iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin İddiaçı ilə “X22 Mərkəzi” X28i arasında bağlanmış olduğunu bildirsə də, həmin müqavilədən görünür ki, müqavilənin subyektləri “X29” MMC ilə “X22 Mərkəzi” X28i olmuşlar. Sözügedən müqavilə ilə tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmiş, tərəflər öz üzərlərinə qarşılıqlı öhdəliklərini götürərək müqavilənin predmetində razılığa gəlmişlər. İddiaçı isə MMC-nin səlahiyyətli nümayəndəsi olaraq müqaviləni imzalamışdır. Kollegiya qeyd edir ki, müqavilədən də göründüyü kimi İddiaçı həmin müqavilə üzrə tərəf olmamış və onun müqavilə üzrə hər hansı hüquq və öhdəlikləri müəyyən edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarətdir və o, ********** nömrəli VÖEN-lə xx.xx.2018-ci il tarixdə vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. “X29” MMC-nin isə əsas fəaliyyət növü “otellərin fəaliyyəti” olmaqla ********** nömrəli VÖEN-lə xx.xx.2023-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Yuxarıda sadalanan hallara əsasən belə müəyyən edilir ki, iddiaçının əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarətdir və vergi orqanının xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə vergi nəzarəti tədbiri həyata keçirilmiş və tədbir zamanı X14, X1, X7, X10, X11, X4, X5, X8 ilə İddiaçı arasında faktiki əmək münasibətlərinin olması öz təsdiqini tapmışdır. Belə ki, vergi orqanı tərəfindən keçirilən nəzarət tədbidiri zamanı yuxarıda adları çəkilən şəxlərin xx.xx.2023-cü il tarixli izahatları alınmış və ümumilikdə həmin şəxslərdən yeddisi müəssisə rəhbəri kimi İddiaçı tanıdıqlarını, işəgötürən tərəfindən onlara əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması barədə onlara məlumatın verilmədiyini, göstərdikləri əmək fəaliyyətinə görə nağd formada aylıq 345 manat əmək haqqı aldıqlarını, həftənin 5 günü saat 12:00-dan 20:00-dək iş saatlarının olmasını bildirmişlər. Həmçinin adları qeyd olunan şəxslərdən X1 öz izahatında həmin gün gəldiyi üçün heç bir sənədə imza etmədiyi və işəgötürən tərəfindən ona əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən isə vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı ilə 16000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, iddiaçı həmin fiziki şəxslərlə aralarında faktiki əmək münasibətlərinin mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə olan halda, sözügedən şəxslərin operativ vergi nəzarəti keçirilərkən vergi orqanına verdikləri izahatlar mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi təsbit etmişdir. Beləliklə, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Bu zaman cavabdeh orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. İddia tələbi əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-902/2024 sayl qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-342/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-342/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver