Məhkəmə qərarları › İş №2-1(104)-343/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-343/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-343/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-21/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər RMX-da "Qarın boşluğunun odlu silah yaralanması "diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2022- ci il tarixdə Tərtər RMX PHŞ-nın HMK-na əlilliklə bağlı müraciət etmiş və ona F.088 (0319003AAJRR) tərtib edilmiş və TSEK-ə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Boy/bədən indeksi qeyd edilməmişdir" səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Tərtər rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 3 dəfə (xx.xx.2020-ci ildə 0319003AAFGG nömrəli, xx.xx.2021-ci ildə 0319003AAFTJ nömrəli, xx.xx.2021-ci ildə 0319003AAGDU nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, şəxsin əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və boy-çəki indeksi qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır. TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2020, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli göndərişlər əsasında baxılmış, ona sonuncu dəfə « digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət Ağırlaşma K56.6- digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, Hissəvi bağırsaq keçməzliyi. Hazim traktının trasitoz funksiyasının pozulması (xx.xx.2021) Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Ağırlaşma K91.2 Başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Bağırsaq bitişmələri, keçməməzlik ilə Bitişmə xəstəliyi (xx.xx.2021) Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağ tərəfli qasıq yırtığı (xx.xx.2021) Yanaşı xəstəliklər D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya Yanaşı xəstəliklər 184.4 Digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, Konklemə olunmuş babasil tez- tez qanaxmalar. » diaqnoz qoyulsa da, « göndərişin natamam doldurulması » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin T 266/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “ Xİ Sinif – həzm sisteminin xəstəlikləri => K56 – paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməzliyi, yırtığ olmadan => K56.6 – digər və dəqiqləşdirmə..Z98.8 – digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Akademik Topçubaşov adına ECM-in xx.xx.2021-ci il tarixdə güllə yaralanması və qarının ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı və dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, hissəvi bağırsaq keçməzliyi, həzm - digər traktının tranzitor funksiyasının pozulması (xx.xx.2021). Ağırlaşma: K91.3cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi, cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi. Diaqnozun mətni: Ağırlaşma: K91.2-başqa rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğumluğu başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma Yan gələn sorulma pozğunluğu, K56.6 - bağırsaq bitişmələri keçməzlik ilə, bağırsaq zlik bitişmələri keçməzlik ilə bitişmə xəstəliyi (xx.xx.2021). Yanaşı xəstəliklər: K40.9. ey birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməzlik və ya qanqrena olmadan, sağ tərəfli qasıq yırtığı (xx.xx.2021), D59.4-digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya, 184.4-digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, konklemə olunmuş babasil teztez qanaxmalar" diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. 3. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi məticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlilik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdə Laçın rayonundan məcburi köçkün düşmüş, Tərtər rayon Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmışdır. 20 fevral 1993-cü il tarixdən Tərtər rayonu təmas xəttinə yaxındır, o cümlədən Şıxarx qəsəbəsi mərmilər altında qalmışdır, yaxınlığında partlayan mərmi nəticəsində ağır xəsarət almış və dərhal Tərtər rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Onun səhhətində günü-gündən problemlər yaranmış, lazımi səhiyyə ocaqlarına müraciət etmiş, ambulator və stosionar müalicələr almışdır. Bir neçə ildir əmək qabliyyətini tam itirmişdir. İddiaçı bildirir ki, Ermənistan ordusunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı təcavüz etməsi nəticəsində o, xəsarət alıb yaralanmışdır. Bu barədə şahidləri də mövcuddur. Əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də cavabdeh tərəfindən imtina cavabı verilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-21/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulmasının müddətsiz müəyyən edilməsinə əsas verir. Odur ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişlərdən imtina “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvədə olmadığı vaxt verilsə də, iş məhkəmə icraatında olan zaman həmin meyarlar qüvvəyə mindiyindən cavabdeh orqan həmin meyarlar əsasında iddiaçıya müvafiq əlillik dərəcəsini verməməklə hərəkətsizlik nümayiş etdirmişdir. Odur ki, məhkəmə “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən iddiaçıya əlillik təyinatının aparılmasını məqsədəmüvafiq hesab edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na istinad etməklə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmə məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş, iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmişdir. Qeyd edir ki, şəxsə verilmiş imtina göndərişin natamam doldurulması ilə deyil, diaqnozun əlillik təyinatına əsas verməməsi səbəbi ilə olmuşdur. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin şəxsdə əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəkin məhdudiyyət aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli instrumental müayinə sənədləri təqdim etməmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. d) prosessual məsələlər Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2001/2022 saylı qərardadının ləğv edilməsi, “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilməsi qərara alınmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 3.4.2.2 bəndinə əsasən həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı “güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət Ağırlaşma K56.6- digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi və.s” diaqnozu ilə müayinəyə göndərilmiş və sonuncu dəfə xx.xx.2022-ci il tarixli müayinə nəticəsində göndərişin natamam doldurulması səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasını əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı sonuncu müayinəsi zamanı tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə xəstəliyinin əsas diaqnozu «digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət Ağırlaşma K56.6- digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, Hissəvi bağırsaq keçməzliyi. Hazim traktının trasitoz funksiyasının pozulması (xx.xx.2021) Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Ağırlaşma K91.2 Başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Bağırsaq bitişmələri, keçməməzlik ilə Bitişmə xəstəliyi (xx.xx.2021) Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağ tərəfli qasıq yırtığı (xx.xx.2021) Yanaşı xəstəliklər D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya Yanaşı xəstəliklər 184.4 Digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, Konklemə olunmuş babasil tez-tez qanaxmalar.» olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 3.4.2.2. bəndinə əsasən həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin müddətsiz təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti dəfə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 3.4.2.2. bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-21/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar