Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-344/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, X7 katibliyi ilə, “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-727/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 236 nömrəli əmrin ləğvi və işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə ilə əvəz edilmişdir. İddiaçı həmçinin iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdən Müdafiə nazirliyinin hərbi hissələrində əvvəlcə əsgər, sonra kiçik çavuş və xx.xx.2021-ci il tarixdən isə çavuş vəzifəsində xidmət etmişdir. Göstərilən müddət ərzində qüsursuz xidmət etmiş, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində N saylı hərbi hissə komandiri tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 062əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbsaycan Respublikası qanunun 41.0.10-cu maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sənədlərdən və ona təqdim edilmiş əmrdən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün heç bir tutarlı dəlil və əsas olmamışdır. Xidmət keçdiyi müddət ərzində yuxarı komandanlıq tərəfindən dəfələrlə fərxi fərmanlarla təltif olunmuşdur. O, çavuş olsa da hərbi hissə komandiri onu kiçik çavuş vəzifəsindən azad etmişdir. Halbuki, xx.xx.2021ci il tarixdə olan artıq çavuş rütbəsi verilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, sabiq qadın hərbi qulluqçu, çavuş X2, 19 may 2014-cü il tarixdə SHXÇDX-nin Qazax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh 3-cü taborun, 8-ci bölüyünün sanitar-təlimatçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin zabitləri tərəfindən xx.xx.2022-ci il tarixdə xidməti yerində çavuş X1 məxsus Redmi-Note 9 (im **********05272), (İm**********75278) markalı smartfon tipli mobil telefon aşkar olunmuşdur. QHQ çavuş A.İ.Abdullayevə mobil telefona baxış keçirilməsi üçün könüllü olaraq təqdim etmiş və telefona baxış zamanı müəyyən olunmuşdur ki, həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X3 məxsus +994-50-826-06-78 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqramı ilə xx.xx.2022-ci il tarixdə şəhid olmuş 3-cü tabor 7-ci bölük komandiri leytenant X5 piyada əleyhinə minaya düşərək yaralanmasını əks etdirən video görüntünü həmin hərbi hissəni QHQ çavuş İddiaçı Redmi-Note 9 markalı mobil telefonunda +994-70- 551-65-65 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqramına xx.xx.2022-ci il saat 19:00-da göndərmişdir. Eyni zamanda QHQ çavuş A.İ.Abdullayevə özünə məxsus Redmi- Note 9 mobil telefonunda +994-70-551-65-65 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqramının statusunda xx.xx.2022-ci il tarixdə şəhid olmuş leytenant B.Ə.Əliyevin minaya düşərək aralanmasını əks etdirən video görüntünü həmin günü saat 19:06-da paylaşmışdır. Əlavə olaraq, QHQ çavuş A.İ.Abduilayevaya məxsus Redmi-Note 9 markalı mobil telefonunda +994-70-551-65-65 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqram vasitəsi ilə ehtiyatda olan polkovnik-leytenant X4 +994-50-722-28-58 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqramına göndərmişdir. Bundan əlavə olaraq, QHQ çavuş A.İ.Abdullayevə özünə məxsus Redmi-Note 9 markalı mobil telefonunda digər +994-55-319-16-06 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqramı vasitəsi ilə tanıdığı (deməsinə görə Daxili İşlər Nazirliyinin polis əməkdaşı) Elmar adlı şəxsə məxsus +994-55-514-59-08 nömrəsi ilə qeydiyyatdan keçirilmiş Whatsapp proqramına göndərmişdir. Bununla da, X2 yuxarıda qeyd olunan hərəkətlər etməklə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında” əmrinin, eləcə də xx.xx.2021 ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarından istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında” əmrinin və Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2021-ci il tarixli 03 nömrəli əmrinin tələblərini kobud surətdə pozmuşdur. Bu səbəblərdən də xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunanlarla bağlı Cavabdeh akt tərtib edilməklə yuxarı komandanlığa məlumat verilmişdir. Cavabdeh komandanlığı tərəfindən X2 xarakterizə olunarkən qeyd edilmişdir ki, Cavabdeh 3-cü taborun motoatıcı bölüyünün sanitar-təlimatçısı vəzifəsində xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Sabiq qadın hərbi qulluqçu çavuş X2 xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlədərək xx.xx.2022-ci il tarixdə şəhid olmuş leytenant B.Ə.Əliyevin minaya düşərək yaralanmasını əks etdirən video görüntünü həmin günü saat 19:06-da paylaşdığına və digər şəxslərə Watsapp proqramı vasitəsi ilə göndərdiyinə görə Cavabdeh komandiri polkovnik-leytenant Rasim Əliyevin vəsatəti əsasında 'Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 06 avqust 2022-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-727/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən olunan müddəti ötürmüşdür. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022- ci il tarixli, 062əç nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10- cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında mübahisələndirilən əmr barəsində ona hərbi hissənin kadrlar şöbəsindən təqribən xx.xx.2022-ci il tarixdə zəng vurularaq məlumat verildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2022-ci il tarixdə bilmiş, lakin məhkəmədə əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2022-ci il tarixdə poçt xidmətinə müddət ötürülməklə təqdim etmişdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi və iddianın mümkün hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamışdır. Əmrin telefonla elan edilməsi və 9 il vicdanla qulluq etmiş şəxsin bu qaydada işdən azad edilməsi qanunamüvafiq deyildir. İddia müddətini ötürdüyü tarixdə o, xəstə olmuşdur. Xəstə olan müddətdə işdən azad edilməsi yolverilməzdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi bildirilmiş, təxirə salınmasını xahiş etmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları iddia tələbi üzrə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmiş, ancaq mübahisələndirilən əmr iddiaçıya xx.xx.2022-ci il tarixdə telefon vasitəsi ilə məlum olduğundan, o iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizəsinin olması və ona hüquqi qiymət verilməsi qeyd edilsə də iş materiallarında buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə mövcud olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin 11 noyabr 2022-ci il tarixli sərəncamı ilə iddiaçıya ötürülmüş prossesual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı 15 fevral 2023-cü il tarixli ərizəsi ilə cavabdehin əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilməsini xahiş etmiş, eyni tarixdə digər ərizə ilə iddia tələbini dəqiqləşdirərək N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmrinin ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda iddiaçının prosessual müddətin bərpasına dair ərizə təqdim etməsi qeyd olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olmayan ərizəyə hüquqi qiymət verilmiş, bu əsasla iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələbindən məlum olduğu kimi iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair xahişi yazılı formada olmalıdır. Hazırki halda məhkəmə tərəfindən bununla bağlı tələb pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən yardım olunaraq prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmək hüququ təkrar izah edilməli, bundan sonra iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-757/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İnzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-344/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-344/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver