Məhkəmə qərarları › İş №2-1(104)-344/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-344/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-344/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “sərəncamın ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-589/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq qərardad qəbul etdi: İşin halları:

1. Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 69 nömrəli sərəncamına əsasən Cavabdehnə başçısının Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 1.1. bəndinə uyğun olaraq, ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

2. “Xəstənin tibbi kartası”-dan görünür ki, R.S.Həsənov xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək A.Səhhət adına xəstəxanada stasionar qaydada müalicədə olmuşdur.

3. Daşkəsən rayonu İcra Hakimiyyəti başçısının Dəstəfur kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-42-7-23/2023 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, X3 həqiqətən də xx.xx.2023-cü il tarixdən yataq xəstəsidir və hal-hazırda ona yoldaşı İddiaçı Rəfail qızı baxır.

4. İlkin Mediasiya sessiyası barədə bildirişin surətindən görünür ki, İddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixində mübahisənin həlli məqsədi ilə Mediasiya Təşkilatına müraciət etmişdir.

5. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh İMS-ın məlumatı var idi, lakin İMS-də iştirak etmədi.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 69 saylı sərəncamının ləğv edilməsinə, onun Azərbaycan Respublikası Cavabdeh başçısının Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə işə bərpa edilməsinə və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən Cavabdeh başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İİ Qarabağ müharibəsi başlayanda Respublikada gedən səfərbərliklə bağlı kənd sakinlərindən 13 nəfər şəxs, o cümlədən X1 olmuş və 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olmuşdur. Bundan sonra, şəhid Orxan Şıxıyevin anası Sevda və qardaşı Sərxan onun barəsində şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymağa başlamışlar. X4 və X5 hər yerdə onu şərləyərək danışmışlar ki, əvvəl guya o, Orxan Şıxıyevi qəsdən kiminsə yerinə ona müharibəyə çağırış vərəqəsi verib və həlak olmasına səbəb olmuş, sonradan isə şəhidin yas mərasimində iştirak etməmiş, onlara baş sağlığı verməmişdir. Onun barəsində yalan məlumatlar, təhqiramiz sözlər, rayonda nəlayiq sözlərlə təhqir etmiş, idarəyə qohumları ilə hücüm edib onu döymüş, öldürəcəyi ilə hədələmişlər. Müxtəlif yuxarı orqanlara, əsasən Prezident Aparatına ərizələr yazdıraraq qərəzli, şantajçı müraciətlərlə qəbullara gedir, orda da həyasızlıq salaraq utanmadan onun barəsində ancaq şər-böhtan danışmışlar. Dəfələrlə onun və bacısı Pərvanənin evinin pəncərəsini, evə girib ev əşyalarını sındırmışlar. xx.xx.2022-ci il tarixdə evini ev əşyaları ilə birlikdə yandırmışlar. Bu barədə o, Daşkəsən Rayon Polis Şöbəsinə şikayət etmiş, lakin X4 şəhid ailəsi olduğundan onun barəsində heç bir tədbir görülməmişdir. Daşkəsən RPŞ-si tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən də Cavabdeh Başcısının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən o, Daşkəsən rayonunun Dəstəfur kəndində icra nümayəndəsi vəzifəsindən Cavabdeh Başçısının Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 9:30 radələrində Daşkəsən RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov onu iş otağına çağırmış və ora Cavabdeh Başcısı Əhəd Əbiyev də gəlmişdir. Hər ikisi ona başçıdan çoxsaylı şikayətlər olduğu üçün “sən ərizəni yaz könüllü olaraq işdən çıx, yoxsa səni maddə ilə çıxardacıq. Dəstəfur kənd Bələdiyyəsi sədri vəzifəsində işləyən əri Rövşən Həsənova yoxlama göndərib, barəsində cinayət işi açıb tutdurarıq, əgər könüllü ərizə yazsan bir müddətdən sonra öz vəzifənə qaytaracıq” bildirmişlər. Bundan sonra, o qorxub, məcburiyyət qarşısında qalaraq ərizə yazmışdır. Bir müddət keçdikdən sonra o, dəfələrlə zəng edib tutduğu vəzifəyə geri qaytarılması barədə soruşduqda ona “başçı Bakıda xəstəxanadadır”, “məzuniyyətdədir”, sonra isə “başcı tutduğu vəzifəsindən azad edilmişdir” bildirmişlər. Başçı işdən azad olunduqdan sonra o, Sahib Əhmədovun qəbulunda olmuş və sonuncu ona “mənlik deyil, Əhəd Əbiyevin göstərişi olmuşdur” demişdir. Bundan sonra, o başa düşmüşdür ki, onu qorxudaraq və aldadaraq işdən könüllü çıxmağı barədə ərizə yazdırmışlar. O, tutduğu vəzifədən çıxmaq istəməmişdir. 12 ildir ki, heç bir qüsuru olmadan həmin vəzifədə işləmiş, fəal işçi kimi iki dəfə fərmanla təltif edilmişdir. Onun könüllü işdən çıxmaq nə fikri, nə də ki, səbəbi olmuşdur. O, ərizəni könüllü yazmamış, onu məcburiyyət qarşısında qoyaraq işdən çıxma barədə ərizə yazdırmışlar.

8. İddiaçı həmçinin məhkəmədə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, mövqeyini sərəncam verildikdən sonra bir müddət işə qaytarılma təklifi gözləməsi, əri X2 müayinəsi və müalicəsi, həmçinin mübahisənin prosesdən kənar həll edilməsi üçün mediasiya təşkilatına müraciət etməsi ilə əsaslandırmış və bu səbəbdən qanunla müəyyən edilmiş müddət ərzində iddia verə bilmədiyini qeyd etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-589/2024 saylı qərardadı ilə (hakim E.Axundov) buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı prosessual müddəti ötürməsinə səbəb kimi ərinin müayinəsi və müalicəsini qeyd etsə də iş materiallarına əlavə edilmiş “xəstənin tibbi kartası”-dan görünür ki, R.S.Həsənov xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək A.Səhhət adına xəstəxanada stasionar qaydada müalicədə olmuşdur. Başqa sözlə sonuncunun müalicəsinin bitdiyi tarixdən belə iddiaçı 30 gün müddətində hazırkı tələblə məhkəməyə müraciət etməmişdir. Bundan əlavə iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizədə buraxılmış prosessual müddəti Mediasiya təşkilatına müraciət etməsilə əsaslandırmışdır. İddiaçının sözügedən arqumenti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericiliyə əsasən inzibati hüquq münasibətlərində məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburi olaraq tələb edilmədiyindən iddiaçının buraxılmış prosessual müddətin bərpası üçün mediasiyaya müraciət etməsini əsas gətirməsi üzürlü hal hesab edilə bilməz. İddiaçı məhkəmə iclasında mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas olmuş ərizəni şəxsən yazdığın bildirmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçı onunla əmək münasibətlərinə xitam verilməsini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və qərardadın ləğv edilməsini, ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual müddəti iki vacib səbəbdən buraxmış və üzürlü hesab edilərək bərpası barədə ərizə təqdim etmişdir. Həyat yoldaşı R.S.Həsənov 2023-cü ilin iyun ayının 20-dən iyul ayının sonunadək Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli xəstəxanada beyin infaktı diaqnozu ilə stansionar müalicə almışdır. Həmin müddətdə yoldaşının sağalması üçün bütün diqqətini və qayğısını ona yönəltmişdir. Sonrakı tələbi işə bərpa olduğuna görə 2023-cü ilin avqust ayında ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiyaya müraciət etmişdir. Lakin heç bir nəticə olmamışdır. Qeyd olunan səbəblərə görə məhkəməyə iddia ərizəsini qanunvericiliklə müəyyən olunmuş vaxtda təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi onun məhkəmədə iddia qaldırmaq tələbinə mahiyyəti üzrə baxılmasına dair olan hüquqlarını məhdudlaşdırmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək bildirdi ki, yoldaşı uzun müddətdir ki, yataq xəstəsidir, ona daimi özü baxır, yanında qoya biləcəyi başqa kimsəsi yoxdur. Həmçinin mübahisənin prosesdən kənar həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, müddət məhdudiyyətinin olmasından məlumatı olmamış və bu səbəblərdən müəyyən olunmuş müddəti ötürmüşdür.

15. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi:

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.

21. Bu növ məhdudiyyətlərdən biri də iddia tələbi ilə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməsidir.

22. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

23. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.

24. İddiaçı qanunvericliyin tələblərinə əsasən mübahisələndirmə haqqında iddianı inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırmalı olduğu halda, xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə ərizə təqdim edərək ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış, iddianın verilməsi üçün müddətin ötürülməsi nəticəsinə gəlinmişdir.

26. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Qanunun 59.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat qeyd olunmamışdır.

27. Adıçəkilən Qanunun 73.2-ci maddəsinin tələbinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

28. Belə olan halda iddia müddətinin axımı şəxsə inzibati aktın elan olunduğu (təqdim edildiyi) tarixdən başlansa da, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından iddiaçının müddətin ötürülməsinə dair ərizəsində qeyd olunanlar nəzərə alınmalıdır.

29. Bundan başqa iş materiallarında olan “Xəstənin tibbi kartası”-dan görünür ki, R.S.Həsənov xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək A.Səhhət adına xəstəxanada stasionar qaydada müalicədə olmuşdur.

30. Daşkəsən rayonu İcra Hakimiyyəti başçısının Dəstəfur kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-42-7-23/2023 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, X3 həqiqətən də xx.xx.2023-cü il tarixdən yataq xəstəsidir və hal-hazırda ona yoldaşı İddiaçı Rəfail qızı baxır.

31. İlkin Mediasiya sessiyası barədə bildirişin surətindən görünür ki, İddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixində mübahisənin həlli məqsədi ilə Mediasiya Təşkilatına müraciət etmişdir.

32. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh İMS-ın məlumatı var idi, lakin İMS-də iştirak etmədi.

33. Göründüyü kimi iddiaçının inzibati aktı mübahisələndirmək marağı olmuş, bununla bağlı müxtəlif hərəkətlər həyata keçirmişdir.

34. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

35. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

36. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

37. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

39. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatlarında yoldaşının beyin infaktı keçirməsi səbəbindən yataq xəstəsi olduğunu, onun himayəsində olmaqla ona xidmət etdiyini, həm yoldaşının yataq xəstəsi olması, həm maddi imkansızlıq səbəbindən vaxtında şikayət vermək imkanın olmadığını, mübahisəli məsələnin həlli üçün Mediasiya Təşilatına müraciət etdiyini və iddia ərizəsinin verilməsi üçün müəyyən edlmiş müddət barədə məlumatının olmamasını bildirmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi səbəblərə görə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi ağlabatandır və üzürlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilə bilər.

41. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi).

42. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz.

43. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkurun Belçikaya qarşı” işi üzrə Qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.

44. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

46. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-589/2024 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar