Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-346/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğvi, tutmanın qadağan edilməsi və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2837/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarından görünür ki, İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyasının hazırkı məbləği 333.79 manat olmuş, yenidən hesablandıqdan sonrakı məbləğ isə 269.19 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsait aylıq pensiya məbləğindən tutulsun.
2. İddiaçı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət edərək, əlilliyə görə əmək pensiyasının azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş və sonuncu tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda bildirilmişdir ki, xidməti araşdırma nəticəsində əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölünmüşdür. xx.xx.2017 (əmək pensiyasının Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandığı tarix) - xx.xx.1971 (təvəllüd) = (46- 15)*4/192*144=93. Nəticədə xx.xx.2017- ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən artıq ödənilmiş 3213.06 manat məbləğ onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğində tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır.
3. Pensiya təyinatı Alt Sistemindən çıxarışdan məlum olur ki, audit nəticəsində artq vermə kimi müəyyən edilmiş 3213.06 manat məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək aylıq 26.92 manat məbləğində tutulması nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasından 26.92 manat məbləğində vəsait tutulmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-94867/2023 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği 269.19 manat məbləğində müəyyən edilmişdir. Qərarda iddiaçıya artıq ödənilmiş 3213.06 manat əmək pensiyasının tutulması barədə qeyd olsa da, əmək pensiyasından hər hansı tutulmalar aparılmamışdır. İddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 26.4 və 29.1-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixindən 327,06 manata çatdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılmasının üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 avqust 2022-ci il tarixli **********7 saylı məktubu ilə ondan artıq ödənilmiş 3213.06 manat məbləğin onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğinin tutulması barədə yazılmışdır. Filialın xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəməyə müraciət etməlidir.
7. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2289/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kim müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulmasınını qadağan edilməsi və tutulmuş 26.90 manat vəsaitin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölünmüşdür. xx.xx.2017 (əmək pensiyasının Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandığı tarix) -xx.xx.1971 (təvəllüd)= (46- 15)*4/192*144=93. İnzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2, 63 və 64.1 və maddələrini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli, **********7 nömrəli əmək pensiyasının təyin edilməsi qərarın qeyd hissəsində xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasında iddiaçının pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində 3213,06 manat artıq ödənilmiş vəsaitin pensiya məbləğindən tutulması qərara alınmışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanuni və əsaslı olmuşdur, İddiaçı "tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2837/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsində xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması göstərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasından 26.90 manat məbləğində vəsait tutulmuşdur. Ona görə də, həmin qərarın qeyd hissəsi ləğv edilməli, artıq ödəmə kimi müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulması cavabdehə qadağan edilməli və tutulmuş 26.90 manat vəsait iddiaçıya geri qaytarılmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. İddiaçıya qanunsuz əlverişli aktın icrasının davam etdirilməsi dövlət maraqlarına uyğun deyildir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Konstitusiyasının: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
20. “İnzibati icraat haqqında” Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyasının yenidən hesablanması barədə xx.xx.2017-ci il tarixdə cavabdeh orqana etdiyi müraciəti əsasında Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli sərəncamla xx.xx.2017ci il tarixdən etibarən əmək pensiyasının məbləği 230.02 manat məbləğində müəyyən edilmişdir. Daha sonra ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması, yəni əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölündüyü və bu səbəbdən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyi müəyyən edilərək, “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında İddiaçı İİ dərəcə əlilliyə görə ödənilən 333.79 manat əmək pensiyasının məbləği yenidən hesablanaraq 269.19 manat məbləğində müəyyən edilmişdir.
24. Qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsait aylıq pensiya məbləğindən tutulsun.
25. İddiaçı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət edərək, əlilliyə görə əmək pensiyasının azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda bildirilmişdir ki, xidməti araşdırma nəticəsində əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölünmüşdür. xx.xx.2017 (əmək pensiyasının Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandığı tarix) xx.xx.1971 (təvəllüd) = (46- 15)*4/192*144=93. Nəticədə xx.xx.2017- ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən artıq ödənilmiş 3213.06 manat məbləğ onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğində tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır.
26. Audit nəticəsində artq vermə kimi müəyyən edilmiş 3213.06 manat məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək aylıq 26.92 manat məbləğində tutulması nəzərdə tutulsa da, iddiaçının əmək pensiyasından yalnız xx.xx.2023-cü il tarixdə 26.92 manat məbləğində vəsait tutulmuşdur.
27. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək göstərmişdir ki, əlillik təyinatı və pensiya üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanunamüvafiq surətdə verilmişdir və onun hər hansı qüsurlu hərəkəti olmamışdır.
28. Birinci instansiyası məhkəməsi gəldiyi hüquqi nəticəni “Əmək pensiyası haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə əsaslandırmışdır.
29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
30. Göründüyü kimi hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
31. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə oln halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
32. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
33. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir.
34. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
35. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
36. İşin hallarından göründüyü kimi cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişsiz inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən hazırda mübahisələqdirilən aktı qəbul etmişdir.
37. Halbuki sadalanan normalardan göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
38. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissədində xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması göstərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasından 26.90 manat məbləğində vəsait tutulmuşdur, bu da qanuni hesab edilə bilməz.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2837/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov