Məhkəmə qərarları › İş №2-1(104)-347/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-347/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-347/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2069/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2007-ci il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl bələdiyyəsinin nümayəndələri bələdiyyənin yararsız torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

2. Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarı ilə bələdiyyənin yararsız torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün X2 0.06 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

3. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, bələdiyyənin hesabına 180 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1133 nömrə ilə qeydiyyata alınmışdır.

4. Göygöl bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 634 nömrəli məktubda bildirilmişdir ki, Xanlar (Göygöl) bələdiyyəsinin 10 iyul 2017-ci il tarixdə İddiaçı 0.06 ha torpaq sahəsinin satılması üçün qəbul edilmiş 68 saylı qərarı qüvvədədir. Ona görə də həmin qərarla İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi xahiş edilmişdir.

5. Göygöl bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 115 nömrəli arayışına əsasən Göygöl şəhəri, H.Əliyev prospekti, 150 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı istifadəsindədir.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********77 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin ərizəyə torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, 3-21-3-33/2-8837/2023 nömrəli məktubu ilə təqdim olunan mütəxəssis rəyində və 3-16-16/2-10/5802 nömrəli, 30 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, 1) Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi və koordinatları əks olunmuş plan-ölçü sənədi daxil olmuş mülki iş materiallarında mövcud deyildir. Mülki iş materiallarında mövcud olan Göygöl (Xanlar) bələdiyyəsinin sədri M.X.Hacıyev və ləğv edilmiş DT və XK Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov tərəfindən təsdiq edilmiş, yerquruluşu planının hansı tarixli və hansı nömrəli qərar əsasında hazırlandığı, eyni zamanda həmin planda İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının, eni və uzunluğunun ölçüləri qeyd olunmamış və plan şərti olaraq tərtib edilmişdir. Qeyd olunan hallar səbəbindən qərardad suallarının cavablandırılması mümkün deyildir. Odur ki, tərəfimizdən aparılan araşdırma zamanı, naturada təqdim olunan fakti sahəyə istinad edilmişdir. Naturada təqdim olunan faktiki sahə, Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, kənd tipli yaşayış məntəqələrinin sərhədləri daxilində yerləşir. Ərazinin kompleks yerquruluşu layihəsində, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyəti və kateqoriyası barədə məlumat qeyd olunmamışdır. 2) Naturada təqdim olunan 0.16 ha faktiki sahə ölçülərək koordinatları müəyyən edildi. 3) Naturada təqdim olunan 0.16 ha faktiki sahənin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza materiallarına istinadən, hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. 4) Naturada təqdim olunan 0.16 ha faktiki sahə üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl şəhəri, H.Əliyev prospekti, 150 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin 10 iyul 2007-ci il tarixli 68 saylı qərarı ilə Bələdiyyənin yararsız torpaq sahəsindən 0.06 ha hissəsi ayrılaraq ona satılmışdır. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl şəhəri, H.Əliyev prospekti, 150 ünvannda yerləşir. Torpaq sahəsi 16 ildir onların sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2069/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2069/2023 nömrəli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı zamanı ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Habelə, ərizəyə torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün torpaq sahəsinin yerini və ölçüsünü göstərən (texniki pasport) heç bir texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. İddiaçı iddia etdiyi etdiyi Göygöl şəhərində yerləşən torpaq sahəsinə İdarənin mühəndisləri tərəfindən baxış keçirilmişdir. Müayinə aktında faktiki torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarında bələdiyyə mülkiyyətində yaşayış məntəqələri torpaqları kimi qeyd olunmuşdur. Bununla yanaşı vətəndaşın müraciətinin təmin olunması məqsədilə İddiaçı satılmış 0.06 ha torpaqsahəsinə dair xx.xx.2007-ci il tarixdə, 1133 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair Akt, Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə, 68 saylı qərarının əsillərinin Göygöl rayon Dövlət Arxivində olub-olmaması, olduğu təqdirdə sənədlərin təsdiq edilmiş surətinin 3 saylı GəncəƏrazi İdarəsinə göndərilməsi barədə tərəfimizdən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət arxivinə sorgu göndərilmiş və alınmış xx.xx.2022-ci il tarixli, 87 nömrəli cavab məktubunda vətəndaş İddiaçı Göygöl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə 68 saylı qərarı ilə verilmiş torpaq sahəsinə dair qərarın arxivdə mövcud olmadığı göstərilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

23. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İş materialları ilə müəyyən olunur ki, Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarı ilə bələdiyyənin yararsız torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0.06 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. xx.xx.2017ci il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl bələdiyyəsinin nümayəndələri bələdiyyənin yararsız torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

27. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.

28. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, ərizəyə torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün texniki sənədin əlavə edilmədiyi olmuşdur.

29. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır.

30. Kollegiya hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarına əsasən İddiaçı satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 28 oktyabr 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.

31. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 05 iyul 2007-ci il tarixli 190 saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması bildirilmiş və DTXK-si Xanlar rayon şöbəsi Xanlar bələdiyyəsinin fondundan 0,06 ha torpaq sahəsinin satılmasına etiraz edilməmişdir.

32. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər

34. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir.

35. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş Torpaqların alqı-satqısına dair AKT, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi mövcud olmuşdur.

36. Belə ki, işdə olan Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarı ilə bələdiyyənin yararsız torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0.06 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

37. xx.xx.2017-ci il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl bələdiyyəsinin nümayəndələri bələdiyyənin yararsız torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

38. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, bələdiyyənin hesabına 180 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1133 nömrə ilə qeydiyyata alınmışdır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

40. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, 3-21-3-33/2-8837/2023 nömrəli məktubu ilə təqdim olunan mütəxəssis rəyində və 3-16-16/2-10/5802 nömrəli, 30 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, 1) Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi və koordinatları əks olunmuş plan-ölçü sənədi daxil olmuş mülki iş materiallarında mövcud deyildir. Mülki iş materiallarında mövcud olan Göygöl (Xanlar) bələdiyyəsinin sədri M.X.Hacıyev və ləğv edilmiş DT və XK Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov tərəfindən təsdiq edilmiş, yerquruluşu planının hansı tarixli və hansı nömrəli qərar əsasında hazırlandığı, eyni zamanda həmin planda İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının, eni və uzunluğunun ölçüləri qeyd olunmamış və plan şərti olaraq tərtib edilmişdir. Qeyd olunan hallar səbəbindən qərardad suallarının cavablandırılması mümkün deyildir. Odur ki, tərəfimizdən aparılan araşdırma zamanı, naturada təqdim olunan fakti sahəyə istinad edilmişdir. Naturada təqdim olunan faktiki sahə, Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, kənd tipli yaşayış məntəqələrinin sərhədləri daxilində yerləşir. Ərazinin kompleks yerquruluşu layihəsində, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyəti və kateqoriyası barədə məlumat qeyd olunmamışdır. 2) Naturada təqdim olunan 0.16 ha faktiki sahə ölçülərək koordinatları müəyyən edildi. 3) Naturada təqdim olunan 0.16 ha faktiki sahənin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza materiallarına istinadən, hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. 4) Naturada təqdim olunan 0.16 ha faktiki sahə üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.

41. Göründüyü kimi Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 68 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin onun faktiki istifadəsində olması və üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.

42. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

43. Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2069/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar