Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-349/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-170/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçıcavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsi) iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamına əsasən ona bağçılıq sahəsi kimi ayrılan 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-170/2024 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Həmçinin iddiaçının özünə də məhkəmə araşdırması nəticəsində sadalanan sənədlərin mövcudluğu barədə və onların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız torpaq sahəsinin ayrılması və uzun müddət istifadə etdiyi kimi arqumentləri məhkəməyə bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. İlk növbədə qeyd edilməlidir ki, hazırda iddia tələbinin mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Qanunvericiliyin iddianın mümkünlüyünə dair şərtlərindən də görünür ki, hazırki iddianın mümkünsüz hesab edilməsi üçün əsaslar mövcud deyildir. İş materiallarından da müəyyən olunur ki, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab verir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etməli olduğu halda, iddia tələbini mümkünsüz hesab etməkdə əsassız nəticəyə gəlmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən bu addımlar atılmamış ətraflı araşdırma aparılmamışdır. X1 Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Baççısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamı ilə bağçılıq sahəsi kimi ayrılan və iddiaçının faktiki istifadəsində olan 400 kv.m. torpaq sahəsinin hasnı mülkiyyət formasına aid olduğunu, kateqoriyasının, təyinatının və hüquqi rejiminin nə olduğunu və həmin torpaq sahəsinin koordinatlarının digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini, düşdüyü təqdirdə həmin sahənin nə qədər olduğunu müəyyən etmək üçün mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Ppublik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iş materiallarında və idarənin elektron arxiv baza məlumatlarında, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamı ilə bağçılıq sahəsi kimi ayrılan 400.0 kv.m torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Bu səbəbdən də aparılan araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsinə istinad edilmişdir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsidir və üzərində tikili və qurğu mövcud deyildir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi üzərində, digər hər hansı üçüncü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış hüquqmüəyyənedici (çıxarış) sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı. Göründüyü kimi İddiaçı adına verilmiş faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı olmasa da faktiki istifadəsində olan torpaq sahəsindən görünür ki, ona münasibətdə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilərdi. Həmçinin təqdim edilmiş mütəxəssis rəyi ilə faktiki istifadədə olan 700.0 kv.m torpaq sahəsinin nə qədər hissəsinin infrastruktur (yollar və küçələr) sahəsinə düşməsi qeyrimüəyyənlik təşkil edir. Birinci instansiya məhkəməsi isə bu hala qiymət verməmiş və bununla bağlı müvafiq araşdırma aparmadan iddianı mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iddiaçıya Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamına əsasən bağçılıq sahəsi kimi 400 kv.m torpaq sahəsi ayrılmış və iddiaçı iddiaya ərizəsində həmin ildən bu günədək qeyd olunan torpaq sahəsini istifadə etdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin istiqamətdə lazımi araşdırılmalar aparılmamışdır. Belə ki, iddiaçıya torpaq sahəsi ayrıldıqdan sonra onun həmin torpaq sahəsini istifadə edib-etməməsi barə bələdiyyəyə və digər müvafiq qurumlara qeyd edilən səpkilərdə sorğular verilməmişdir. Beləliklə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müvafiq araşdırma apararaq iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul etməli olduğu halda, yuxarıda qeyd olunan xüsusatları araşdırmadan iddia tələbini mümkünsüz hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(114)-170/2024 saylı qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-349/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-349/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver