Məhkəmə qərarları › İş №2-1(104)-35/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-35/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-35/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-349/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 22 nömrəli arayışında "Döş qəfəsini dəlib keçən güllə yaralanması və sol bazunun güllə yaralanmasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2007-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011- ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016- cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli 4956 nömrəli Tibbi rəyində diaqnoz "Hər iki plevra boşluğunu keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilmişdir.

4. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli 1953 nömrəli Spirometriya müayinəsinin nəticəsində "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu FVC 37%. FEV1 38%" kimi qeyd olunmuşdur.

5. Bərdə Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Xəstəlik tarixindən çıxarışında iddiaçının diaqnozu "Döş boşluğunu dəlib keçən güllə yaralanması, hər iki ağgiyər yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. Xroniki bronxit astmatik kompanentlə. TÇ İİ dərəcə" kimi qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası Tibb Universitetinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən “HCV mənşəli xroniki qaraciyər xəstəliyi, qaraciyər sirrozu, Tirotoksikoz” diaqnozu ilə həkim nəzarəti altındadır.

7. xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən görünür ki, İddiaçı “Ağırlaşma Periton bitişmələri, Bitişmə xəstəliyi. Ağırlaşma Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol döş boşluğunu dəlib keçən güllə yaralanması. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992)” (X2: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər bə hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu… Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol döş boşluğunu dəlib keçən güllə yaralanması. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992)) diaqnozu ilə göndərişin natamam doldurulması (əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunmamışdır) səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

8. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0232003AAXQB nömrəlli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992)” (X2: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər bə hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu…) diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillikəlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarı İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

10. xx.xx.2023-cü il tarixli müayinə nəticəsinə əsasən, İddiaçı “Ağciyərin digər travmaları, Hər iki plevra boşluğunu dəlib keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğunluğu” diaqnozu ilə “Diaqnoz əlillikəlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

11. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-3791/2023 nömrəli qərarı ilə İddiaçı – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

12. Dayanıqlı və Operativ Sosial Təminat X5 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-M-37218/2023 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə Prezident təqaüdü almışdır.

13. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 10 oktyabr 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən 11 noyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinin bitməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 195325/2023 nömrəli məktubu).

14. İddiaçı xx.xx.2011-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (376,90 manat) 80 faizi - 301,52 manat məbləğində hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, əmək pensiyası xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə 301,52 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə 320,00 manat, xx.xx.2019- xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə 404,00 manat, xx.xx.2019-xx.xx.2021-ci il tarixli arasındakı dövr üzrə isə 475,40 manat təşkil etmişdir (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-239363/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-289978/2023 nömrəli məktubları).

15. “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, T 494/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, H.H.Məmmədəovun iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Bərdə Mərkəzi Rayon Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışda qeyd edilmiş “Döş boşluğunu dəlib keçən güllə yaralanması, hər iki ağciyər yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sorakı vəziyyət. Bitişmə xəstəliyi. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. Xroniki bronxit astmatik kompanentlə. TÇ 1 dərəcə” diaqnozu xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuş və şəxsin əyni müayinəsində əlillik təyinatına əsas verən funksional pozuntu aşkarlanmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini aid etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Anar Bayramova qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 avqust 1992-ci il tarixdə hərbi xidmət dövründə Qarabağ müharibəsində döyüşlərə qatılmış, 1992-ci ildə döyüş müddətində iki dəfə ağır yaralanmış, Qubadlı rayon Xanlıq kəndində 1 ay hərbi xəstəxanada müayinə və müalicə olunmuşdur. Bakı şəhərində Daxili İşlər Nazirliyində Qospitalında (Ayna Sultanova) və 3 ay Bayıl qəsəbəsi infeksiyonnu xəstəxanada müalicə almış, Hərbi xəstəxanada yaralanması ilə bağlı sənədlərini Bərdə rayon 21 saylı tibbi sosial ekspertiza komissiyasına təqdim etmişdir. Ona 2-ci dərəcəli əlillik təyin olunmuş, lakin ona təyin olunan əlillik müddəti qurtardıqdan sonra növbəti əlillik təyin olunmamışdır. Uzun müddət dəfələrlə müraciət olunmasına baxmayaraq ona əlillik təyin edilməmiş, 2004-cü ildən 2009-cu ilə qədər İİİ qrup əlillik təyin edilmişdir. 2009-cu ildən 2021-ci ilə qədər olan müddət ərzində isə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Dəfələrlə 088 nömrəli xəstəlik forması ilə əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi Sosial Ekspert Komissiyasına sənədləri göndərilməsinə baxmayaraq ona əlillik təyin etməmişlər. İş qabiliyyətini itirmişdir. Heç bir yerdə işləmir. Çətinlik çəkir. Maddiyyat ucbatından dərmanlarını ala bilmir.

18. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qeyd etməklə onun üzərinə xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

19. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən ona ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

20. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, Bərdə rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2001-cü il tarixli 22 nömrəli qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsini dəlib keçən güllə yaralanması və sol bazunun güllə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qaraciyər sirrozundan əziyyət çəkdiyini ifadə etmiş, hər iki döş qəfəsinin ön səthində çapıqlar izlənilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya Sp02-97%, qarnı palpasiyada ağrısız, assit əlamətləri müəyyən edilməmişdir. Təqdim edilmiş Bərdə Mərkəzi Rayon Xəstəxanası xx.xx.2021- xx.xx.2021-ci il tarixli Xəstəlik tarixindən çıxarışda diaqnoz “Döş boşluqunu dəlib keçən güllə yaralanması, hər iki ağciyər yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi. Hər iki asagı ətraf venalarının varikoz genişlənməsi. Xroniki bronxit astmatik komponentlə. TC İİ dərəcə” kimi qeyd olunsa da, ixtisaslaşmış Tibb müəssisəsində müayinə olunmamış, ekspertiza üçün əhəmiyyətli Spirometriya müayinə sənədi təqdim etməmiş, əyani baxış zamanı əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmiş, qeyd edilən diaqnoz öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Tam abdominal USM müayinəsi aparılmış, nəticə “Qaraciyər exoqenliyi cüzi azalıb, strukturu həmcinsdir” kimi müəyyən olunmuşdur. Təqdim olunmuş hərbi biletə əsasən, AR Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 27 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bərdə rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0232003AAXQB nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 22 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsini dəlib keçən qüllə yaralanması və sol bazunun qüllə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travınadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qaraciyər sirrozundan əziyyət çəkdiyini ifadə etmiş, hər iki döş qəfəsinin ön səthində çapıqlar izlənilmiş, auskuitasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saiurasiya Sp02-97%, qamı palpasiyada ağrısız, assit əlamətləri müəyyən edilməmişdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qabırğa ağrısından, təngnəfəslikdən şikayətlənmişdir. Baxış zamanı sağda 1x7 sm olmaqla hər iki döş qəfəsinin ön səthində çapıqlar izlənilmişdir. Müayinə zamanı nəbzi 69 vurğu, saturasiyası 98%, tənəffüsün sayı 16 müəyyən edilmiş, auskuitasiyada vezikulyar tənəffüs eşidilmişdir. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli 4956 nömrəli Tibbi rəydə diaqnoz "Hər iki plevra boşluğunu keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd edilmişdir.

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-349/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən etibarən fasiləsiz olaraq 3 il üçüncü dərəcə və xx.xx.2009-cu il tarixdən fasiləsiz olaraq 12 il ikinci dərəcə əlillik təyinatı aparılmamışdır. Bununla yanaşı, Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin, istərsə də 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarla təqdim edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının” hər hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formalı analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

26. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh orqanın əlillik təyin edilməsindən imtina etdiyi sonuncu- xx.xx.2023-cü il tarixdən ona müddətsiz ikinci dərəcə əlliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq ekspert rəyi ilə razı olmadığını, 2004-2009-cu illərdə İİİ qrup, 2009-2021-ci illərdə isə İİ qrup əlil olduğunu, aldığı güllə yarası səbəbi ilə ağ ciyər əməliyyatı olunduğunu, illərdir xəstəlikdən əziyyət çəkdiyini bildirdi.

28. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

32. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

34. İşin hallarından məlum olur ki, iddiaçıya ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixdə 1 il müddətinə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2007-ci il tarixdə 1 il müddətinə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixli müayinə zamanı göndərişin natamam doldurulması, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müayinə zamanı diaqnozun əlilik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

35. İşdə olan xx.xx.2021-ci il tarixli müayinə nəticəsinə əsasən İddiaçı “Ağırlaşma Periton bitişmələri, Bitişmə xəstəliyi. Ağırlaşma Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol döş boşluğunu dəlib keçən güllə yaralanması. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992)” (X2: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər bə hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu… Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol döş boşluğunu dəlib keçən güllə yaralanması. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992)) diaqnozu ilə göndərişin natamam doldurulması (əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunmamışdır) səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

36. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0232003AAXQB nömrəlli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992)” (X2: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər bə hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu…) diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillikəlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

37. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3791/2023 qərarları ilə iddiaçının müayinəsi nəticəsində «Dioqnoz əlillik əlaməti təyin etmir» barədə qərar qəbul edilmişdir.

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin məzmunundan göründüyü kimi, Tibbi göstəriş olan xüsusi hallarda, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda və Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda ikinci dərəcəli əlillik müddətsiz təyin edilir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda əlavə edilmiş 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

40. 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

42. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

43. Yuxarıda qeyd olunan normaların məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş diaqnozlar tam nəzərə alınmadan əlillik təyinatından imtina edilmişdir. Belə ki, xx.xx.2023cü il tarixli müayinə nəticəsində iddiaçıya təyin edilmiş əsas diaqnoz “Ağ ciyərin travmaları, hər iki plevra boşluğunu dəlib keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətliventeliyasiya pozğunluğu (S27.3)”, ağırlaşma olaraq isə “Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ dərəcə (J96.1)” qeyd edilmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1-ci və 13.1.3-cü bəndlərinə əsasən, müvafiq olaraq “Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri (J95-J99)” və “Boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları (S10-S39)” əlillik təyinatına əsas verən diaqnozlar kimi nəzərdə tutulmuşdur.

46. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:

1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri. 1.1.1. tənəffüs sistemi orqanlarının digər xəstəlikləri- J95-J99 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə- 65-80.

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri. 13.1.3. boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları- S10-S39 13.1.3.2. təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması- 70.

47. İşdə olan X1 İnstitutunun xx.xx.2023-cü il tarixli 4956 nömrəli Tibbi rəyində diaqnoz "Hər iki plevra boşluğunu keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilmişdir.

48. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli 1953 nömrəli Spirometriya müayinəsinin nəticəsində "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu FVC 37%. FEV1 38%" kimi qeyd olunmuşdur.

49. Bərdə Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Xəstəlik tarixindən çıxarışında iddiaçının diaqnozu "Döş boşluğunu dəlib keçən güllə yaralanması, hər iki ağgiyər yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. Xroniki bronxit astmatik kompanentlə. TÇ İİ dərəcə" kimi qeyd olunmuşdur.

50. Azərbaycan Respublikası Tibb Universitetinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən “HCV mənşəli xroniki qaraciyər xəstəliyi, qaraciyər sirrozu, Tirotoksikoz” diaqnozu ilə həkim nəzarəti altındadır.

51. Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında aparılmış müayinə nəticələrinə əsasən əsas dioqnoz S27.3-Ağciyərin travmaları, hər iki plevra boşluğunu dəlib keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğunluğu. Ağırlaşma J96.1- Xroniki respirator çatışmamazlıq. Tənnəffüs çatışmamazlığı İİ dərəcə kimi qeyd edilmişdir. Gönründüyü kimi iddiaçının müayinəsi zamanı onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların“da nəzərdə tutulan diaqnozlarla üstü-üstə düşür.

52. Bundan başqa cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixdən etibarən fasiləsiz olaraq 3 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdən etibarən isə fasiləsiz olaraq 12 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunması iş materialları ilə təsdiq olunur. Belə olan halda “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əsasən ona müddətsiz əlillik təyin edilməsi qanuni və əsaslıdır.

53. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur. Bu hal isə iddiaçıya əlillik dərəcəsinin müddətsiz təyin olunması üçün əsasdır.

54. Məhkəmə tərkibi onu da qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3791/2023 nömrəli qərarı ilə İddiaçı – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir və sonuncuya əlillik xx.xx.2023-cü il tarixindən təyin edilməlidir.

55. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.

56. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur

57. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

58. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər

59. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

60. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

61. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

Nəticəvi hissə:

62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-349/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizi 61-80 faiz olmaqla (İİ dərəcə əlillik dərəcəsinin) müddətsiz təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar