Məhkəmə qərarları › İş №2-1(104)-350/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-350/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-350/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı hüquqi varisi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-204/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. “X11 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli, 84 nömrəli arayışından görünür ki, iddiaçı “X11 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi (16 il 9 ay) metal əritmə sexində - tökücü vəzifəsində işləmişdir ki, həmin vəzifə də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifə hesab olunmuşdur. ИТ-İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X11 Emalı” ASC-də işləmişdir. “X11 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X11 Emalı” ASC-də işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-80646/2023 nömrəli məktubundan görünür ki, iddiaçının ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhəkmə sorğusuna cavab olaraq “X11 Emalı” ASC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 20 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi "X11 emalı" ASC (keçmiş Azərbaycan Əlvan metallar emalı zavodu) Alüminium əritmə və tökmə sexində əridici və gözətçi peşəsində işləmişdir. SSRİ dövründə müəssisənin istehsal prosesi və xammalla təminatı planlı şəkildə SSRİ Metallurgiya Dövlət Komitəsi tərəfindən təmin və təşkil olunurdu. Lakin 1991-ci ildə SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin kəsilməsi, xammal təchizatının olmaması, istehsal olunan məhsula tələbatın olmaması səbəbindən müəssisənin istehsal prosesində fasilələr yaranmış və sonradan isə tam dayanmışdır. Bu səbəbdən də müəssisədə çalışan ixtisaslı işçilərin, itirilməməsi üçün qarşılıqlı razılaşma əsasında onlar (o cümlədən İddiaçı) müəyyən müddətə öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmışlar. Məktuba öz hesabına ödənişsiz məzuniyyət olması barədə qeydiyyat vərəqinin surəti əlavə olunur. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən məhkəmə kollegiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-187797/2024 saylı məktubda bildirilmişdir ki, X3 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən sonra ümumi iş stajı 4 il 11 ay (xx.xx.2022-ci il tarixinədək 3 il 9 ay (xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 1 il 2 ay (xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilə kimi “X11 Emalı” zavodunda müxtəlif peşələr üzrə işlədiyi illərini sosial sığorta stajına daxil edilməsi və pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilə kimi “X11 Emalı” zavodunda müxtəlif peşələr üzrə işləmiş, işlədiyi illər ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. Onun “X11 Emalı” zavodunda müxtəlif peşələr üzrə cəmi 19 (on doqquz) il iş stajı olmuşdur. O, güzəştli şərtlərlə pensiya almağı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun “X11 Emalı” ASC-də işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr aylarını, 1994-cü il üzrə iyun, avqust aylarını, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarını, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr aylarını, 1999-cu il üzrə aprel ayını, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarının sosial sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-204/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı “X11 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr ayları, 1994-cü il üzrə iyun, avqust ayları, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr ayları, 1999-cu il üzrə aprel ayı, 2001-ci il üzrə may, iyun, iyul, avqust ayları sosial sığorta stajına daxil edilərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Lakin iddiaçının 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1997-ci ildə, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarında “X11 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) əmək fəaliyyəti ilə məşğul olması istər ИТ-İ ******* nömrəli əmək kitabçası, istərsə də xx.xx.2022ci il tarixli, 96 nömrəli arayış ilə öz təsdiqini tapmışdır. Yəni İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X11 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) fasiləsiz olaraq işləmişdir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əməkhaqqının verilməsi barədə məlumatın olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Ona görə də məhkəmə iddiaçının 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1997-ci ildə, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarında “X11 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş. mərkəzi filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçını Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1992xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "X11 Emalı" ASC-də əridici vəzifəsində işlədiyi qeyd edilmişdir. Tərəfimizdən sənədlərdə qeyd edilən iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq 1992-ci il üzrə 5 ay, 1994-cü il üzrə 2 ay, 1996-ci il üzrə 7 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 10 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 7 ay iddiaçıya əməkhaqqı ödənişlərinin olmadığı bildirilmişdir… Qeyd olunan aylar ərzində işləmədiyi və iddiaçıya əməkhaqqı ödənilməyən ayları (44 ay) iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (22 il (xx.xx.1979-xx.xx.1980- ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, 1992-ci il üzrə 7 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 10 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 5 ay, 1998-ci il üzrə 2 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 12 ay, 2001- ci il üzrə 5 ay və xx.xx.2006-ci il tarixdən sonra 4 il)) təşkil edir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23009,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Daha sonra cavabdeh tərəfindən məhkəmə kollegiyasına apellyasiya şikayətinə əlavə təqim edilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək ümumi iş stajı 25 ildən az (22 il (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, 1992-ci il üzrə 7 ay, 1993-cü il üzrə 12 ay, 1994cü il üzrə 10 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 5 ay, 1998-ci il üzrə 2 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 12 ay, 2001-ci il üzrə 5 ay və xx.xx.2006-ci il tarixdən sonra 3 il 9 ay)) təşkil edir. Həmçinin "X11 Emalı" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmə kolegiyasının aparmış olduğu araşdırma nəticəsində müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının qəbul edilən iş stajı 22 il (xx.xx.1979-xx.xx.1980ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, 1992-ci il üzrə 7 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 10 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 5 ay, 1998-ci il üzrə 2 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 12 ay, 2001ci il üzrə 5 ay və xx.xx.2006-ci il tarixdən sonra 3 il 9 ay) təşkil edir təşkil edir. İddiaçının cavabdeh tərəfindən qəbul edilməyən iş stajı isə ümumilikdə 44 ay təşkil edir. Həmin 44 aylıq dövr iddiaçıya 1992-ci il üzrə 5 ay, 1994-cü il üzrə 2 ay, 1996-ci il üzrə 7 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 10 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 7 ay əməkhaqqı ödənişlərinin olmadığı dövrü əhatə edir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan 44 aylıq dövr ərzində iddiaçıya hansı səbəbdən əmək haqqının ödənilməməsilə bağlı müvafiq məlumatın əldə edilməsi üçün sorğular verilmişdir. Həmin sorğuya əsasən “X11 Emalı” ASC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 20 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi "X11 emalı" ASC (keçmiş Azərbaycan Əlvan metallar emalı zavodu) Alüminium əritmə və tökmə sexində əridici və gözətçi peşəsində işləmişdir. SSRİ dövründə müəssisənin istehsal prosesi və xammalla təminatı planlı şəkildə SSRİ Metallurgiya Dövlət Komitəsi tərəfindən təmin və təşkil olunurdu. Lakin 1991-ci ildə SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin kəsilməsi, xammal təchizatının olmaması, istehsal olunan məhsula tələbatın olmaması səbəbindən müəssisənin istehsal prosesində fasilələr yaranmış və sonradan isə tam dayanmışdır. Bu səbəbdən də müəssisədə çalışan ixtisaslı işçilərin, itirilməməsi üçün qarşılıqlı razılaşma əsasında onlar (o cümlədən İddiaçı) müəyyən müddətə öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmışlar. Məktuba öz hesabına ödənişsiz məzuniyyət olması barədə qeydiyyat vərəqinin surəti əlavə olunur. Yuxarıda qeyd edilən məktuba əlavə olunmuş öz hesabına ödənişsiz məzuniyyətdə olması barədə qeydiyyat vərəqələrinin surətindən belə müəyyən edilir ki, iddiaçı xx.xx.1997-xx.xx.1998-ci il tarixə kimi 1 il 2 ay, xx.xx.2001-xx.xx.2001-ci il tarixə kimi 1 ay 6 gün, xx.xx.2001-xx.xx.2001-ci il tarixə kimi 1 ay, xx.xx.2001-xx.xx.2001-ci il tarixə kimi isə 1 ay öz hesabına məzuniyyətdə olmuşdur. Göründüyü kimi iddiaçının 1992-ci il tarixdən 2001-ci il tarixə kimi öz hesabına məzuniyyətə buxarılmasına dair əmrlər üzrə o ümumilikdə 17 ay öz hesabına məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Göründüyü kimi həmin normanın tələblərinə əsasən iddiaçının 17 aylıq ödənişsiz məzuniyyətdə olduğu dövrün 6 ayının onun əmək stajına daxil edilməsi yol veriləndir. Belə olan halda cavabdehin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr kimi qiymətləndirdiyi müddət 44 ay yox, məhz iş 17 ay kimi qiymətləndirilməli və həmin 17 aydan 6 ayı iddiaçının iş stajlna daxil edildiyindən yerdə qalan 11 ay onun iş stajı kimi nəzərə alınmamalıdır. Yerdə qalan 33 ay isə iddiaçının ümumi iş stajına hesablanmalı və bu hissəyədək onun stajı 24 il 9 ay (22 il + 2 il 9 ay (33 ay) ) təşkil etmiş olur. Bundan başqa cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən məhkəmə kollegiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-187797/2024 saylı məktubda bildirilmişdir ki, X3 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən sonra ümumi iş stajı 4 il 11 ay (xx.xx.2022-ci il tarixinədək 3 il 9 ay (xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 1 il 2 ay (xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Sadalananlara əsasən xx.xx.2022-ci il tarixədək iddiaçının ümumi iş stajı 24 il 9 ay təşkil edir. Həmin 24 il 9 ayın üzərinə iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər üzrə olan 1 il 2 aylıq iş stajı əlavə edildikdə onun tələb olunan 25 illik ümumi iş stajı tamamlanmış olur. İddiaçının güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilmədiyindən kollegiya hesab edir ki, güzəştli iş stajına münasibət bildirilməsinə lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-204/2024 saylı qərarı dəyişdirilməli, İddiaçı hüququ yarandığı tarixdən pensiya təyin edilməli və öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan pensiya məbləğinin onun hüquqi varisi X6 ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-204/2024 saylı qərarı dəyişdirilsin. İddiaçı hüququ yarandığı tarixdən pensiya təyin edilsin və öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan pensiya məbləğinin onun hüquqi varisi X6 ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar