Məhkəmə qərarları › İş №2-1(104)-351/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-351/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-351/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-278/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 saylı Zona Tibbi-Sosial Ekpert Komissiyasının SER TSE-01№ 008289 müayinə aktından çıxarışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. TSEK dioqnozu kimi «Sağ tərəfli fibro kavernoz ağciyərin vərəmi, parçalanma fazası. İkinci dərəcəli tənəffüs çatışmamazlığı. Ağciyər qan hayxırması» qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 saylı Zona Tibbi-Sosial Ekpert Komissiyasının SER TSE-01№ 352708, xx.xx.2007-ci il, SER TSE-01№585389, xx.xx.2008-ci il, SER TSE-01№785978, xx.xx.2009-cu il, SER TSE- 02№ 010142, xx.xx.2010-cu il, SER TSE-02№140184, xx.xx.2012-ci il, SER TSE- 01№084522, xx.xx.2013-cü il, SER TSE-01№319529, xx.xx.2014-cü il, SER TSE- 01№525720, xx.xx.2015-ci il tarixli müayinə aktlarına əsasən İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir.

3. Tibbi Sosial Ekspert Komisssiyasının müayinələrinə dair alt sistemdən çıxarışa əsasən İddiaçı qoyulmuş “Sağ tərəfli fibro kavernoz ağ ciyər vərəmi parçalanma fazası . İİ- Li tənəffüs çatmamazlığı. Ağ ciyər qan hayxırması” diaqnozuna əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Tibbi Sosial Ekspert Komisssiyasının müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Sağ tərəfli fibroz kavernoz vərəm. Sol tərəfli infiltrativ vərəm dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq, İl dərəcəli Tənəffüs çatmamazlığı. Əhəmiyyətli dərəcədə restriktiv tipli ventilyasiya pozğunluğu və.s” diaqnozu qoyulmuş, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması”, “Əlavə müalicəyə ehtiyacı olması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********8 nömrəli qərarına əsasən təqdim edilmiş X4 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 14899 nömrəli Tibbi rəyində diaqnoz "Sol ağciyərin fibroz-kavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilsə də, Rentgen görüntüdə kavernalar müşahidə edilməmişdir. Rentgenoqrafiyanın nəticəsi "Fibroz dəyişikliklər, aktivliyi şübhəli ocaqlar, solda siqlı sahələr müşahidə edilmişdir" kimi qeyd olunmuşdur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə vətəndaş haqqında müalicənin davam etdirilməsi qərar verilmişdir. X4 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 1731 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur. FVC 34%, FEV 1 39%" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 71 nömrəli Qanın ümumi analizinin nəticəsi "HGB-126 q/l, EÇS 14 mm/s" kimi qeyd edilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-1734/2023 nömrəli qərarında qeyd olunur ki, xx.xx.1973-cü il tarixli İddiaçı əlillik vəziyyəti tibb müəssisənin U00004455VBA nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması qərara alınmışdır. Bundan sonra əlilliyi əyani müayinə olaraq qiymətləndirilmiş, diaqnoz “əlillik əlaməti təyin etmir” qərara alınmışdır.

7. Forma 88-dən görünür ki, İddiaçı əsas diaqnozu A16-ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağ ciyərin fibroz kavernoz vərəmi (BK)-tez-tez təkrarlanan ağciyər qanhaykırması qeyd edilmişdir. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq. İİ dərəcə tənəffüs çatmamazlığı. Əhəmiyyyətli dərəcəli qarışıq tipli (restriksiyanın üstünlüyü ilə) ventilasiya pozğunluğu.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarının ləğv edilməsi və onun əlilliyinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1996-cı ildə hərbi xidmətdə olduğu zaman vərəm xəstəsi olmuş, ona 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. 20 il olar ki, əlilliyinə görə pensiya almış, lakin bu yaxınlarada pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar vərəm xəstəsi olmuş və müalicəsi mümkün olmayan xəstəliyinə görə onun 2-ci qrup əlilliyi bərpa edilməlidir.

10. İddiaçının müvafiq ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1734/2023 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

11. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 274 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, KB (-) mənfi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidməti keçdiyi müddətdə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, bəlğəmli öskürəkdən şikayət etmişdir. Müayinə zamanı saturasiya 96- 97%, nəbzi 86 vurğu müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində yayılmış yaş və quru xırıltılar eşidilmişdir. Təqdim edilmiş X4 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 14899 nömrəli Tibbi rəyində diaqnoz "Sol ağciyərin fibroz-kavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilsə də, Rentgen görüntüdə kavernalar müşahidə edilməmişdir. Rentgenoqrafiyanın nəticəsi "Fibroz dəyişikliklər, aktivliyi şübhəli ocaqlar, solda işıqlı sahələr müşahidə edilmişdir" kimi qeyd olunmuşdur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə vətəndaş haqqında müalicənin davam etdirilməsi qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin U00004455VBA nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 274 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində KB (-) mənfi " diaqozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir. Hərbi xidməti keçdiyi müddətdə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, bəlğəmli öskürəkdən şikayət etmişdir. Müayinə zamanı saturasiya 96-97%, nəbzi 86 vurğu müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində yayılmış yaş və quru xırıltılar eşidilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir." kimi qeyd olunmuş, Müalicəyə davam etdirilməsi barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qanhayxırma, kürəkdə ağrıdan şikayətlənmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-278/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspert rəyi ilə müəyyən olunur ki, müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin fibroz-kavernoz vərəmi (BK-)" diaqnoz hazırda da əyani müayinədə əlillik təyin səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçıya əliliyin təyin edilməsi üçün əsas yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

b) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək 2006-cı ildən ağır vərəm xəstəsi olduğunu və hazırdada xəstəlikdən əziyyət çəkdiyini bildirdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olnmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir

21. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”: 4.2.“Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 1.1.6.- tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi- A16. 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)- 65-80- 2 il. 1.1.1.- tənəffüs sistemi orqanlarının digər xəstəlikləri- J95-J99 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 65-80- 2 il.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

27. İşin hallarından məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 saylı Zona Tibbi-Sosial Ekpert Komissiyasının SER TSE-01№ 008289 müayinə aktına əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, TSEK dioqnozu kimi «Sağ tərəfli fibro kavernoz ağciyərin vərəmi, parçalanma fazası. İkinci dərəcəli tənəffüs çatışmamazlığı. Ağciyər qan hayxırması» qeyd edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 saylı Zona Tibbi-Sosial Ekpert Komissiyasının SER TSE-01№ 352708, xx.xx.2007-ci il, SER TSE-01№585389, xx.xx.2008-ci il tarixli, SER TSE-01№785978, xx.xx.2009-cu il tarixli, SER TSE-02№ 010142, xx.xx.2010-cu il tarixli, SER TSE-02№140184, xx.xx.2012-ci il tarixli, SER TSE- 01№084522, xx.xx.2013-cü il tarixli, SER TSE-01№319529, xx.xx.2014-cü il tarixli, SER TSE-01№525720, xx.xx.2015-ci il tarixli müayinə aktlarına əsasən İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

28. Əlillik müddəti bitdikdən sonra iddiaçı yenidən qiymətləndirilmə ilə bağlı müraciət etmiş və Tibbi Sosial Ekspert Komisssiyasının müayinələrinə dair alt sistemdən çıxarışlara əsasən İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Sağ tərəfli fibroz kavernoz vərəm. Sol tərəfli infiltrativ vərəm dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq, İl dərəcəli Tənəffüs çatmamazlığı. Əhəmiyyətli dərəcədə restriktiv tipli ventilyasiya pozğunluğu və.s” diaqnozu qoyulmuş, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması”, “Əlavə müalicəyə ehtiyacı olması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

29. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********8 nömrəli qərarından görünür ki, təqdim edilmiş X4 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 14899 nömrəli Tibbi rəyində diaqnoz "Sol ağciyərin fibroz-kavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilsə də, Rentgen görüntüdə kavernalar müşahidə dilməmişdir. Rentgenoqrafiyanın nəticəsi "Fibroz dəyişikliklər, aktivliyi şübhəli ocaqlar, solda siqlı sahələr müşahidə edilmişdir" kimi qeyd olunmuşdur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə vətəndaş haqqında müalicənin davam etdirilməsi qərar verilmişdir. X4 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 1731 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur. FVC 34%, FEV 1 39%" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 71 nömrəli Qanın ümumi analizinin nəticəsi "HGB-126 q/l, EÇS 14 mm/s" kimi qeyd edilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.

30. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-1734/2023 nömrəli qərarından görünür ki, xx.xx.1973-cü il tarixli İddiaçı əlillik vəziyyəti tibb müəssisənin U00004455VBA nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması qərara alınmışdır. Bundan sonra əlilliyi əyani müayinə olaraq qiymətləndirilmiş, diaqnoz “əlillik əlaməti təyin etmir” qərara alınmışdır.

31. İddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının onun marağına toxunan hissədə ləğv edilməsini və əlilliyin təyin olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd olunmaqla gəlinən nəticə onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin fibroz-kavernoz vərəmi (BK-)" diaqnoz hazırda da əyani müayinədə əlillik təyin səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı.

32. Apellyasiya icraatı zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona ikinci dərəcə əlilliyin təyin olunmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

33. İşin hallarına qiymət verərkən kollegiya qeyd edir ki, əlilliyin təyinatına əsas olmuş xəstəlik-ağ ciyər vərəmi 2006-cı ildən ardıcıl olaraq İddiaçı mövcud olmuş və ona fasiləsiz olaraq 2006-cı il tarixdən 2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Başqa sözlə iddiaçıya 2006-cı il tarixdən 2016-cı il tarixədək 1 il müddətinə, 2016-cı ildən isə 5 il müddətinə fasiləsiz olaraq 15 il ikinci dərəcə əlilliyin təyin olunması təsdiq olunur.

34. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirildiyi (istər tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdə, istərsə də həmin qiymətləndirmənin nəticəsi olan qərardan iddiaçının verdiyi şikayət əsasında əyani müayinəsinin keçirilərək, qərar qəbul edildiyi xx.xx.2023-cü il tarixdə) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş Əsasnamə qüvvədə olduğundan hazırkı mübahisənin həlli zamanı həmin Əsasnamənin müddəaları tətbiq olunmalıdır.

35. Belə ki, adıçəkilən Əsasənməyə görə:

36. 1.1.6.- tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi- A16

37. 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)- 65-80- 2 il.

38. 1.1.1.- tənəffüs sistemi orqanlarının digər xəstəlikləri- J95-J99

39. 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 65-80- 2 il.

40. Göründüyü kimi cavabdeh orqan tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri pozulmaqla, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş üzrə iddiaçıda illərdir təyin edilən xəstəliklər eyni olmasına baxmayaraq heç bir əsaslandırılma aparılmadan “Göndərişin natamam doldurulması”, “Əlavə müalicəyə ehtiyacı olması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göndərişlərində əks olunmuş “A16ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağ ciyərin fibroz kavernoz vərəmi (BK)-tez-tez təkrarlanan ağciyər qanhaykırması” “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.6. və qiymətləndirilməsi 1.1.6.2-ci bəndlərində qeyd olunmuşdur. Bundan başqa göndərişdə həmçinin ağırlaşma kimi qeyd edilən- Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq. İİ dərəcə tənəffüs çatmamazlığı. Əhəmiyyyətli dərəcəli qarışıq tipli (restriksiyanın üstünlüyü ilə) ventilasiya pozğunluğu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.1 və 1.1.1.2-ci bəndində nəzərdə tutulmuşdur.

42. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T725/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin fibroz-kavernoz vərəmi (BK-)" diaqnoz hazırda da əyani müayinədə əlillik təyin səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. "Vərəm" xəstəliyinə düçar olmuş xəstələr dispanser qeydiyyatda olmaqla yanaşı, həkimlər tərəfindən təyin edilmiş dərman preparatlarını nəzarət altında mütəmadi qəbul edirlər.

43. Ekspert rəyinin təhlili zamanı müəyyən olunur ki, cavabdeh orqanın əliliyin təkrar təyininə dair imtina qərarı ilə rəy eynilik təşkil etmişdir. Bundan başqa qeyd olunan rəydə heç bir əsaslandırılma və ya hər hansı üsullarla xəstəliyə dair müayinələrin aparılması, həmin müayinələrin nəticəsi qeyd edilməmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir. İddiaçının xəstəliyi ona əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır və həmin xəstəlik müayinə və müalicə aktlarında sağalmayan və daimi müalicəyə ehtiyacı olan xəstəlik kimi qeyd edilmişdir.

45. Belə olan halda cavabdeh inzibati orqanın şəxsə əlilliyin təyinatına əsassız maneə yaradan hərəkətləri əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-278/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faizinin itirilməsinə görə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar