Məhkəmə qərarları › İş №2-1(104)-352/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-352/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-352/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 107/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 nömrəli qərarına əsasən İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsi, E.Məmmədov və N.Nərimanov küçələrinin kəsişdiyi yerdən sahibkarlıqla məşğul olmaq üçün 46 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

2. xx.xx.2006-ci il tarixli, 48 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Samux rayonu Nəbiağalı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 46 kv.m torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir.

3. xx.xx.2006-cı il tarixli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən Samux rayonu Nəbiağalı bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul köçürülmüşdür.

4. Cizgi planından görünür ki, planda Samux rayonu Nəbiağalı qəsəbə sakini İddiaçı xırda sahibkarlıqla məşğul olmaq məqsədilə bina tikintisi üçün E.Məmmədov və N.Nərimanov küçələrinin kəsişdiyi yerdən satılacaq 46 kv.m torpaq sahəsinin yerləşmə yeri göstərilmişdir.

5. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 386 nömrəli arxiv arayışında qeyd olunur ki, Samux rayon Nəbiağalı bələdiyyəsinin İddiaçı torpaq satılması barədə 04 aprel 2006-cı il tarixli 08 saylı iclas protokolunun qərarı mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

6. Samux rayon Samux şəhər bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 54 nömrəli arayışdan görünür ki, 2006-cı il tarixli 08 saylı Nəbiağalı bələdiyyəsinin qərarı ilə 46 kv.m torpaq sahəsi kommersiya ilə məşğul olması üçün İddiaçı satılmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsi 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin) xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 532/2023 nömrəli bildirişinə əsasən İddiaçıın müvafiq müraciətinin təmin edilməsindən torpaq sahəsinə dair heç bir texniki sənəd əlavə edilməməsi, elektron baza məlumatlarına əsasən bir hissəsinin ictimai tikili, bir hissəsinin isə ümumi istifadədə olan əraziyə düşməsi səbəbindən imtina edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8860/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 46 kv.m torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər hansı cizgi planı mövcud deyil. İddiaçı naturada təqdim etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 64 kv.m təşkil edir. İddiaçı faktiki istifadəsində olan 64 kv.m torpaq sahəsi, Samux rayonu Nəbiağalı kənd (Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, həyətyanı sahələri altında olan, tikinti üçün nəzərdə tutulan torpaq sahəsidir və üzərində inşa edilmiş tikili mövcuddur. İddiaçı faktiki istifadəsində olan 64 kv.m torpaq sahəsinin, idarənin elektron baza materiallarına istinadən, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən sahələrlə üst-üstə düşmə halı aşkarlanmamışdır. Rəy hazırlanarkən, Samux rayonu Nəbiağalı kənd (Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinad edilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsi 3 saylı Gəncə Ərazi İdarəsinin 01 may 2024-cü il tarixli, 3-21-3-33/2-4238/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 64 kv metr torpaq sahəsi Samux rayonu, Nəbiağalı kənd (Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və idarənin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, təyinatı-həyətyanı sahələri altında olan tikinti üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili (növ-ticarət obyekti) mövcuddur. İddiaçı faktiki istifadəsində olan 64 kv metr torpaq sahəsinin, idarənin elektron baza materiallarına əsasən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən sahələrlə üst-üstə düşmə halı aşkarlanmamışdır. Əlavə olaraq bildirilir ki, X2 X3 (TEKUİS) əsasən faktiki torpaq sahəsinin 56 kv metr hissəsinin ictimai tikili və 14,56 kv metr hissəsinin ümumi istifadədə olan əraziyə düşdüyü müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Nəbiağalı qəsəbəsi, E.Məmmədov və N.Nərimanov küçələrinin kəsişdiyi yerdən 46 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux şəhər bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 018 nömrəli “Torpaqların Alqı-Satqısına dair Akt”a əsasən iddiaçıya xırda sahibkarlıqla məşğul olmaq məqsədilə bina tikintisi üçün Samux rayonu, Nəbiağalı qəsəbəsi, E.Məmmədov və N.Nərimanov küçələrinin kəsişdiyi yerdən 46 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı dəfələrlə cavabdeh orqana müraciət edərək, Samux rayonu, Nəbiağalı qəsəbəsi, E.Məmmədov və N.Nərimanov küçələrinin kəsişdiyi yerdən 46 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etsə də, ona imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan iddiaçının torpağının qeydiyyata alınmasından əsassız imtina etmişdir.

12. Cavabdeh inzibati orqanın xx.xx.2023-cüil tarixli, 3-21-3-33/2-2764/2023 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bir hissəsinin ictimai tikili, bir hissəsinin isə ümumi istifadədə olan əraziyə düşdüyü müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s əks olunmalıdır.Əks halda iddiaçının təqdim etdiyi sənələr əsasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0,0046 ha torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçının təqdim etdiyi sübutlar əsasında torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından iddiaçıya ayrılmış sənəd üzrə torpaq sahəsinin də müəyyən etmək mümkün olmamışdır.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-107/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid olmuşdur, hazırki halda həmin sənədin olmaması iddiaçının ziyanına şərh edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-107/2024 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsində onların tikililəri mövcuddur, ancaq tikili ictimai yolda inşa edilməmişdir.

19. Cavabdeh inzibati orqanın nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsində ictimai tikilinin nə təyinatlı olması ilə bağlı məlumat yoxdur.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən sonrakı redaksiyada) 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada)

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)

2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

27. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İş materialları ilə müəyyən olunur ki, Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 nömrəli qərarı ilə bələdiyyə torpağından sahibkarlıq məqsədilə İddiaçı 46 kv.m torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmiş, torpaq sahəsinə dair alqı-satqı aktı əldə edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur.

31. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, torpaq sahəsinin bir hissəsinin ictimai tikili, bir hissəsinin isə ümumi istifadədə olan əraziyə düşür, habelə torpaq sahəsinə dair plan-ölçü sənədi mövcud deyildir.

32. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassız olmuşdur.

33. Belə ki, işdə olan Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 nömrəli qərarından görünür ki, İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsi, E.Məmmədov və N.Nərimanov küçələrinin kəsişdiyi yerdən sahibkarlıqla məşğul olmaq üçün 46 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

34. xx.xx.2006-ci il tarixli, 48 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Samux rayonu Nəbiağalı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 46 kv.m torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir.

35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8860/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən məlum olur ki, 46 kv.m torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər hansı cizgi planı mövcud deyil. İddiaçı naturada təqdim etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 64 kv.m təşkil edir. İddiaçı faktiki istifadəsində olan 64 kv.m torpaq sahəsi, Samux rayonu Nəbiağalı kənd (Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, həyətyanı sahələri altında olan, tikinti üçün nəzərdə tutulan torpaq sahəsidir və üzərində inşa edilmiş tikili mövcuddur. İddiaçı faktiki istifadəsində olan 64 kv.m torpaq sahəsinin, idarənin elektron baza materiallarına istinadən, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən sahələrlə üst-üstə düşmə halı aşkarlanmamışdır. Rəy hazırlanarkən, Samux rayonu Nəbiağalı kənd (Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinad edilmişdir.

36. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsi 3 saylı Gəncə Ərazi İdarəsinin 01 may 2024-cü il tarixli, 3-21-3-33/2-4238/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 64 kv metr torpaq sahəsi Samux rayonu, Nəbiağalı kənd (Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və idarənin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, təyinatı-həyətyanı sahələri altında olan tikinti üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili (növ-ticarət obyekti) mövcuddur. İddiaçı faktiki istifadəsində olan 64 kv metr torpaq sahəsinin, idarənin elektron baza materiallarına əsasən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən sahələrlə üst-üstə düşmə halı aşkarlanmamışdır. Əlavə olaraq bildirilir ki, X2 X3 (TEKUİS) əsasən faktiki torpaq sahəsinin 56 kv metr hissəsinin ictimai tikili və 14,56 kv metr hissəsinin ümumi istifadədə olan əraziyə düşdüyü müəyyən edilmişdir.

37. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır.

38. Kollegiya hesab edir ki, mübahisə predmeti olan 46 kv.m torpaq sahəsi Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarına əsasən iddiaçıya satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 28 oktyabr 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.

39. Həmçinin iş materiallarında olan əlavə edilmiş ortofotodan görünüşdən müəyyən edilir ki, iddiaçı tərəfindən bələdiyyənin qərarına əsasən ona verilmiş torpaq sahəsi üzərində tikili yerləşir və onun faktiki istifadəsində olan 64 kv.m torpaq sahəsi üzərində imtinada qeyd edilən hər hansı ictimai tikili yerləşmir və ümumi istifadədə olan yola düşmür. Bu hal məhkəməyə təqdim olunmuş rəylə də təsdiqənir.

40. Bundan başqa məhkəmə kollegiyasının iclasında mütəxəssis Elmar Aslanov izahat verərək bildirdi ki, iddiaçıya satılan torpaq sahəsinin yerləşməsinə dair sənəd olmadığından rəy faktiki istifadəyə uyğun verilmişdir və onun faktiki istifadəsində olan torpaq sahəsi üzərində hər hansı ictimai tikili yoxdur və bir hissəsinin ümumi istifadədə olan əraziyə düşməsi müəyyən edilməmişdir.

41. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, 2006-cı ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinə dair cavabdehin imtinası hər hansı bir sənədlərlə təsdiq olunmadığından əsaslı hesab edilə bilməz

42. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

43. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-107/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar