Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-353/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Əliyev Nural Turab oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, “şəhid statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1185/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əri mərhum leytenant X6 “şəhid” statusunun verilməsi ilə əlaqədar etdiyi müraciətin müsbət icrasından Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-14/2-N-4xx-xx/2024 nömrəli məktubu ilə imtina edilmiş və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 12 yanvar 1996-cı il tarixli müvafiq nömrəli əmrindən çıxarışda N nömrəli hərbi hissə komandirinin sərəncamında olan leytenant X3 “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “E” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) əsasən ehtiyata buraxıldığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahlıq Xəstəxanasının 1999-cu il üzrə çıxarış epikrizinin surətindən mərhum leytenant X3 “Sol orta beyin arteriyası hissəsinin qan dövranının kəskin pozulması. Beyin sol parietal-temporal bölgəsinin daxili hematoması. Əməliyyatdan sonrakı vəziyyət. Təkrar hemoqrafik insult” diaqnozun təyin olunduğu görünür. 21 avqust 1999-cu il tarixli ll-ЖГ 476982 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən mərhum leytenant X3 “Başında ikinci dəfə insult" səbəbindən vəfat etmişdir. Mərhum leytenant X3 1992-1994-cü illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almasına dair müayinə və müalicədə olmasının müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin X7 sorğu verilmiş və arxivin məktubunda N nömrəli hərbi hissənin 1992-ci il üzrə N nömrəli xəstəlik tarixinə əsasən onun həqiqətən 3 noyabr 1992ci il tarixdən 23 noyabr 1992-ci il tarixədək “Remissiya mərhələsində olan, sağ tərəfli xroniki pielonefrit” diaqnozu ilə həmin hospitalda stasionar müalicədə olduğu göstərilmişdir. Məktubda, həmçinin saxlanılan arxiv bazasında mərhum leytenant X3 1992- 1994-cü illərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar (ambulator) müayinə və müalicədə olması barədə məlumatların aşkar edilmədiyi bildirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 31 may 2024-cü il tarixli 1623 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N-cü il, yanvar-dekabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində mərhum leytenant X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında minaya düşərək travma alması, müalicə və müayinəyə göndərilməsi barədə məlumatların aşkar edilmədiyi qeyd olunmuşdur. Əlavə olaraq, həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxıldıqdan sonra xəstəlikdən vəfat etmiş hərbi qulluqçulara “Şəhid” statusunun verilməsinə hüquqi əsas yaradan maddi hüquq norması qanunvericilikdə müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, mərhum leytenant X3 ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqəsi təsdiq olunmadığından, mərhuma “Şəhid” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü İM5 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” tələblərinə uyğun deyil.
İşdə olan sənədlər:
2. İİ-ЖГ 476982 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 21 avqust 1999-cu ildə başında ikinci dəfə insult səbəbi ilə vəfat etmişdir.
3. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-14/2-N- 663-1/2024 nömrəli məktubunda (mərhum leytenant X6 şəhid statusunun verilməsinin araşdırılması haqqında) qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi rəisinin 2488 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 090 nömrəli əmrinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti qurtardığına görə qanuna müvafiq qaydada məhv edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli, 090 nömrəli əmrinə əsasən, leytenant X9 “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “E” bəndinə əsasən(hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur.
5. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 94/613 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi hissədə arxiv saxlanılma müddəti başa çatdığı üçün N nömrəli hərbi hissənin 1992-2020-ci illər üçün qeydə alınmış “Stasionar müalicəyə daxil olanların qeydiyyatı kitabı”, “Xəstələrin Əlifba qeydiyyatı kitabı” xəstəlik tarixləri və digər tibbi arxiv sənədləri Müdafiə Nazirliyinin Mərkəzi X7 təhvil verilmişdir.
6. Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-92/2- 309/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, mərhum X3 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə (Gəncə hospitalında) stasionar müayinə və müalicə olması barədə adına N nömrəli xəstəlik tarixində olan çıxarış epikrizi tərtib olunmuşdur.
7. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göranboy rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-22/222-2448/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Şöbədə əlifba qeydiyyatı kitabında arxiv uçot məlumatlarında qeydiyyatı yoxdur.
8. Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2-1529/2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvarsentyabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti, döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə məlumat aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əri X6 “şəhid statusu” verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 15 noyabr 1984-cü ildən rəsmi nikahda olduğu X8 leytenant rütbəsində Birinci Qarabağ müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı 1994-cü ildə minaya düşərək xəsarət almış və bu zanan insult keçirmiş, 20 gündən artıq komada qalmış və bu hadisədən sonra uzun müddət səhhətində yaranmış problemlərdən əziyyət çəkmişdir. Dəfələrlə Gəncə hərbi hospitalda, Bakıda Neyrocərrahiyyə xəstəxanasında müalicə olunsa da, heç bir köməyi olmamış, 21 avqust 1999-cu ildə vəfat etmişdir. X2 ilə olan nikahlarından 3 övladları vardır. Əri vəfat edərkən oğlunun 10 yaşı var idi və o, həmişə atası ilə fəxr edir. Lakin bu günə kimi ərinə şəhid adı verilməməsi onları bir vətədaş kimi çox incidir.
11. Cavabdeh inzibati orqan iddia ərizəsinə qarşı xx.xx.2024-cü il tarixli, 3-25-4/2- 5887/24 nömrəli etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, mərhum X9 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək həqiqi hərbi xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkləyən xətalar törədilməsinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, mərhum X10 “başında ikinci dəfə insult” səbəbindən 21 avqust 1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, mərhum X3 xidmət keçdiyi N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N-cü il, yanvar-dekabr 1994-cü il, vanvar-dekbar 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində onun Azərbaycan Respubalikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında minaya düşərək xəsarət alması, müalicə və müayinəyə göndərilməsi barədə məlumatlar aşkar olunmamışdır. X1 ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəsi təsdiq olunmadığından, mərhuma “Şəhid” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qavdaları”nın tələblərinə uyğun deyil.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1185/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, X9 xx.xx.1996-cı il tarixli əmr əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuş, tərxis olunduqdan sonra , 21 avqust 1999-cu il tarixdə “başında ikinci dəfə insult” səbəbindən vəfat etmişdir, bu da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1185/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun olaraq izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əri mərhum X6 şəhid statusunun verilməsi ilə əlaqədar etdiyi müraciətin müsbət icrasından cavabdeh orqan tərəfindən imtina edilərək mərhumun həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxıldıqdan sonra xəstəlikdən vəfat etməsi ilə əsaslandırılmışdır.
24. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina dəlilləri ilə razılaşaraq tələbin təmin edilməməsinə dair qərar qəbul etmiş, hazırda iddiaçı həmin qərarı apellyasiya qaydasında mübahisələndirmişdir.
25. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və qeyd edir ki, imtina dəlilinə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
26. Belə ki, adıçəkilən qanunvericilik aktlarına əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
28. Göründüyü kimi şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır.
29. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli, 090 nömrəli əmrinə əsasən, leytenant X9 “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “E” bəndinə əsasən (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur.
30. İİ-ЖГ 476982 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 21 avqust 1999-cu ildə başından ikinci dəfə insult səbəbi ilə vəfat etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən səbəbli əlaqə mərhum X6 münasibətdə müəyyən edilməmişdir. Belə ki, sonuncu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda deyil, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduqdan (xx.xx.1996) sonra – xx.xx.1999-cu il tarixində başında ikinci dəfə insult səbəbi ilə vəfat etmişdir.
32. Bundan başqa mərhum X3 döyüş əməliyyatlarında yaralanması faktı iş materialları ilə təsdiq olunmur. Belə ki, Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25- 29/2-1529/2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-sentyabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti, döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə məlumat aşkar olunmamışdır.
33. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-14/2- N-4xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum leytenant X3 1992-1994cü illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almasına dair müayinə və müalicədə olmasının müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin X7 sorğu verilmiş və arxivin məktubunda N nömrəli hərbi hissənin 1992-ci il üzrə N nömrəli xəstəlik tarixinə əsasən onun həqiqətən 3 noyabr 1992-ci il tarixdən 23 noyabr 1992-ci il tarixədək “Remissiya mərhələsində olan, sağ tərəfli xroniki pielonefrit” diaqnozu ilə həmin hospitalda stasionar müalicədə olduğu göstərilmişdir. Məktubda həmçinin saxlanılan arxiv bazasında mərhum leytenant X3 1992-1994-cü illərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar (ambulator) müayinə və müalicədə olması barədə məlumatların aşkar edilmədiyi bildirilmişdir.
34. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 31 may 2024-cü il tarixli 1623 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N-cü il, yanvar-dekabr 1994cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində mərhum leytenant X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında minaya düşərək travma alması, müalicə və müayinəyə göndərilməsi barədə məlumatların aşkar edilmədiyi qeyd olunmuşdur.
35. Beləliklə, hazırki işdə iddiaçının mərhum əri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamış və iddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum ərinə münasibətdə müəyyən edilmədiyindən inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1185/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Nural Əliyev, Rəşad Mamedov