Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-354/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-980/2023 saylı qərardadından iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamın ləğv edilməsi” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı ilə Ceyrançöl qış otlaq sahəsindən 195 ha sahə İddiaçı rəhmətlik əri X3 10 il müddətinə icarəyə yerilib. Həmin sərəncam əsasında tərəflər arasında 21 noyabr 2011-ci il tarixli 11 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Bundan sonra Gədəbəy rayonu Qoşabulaq kənd sakinləri Məmmədov Əli və Məmmədov Rizvan tərəfindən həmin qış otlaq sahəsi zəbt olunub. İddiaçı bununla bağlı müvafiq orqanlara şikayətlər etmişdir. X3 verilən sərəncamdan 2 il sonra həmin sahə Gədəbəy rayonu Qoşabulaq kənd sakini X4 Cavabdeh başçısının 15 aprel 2013-cü il tarixli, 54 nömrəli sərəncamı ilə 10 il müddətinə icarəyə verilmişdir. İddia tərəf hesab edir ki, Cavabdeh Başçısının müvafiq sərəncamı əsasında İddiaçı rəhmətlik yoldaşı ilə bağlanılan icarə müqaviləsi qüvvədə olduğu zaman əsassız olaraq 2013- cü il tarixdə İcra Hakimiyyəti tərəfindən yeni sərəncam verilərək Gədəbəy rayonu Qoşabulaq kənd sakini X7 ilə eyni sahənin istifadəsi ilə bağlı icarə müqavilə bağlanılmışdır. Odur ki, həmin sərəncamı qanunsuz hesab edir. Cavabdeh başçısının 7-12/128 nömrəli 19 oktyabr 2022-ci il tarixli cavab məktubundan göründüyü kimi sərəncamının ləğvinə dair etdiyi müraciətə müsbət reaksiya verilməmişdir. Belə ki, Cavabdeh başçısına ünvanladığı ərizə ilə 15 aprel 2013-cü il tarixli 54 nömrəli sərəncamının ləğv edilməsini xahiş edilmişdi. İcra Hakimiyyəti başçısının aparatı öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı X6 ilə rayon icra hakimiyyəti arasında xx.xx.2011-ci il tarixdə Çeyrançöl qış otlaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Lakin müqavilənin şərtlərinə əməl olunmadığından həmin müqaviləyə xitam verilmişdir. Bildirilib ki, Cavabdeh başçısının 15 aprel 2013-cü il tarixli, 54 nömrəli sərəncamının ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin 19 oktyabr 2022-ci il tarixli imtina məktubu poçta 27 oktyabr 2022-ci ildə verilmiş, rəsmi qaydada isə poçt tərəfindən xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. (bütün bunlar imtina məktubuna əlavə olunmuş zərfə vurulmuş möhürdən görünür). Yuxarıda göstərilən məktubda müqavilə şərtlərinə əməl olunmaması göstərilsə də, müqavilənin hansı şərtinin pozulması qeyd olunmamış və həmin şərtin pozulmasının müqaviləyə xitam verilməsi üçün səbəb olması əsaslandırılmamışdır. Belə ki, icarə müqaviləsinin 2.14-cü bəndində göstərilir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. Həmçinin qeyd edilir ki, ərizəçinin mərhum həyat yoldaşı X6 ilə rayon icra hakimiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin 1.3-cü bəndində göstərilir ki, torpaq sahəsi icarəyəverən tərəfindən icarəçiyə heyvandarlığın inkişafi üçün verilib. İddiaçının özü və mərhum həyat yoldaşı, yəni icarəçi həmin torpaq sahəsindən də örüş kimi məhz heyvandarlıqla səmərəli məşğul olmaq üçün istifadə ediblər. Lakin sonradan qanunsuz olaraq sərəncam əldə edib torpağı zəbt edən şəxslər buna imkan verməmişlər. Ərazinin qanunsuz zəbt olunmağı ilə bağlı müvafiq polis şöbəsinə, rayon prokurorluğuna İcra Hakimiyyətinə müraciətlər, şikayətlər olsa da mübahisə ilə əlaqədar heç bir tədbir görülməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-980/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılaması barədə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarına görə, iddiaçının mərhum həyat yoldaşı X5 ilə cavabdeh arasında 21 noyabr 2011-ci il tarixdə bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 195 ha torpaq sahəsi 10 il müddətinə, yəni 21 noyabr 2021-ci il tarixədək icarəyə verilmiş, lakin həmin müqavilənin şərtlərinə əməl olunmaması əsası ilə müqaviləyə xitam verilmiş və hazırda mübahisələndirilən qərarla torpaq sahəsi başqa şəxsə icarəyə verilmişdir. X5 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə vetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qeyd edilir ki, X5 rəhmətə gedəndən sonra onun prosesual hərəkətlərdə (məhkəmə iclasında) prosessual hüquq varisi kimi məhz həyat yoldaşı kimi hazırki İddiaçı qəbul olunmalıdır. Çünki onun qanun üzrə vərəsəsi kimi icarədar qismində məhz İddiaçı tərəfindən məhz onun həyat yoldaşından sonra üçüncü şəxsə sərəncamın qanunsuz verilməsi barədə bir çox orqanlara da müraciəti, şikayətlər olunmuşdur. Ona görə iddianın məhz subyektiv hüquq (iddiaçı tərəfindən verilə bilməməsi) səbəbdən iddianının mümkün sayılmaması barədə Gəncə İnzibati Məhkəməsinin qərarını qanunsuz hesab edir. Həmçinin, iddiaçının həyat yoldaşı X1 üçüncü şəxsə sərəncam verilərkən o onkoloji xəstə olmuş, ona görə də məhkəməyə sərəncamın ləğvi ilə bağlı müraciət edə bilməmişdir. Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərildiyi kimi hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüququ bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilə ilə iddiaçının həyat yoldaşı X2 yaranıb, vərəsəlik hüququ əsasında prosessual hüquq varisliyi ilə də İddiaçı keçib. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarından müəyyəb edilir ki, iddiaçının mərhum həyat yoldaşı X5 ilə cavabdeh arasında 21 noyabr 2011-ci il tarixdə bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 195 ha torpaq sahəsi 10 il müddətinə, yəni 21 noyabr 2021-ci il tarixədək icarəyə verilmiş, lakin həmin müqavilənin şərtlərinə əməl olunmaması əsası ilə müqaviləyə xitam verilmiş və hazırda mübahisələndirilən qərarla torpaq sahəsi başqa şəxsə icarəyə verilmişdir. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə ilkin hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçının ərizəsində qeyd etdiyi Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı və icarə müqaviləsi isə ləğv edilmiş, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxmışdır. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-980/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-354/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-354/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver