Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-355/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X1 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1019/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2019-cu il tarixədək müəyyən fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmişdir. ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-201066/2023 nömrəli məktubundan görünür ki, iddiaçının sığorta stajının tələb olunandan az olması, yəni 21 il 1 ay 21 gün təşkil etməsi, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulması qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad dolma əmrlərin tarixləri qeyd edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması səbəbilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı üçün müvafiq olaraq cavabdeh inzibati orqana rəsmi müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-1-201066/2023 saylı imtina məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş əmək kitabçası və hərbi biletin surətinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) cəmi 21 il 1 ay 21 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulması qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad dolma əmrlərin tarixləri qeyd edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əmək kitabçasının doldurulması onun məsuliyyətində olan məsələ deyildir və buna işçi cavabdehlik daşımır. Digər tərəfdən o işləməyini təsdiq edən sənədləri və əmək kitabçasını cavabdehə təqdim etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1019/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının hüququ yarandığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, normaların məzmunundan da göründüyü kimi, əmək kitabçasının doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir və orda qeyd olunan hər bir məlumat (işə qəbul, işdən azad edilmə və.s) onların möhürü ilə təsdiqlənir. Göstərilən halları nəzərə alaraq məhkəmə qeyd edir ki, bir halda ki, əmək kitabçasında qeyd olunan məlumatları göstərmək işəgötürənin vəzifəsidir, belə olan halda cavabdehin işçinin işə daxil olma və işdən azad olma əmrlərinin tarixlərini qeyd etməməsi onun həmin dövrdəki fəaliyyətini təkzib etməməlidir, başqa sözlə bu kimi hallar işçinin ziyanına şərh edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, əmək kitabçasının sol tərəf şaquli sütununda iddiaçının işə qəbul və işdən azad edilmə tarixləri qeyd olunduğundan sağ tərəf sütunda əmrlərin tarixinin qeyd edilməməsi iddiaçının müvafiq dövrlərdə əmək fəaliyyəti ilə məşgul olmasını təzib edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək işlədiyi illər onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. ş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur (1 iyul 2020 – 30 iyun 2021-ci il tarixləri üzrə kişilər üçün pensiya yaş həddi 65 yaş olmuşdur). Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı və məhkəmə tərəfindən nəzərə alınan xx.xx.1973-cü il tarixindən xx.xx.1974cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək olan sığorta stajı hesablandıqda onun ümumilikdə 25 ildən çox sığorta stajının olması müəyyən olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəsiz sığorta stajı təqdim etdiyi sənədlərə əsasən ümumilikdə 21 il 1 ay 21 gün təşkil edir: İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək olan “Кировобад Хлебокондитер” müəsissəsində ümumilikdə 3 il 8 ay 11 gün təşkil edir. Göründüyü kimi mübahisəli illər iddiaçının sığorta stajına daxil edilsə belə, onun ümumilikdə sığorta stajı 25 ildən az (24 il 10 ay15 gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qaydaların 1.1-ci maddəsində qeyd olunmuşdur ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.2-ci maddəsində əsasənişçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. İşçinin işdən çıxma barədə əmrini qəbul etmək səlahiyyəti ancaq işəgötürənə məxsusdur, onun imzası ilə təsdiq olunmalıdır. Əmək kitabçasındakı qeydlər işəgötürən tərəfindən doldurulmur, işəgötürənin verdiyi əmrə uyğun olaraq əmək kitabçasına köçürülməlidir. Bunun əksi qəbul edilən deyil, yəni əmək kitabçasındakı məlumatların əmrə daxil edilməsi qəbul edilən deyil. Əksinə, əmrdəki məlumatlar əmək kitabçasına köçürülür. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X6 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bunun mümkün hesab edilmədiyi və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. Cavabdehin imtinasına əsas kimi, iddiaçının sığorta stajının tələb olunandan az olması, yəni 21 il 1 ay 21 gün təşkil etməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulması qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad dolma əmrlərin tarixləri qeyd edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması olmuşdur. İşin hallarından görünür ki, iddiaçının sığorta stajının mübahisələndirilən hissəsi onun xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək işlədiyi dövrlər olduğundan məhz elə həmin illər araşdırılmalıdır. Cavabdehin apellyasiya şikayətindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının müddəti 21 il 1 ay 21 gün təşkil edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti qeyd olunmuşdur. Bundan əlavə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 2021-ci ilin avqust ayı üzrə 58 manat, sentyabr ayı üzrə 57 manat, oktyabr ayı üzrə 57 manat, noyabr ayı üzrə 58 manat sosial sığorta üzrə ödənişləri müəyyən edilmişdir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Başqa sözlə işə qəbul və işdən azad olunma əmrlərinin tarixlərinin qeyd edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin əmək kitabçasının doldurulma qaydasının pozulmasına görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)- 45/2021 nömrəli, 02 noyabr 2023-cü il tarixli, 2-1(102)- 2386/2023 nömrəli qərarları). Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə iş materiallarında olan sənədlərə əsasən iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixədək işləməsi iddiaçıya məxsus əmək kitabçasında öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı və digər yuxarıda göstərilən dövrləri də nəzərə alındıqda iddiaçının pensiya hüququ yaranmış olur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1019/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.