Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-356/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-440/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 18 avqust 2022-ci il tarixli, **********1 nömrəli “yaşa görə əmək pensiyasinın təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd olunmuşdur ki, İddiaçı sosial sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil edilməklə 20 il 5 аy təşkil edir. xx.xx.1976-cı il tarixində şəxsin adına tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003- cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı “Elnar” firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlər əmək kitabçasında qeyd olunsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2022-ci il tarixli, 223(53)/3 nömrəli arayışına əsasən bu dövrlərin arxiv sənədlərini aşkar etmək mümkün olmamışdır. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az, yəni 20 il 05 аy olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. İddiaçı xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işləməsi qeyd olunmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika idarəsini 01 dekabr 2022-ci il tarixli, 674 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Elnar” firması 25 mart 1997-ci il tarixdə Gəncə şəhər üzrə statistik vahidlərin dövlət reyestrinə daxil edilmişdir. Firmanın 1997-2000-ci illərdə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 noyabr 2022-ci il tarixli, **********301300 nömrəli məktubunda qeyd olunur ki, istehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən 12 saylı Ərazi vergilər baş idarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi müəyyən edilmiş, “Elnar” firması isə xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖENlə uçota alınmışdır.
5. Milli Arxiv İdarəsinin Gəncə filialının 30 noyabr 2022-ci il tarixli, 1470(424)/3 nömrəli məktubunda qeyd edilmişdir ki, adları qeyd edilən müəssisələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 aprel 2023-cü il tarixli, 3-21-3/2-5076/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhəri “Video kirayə” məntəqəsi İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2001-ci il tarixdə İddiaçı tərəfindən özəlləşdirilmişdir .
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1997-xx.xx.2000-ci ildə “Elnar” firmasında uşaq maşınlarının kirayəsi üzrə qəbulçu işlədiyi dövrü və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il ərzində Gəncə şəhəri “Video kirayə” məntəqəsində qəbulçu işlədiyi dövrün onun sosial stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə "Elnar” firmasında uşaq maşınlarının kirayəsi üzrə qəbulçu işinə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə öz ərizəsilə işdən azad olmuşdur. xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək Gəncə şəhəri “Video kirayə” məntəqəsində qəbulçu işləmişdir. Bundan əvvəl və sonra müxtəlif vaxtlarda müxtəlif yerlərdə işləmiş və bu barədə əmək kitabçasında da qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
9. Daha sonra iddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1997-xx.xx.2000-ci ildə “Elnar” firmasında uşaq maşınlarının kirayəsi üzrə qəbulçu işlədiyi və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il ərzində Gəncə şəhəri “Video kirayə” məntəqəsində qəbulçu işlədiyi dövrün sosial stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
10. Cavabdehin etiraz ərizəsində qeyd olunmuşdur ki, iş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçasına və hərbi biletin surətinə əsasən iddiaçının sosial sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil edilməklə 20 il 5 аy təşkil edir. xx.xx.1976-cı il tarixində iddiaçının adına tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003- cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının “Elnar” firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlər iddiaçının əmək kitabçasında qeyd olunsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2022-ci il tarixli, 223(53)/3 nömrəli arayışına əsasən bu dövrlərin arxiv sənədlərini aşkar etmək mümkün olmamışdır. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az, yəni 20 il 05 аy olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-440/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı ona pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2021-ci il tarixdə çatmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçasına və hərbi biletin surətinə əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olduğu dövr) 20 il 5 ay təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 10 ay sığorta stajına uyğun olaraq 15.114,39 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 261,75 manat olmaqla, ümumilikdə 15.376,14 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir.İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının sığorta stajı ilə bağlı mübahisəli dövrlər onun xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Elnar” firmasında işlədiyini iddia etdiyi 2 il 6 av və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində işlədiyini iddia etdiyi 2 il 5 av 8 gün, ümumilikdə 4 il 11 av 8 gün təşkil edir. xx.xx.1976-cı il tarixində İddiaçı adına tərtib olunmuş MT-İ № ******* saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının “Elnar” firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlər iddiaçının əmək kitabçasında qeyd olunsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2022-ci il tarixli № 223(53)/3 saylı arayışına əsasən bu dövrlərin arxiv sənədlərini aşkar etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.
21. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının “Elnar” firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlər iddiaçının əmək kitabçasında qeyd olunsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2022-ci il tarixli № 223(53)/3 saylı arayışına əsasən bu dövrlərin arxiv sənədlərini aşkar edilmədiyindən şəxsə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir.
25. Cavabdeh tərəfindən mübahisəndirilməyən sosial sığorta stajı kimi əmək kitabçasına və hərbi biletin surətinə əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr) 20 il 5 ay təşkil edir.
26. Göründüyü kimi inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır və hazırda mübahisələndirilən illər “Elnar” firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000ci il tarixədək və İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrdür və məhz həmin illərin sosail sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdırılmasının predmetini təşkil edir.
27. İnzibati orqanın dəlili iddiaçının işlədiyi illərə dair sənədlərin müvafiq sorğu əsasında arxivdə aşkar edilməməsidir.
28. Bununla bağlı apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 aprel 2023-cü il tarixli, 3-21-3/2-5076/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhəri “Video kirayə” məntəqəsi İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2001-ci il tarixdə İddiaçı tərəfindən özəlləşdirilmişdir.
29. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika idarəsini 01 dekabr 2022-ci il tarixli, 674 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Elnar” firması 25 mart 1997-ci il tarixdə Gəncə şəhər üzrə statistik vahidlərin dövlət reyestrinə daxil edilmişdir. Firmanın 1997-2000-ci illərdə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur.
30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 noyabr 2022-ci il tarixli, **********301300 nömrəli məktubunda qeyd olunur ki, istehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən 12 saylı Ərazi vergilər baş idarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi müəyyən edilmiş, “Elnar” firması isə xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖEN-lə uçota alınmışdır.
31. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi zaman kəsiyində işəgötürən müəssisənin mövcudluğunu istisna edən hal mövcud olmamışdır.
32. Digər tərəfdən iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işləməsi qeyd edilmişdir və məhkəmə kollegiyası əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir.
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
34. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
35. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
37. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin «a» bəndinə əsasən əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
38. İddiaçının işləməsini təsdiq edən digər sənədlərin- əmrlərin, əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar.
39. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə arxiv arayışının mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi digər sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir.
40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
42. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-440/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov