Məhkəmə qərarları › İş №2-1(104)-356/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-356/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-356/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2034/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə” 3-21-2-3/2-31960/2024 nömrəli məktubda əsasən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən müvafiq əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu ehtimal olunur. Göstərilənlərə əsasən iddiaçının hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışı araşdırmaya təqdim etməkdən ötrü o, cavabdehin inzibati binasına dəvət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin « Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə » xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-163126/2024 nömrəli qərarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 82.220,80 manat hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-163126/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-163126/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə fərdi sahibkar İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2023-cü il gəlir vergisi üzrə 82.220,80 (82 min 220 manat) manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsası kimi İddiaçı şəxsi istifadə məqsədilə ilə açdığı bank hesabı və plastik karta mədaxil olan vəsaitin vergi orqanı tərəfindən qanunsuz olaraq vergi tutulan dövriyyə kimi qiymətləndirilməsi olmuşdur. İddaçı bildirir ki, vergi orqanının mövqeyi qanunsuz və əsassızdır. Buna görə də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 163126/2024 nömrəli qərar ləğv edilməlidir. İlk öncə bildiririk ki, İddiaçı fəaliyyəti ətriyyat və kosmetika mallarının pərakəndə satışından ibarətdir. 2023-cü il üzrə ümumilikdə 145.413 (145 min 413 manat) manat vergi tutulan dövriyyə vergi orqanına bəyan edilmişdir. Həmin dövriyyəyə hesablanmış 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğləri dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanının hesabladığı 82.000 manat vergi öhdəliyinin yaranması üçün İddiaçı xalis gəliri 411.000 manat olmalıdır. Bu məbləğdə xalis gəlir əldə etmək üçün isə 20 faiz rentabelli biznes hesab etsək 2 milyon manat məbləğində dövriyyəsi olmalıdır. Göründüyü kimi vergi orqanının hesabladığı vergi məbləği absurddur və reallığı əks etdirmir. Müştəri məlumatları yalnız qanunla müəyyən olunmuş hallarda və qaydalara uyğun olaraq vergi orqanlarına təqdim oluna bilər. Həmin hallar və verilməsi qaydası Vergi Məcəlləsinin 76.1-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu maddə, yalnız sahibkarlıq məqsədləri üçün açılmış bank hesabları ilə bağlı məlumatların verilməsini nəzərdə tutur. Fiziki şəxslərin şəxsi məqsədlər üçün açdıqları hesablar, sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından həmin hesablar üzrə məlumatların verilməsi qanunsuz olmuşdur. Beləliklə, fiziki şəxslərin yalnız şəxsi istifadə məqsədilə açdıqları bank hesablarının məlumatlarının verilməsi, bank sirrinin pozulması deməkdir. İddiaçı iddiaya əlavədə qeyd etmişdir ki, onlayn kargüzarlıq vasitəsi ilə gələn məktublar sırasında cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması üzrə hər hansı uyğunsuzluq məktubu aşkar edilməmişdir. Belə olan təqdirdə isə vergi orqanı tərəfindən uyğunsuzluq məktubu göndərilmədən bəyannamə üzrə kameral vergi yoxlaması keçirərək birbaşa müvafiq qərarla əlavə vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. İlk öncə vergi ödəyicisi bəyannamə təqdim edir və vergi orqanı bu bəyannamədə ziddiyyət və səhv aşkar etdikdə bu barədə əlavə məlumat, sənəd və izahat tələb etməli və yalnız bundan sonra vergilərin düzgün hesablanmamasını aşkar etdikdə vergilərin hesablanmasına dair müvafiq qərar göndərir. Başqa sözlə desək, cavabdeh vergi orqanı ilk öncə iddiaçının təqdim etdiyi bəyannamədə səhv və ya ziddiyyət aşkar etmişdirsə, buna dair iddiaçıya uyğunsuzluq məktubu göndərməli idi və daha sonra iddiaçı hər hansı sənəd və ya izahat təqdim etmədiyi, və yaxud təqdim edilən sənəd və ya izahat vergi orqanını gane etmədiyi halda əlavə vergilər hesablayıb müvafiq qərarı göndərməli idi. Lakin təəssüflər olsun ki, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin sözügedən normalarını kobud şəkildə pozmuşdur. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisinin bank hesabına 2466624.0 manat satışdan daxil olan pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********405900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə 82220.80 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) gəlir vergisi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********293700 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Onuda qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında" 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən göndərilmiş etiraza əlavə də qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavədə ona uyğunsuzluq məktubu göndərilmədən kameral vergi yoxlamasının qanunsuz olduğunu bildirmişdir. vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmçinin həmin məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi Vergi Məcəlləsində vargi orqanı tərəfindən uyğunsuzluq maktubunun göndərilməsi ilə bağlı bir qayda nəzərdə tutulmamışdır. Bundan başqa cavabdeh orqan tərəfindən bank hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışı araşdırmaya təqdim etməkdən ötrü iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunanlar ilə bağlı sənəd, izahat təqdim etməmiş və araşdırma onun iştirakı olmadan aparılmışdır. İş üzrə məlum olduğu kimi cavabdeh vergi orqanı tərəfindən iddiaçının bank hesablarına mədaxil olunan pul vasaiti ilə bağlı məktub göndərilmiş Baş İdarəyə dəvət olnmuş və müvafiq izahatın təqdim olunması ilə bağlı məktub göndərilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli izahat yerinə vergi ödəyicisinə yaraşmayan məktubla cavab vermişdir. O isə ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmus məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmış qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habele mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və diger struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, hamin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2034/2025 qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-163126/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 2023-cü il üzrə gəlirləri onun şəxsi məqsədləri üçün açdığı bank hesablarına daxil olmuş vəsait əsas götürülmüşdür. Fiziki şəxs tərəfindən şəxsi istifadə məqsədilə açılmış bank hesabı və plastik kart ilə bağlı məlumatların vergi orqanlarına verilməsinin qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, “Banklar haqqında” AR qanununun 41.2ci və 41.2.2-ci maddələrinin məzmununa əsasən müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən vergi orqanlarına Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun hesabları və hesab əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir. Vergi Məcəlləsinin 76.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar kredit və ya elektron pul təşkilatları tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi müştəri məlumatları yalnız qanunla müəyyən olunmuş hallarda və qaydalara uyğun olaraq vergi orqanlarına təqdim oluna bilər. Həmin hallar Vergi Məcəlləsinin 76.1-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu maddə, yalnız sahibkarlıq məqsədləri üçün açılmış bank hesabları ilə bağlı məlumatların verilməsini nəzərdə tutur. Fiziki şəxslərin yalnız şəxsi istifadə məqsədilə açdıqları bank hesablarının məlumatlarının verilməsi, bank sirrinin pozulması deməkdir. Həçminin məhkəmə qeyd edir ki, iddiaçının şəxsi hesabına mədaxil nəticəsində daxil olmuş vəsaitin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu cavabdeh orqan tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbuledilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd olunanlar ümumiləşdirildikdə belə nəticəyə gəlmək olur ki, vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2023-cü il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü tədqiqatla öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məlum olduğu kimi iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Lakin, iş üzrə məhkəmə tərəfindən mümkünlük şərtlərinə qiymət verilməmişdir. Belə ki, iddiaçı şəxsiyyət vəsiqəsi üzrə Bərdə rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində fərdi sahibkar kimi vergi qeydiyyatında və Bakı şəhərində fəaliyyət göstərir. "Vergi mübahisələrinin ərəzi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı" Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli icmal məktubunda göstərilmişdir ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdan çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu maddə ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd edilən norma vergi ödəyicilərinin vergi orqanlarına qarşı qaldırdıqları mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların ərazi aidiyyətini müəyyən edir. Bu qəbildən olan iddialara vergilərin hesablanması ilə bağlı inzibati aktların mübahisələndirilməsi, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğv edilməsi və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılma, artıq ödənilmiş vergilərin qaytarılmasına dair və s. tələbləri aid etmək olar. Normanın birinci cümləsi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların, bir qayda olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsinə verilməli olduğunu təsbit edir. Normanın ikinci cümləsi isə həmin qaydadan istisnanı müəyyən edərək cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğu hallarda, hər üç növ iddianın hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyən edir. Bu kontekstdə vergi mübahisəlari üzrə vergi ödəyicisinə münasibatdə "yaşayış yeri və ya olduğu yer”in anlayışına aydınlıq gətirilməsinə ehtiyac yaranır. Bunun müəyyənləşdirilməsi üçün isə vergi qanunvericiliyinin müvafiq normalarına müraciat edilməlidir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən, "Fiziki şəxslərin uçota alınması, yenidan uçota alınması və uçotdan çıxarılması" Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi yer baxımından uçota alına bilirlər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsasən onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla, ərazi aidiyyətinin həlli məsələsində də İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "şəxsin yaşayış yeri və ya olduğu yer" ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ila bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən hesab edilir ki, iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət etməklə İPM-nin 8.1.2-ci, 54.1-ci maddəsinin aidiyyət qaydalarını pozmuş məhkəmə isə öz növbəsində mümkünlük məsələsini araşdırmamışdır. İş üzrə məlum olduğu kimi iddiaçı tərəfindən təqdim edilməmiş 2023-cü ilin gəlir vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisinin bank hesabına 2466624.0 manat satışdan daxil olan pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********405900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə 82220.80 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********293700 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin iş üzrə məlum olduğu kimi cavabdeh vergi orqanı tərəfindən iddiaçının bank hesablarına mədaxil olunan pul vasaiti ilə bağlı məktub göndərilmiş Baş İdarəyə dəvət olnmuş və müvafiq izahatın təqdim olunması ilə bağlı məktub göndərilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli izahat yerinə vergi ödəyicisinə yaraşmayan məktubla cavab vermişdir. Belə ki, həmin məktubda Dövlət Vergi Xidmətinin bəzi işini bilməyən əməkdaşları ucbatından onun sahibkarlıq fəaliyyəti məhv olduğunu və vergi orqanı tərəfindən qəbul olunan xx.xx.2024 cü il tarixli 3-21-2-3/2-163126/2024 qərarın onun sahibkarlığ fəaliyyətinin məhvi üçün atılmış bir addım olduğunu bildirmişdir. O isə ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Hesab edilir ki, məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdehin etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Vergi orqanı vergiləri qanunvericiliyin tələblərinə uyğun hesabladığı halda, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış və qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçı gəlir üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaradılmışdır. Hesab edilir ki, inzibati akt kifayət qədər aydın və anlaşılan olmasına baxmayaraq məhkəmə Vergi Məcəlləsinin 3.8-ci maddəsini tətbiq etmiş, sübutların qiymətləndirilməsi üzrə qanunvericiliyin tələbləri pozulmuş, məhkəməyə təqdim edilmiş hər bir sübut üzrə araşdırma öhdəliyi olduğu halda belə araşdırma aparmadan vahid qənaətə gəlmişdir. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edilir ki, barəsində şikayət olunan qərar qanunsuz və əsassızdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasına apellyasiya şikayətinə dair etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz olnunla əsaslandırılmışdır ki, İddiaçı fəaliyyəti ətriyyat və kosmetika mallarının pərakəndə satışından ibarətdir. 2023-cü il üzrə ümumilikdə 145.413 (145 min 413 manat) manat vergi tutulan dövriyyə vergi orqanına bəyan edilmişdir. Həmin dövriyyəyə hesablanmış 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğləri dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanının hesabladığı 82 min manat vergi öhdəliyinin yaranması üçün İddiaçı xalis gəliri 411 min manat olmalıdır. Bu məbləğdə xalis gəlir əldə etmək üçün isə 20 faiz rentabelli biznes hesab etsək 2 milyon manat məbləğində dövriyyəsi olmalıdır. Göründüyü kimi vergi orqanının hesabladığı vergi məbləği absurddur və reallığı əks etdirmir. Bank sirri-fiziki şəxs tərəfindən şəxsi istifadə məqsədilə açılmış bank hesabı və plastik kart ilə bağlı məlumatların vergi orqanlarına verilməsinin qanunsuz olması ilə bağlı bildirilir ki, "Banklar haqqında" AR qanununun 41.2-ci və 41.2.2-ci maddələrinin məzmununa əsasən müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən vergi orqanlarına Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun hesabları və hesab əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir. Vergi Məcəlləsinin 76.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar kredit və ya elektron pul təşkilatları tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Göründüyü kimi müştəri məlumatları yalnız qanunla müəyyən olunmuş hallarda və qaydalara uyğun olaraq verrgi orqanlarına təqdim oluna bilər. Həmin hallar və verilməsi qaydası Verqi Məcəlləsinin 76.1-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu maddə, yalnız sahibkarlıq məqsədləri üçün açılmış bank hesabları ilə bağlı məlumatların verilməsini nəzərdə tutur. Fiziki şəxslərin şəxsi məqsədlər üçün açdıqları hesablar, sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından həmin hesablar üzrə məlumatların verilməsi qanunsuz olmuşdur. Beləliklə, fiziki şəxslərin yalnız şəxsi istifadə məqsədilə açdıqları bank hesablarının məlumatlarının verilməsi, bank sirrinin pozulması deməkdir. Şəxsi istifadə məqsədilə açdılmış bank hesabına və ya plastik karta mədaxil və məxaric olunmuş vəsaitin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmçinin, vergi orqanının məntiqi və mövqeyindən çıxış edərək bildiririk ki, şəxsi məqsəd üçün açılmış bank hesabı və ya plastik karta mədaxil olmuş vəsait vergi tutulan gəlirdirsə, onda belə çıxır ki məxaric olunmuş məbləğlər də xərc kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunan normanın tələblərinə əsasən cavabdeh vergi orqanı şəxsi məqsəd üçün açılmış hesaba daxil olmuş vəsaitlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu sübut etməlidir. Əlavə olaraq bildirilir ki, vergi orqanı tərəfindən məhkəmə araşdırması zamanı məhkəməyə vergilərin hesablanmasına əsas olan Bank hesabına daxil olmuş dövriyyəni təsdiq edən hər hansı bir sənəd təqdim edilə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Prosessual məsələlər: Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları: 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları: 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İlk öncə qeyd olunmalıdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-163126/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə İddiaçı 2023-cü ilin gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 82.220,80 manat əlavə vergi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda və apellyasiya şikayətində bildirilir ki, kameral vergi yoxlaması aparılan zaman vergi ödəyicisinin bank hesabına 2466624.0 manat satışdan daxil olan pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənə əsasən iddiaçıya vergi orqanı tərəfindən zəruri sənədlərin təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixli **********405900 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, iddiaçı tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilməməsinə, məlumatlar tam təqdim edilmədiyinə görə hazırda mübahisələndirilən qərarla iddiaçıya 82220.80 manat gəlir vergisi məbləği hesablanmışdır. Lakin, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçının bank məlumatlarına əsasən ona 82220.80 manat gəlir vergisi məbləği hesablansa da, həmin məbləğin hesablanmasına əsasən olan iddiaçının bank hesabına 2466624.0 manat daxil olan pul vəsaitinin bilavasitə onun sahibkarlıq fəaliyyətilə bağlı əldə etdiyi gəlir olmasını təsdiq edəcək sübutlar vergi orqanı tərəfindən istər birinci instansiya məhkəməsinə, istəsə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə olan halda, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya əlavə vergi hesabladığı zaman obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-163126/2024 nömrəli qərara əsasən iddiaçıya 82220.80 manat gəlir vergisi məbləği hesablanması barədə cavabdehin qərarı qanunsuz olmuş və iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olduğundan birinci instansiya məhkəməsinin cavabdehin həmin qərarının nömrəli ləğv edilməsi barədə gəldiyi nəticə doğru olmuşdur. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətində mübahisənin ərazi aidiyyətinin pozulması ilə bağlı qeyd olunmuş dəlillərə münasibətdə aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir və həmin tarixdən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, həmin tarixdə "Vergi mübahisələrinin ərəzi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı" Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli icmal məktubu mövcud olmamışdır. Həmçinin iş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********3 nömrəli “Vergi ödəyicisinin filialının,nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Arayışdan (cild - İ; səhifə - 33) müəyyən edilir ki, İddiaçı (VÖEN **********) Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2020-ci il tarixdən uçota alınmışdır. Məhz bu səbəbdən də məhkəmə kollegiyası AR MPM-nin 31.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillərə görə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2034/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar