Məhkəmə qərarları › İş №2-1(104)-357/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-357/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-357/2023 04.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-63/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək «Şəfəq» kolxozunda kolxozçu işləmiş; xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək «Şəfəq» sovxozunda fəhlə işləmişdir. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli, k-3-157 nömrəli məktubunda bildirilir ki, Qapanlı kəndində fəaliyyət göstərmiş «Şəfəq» adına kolxozun 1973-1984-cü illərə dair əmək haqqı kitablarında adam günü norması barədə qeydiyyatlar olmadığı üçün həmin illərdə müəyyən olunmuş adam günü norması barədə məlumat verilməsi mümkün olmamışdır. Belə ki, rayon ərazisində fəaliyyət göstərən kolxozlarda müəyyən olunmuş minimum adam günü norması hər kolxozun özünün heyət iclasının qərarı ilə ayrı-ayrı illər üzrə ayrı-ayrı rəqəmlər təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli, k-1-654 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı “Şəfəq” adına kolxozda 1973, 1974, 1977, 1978, 1979, 1981, 1982, 1983 və 1984-cü illərdə işləyərək əmək haqqı almışdır. Bundan əlavə həmin dövrlərə aid əmək günü norması qeyd edilməmişdir. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli, k-1-654 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli əmrlə fəhlə vəzifəsinə işə qəbul edilmiş, lakin sonuncunun işdən azad edilməsi barədə əmr aşkar edilməmişdir. NZ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. xx.xx.2022-ci il tarixli Dövlət X3 arxiv arayışından görünür ki, iddiaçının “Şəfəq” sovxozundan işdən çıxma əmri aşkar edilməmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 12 il təşkil edir) səbəbi ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1984- cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işləmişdir. Həmçinin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Şəmkir rayon Kür qəsəbə MKTTİSS-də fəhlə işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh idarəyə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.1984- cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1973-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işləməyi faktı öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət X3 verdiyi arxiv arayışlarında da xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda əmək haqqı almağı və xx.xx.1984-cü il tarixdə “Şəfəq” sovxozuna fəhlə işinə qəbul edilməyi öz təsdiqini tapmışdır. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır. Onun işlədiyi illər əmək kitabçası və arxiv arayışı ilə öz təsdiqini tapmaqdadır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-63/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984- cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1973-1974 və 1976- 1984-cü illər üzrə kolxozda işlədiyi müddətlə bağlı, həmin müddət üzrə adam günü normalarının müəyyən edilməməsi iddiaçının sosial sığorta stajının hesablanmasında məhdudiyyət yaratmasına baxmayaraq, bu hal onun sosial təminat hüququnun məhdudlaşdırlıması ilə nəticələnə bilməz. Belə ki, həmin müddət üzrə iddiaçının işləməsi adam günü normasının qeyd edilməməsinə baxmayaraq, arxiv arayışı və əmək kitabçası ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə cavabdehin xx.xx.1984-cü il tarixində “Şəfəq” sovxozunda işəgirmə əmri olmasına baxmayaraq işdənçıxma əmri olmadığını əsas gətirərək həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtinası ilə bağlı qeyd edir ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi də iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək fasiləsiz olaraq “Şəfəq” sovxozunda işləmişdir. Odur ki, iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976- cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı daha əvvəl iddia ərizəsində göstərilən eyni məzmunlu tələblə cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının "Əmək pensiyaları haqqında" Qanuna əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajı olmadığından cavabdeh tərəfindən pensiya təyinatı aparılmasından imtina edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının hərbi xidmət illəri də daxil olmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 12 il sığorta satjına uyğun olaraq 9.144,84 manat pensiya kapitalı təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, Fondun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci tarixli aktına əsasən xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1984-cü il tarixdə "Şəfəq" sovxozunda işə daxil olma əmri olmasına baxmayaraq işdən azad olunma əmri olmadığından, 1973-cü ildən 1977-ci ilədək və 1980-ci ildə "Şəfəq" kolxozunda əməkhaqqı almadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilməmişdir. İddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Həmin Qanunun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı xx.xx.1956-ci il tarixdə doğulduğundan xx.xx.2021-ci il tarixdə (65 yaşında) pensiya yaşına çatmışdır. İddiaçı müvafiq qanunvericiliklə tələb olunan 25 il sığorta stajı qarşılığında mübahisələndirilməyən 12 il sığrota stajı mövcuddur. İddiaçı S. Əliyevin sığorta stajına daxil etmək istədiyi illər: xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "Şəfəq" kolxozunda, xx.xx.1984- cü il tarixdən xx.xx.1998-ci il tarixədək "Şəfəq" sovxozunda işlədiyi illər. Cavabdeh tərəfindən X5 Filialına göndərilmiş 28 avqust 2022-ci il tarixli **********9 nömrəli məktuba cavabda, İddiaçı "Şəfəq" adına kolxozda işlədiyi dövrə aid minumum əmək iştirakı norması göstərilmədiyi üçün 1973-cü ildən 1984-cü ilədək iş stajının neçə il təşkil etdiyi tam müəyyən edilə bilmir. Bununla yanaşı iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "Şəfəq" sovxozunda işlədiyi dövrlərdə 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay,1987,1988,1989-cu illərdə 12 ay, 1990-cı ildə 8 ay, 1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1994-cü ildə 3 ay,1996-1998-ci illərdə isə müvafiq olaraq bir ay əməkhaqqı almadığı müəyyən olunur. İddiaçının əmək kitabçasında işdən azad olunma əmrinin qeyd olunmasına baxmayaraq arxiv arayışında işdən azad olunma əmri müəyyən edilməmişdir. İddiaçı məhz xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "Şəfəq" kolxozunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "Şəfəq" sovxozunda işlədiyini iddia edirsə, qeyd edilən kolxozda həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni iddiaçının işlədiyini idda etdiyi illər şübhədən azad sübutlarla təsdiq olunmalıdır. İddiaçı mübahisələndirilən dövrlərdə 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay,1987,1988,1989-cu illərdə 12 ay, 1990-cı ildə 8 ay,1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1994-cü ildə 3 ay, 1996-1998-ci illərdə isə müvafiq olaraq bir ay məkhaqqı almadığı müəyyən edilməmişdir. Beləliklə İddiaçı yuxarıda qeyd olunan mübahisələndirilən illərə dair əmək fəaliyyəti öz təsdiqini tapmaması, tələb olunan minumum sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minumum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı olmaması ona yaşa görə əmək pensiyası təyinatı aparılmasını istisna edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq 1998-ci ilədək sovxozda işlədiyini, işlədiyi müddətdə əməkhaqqı cədvəllərinə imza etməklə əməkhaqqı aldığını, sonda isə pul əvəzinə ona 6 ton taxıl verildiyini bildirdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 12 il təşkil etdiyini, daha sonra məhkəməyə təqdim edilmiş xidməti məktubda isə 13 il 7 ay 16 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1973-2006-cı illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 12 il olması göstərilmişdir. Bundan əlavə etirazda İddiaçı “Şəfəq” adına kolxozda işlədiyi dövrə aid minumum əmək iştirakı norması göstərilmədiyi üçün 1973-cü ildən 1984-cü ilədək iş stajının neçə il təşkil etdiyi tam müəyyən edilə bilmədiyindən, bununla yanaşı iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda işlədiyi dövrlərdə 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987, 1988, 1989-cu illərdə 12 ay, 1990-cı ildə 8 ay,1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1994-cü ildə 3 ay, 1996-1998-ci illərdə isə müvafiq olaraq bir ay əməkhaqqı almadığı müəyyən olunduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İşdə olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək «Şəfəq» kolxozunda kolxozçu işləmiş; xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək «Şəfəq» sovxozunda fəhlə işləmişdir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli, k-1-654 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı “Şəfəq” adına kolxozda 1973, 1974, 1977, 1978, 1979, 1981, 1982, 1983 və 1984-cü illərdə işləyərək əmək haqqı almışdır. Bundan əlavə həmin dövrlərə aid əmək günü norması qeyd edilməmişdir. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli, k-1-654 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli əmrlə fəhlə vəzifəsinə işə qəbul edilmiş, lakin sonuncunun işdən azad edilməsi barədə əmr aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Dövlət X3 arxiv arayışından görünür ki, iddiaçının “Şəfəq” sovxozundan işdən çıxma əmri aşkar edilməmişdir. Lakin əmək kitabçasının sürətindən də görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdə müəssisə ləğv edildiyinə görə işdən azad olunmuşdur. Göründüyü kimi arxiv arayışlarında da iddiaçının işə qəbul olunması öz təsdiqini tapmışdır. Başqa sözlə əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinin müəyyən edilməməsi və Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə iş materiallarında olan sənədlərə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1984-cü il tarixədək “Şəfəq” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Şəfəq” sovxozunda fəhlə işlədiyi müddətdə nəzərə alınmaqla müəyyən olunur ki, iddiaçının ümumilikdə 31 il 6 ay sığorta stajı, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşa görə əmək pensiyası iki şərt: 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-831/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar