Məhkəmə qərarları › İş №2-1(104)-358/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-358/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-358/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-475/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-488/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, ona pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)413/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-488/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı qismən, yəni iddiaçıya pensiyanın “pensiya hüququ yarandığı tarixdən” təyin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-2190/2022 nömrəli qərarı ilə cavabdeh inzibati orqanın kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)413/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən tərtib edilmiş pensiya işindən görünür ki, xx.xx.2006-cı il tarixdən İddiaçı əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-165034/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 4489,17 manat pensiya məbləği hesablanmış və həmin 4489,17 manat pensiya məbləği cari ilin may ayından etibarən hər ay 249,39 manat olmaqla əmək pensiyası (303,75 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. 29 may 2024-cü il tarixli, 3-17-1/2-124193/2024 nömrəli məktubu ilə təqdim edilən İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə inzibati orqana müraciət etmiş, eyni zamanda “Əmək pensiyasının təyin edilməsi haqqında” 10 may 2023-cü il tarixli Qərardan onun pensiya hüququnun 01 oktyabr 2021-ci il tarixdən yaranması, pensiya məbləğinin 303,75 manat olması görünür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2016-cı ildə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyindən həmin dövrdə qüvvədə olan qaydalara uyğun olaraq əmək pensiyasının hesablanması, həmin dövrdən sonrakı artımlar və indeksləşmələr nəzərə alınmaqla ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 488/2022 saylı 26 may 2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş və iddiaçıya pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-413/2022 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 488/2022 saylı 26 may 2022-ci il tartixli qərarı iddiaçının "pensiya hüququ yarandığı vaxtdan” təyin edilməsi hissəsində ləğv edilmiş, digər hissədə isə qərar dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2190/22 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə yuxarıdakı qərarlar qüvvədə qalmışdır. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli məbləğ hər ay üçün 249,39 manat olmaqla cəmi 4489,17 manat hesablanıb. Həmin məbləğ hissə-hissə əmək pensiyasının 303,75 manatın üzərinə əlavə edilərək ödəniləcəkdir. Lakin onun əmək pensiyası almaq hüququ 2016-cı ildə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olararaq pensiya hesablanmalı idi. Həmin dövrə uyğun olaraq hesablandığı halda əmək pensiyası hazırda 330 manatdan artıq, ödənilməmiş müddət üçün isə 259 manatdan artıq hesablanmalı idi. Bundan başqa, 2021-ci ilin sentyabr ayından sonra müxtəlif artımlar olmuş, indeksləşmələr həyata keçirilmişdir. Lakin hesablanma zamanı onların heç biri nəzərə alınmamışdır. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2190/2022 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi iddia tələbini qismən təmin etməklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçıya 2007-ci il tarixdən 2021-ci tarixədək əlilliyə görə əmək pensiyası ödənildiyindən, həmin dövr üzrə yaşa görə əmək pensiyasının ödənilməsi mümkünsüzdür. İddiaçının yaşa görə pensiya hüququ yarandığı 2016-cı il tarixdən 2021-ci tarixədək fərdi hesabında toplanan pensiya kapitalı istifadə olunub. Buna görə də iddiaçının əmək pensiyasının təyin olunmasından sonra əmək pensiyaçısı kimi işləmədəyindən əmək pensiyasının yenidən hesablanmasına dair iddia tələbi təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-475/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş və keçmiş müddət üçün ödənilməli olan məbləğ hissə-hissə aldığı pensiya məbləğinə əlavə edilməklə ödənilir. İddiaçının qeyd olunan pensiya növü üzrə pensiya hüququ 2016-cı ildən yaranmış olsa da, o həmin dövrdə əlilliyə görə pensiya hüququndan yararlanmış, eyni zamanda pensiyanın növünü dəyişdirmək üçün müraciət etməmişdir. Müraciət etdiyi zaman qüvvədə olan mövcud qanunvericilikdə isə pensiyaçıya yalnız pensiya təyinatından əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının iddia etdiyi kimi onun yaşa görə pensiya hüququ yarandığı 2016-cı il tarixdən 2021-ci tarixədək fərdi hesabında toplanan pensiya kapitalı istifadə olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır, c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İşin hallarından məlum olur ki, İddiaçı ona 2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməli olmasını iddia etmiş, bu əsasla pensiya təyin edilmiş 2021-ci il tarixədək yaranmış fərqin ödənilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-T-165034/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 4489,17 manat pensiya məbləği hesablanmış və həmin 4489,17 manat pensiya məbləği cari ilin may ayından etibarən hər ay 249,39 manat olmaqla əmək pensiyası (303,75 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən tərtib edilmiş pensiya işi araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixdən İddiaçı əlilliyə görə pensiya təyin edilmişdir və həmin pensiya işində iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası ilə əvəz olunmasına dair rəsmi ərizə təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 may 2024-cü il tarixli, 3-17-1/2-124193/2024 nömrəli məktubu ilə təqdim edilən İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə inzibati orqana müraciət etmiş, eyni zamanda “Əmək pensiyasının təyin edilməsi haqqında” 10 may 2023-cü il tarixli Qərardan onun pensiya hüququnun 01 oktyabr 2021-ci il tarixdən yaranması, pensiya məbləğinin 303,75 manat olması görünür. Belə olan halda İddiaçı 2006-cı il tarixdən əlilliyə görə pensiya təyin edilmiş, kəsintisiz olaraq pensiya hüququ realizə olunmuşdur. Bundan başqa Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-488/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, ona pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(104)413/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-488/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı qismən, yəni iddiaçıya pensiyanın “pensiya hüququ yarandığı tarixdən” təyin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-2190/2022 nömrəli qərarı ilə cavabdeh inzibati orqanın kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)413/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Hazırki halda şəxsin yaşa görə pensiya hüququ 2016-cı il tarixdən yaransa da qanuni qüvvəsini almış məhkəmə aktlarından göründüyü kimi, həmin zaman kəsiyində ona əlilliyə görə pensiya təyin edildiyindən ona 2021-ci ildən yaşa görə pensiya təyin edilmiş, həmçinin təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası ilə əvəzlənməsinə dair rəsmi müraciəti olmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-475/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar