Məhkəmə qərarları › İş №2-1(104)-359/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-359/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-359/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "sosial müavinətin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “sosial müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-178/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" xx.xx.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasıs Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər "Veteran vəsiqəsi" təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə "Veteran vəsiqəsi" təqdim edildiyi tarixdən (xx.xx.2015-ci il tarixdən) xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə komunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişikiik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçıya veteran vəsiqəsi xx.xx.2021-ci il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə MV 01140 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş, bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11 noyabr 2022-ci il tarixli, 4962 nömrəli məktubundan qeyd olunur ki, Xidmətin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nın xx.xx.2021-ci il tarixli qərarı ilə (Protokol №1) İddiaçı Əfqanıstan müharibəsi iştirakçısı kimi MV 01140 nömrəli dublikat “müharibə veteranı” vəsiqəsi verilmişdir.

4. Arxiv arayışının surətindən görünür ki, X2 1986-1988-ci illərdə Əfqanıstanda hərbi əməliyyatlarda olması öz əksini tapmışdır.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 30 may 2023-cü il tarixli, 3-43-32/2-464/2023 nömrəli məktubda qeyd olunur ki, SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi müharibə veteranı vəsiqəsi verilməsi səlahiyyətində deyildir, İddiaçı 01140 nömrəli vəsiqə dublikat olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı tərəfindən verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1988ci ildə Kəlbəcər Rayonu Hərbi Komissarlığı tərəfindən veteranlıq vəsiqəsi verildiyi üçün veteranlıq hüququnun həmin tarixdən yarandığının nəzərə alınması və 2002-ci ildən 2021ci ilin fevral ayına kimi ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırmışdır ki, 1992-ci ildən məcburi köçkün kimi Tərtər rayonunda yaşayır. 1986-cı ildə hərbi xidmət keçmək üçün Əfqanıstan Respublikasına getmiş, 1986-cı ildən 1988-ci ilə kimi Əfqanıstan Respublikasında hərbi xidmətdə olmaqla orada gedən müharibədə iştirak etmişdir. Hərbi xidməti başa vurub Azərbaycan Respublikası Kəlbəcər rayonuna qayıtdıqdan sonra Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən ona Əfqanıstan veteranı vəsiqəsi təqdim olunmuşdur. 1989-cu il tarixdə isə Slavyan Universitetinə qəbul olmuş və oxuduğu Universitetdə təhsil aldığı müddət ərzində Əfqanıstan veteranı olduğu üçün ona əlavə güzəştlər olunmuşdur. 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi nəticəsində Kəlbəcər rayonunda yandırılan evlərdən biri də onun ailəsilə birlikdə yaşadığı ev olmuşdur. Evləri yanarkən elə Əfqanıstan veteranı vəsiqəsidə yanmışdır. Həmin dövrlərdə yanmış sənədlərinin bir qismi dövlət tərəfindən yenidən bərpa olunaraq verilsə də vəziyyətlə əlaqədar olaraq veteranlıq vəsiqəsi bərpa olunaraq ona verilməsi mümkün olmamışdır. 2018-ci il tarixdə Əfqanıstan veteranı vəsiqəsinin bərpa olunub verilməsi ilə bağlı Kəlbəcər Rayon Hərbi Komissarlığına rəsmi qaydada müraciət etmişdir. Bundan sonra Komissarlığı tərəfindən Rusiya Federasiyasına sorğu verilmiş, müsbət cavab nəticəsində 2021-ci ilin fevral ayında ona təkrarən Əfqanıstan veteranı vəsiqəsi verilmişdir. İddiaçı hazırki tələbi ilə cavabdeh təşkilata rəsmi müraciət etmiş, lakin tələbi təmin edilməmişdir.

8. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2002-ci ildən 2021-ci ilin fevral ayına kimi ona ödənilməli olan Qarabağ veteranı üçün verilməli olan sosial müavinətin hesablanaraq ona ödənilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı 01140 nömrəli veteran vəsiqəsi 09 fevral 2021-ci il tarixində verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün müavinət deyil, 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-178/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 15 mart 2022-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün sosial müavinət almaq hüququnun olması istisna edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə etiraz cavabdeh inzibati orqanın imtina məktubu ilə eynilik təşkil etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun müharibə veteranı vəsiqəsi olmuş və hazırki vəsiqə ona dublikat olaraq verilmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. 7-ci maddəsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”: 1.3. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

21. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməklə yeni qərar çıxarılmalıdır.

24. İşin hallarından görünür ki, İddiaçı 1986-1988-ci illərdə SSRİ ordu sıralarında Əfqanıstanda aparılan hərbi əməliyyatlarda iştirak etmiş, bununla bağlı müharibə vetaranı imtiyazlarından uzun müddət istifadə etmişdir. Yaşadığı Kəlbəcər rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi zamanı bütün əmlakı ilə birlikdə onun müharibə iştirakçısı vəsiqəsi də məhv olmuşdur.

25. Sonradan, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə MV 01140 nömrəli dublikat müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş, bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir.

26. Cavabdeh inzibati orqan iddiaçının ona müharibə iştirakçısı kimi ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı müraciətinə baxaraq şəxsə müharibə veteranı vəsiqəsinin xx.xx.2021-ci il tarixdə verilməsi, bu vaxt isə sosial müavinətin ödənilməsi ilə bağlı maddi normaların qüvvədə olmaması səbəbindən imtina etmiş, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Məhkəmə tərkibi hesab edir ki, hazırki tələb üzrə müəyyən edilməli olan hal iddiaçının müharibə iştirakçısı statusunu əks etdirən vəsiqənin ilkin və ya dublikat alınması, həmin vəsiqənin alınma vaxt qüvvədə olan qanunvericilik normasıdır.

28. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 30 may 2023-cü il tarixli, 3-43-32/2-464/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı 01140 nömrəli vəsiqə dublikat olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı tərəfindən verilmişdir.

29. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilmiş müharibə veteranı vəsiqəsi dublikat olmuş, əvvəllər iddiaçıya məxsus vəsiqənin əvəzində verilmişdir. Belə olduqda iddiaçıya müvafiq olaraq sosial müavinətin hesablanaraq ödənilməsi hüququnun axımı 09 fevral 2021-ci il tarix ilə şərtləndirilməməlidir.

30. Belə ki, onun müavinət almaq hüququ dublikat vəsiqə aldığı anda deyil, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq normasının qəbulu ilə yaranmışdır.

31. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixli 419-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilərək hazırki redaksiyada verilmişdir. Dəyişiklik edilməmişdən əvvəl həmin norma “aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi qeyd edilmişdir. Belə olan halda isə sosial müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə nəzərdə tutulan norması xx.xx.2007-ci il tarixdən qanuni qüvvəyə mindiyindən və hüquqi müəyyənlik prinsipi baxımından hüquq norması qanunla nəzərdə tutulmuş istisna olmadığı təqdirdə hüquq münasibətlərinin yarandığı andan sonrakı münasibətlərə tətbiq edilməsi nəzərdə tutulmuşdur.

32. Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sosial müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə - Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir.

34. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

35. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişikiik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir.

36. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

37. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

38. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ vardır.

39. Məhkəmə kollegiyası dublikat vəsiqənin alındığı tarixdə Prezident təqaüdünün ödənildiyini və onun isə geriyə ödənilməsinin qanunvericilikdə müəyyən edilmədiyni nəzərə alaraq hesab edir ki, qanunda dəyişiklik edilməsi iddiaçının ziyanına şərh olunmamalı, qazanılmış hüquq konsepsiyasına əsasən iddia qismən təmin edilməli, İddiaçı 01 aprel 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilməmiş sosial müavinət hesablanaraq ödənilməlidir.

40. Belə ki, iddiaçının Əfqanıstan müharibəsi iştirakçısı olaraq qeyd olunan dövrlər üzrə veteran kimi “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi hüququ vardır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-178/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı 01 aprel 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar