Məhkəmə qərarları › İş №2-1(104)-36/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-36/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-36/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2- 1(114)-704/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyi xx.xx.2023-cü il tarixli müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-40/2-4350/23 nömrəli imtina məktub ilə bildirilmişdir ki, həmin torpaq sahəsində başqa şəxs tərəfindən bağ salınaraq istifadə olunduğundan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.

İşdə olan sənədlər:

2. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-2926 KOD 50405028 nömrəli şəhadətnaməyə əsasən, Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına və xx.xx.2003-cü il tarixli 06 saylı icarə müqaviləsinə əsasən Şəmkir rayonu Daşbulaq Bələdiyyəsinin torpaq sahəsindən 8,96 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatının inkişafı üçün 50 il müddətinə müvəqqəti istifadə üçün İddiaçı verilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-626/2018 nömrəli qətnaməsi ilə cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26500 (iyirmi altı min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.

4. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-626/2018 nömrəli icra sənədi üzrə borclu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus olan Dəllər-Daşbulaq kəndində yerləşən JN-2926A saylı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və həmin torpaq sahəsinin üzərində sərəncam vermək hüququ qadağan olunmuşdur.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(076)-392/2022 nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinin adına olub Şəmkir rayonu Dəllər- Daşbulaq kəndində yerləşən JN-2926A saylı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubda qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(076)-392/2022 nömrəli qərardadı əsasında Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Dəllər- Daşbulaq kəndində yaşayan İddiaçı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 30 yanvar 2003-cü il tarixli, JN-2926A nömrəli şəhadətnamədə qeyd olunan 2.3995 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur.

7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(076)-495/2022 nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(076)-626/2022 saylı icra sənədinin icrasını təmin etmək üçün borclu Şəmkir rayon X3 mülkiyyətində olan Dəllər-Daşbulaq kəndində yerləşən JN-2926, KOD 50405028 saylı şəhadətnamədə göstərilən və kənd təsərrüfatının inkişafı məqsədilə 50 il müddətinə tələbkar İddiaçı icarəsinə verilmiş 8.96 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.

8. Https://Birjanews.az internet saytından çıxarışdan və Şəmkir rayon İcra şöbəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 75/23 nömrəli bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-626/2018 saylı icra vərəqəsinə əsasən, Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 183351/2018-19 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, 8.96 ha və 3 ha torpaq sahələrinin ilkin hərracının açıq auksion qaydasında keçirilməklə xx.xx.2023-cü il tarixində keçirilməsi elan edilmişdir (Əmlakın ilkin satış qiyməti 8.96 ha torpaq sahəsi üzrə 26880 manat; 3 ha torpaq sahəsi üzrə 9000 manat məbləğində müəyyənləşdirilmişdir).

9. "xxxx" MMC-nin “X6 barədə” xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli protokoluna əsasən, ilkin satış dəyəri 7200 (yeddi min iki yüz) manat məbləğində müəyyənləşdirilən, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, 2.3995 ha torpaq sahəsi üzrə keçirilən hərracın qalibi İddiaçı olmuşdur.

10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-129/2023 nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən JN-2926A saylı 2.3995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdən azad edilməsi qərara alınmışdır.

11. Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 183351/2018-19 nömrəli məktubda qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-626/2018 saylı icra sənədinə əsasən Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsindən 26500 manat məbləğində pul alınıb tələbkar İddiaçı verilməlidir. İcra sənədinin icrasını təmin etmək üçün Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus olan JN-2926A nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq qiymətləndirilmiş və 11 yanvar 2023-cü il tarixdə hərrac vasitəsilə satılması üçün göndərilmişdir. Saytda qeyd olunan torpaq sahəsi 3 ha kimi göstərilmişdir. DƏDRX-nin 11 saylı Ərazi İdarəsindən əldə olmuş məlumatdan qeyd olunan torpaq sahəsinin 2.3995 ha olduğu müəyyən olunmuşdur. Buna görə də, sifariş məktubunda qeyd olunan 3 ha torpaq sahəsi, 2.3995 ha olmaqla 7200 manat müəyyən edilməlidir.

12. X7 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3-57/2-53/2024 nömrəli məktubuna əlavə edilmiş rəydə qeyd edilmişdir ki, Dəllər Daşbulaq kəndində yerləşən, İddiaçı ayrılmış 2.3995 hektar torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün tam yararlıdır. Belə ki, 2.3995 hektar sahənin 0.57 hektarında bibər, 0.15 hektarında isə kələm və digər tərəvəz-bostan bitkiləri əkilmişdir. Həmin ərazidə 5-6 il əvvəl kənd bələdiyyəsi və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ipəkçiliyin inkişaf etidirilməsi məqsədilə çəkil ağacları salınmışdır. Həmçinin həmin sahədə 62 ədəd digər meyvə ağacları əkilmişdir, hal-hazırda məhsuldardır.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-7471/2024 nömrəli məktubuna əlavə edilmiş rəydə qeyd edilmişdir ki: - "xxxx" MMC-nin "X6 barədə” 40/23 nömrəli protokola əsasən sənədlər toplusunda sxem, cizgi və koordinatlar olmadığı üçün İddiaçı ayrılmış Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerişən 2.3995 ha torpaq sahəsinin koordinatları ilə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-2926 KOD 50405028 nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini və torpaq sahəsinin hansı mülkiyyət formasına aid olmasını müəyyən etmək mümkün olamışdır. Lakin İddiaçı göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyət formasına aiddir. - Göstərilən və iddia olunan torpaq sahəsi su fondu torpaqları olmaqla kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - “Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-2926 KOD ********** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. - Qeyd olunan torpaq sahəsi su fondu torpaqları olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-971/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-1352/2025 nömrəli məktublarında qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(076)-495/2022 nömrəli, xx.xx.2022ci il tarixli, 8(076)-392/2022 nömrəli məhkəmə qəradadı əsasında xx.xx.2003-cü il tarixli, JN-2926 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” nin üzərinə həbs qoyulmuşdur. JN-2926 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər 11 saylı Şəmkir Ərazi İdarəsinin Arxiv materiallarında mövcud deyil.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-1071/2025 nömrəli məktubuna əlavə edilmiş arayışda qeyd edilmişdir ki, JN-2926 KOD ********** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və su fondu torpaqları (dəniz və göllər) olmaqla kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir ki, JN-2926A KOD 50405028 nömrəli şəhadətnamədə qeyd olunan 2.3995 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən təsərrüfatın su ehtiyaclarını ödəmək məqsədi ilə ayrılmış sular və göllərə aid ərazi olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsidir, mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsi Yeni elektron uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olub, alt uqodiyası su fondu torpaqları (dəniz və göllər) olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

Birinci instansiya məhkəməsində icraat:

17. İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı torpağın icarə müqaviləsi əsasında 3 ha torpaq sahəsi onun icarəsinə verilmiş və o, həmin torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Eləcə də, həmin torpaq sahəsinin münbitliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün öz vəsaiti hesabına müəyyən işlər görmüş, habelə torpağın suvarılması üçün su xətti çəkdirmişdir. Həmin işlərin görülməsinə ümumilikdə 26500 manat vəsait sərf etmişdir. Lakin, müqavilənin müddəti bitdikdən sonra Şəmkir rayonu X5 müqavilənin müddətini uzatmaqdan imtina etmişdir. Onun həmin torpaq sahəsində gördüyü abadlıq işləri, onun tərəfindən quraşdırılmış qurğular torpaq sahəsinin dəyərinin əhəmiyyətli dərəcədə artmasına, tam münbitləşməsinə səbəb olmuşdur. Ona görə də o, məhkəmədə Şəmkir rayonu X1rşı pul tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26500 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi 2(076)-626 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etmədiyindən Şəmkir Rayon Məhkəməsinin 8(076)-392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Şəmkir rayonu X3 adına olub Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. O, 2.3995 ha torpaq sahəsini "xxxx" MMC-nin təşkil etdiyi hərracda 07 fevral 2023-cü il tarixdə satın almışdır. Bununla bağlı X6 barədə 40/23 saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Torpaq sahəsi onun tərəfindən satın alındıqdan sonra Şəmkir Rayon Məhkəməsinin 8(076)-129/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı ilə həmin torpaq sahəsi həbsdən azad edilmişdir. İddiaçı torpaq sahəsini satın aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, həmin idarə tərəfindən torpaq sahəsinin ona hərac vasitəsilə satıdıqdan sonra notarial qaydada ǝqd bağlanmalı olduğu, həmçinin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğundan yalnız icarəyə verilməsinin mümkün olduğu qeyd edilərək, 07 avqust 2023-cü il tarixdə imtina edilmişdir.

19. Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-6416/23 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2- 4350/23 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(114)-704/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsinin qərarında qeyd edirmişdir ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Mövcud qanunvericilik normalarında hərracın nəticələrinə dair protokolun mülkiyyət hüquqlarının qeydiyyatı üçün hüquqverici sənəd hesab edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan hazırki halda qeyd olunan protokol mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi zəmin yarada bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə etdiyini bildirdi əlavə olaraq qeyd etdi ki, iddiaçı hərracın qalibi olmaqla onunla müqavilə bağlanmışdır. Lakin cavabdeh orqan hərracın nəticələrinə dair protokolu icra etməkdən imtina edir. Hazırda mübahisəli torpaq iddiaçının istifadəsində deyildir, sonuncu yalnız icarəsində olan və həmin sahənin qonşuluğunda yerləşən 8,96 ha torpaq sahəsindən istifadə edir.

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsinə dair ayrıca şəhadətnamə tərtib edilməmiş, iddiaçıya məxsus şəhadətnamədə qeyd edilmişdir. Bundan başqa hazırda hüquqların qeydə alınması tələb edilən sahə kənd təsərrüfatına tam yararlı ərazidir və hərracın obyekti ola bilməz.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; (...) 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 10.5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 13.1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 48.4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 56.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırmamemarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; (...)

29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 12.1. Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır. 12.2. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; (...) 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;

31. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016cı il 7 mart tarixli Fərmanı

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun 28 mart 2017-ci il tarixli və 10 dekabr 2024cü il tarixli Qərarları

33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, 01 saylı torpağın icarə müqaviləsinin müddəti bitdikdən sonra Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi müqavilə müddətini uzatmaqdan imtina etmiş, iddiaçı həmin torpaq sahəsində apardığı abadlıq işlərinin qarşılığı olaraq bələdiyyə orqanına qarşı 26500 manat pul tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(076)- 626/2018 nömrəli qətnaməsi ilə cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26500 (iyirmi altı min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi könüllü icra edilmədiyindən icranın təmin edilməsi məqsədilə Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus JN-2926A nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq qiymətləndirilmiş və 11 yanvar 2023-cü il tarixdə hərrac vasitəsilə açıq auksion qaydasında satılması üçün göndərilmiş, yekunda hərracın qalibi hazırki iş üzrə İddiaçı olmuşdur.

36. Bundan sonra iddiaçı mübahisəli- Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4350/23 nömrəli imtina məktubu ilə müraciətin müsbət icrasından imtina edilmişdir.

37. Birinci instansiya məhkəməsi inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmış və onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Mövcud qanunvericilik normalarında hərracın nəticələrinə dair protokolun mülkiyyət hüquqlarının qeydiyyatı üçün hüquqverici sənəd hesab edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan hazırki halda qeyd olunan protokol mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi zəmin yarada bilməz.

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir.

39. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır.

40. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.

41. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

42. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.

43. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi).

44. Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir və qanunvericilikdə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilməsi nəzərdə tutulmuşdur.

46. Göründüyü kimi iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün nəzərdə tutulan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2 və Mülki Məcəllənin 139-1.1.2. maddəsində təsbit edilən hüquqi əsashərracın nəticəsinə dair protokol təqdim edilsə də, hərracın predmeti olan torpaq sahəsi işdə olan sənədlərə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

47. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Göstərilən normalar daşınmaz əmlakın yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada və əsaslarla şəxsə ayrılmış olduğu (özgəninkiləşdirilmə, icarəyə, istifadəyə vermə və s.) halda onun üzərində əmlak hüquqlarının dövlət qeydiyyatının aparılmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir.

48. X7 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3-57/2-53/2024 nömrəli məktubuna əlavə edilmiş rəy ilə müəyyən olunur ki, Dəllər Daşbulaq kəndində yerləşən, İddiaçı ayrılmış 2.3995 hektar torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün tam yararlıdır. Belə ki, 2.3995 hektar sahənin 0.57 hektarında bibər, 0.15 hektarında isə kələm və digər tərəvəz-bostan bitkiləri əkilmişdir. Həmin ərazidə 5-6 il əvvəl kənd bələdiyyəsi və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ipəkçiliyin inkişaf etidirilməsi məqsədilə çəkil ağacları salınmışdır. Həmçinin həmin sahədə 62 ədəd digər meyvə ağacları əkilmişdir, hal-hazırda məhsuldardır.

49. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-7471/2024 nömrəli məktubuna əlavə edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" MMC-nin "X6 barədə” 40/23 nömrəli protokola əsasən sənədlər toplusunda sxem, cizgi və koordinatlar olmadığı üçün İddiaçı ayrılmış Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerişən 2.3995 ha torpaq sahəsinin koordinatları ilə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-2926 KOD 50405028 nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsini və torpaq sahəsinin hansı mülkiyyət formasına aid olmasını müəyyən etmək mümkün olamışdır. Lakin İddiaçı göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyət formasına aiddir. Göstərilən və iddia olunan torpaq sahəsi su fondu torpaqları olmaqla kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-2926 KOD ********** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi su fondu torpaqları olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

50. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışlarla da müəyyən edilir ki, JN-2926A KOD 50405028 nömrəli şəhadətnamədə qeyd olunan 2.3995 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən təsərrüfatın su ehtiyaclarını ödəmək məqsədi ilə ayrılmış sular və göllərə aid ərazi olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsidir, mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsi Yeni elektron uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olub, alt uqodiyası su fondu torpaqları (dəniz və göllər) olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun 28 mart 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir.

52. Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

53. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır.

54. Mövcud vəziyyəti nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsindən çıxış edərək qanunverici tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədə müvafiq hesab edir.

55. Müvafiq dəyişikliklər edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər».

56. İşdə olan məhkəmə aktlarından məlum olur ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən JN-2626A saylı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair xx.xx.2022-ci il tarixli, 8(076)-392/2022 saylı qərardad qəbul edilsə də, həmin torpaq sahəsi ilə bağlı ayrıca şəhatədnamənin və ya bələdiyyənin həmin torpaq sahəsi üzərində hüquqların qeydə alınmasına dair çıxarışın olmaması, digər tərəfdən həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla tam yararlı olması nəzərə alınmamışdır.

57. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, hərracın nəticələrinə dair protokol qüvvədə olsa da mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan, məhkəmə tərəfindən həbs qoyulmasına dair qərardadın qəbulu zamanı kifayət qədər araşdırılma aparılmadığından, həmçinin bu halın inzibati orqan tərəfindən mübahisələndirilməməsi hazırki halda hüquqların qeydə alınmasına əsas ola bilməz.

58. Beləliklə inzibati orqanın hərəkəti qanunamüvafiq olduğundan iddianın təmin edilməsinə dair heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(114)-704/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar