Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-360/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vulqar oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-190/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 2020-ci ildə Rusiya Federasiyasından ölkə ərazisinə 40914,79 manat dəyərində, 64 ədəd qızıl sikkə gətirmişdir. Cavabdeh həmin malların fiziki həcminin və məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilməsinə və bu əsasla “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarı ilə İddiaçı gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********374800 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ildə 40914.79 manat dəyərində 64 ədəd qızıl sikkələrin idxal edildiyi müəyyən edilmişdir. İdxal edilmiş malların fiziki həcminin və məbləğinin kifayət qədər böyük olması iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas verir. “ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə və müvafiq fonda ümumilikdə 2823.30 manat (vergilər üzrə 2746.52 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 76,78 manat) borcu vardır. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün cari gəlir vergisi bəyannaməsinin, izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilmişdir. Fiziki şəxs haqqında məlumatdan və EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına aktiv VÖEN mövcuddur, fəaliyyət növü isə taksi fəaliyyəti kimi göstərilmişdir. xx.xx.2020-ci il tarixli “cinayət işinə xitam verilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində istintaqı aparılan cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ona tətbiq olunmuş 2823,30 manat vergi borcu əsassız və qanunsuz olduğundan bu borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə 64 ədəd qızıl sikkə gətirən zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən adına ********** nömrəli VÖEN açılmış və 2746,52 manat vergi və 76,78 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə 2823,30 manat vergi borcu yazılmışdır. Həmin borcdan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə məlumatı olmuşdur. Sözügedən vergi qərarının ona təqdim olunması üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********374800 nömrəli məktubda 2020-ci il tarixdə tərəfindən idxal olunmuş 64 ədəd qızıl sikkənin həcminin və məbləğinin kifayət qədər böyük olması bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlməyə əsas olduğu bildirilmişdir. Yuxarıda qeyd edildiyi kimi onun qızıl sikkələr gətirməyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Yəni bu və ya digər fəaliyyətlə məşğul olmamış və olmur, eləcə də fərdi sahibkar kimi də fəaliyyət göstərməmişdir, hazırda da göstərmir. Ona görə də belə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ondan 2823,30 manat məbləğində vergi hesablanması barədə qərarı tam qanunsuzdur. Bu səbəbdən də qeyd olunan orqanın ondan 2823,30 manat məbləğində vergi tutulmasına dair qərarı ləğv olunub həmin məbləğ silinməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını və xx.xx.2021-ci il tarixli **********224800 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-190/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddianın təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, , idxal edilmiş malların fiziki həcminin və məbləğinin böyük olması səbəbindən barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh orqan ehtimallara əsaslanaraq idxal edilmiş malların fiziki həcminin, məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi dövrdə barəsinə aktiv statuslu VÖEN-i olmasına, baxmayaraq iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının VÖEN-i taksi fəaliyyətini həyata keçirilməsi məqsədilə açılmışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirdiyini bildirmişdir. Odur ki, inzibati orqan ehtimallara əsaslanaraq iddiaçının qızıl alveri sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də həmin qızılları kimə, hansı şəraitdə, yaxud nə vaxt satması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, İddianın predmetini 12 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətləri daxilində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********224800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar təşkil edir. İş üzrə iddiaçı olan İddiaçı barəsində vergi öhdəliyinin müəyyən edilməsinin səbəbləri ilə bağlı qeyd olunur ki, 2020-ci ildə 40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələrin onun tərəfindən idxal edildiyi müəyyən edilmişdir. VM-nin 102.1.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisinin ödəyicisi olaraq müvafiq bəyannaməni vergi orqanına təqdim edilməmişdir. Yaranmış uyğunsuzluqla bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********531200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında iddiaçıya məktub göndərmiş və həmin məktubla 2020-ci il üzrə gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsinin təqdim olunması bildirilmişdir. Lakin vergi ödəyicisi (iddiaçı) tərəfindən mübahisələndirilən dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********224800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı qəbul etmişdir. Sözügedən zərgərlik məmulatının idxalı ilə bağlı yük gömrük bəyannaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Birinci instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə yuxarıda göstərdiyimiz hüquqi normaların tələbləri baxımından əsassızdır. İşin faktiki hallarından göründüyü kimi, 40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələrin məhz iddiaçı tərəfindən ölkə ərazisinə gətirilməsi işin mübahisəsiz halıdır. Bu mənada qeyd edilməlidir ki, vergi ödəyicisi İddiaçı barəsində verginin ödənilməsini nəzərdə tutan şərait yaranmış və həmin şərait onun vergi öhdəliyinin formalaşması ilə nəticələnmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh inzibati orqan olan 12 saylı ƏVBl mənbəyi bəlli məlumat olan idxal məlumatları əsasından iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergi hesablamış və bu cür hesablamanın hüquqi əsasını VMnin 83.2.4-cü maddəsi təşkil etmişdir. Eyni zamanda Gəncə İnzibati Məhkəməsi ləğvini istədiyimiz qərarı qəbul edərkən İddiaçı il ərzində böyük həcmdə (40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələrin idxalı) qiymətli daşların idxal etməsini onun sahibkarlıq fəaliyyətinin nəticəsi olmasını nəzərə almamışdır. Qiymətli məmulatın böyük həcmdə idxal edilməsi 12 saylı ƏVBi-də vergi ödəyicisi kimi uçotda olan İddiaçı sahibkarlıq fəaliyyəti ilə məğul olmasının göstəricisidir. Hesab edirik ki, məhkəmə maddi hüquq normalarının tələblərini gözləməmiş, cavabdehin mənbəyi bəlli olan məlumatlar əsasında iddiaçı barəsində müəyyən etdiyi vergi öhdəliyini ləğv etməkdə haqlı olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, həmin qızıl sikkələri satmaq məqsədilə gətirməmişdir ölkə ərazisinə. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğu üçün adına Vöen açılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi: -maddə 3.11-ci vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -maddə 33.3-cü hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -maddə 33.5-ci bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -maddə 53.3-cü bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - maddə 62.1-ci hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Qəhrəman oğlu tərəfindən 2020ci ildə 40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələr ölkə ərazisinə gətirilmişdir. İnzibati orqan idxal edilmiş malların fiziki həcminin, məbləğinin kifayət qədər böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirərək “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarı ilə İddiaçı gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh orqan ehtimallara əsaslanaraq idxal edilmiş malların fiziki həcminin, məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Həmçinin işə əlavə edilmiş fiziki şəxs haqqında məlumatdan və EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına aktiv VÖEN mövcuddur, fəaliyyət növü isə taksi fəaliyyəti kimi göstərilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli “cinayət işinə xitam verilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində istintaqı aparılan cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi dövrdə barəsinə aktiv statuslu VÖEN-i olmasına, baxmayaraq iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının VÖEN-i taksi fəaliyyətini həyata keçirilməsi məqsədilə açılmışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirdiyini bildirmişdir. Odur ki, inzibati orqan ehtimallara əsaslanaraq iddiaçının qızıl alveri sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də həmin qızılları kimə, hansı şəraitdə, yaxud nə vaxt satması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-190/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-360/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-360/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver