Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-360/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)- 1344/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1/Ə-9099 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 9/2-2662 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdə tabordan azad olunmasının səbəbi məlum olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-963 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli, 141 nömrəli əmrilə (əsas: -2, səh-32, sıra-46; qeyd: əmrdə adı “Məhiyəddin” yazılmışdır) İddiaçı xx.xx.1992-ci il tarixdən batalyondan müvafiq surətdə azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-cü il tarixli, Ə-982 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxx 1963-cü il tarixdə Ağdam rayonunda andan olmuş İddiaçı məhkumluğu yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində atıcı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adının verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adının verilməsindən əsassız olaraq imtina etmişdir. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il il tarixə kimi N saylı hərbi hissənin tərkibində atıcı kimi ərazilərimizin erməni quldurlarından azad olunmasında iştirak etməsi hərbi biletlə təsdiq olunur. Həmçinin sənədlərini ərizəyə əlavə etdiyi, onunla birlikdə N saylı hərbi hissənin tərkibində xidmət keçərək döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı vəsiqəsi almışlar. Bundan əlavə, onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmaması Hərbi Prokurorluq tərəfindən onun adına verilmiş arayışla təsdiq olunur. Göstərilənlərə əsasən hesab edir ki, ona müharibə veteranı adı verilməlidir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Gəncə İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/15N nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. Hesab edirik ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya xx.xx.2021-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul eilməsindən 1 il sonra onu mübahisələndirmişdir. Qeyd olunana əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1, 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2022-ci tarixli, 2-1(114)- 1344/2022 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
10. Məhkəmə hesab etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı iş materiallarında iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi xidməti və hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-1344/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin qeyd edilən qərarı ləğv edilməli və onun iddia tələbi təmin edilməlidir. Belə ki, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində atıcı kimi ərazilərimizin erməni təcavüzkarlarından azad olunmasında iştirak etməsi hərbi biletlə təsdiq olunur. Xüsusilə qeyd etmək istəyir ki, onunla eyni hərbi hissədə, həmin ərəfədə xidmət etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqələri verilmişdir. Həmin şəxslərin sənədləri iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmamasına dair Hərbi Prokurorluq tərəfindən verilmiş arayışı da iddia sənədlərinə əlavə olunmuşdur. Ona “Müharibə veteranı” adının verilməsi üçün kifayət qədər əsas olduğu halda, məhkəmə iddianı təmin etməmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardan göründüyü kimi işə onun xəbəri və iştirakı olmadan baxılmışdır. O, barəsində olan işlə bağlı xeyli müddət gözləsə də, ona nə şifahi, nə də yazılı məlumat verilməmişdir. Nəhayət, özü 07 may 2025-ci ildə Gəncə İnzibati Məhkəməsinə getmiş, işi ilə maraqlanarkən məlum olmuşdur ki, işinə baxılmış, lakin müəyyən texniki səbəblərdən ona qərarın surəti göndərilməmişdir. Məhz, bu səbəbdən də 07 may 2025-ci ildə Gəncə İnzibati Məhkəməsinin inzibati binasında imza edərək barəsində olan qərarın surətini rəsmi olaraq qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-1344/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hərbi xidmət dövründə yaralanmamış və ya xəsarət almamışdır.
15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
17. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının N yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. N. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
20. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət etdiyini və aktiv döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın xx.xx.2021-ci il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. Odur ki, iddiaçı hazırda bu tələblə məhkəməyə müraciət etmişdir.
39. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-963 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli, 141 nömrəli əmrilə (əsas: -2, səh-32, sıra-46; qeyd: əmrdə adı “Məhiyəddin” yazılmışdır) İddiaçı xx.xx.1992-ci il tarixdən batalyondan müvafiq surətdə azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olmamışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.
41. Göründüyü kimi, arxiv məlumatlarında iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar olsa da, lakin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidməti (iyun-avqust 1992-ci ildə N nömrəli hərbi hissədə) və qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Arxiv məlumatlarında onun hərbi hissə komandirinin əmri ilə xx.xx.1992-ci il tarixdən batalyondan azad edilməsi barədə məlumat olsa da, lakin aktiv döyş əməliyyatlarının aparıldığı bir dövrdə hansı əsaslara görə batalyondan azad olunması iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən, onun hərbi hissə komandirinin əmri ilə batalayondan azad olunması hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma kimi qiymətləndirilə bilməz. Beləliklə iddiaçının döyüşən hərbi hissənin tərkibində xidməti barədə müəyyən barədə qeydlər olsa da, lakin sonrakı xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.
42. Həmçinin məhkəmə kollegiyası, iddiaçının istinad etdiyi ona məxsus ******* nömrəli hərbi biletdə olan qeydlərə münasibətdə bildirir ki, bu qeydlərin mötəbərliyi nizami hissə üzrə əmrdən çıxarışlar və arxiv arayışları ilə təsdiq olunmalıdır. Onun hərbi biletində olan məlumatların mötəbərliyi qəbul edilsə belə, lakin onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə müəyyən edilmir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 26 nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) tərxis edilmişlər. İddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə müəyyən olunmur.
44. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-1344/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.