Məhkəmə qərarları › İş №2-1(104)-361/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-361/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-361/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 Ələstan qızının iştirakı ilə, iddiaçılar İddiaçı1 Ələstan qızı, X4 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “faktiki istifadədə olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 136/2024 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən iddiaçılara (şəhadətnamədə ad və soyadlarında texniki səhvlər vardır) 0,08 hektar torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2005-ci il tarixdə JN-618F nömrəli, 50700048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifikatından görünür ki, 841,7 kv.m həyətyanı torpaq sahəsinin 65,7 kv.m yaşayış evi, 776,0 kv.m əkin sahəsidir. Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli arayışına əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixdə 106 saylı qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-618F, kod-50700048 saylı şəhadətnamədə İddiaçı1 Ələsgər qızının ata adı (düzgün forması Ələstan), X1 və ata adı (düzgün formada İddiaçı2), X2 (düzgün formada Qasımov) texniki səhv olaraq yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-854/2023 nömrəli məktubuna əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı aşkar edilməmişdir. MMC tərəfindən məhkəməyə təqdim edilmiş Samux rayon Aqrar İslahat Komissiyasının sədri X12 tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonu Sərkar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının əlyazma nüsxəsinə əsasən iddiaçıların qanuni istifadəsində 0,12 ha həyətyanı sahə vardır, xəritədə nömrəsi 618-dir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Samux rayonu Sərkar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının elektron nüsxəsindən görünür ki, iddiaçıların mülkiyyətinə 0,0842 ha torpaq sahəsi verilmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 363 nömrəli arxiv arayışına əsasən Sərkar kənd icra nümayəndəliyinin 1996-2000-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabda xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1 Ələstan qızı ailə başçısı kimi, ailə üzvləri qızı – xx.xx.1980-ci il təvəllüdlü X5, nəvəsi – xx.xx.2000-ci il təvəllüdlü İddiaçı3 qeyd edilmişdir. Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli arayışına əsasən iddiaçıların istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı1 Ələstan qızının etibarnamə üzrə nümayəndəsi X7 torpaq sahəsi üzərində hüquqların qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2236/2023 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, həmçinin faktiki torpaq sahəsi üzərində mübahisə olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Ələstan qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Samux rayon Sərkar kəndində faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində hüquqların cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi”ni xahiş etmişdir. Daha sonra İddiaçı1 Ələstan qızı, İddiaçı2 Fəxrəddin qızı, İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək birgə iddiaçı kimi qeyd olunmalarını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı1 Ələstan qızı, İddiaçı2, İddiaçı3 iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onların birgə iddiaçı kimi qeyd etməklə faktiki istifadədə olan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 Ələstan qızı, X4 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “faktiki istifadədə olan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia “faktiki istifadədə olan 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-136/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, Samux rayonu, Sərkar kəndində yerləşən 841,7 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 Ələstan qızı, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları üzrə Samux rayonu, Sərkar kəndində yerləşən 841,7 kv.m həyətyanı torpaq sahəsi iddiaçılara məxsusdur, bununla bağlı Samux rayon Aqrar İslahat Komissiyasının qərarı və həmin Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və hal-hazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçıların mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, aparılmış araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, həmçinin mübahisəli torpaq sahəsinə Ərazi İdarəsinin mühəndisi tərəfindən müayinə baxışı keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhədləri ilə bağlı qonşular arasında mübahisənin olduğu müəyyən olunmuşdur. Hesab edilir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubuna əlavə edilmiş mütəxəssis rəyində mübahisəli torpaq sahəsi və qonşu torpaq sahələrinin, eyni zamanda sözügedən həyətyanı sahənin yerləşdiyi ümumilikdə kvartalın ölçüləri və konfirqurasiyaları ilə torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi arasında ciddi uyğunsuzluq halı mövcud olduğu qeyd olunmuşdur. Həmçinin mübahisəli torpaq sahəsinə Ərazi İdarəsinin mühəndisi tərəfindən müayinə baxışı keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhədləri ilə bağlı qonşular arasında mübahisənin olduğu müəyyən olunmuşdur. Nəzərə alınsa ki, sözügedən sənədin icra edilərək çıxarışın verilməsi AR Konustitusiyasının 13-cü maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinin pozulmasıdır. Qeyd olunan hallara məhkəmə tərəfindən qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçılardan İddiaçı1 Ələstan qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən iddiaçılara 0,08 hektar torpaq sahəsi verilmiş və buna dair xx.xx.2005-ci il tarixdə JN-618F nömrəli, 50700048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçılar həmin torpaq sahəsi üzərində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabeh inzibati orqana müraciət etsələr də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluğun olması və faktiki torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisənin olması bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçıların hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan hüquqmüəyyənedici sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçılar hüququnun yenidən qeydiyyata alınmasını deyil, həmin şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Həmçinin, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçıların hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçılara aid şəhadətnamənin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-136/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar