Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-361/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndələri X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1396/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları xx.xx.2008-ci il tarixli, AA seriyalı, 175635 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonunda anadan olmuşdur və onun məcburi köçkün statusu var. Cavabdeh xx.xx.2024-cü il tarixli, 1499 nömrəli məktubundan görünür ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə İbrahimova (Mədətova) Rüzgar Sabir qızı arasında olan xx.xx.1997-ci il tarixli, 23 saylı nikah akt qeydi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2019-cu ilin yanvar ayından 2024-cü ilin sentyabr ayına qədər ona ödənilməli olan, lakin ödənilməyən vahid aylıq müavinətin cəminin kompensasiya edilməsini və dövlət tərəfindən müəyyən edilmiş 60 manat məbləğində vahid aylıq müavinətin bundan sonrakı aylar üçün daimi olaraq bərpa edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 fevral 1973-cü il tarixdə Kəlbəcər rayonu, Mozqaraçanlı kəndində anadan olmuş, 1993-cü ildə həmin rayondan məcburi köçkün düşmüş, valideynləri ilə birlikdə Göyçay rayonunda məşkunlaşmışdır. 15 fevral 1997-ci il tarixdə o, X5 ilə ailə həyatı qurmuşdur. Ailə daxili problemlər səbəbindən Kəlbəcər rayon Məhkəməsinin 20 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə nikah akt qeydi ləğv edilmişdir. İddiaçı qeyd edir ki, 9 yanvar 2008-cü il tarixdə AA № 175635 nömrəli məcburi köçkün vəsiqəsi almışdır. Lakin, vahid aylıq müavinət olan 60 manatı 2019-cu ilin yanvar ayından bu günkü tarixədək ala bilməmişdir. O, vahid aylıq müavinətin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etdə də, cavabdeh orqan müraciətin icrasından imtina etmişdir. İddiaçının etibarmnamə üzrə nümayəndəsi X2 xx.xx.2025- ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1396/2025 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1396/2025 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4.1 bəndinə əsasən yemək xərci üçün aylıq müavinət “Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə verilir. Hazırki mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan, məhkəmə hesab edir ki, hazırki münasibətlərə də həmin dövrün qanunvericilik aktları tətbiq edilməlidir. Başqa sözlə, iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ona ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur və işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması qanuni deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1396/2025 saylı qərarının ləğv edilməsini və iddianın tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üçüncü şəxs kimi məhkəmədə iştırakının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam araşdırılmamışdır. Belə ki, İddiaçı 15 fevral 1997-ci il tarixdə məcburi köçkün statusu olmayan X5 ilə ailə həyatı qurmuşdur. 2019-cu ilədək ona dövlət tərəfindən verilən vahid aylıq müavinət ödənilmişdir. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq məktubu ilə göndərilmiş adlı siyahı əsasında iddiaçıya verilən vahid aylıq müavinət 2019-cu il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər ödənişlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən etmək üçün, 24 yanvar 2017-ci il tarixdə Nazirlər Kabineti 11 saylı qərar qəbul etmişdir. 2.4-cü bəndində göstərilir ki, "məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara" aylıq vahid müavinət şamil edilmir. Həmin qərarın tələblərinə uyğun olaraq 2019-cu ildən etibarən İddiaçı vahid aylıq müavinəti qanuna müvafiq qaydada dayandırılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrəli 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37-saylı əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın tələblərinə uyğun olaraq qərar qəbul etmişdir. Lakin o, nəzərə almamışdır ki, 24 yanvar 2017-ci il tarixli 11 saylı Nazirlər Kabinetinin qərarına əsasən, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37-saylı əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat qüvvədən düşmüş hesab edilərək vahid aylıq müavinətin verilməsinin təkminləşdirilməsi nəzərdə tutulmuşdur. 24 yanvar 2017-ci il tarixli 11 saylı Nazirlər Kabinetinin qərarının 3.5-ci maddəsində "əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir" aydın görünür ki, həmin vəsait Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilir və həmin vəsaitin ödənilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Qeyd edilənlərdən görünür ki, cavabdehə verilən vahid aylıq müavinət müvafiq qərarın tələblərinə əsasən dayandırılmış, lakin İnzibati Məhkəmə həmin qərarın X7 istinadlığını nəzərə almayaraq dövlət vəsaitini qeyri-qanuni yolla mənimsənilməsinə şərait yaratmışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Prosessual məsələlər İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimat
5. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə.
Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanması”na dair Təlimat
6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara, lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara. 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, No 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndində “(nikahla və ya nikaha daxil olmadan),” sözlərindən sonra “həmçinin sonradan boşanmış qadınlara” sözləri əlavə edilmişdir və həmin bənddən “lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara” sözləri çıxarılmışdır.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçı əvvəllər aldığı məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətin bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciəti müsbət həllini tapmamışdır. Cavabdeh tərəfindən imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətin ödənilməsi qaydasının 2.4 maddəsinə uyğun olaraq məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və onların uşaqlarına vahid aylıq müavinət ödənilmir. Odur ki, həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə, ona verilən vahid aylıq müavinətin ödənişi müvafiq təlimata uyğun olaraq dayandırılmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı məcburi köçkün statusuna malikdir. Sonradan iddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuşdur. Bununla əlaqədar olaraq ona ödənilən müavinət dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın hərəkəti qanunsuz olmuşdur. Belə ki, iddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə əvvəllər müavinət alması, məcburi köçkün olmayan şəxslə nikaha daxil olduqdan sonra müavinət verilməsinin dayandırılması, nikahın pozulması, həmçinin hazırda məcburi köçkün statusu olması işin mübahisə olunmayan hallarıdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması əsassız olmuşdur. Belə ki, iş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə İbrahimova (Mədətova) Rüzgar Sabir qızı arasında olan xx.xx.1997-ci il tarixli, 23 saylı nikah akt qeydi ləğv edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 311262 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının keçmiş əri X5 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçının nikahı 2004-cü ildən pozulmuş və həmin tarixdə hazırki iş üzrə hüquq münasibətini tənzimləyən hüquq norması kimi Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat olmuşdur. Qeyd olunan Təlimatın 4.1-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət “Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə verilir. Həmçinin həmin Təlimatın 5-ci bəndində yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər təsbit edilmişdir ki, iddiaçı həmin şəxslərin təsir dairəsinə düşmür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hazırda cavabdeh inzibati orqanın istinad etdiyi maddi hüquq norması 2 iyul 2017-ci il tarixdən qüvvəyə mindiyindən və iddiaçının hüquqi vəziyyətini pisləşdirən hüquq norması olduğundan onun qüvvəsi geriyə şamil edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd etməyi vacib hesab edir ki, göründüyü kimi iddiaçıya "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a əsasən, (qüvvədə olduğu müddətdə) aylıq müavinət ödənilmişdir. Belə ki, həmin Təlimata əsasən "məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərin (4.1-ci bənd) aylıq müavinət almaq hüquq var idi. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarda isə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların (2.4-cü bənd) aylıq müavinət almaq hüququ istisna edilmişdir. İş üzrə cavabdehin mövqeyinə görə, sözügedən Qaydalara əsasən iddiaçının aylıq müavinət almaq hüququ yoxdur. Belə ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikah daxil olmuşdur. Bu əsasla da aylıq müavinətin ödənişinin dayandırılması qanuna müvafiq olmuşdur. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilikdə eyni statusda olan şəxslərə (“məcburi köçkün” statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, “məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə, həmçinin şəxsin hüquqi vəziyyətini pisləşdirən hüquq normasının geriyə tətbiq edilməsinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 149-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməsinin dayandırılması onun konstitusion hüququnu pozduğundan qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üçüncü şəxs kimi məhkəmədə iştırakının təmin edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh orqan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üçüncü şəxs kimi iştirakının təmin edilməsinin hansı səbəbdən zəruri olmasını əsaslandırmamış və kollegiya hesab edir ki, hazırki mübahisə üzrə qəbul ediləcək qərar onun qanunla qorunan marağına toxunmur bu səbəbdən də üçüncü şəxs qismində cəlb edilməsinə zərurət yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası iddia tələbinin “iddiaçının adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə dair birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etməklə razılaşır. Bununla yanaşı, hüquqi müəyyənlik prinsipi baxımından kollegiya qeyd edir ki, cavabdehin üzərinə həmin öhdəliyin qoyulması iddiaçının bu barədə etdiyi müraciətə cavab olaraq cavabdeh tərəfindən imtinanın edildiyi xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1396/2025 saylı qərarı dəyişdirilsin. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adının xx.xx.2024-cü il tarixdən məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.