Məhkəmə qərarları › İş №2-1(104)-362/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-362/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-362/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X5, üçüncü şəxs X6 nümayəndəsi X2 iştirakları ilə, “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır.

2. AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı satılmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında mənzil qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 adına Tovuz Rayon İcra Hakimiyyəti Mənzil-İstismarı sahəsinin 322 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə 1 nömrəli mənzil qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, qeyd olunan məsələ ilə bağlı araşdırma zamanı mənzillərin ünvanında texniki səhvə yol verildiyi aşkarlanmış və ünvanla bağlı uyğunsuzluqlar aradan qaldırılmışdır. Odur ki, müraciətin təmin edilməsindən imtina edilmişdir.

7. Mənzil fondunun əvəzsiz olaraq balansdan-balansa verilməsi haqqında əmrdən görünür ki, 14 sentyabr 2001-ci il tarixdən başlayaraq təhvil-təslim materiallarının hazır olma səviyyəsindən asılı olaraq Azərbaycan Dövlət Dəmir Yoluna məxsus mövcud mənzil Fondu, həyətyanı və məhlədaxili sahələr Tovuz rayon İcra hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz olaraq verilməsinin təmin edilməsi və bu məqsədlə Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Dəmir Yolu ilə birgə tərkibdə təhvil-təslim komissiyasının yaradılması qərara alınmışdır.

8. “Qovlar stansiyası” başlıqlı siyahıdan görünür ki, mənzil sahibləri yazılmış ilk sütünda ikinci sırada Rza Bağırovun adı qeyd edilmişdir. xx.xx.2008-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi X1 verilmişdir.

9. Tovuz rayon İcra Hakimiyyəti Mənzil-İstismar Sahəsinin 322 nömrəli, xx.xx.2021ci il tarixli arayışından görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında yerləşən mənzil X8 məxsusdur.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, ev 56/1, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır.

11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, ev 56A/1, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır.

12. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-(062)- 2073/2021 nömrəli qətnaməsi ilə İddiaçı X8 qarşı Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi, ev 56, mənzil 1-ə gediş-gəliş yolunun (həm maşın, həm də piyada üçün nəzərdə tutulan) açılmasına və həmin yolda tikilən qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddiasının təmin olunmaması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə X6 adına olan ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m olan daşınmaz əmlakı xx.xx.2021-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 almış, həmin daşınmaz əmlaka dair ona ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Onun mülkiyyətində olan həmin daşınmaz əmlaka gediş-gəliş yolunun bağladığına görə iddiaçı cavabdeh X8 qarşı gediş-gəliş yolunun açılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-2073/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmamışdır. Həmin işə baxılan zaman ona məlum olmuşdur ki, hazırda mübahisələndiriyi işlə bağlı Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)- 2656/2018 saylı qətnaməsi mövcuddur. Məhkəmənin həmin qətnaməsinə əsasən sonradan Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsi qəbul olunmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)- 1189/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3953/2019 saylı qətnaməsinə əsasən təmin olunmamış, həmin qətnamənin qəbul edilməsinə əsas kimi Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-2656/2018 saylı qətnaməsinin mövcudluğu qeyd olunmuşdur. Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-2656/2018 saylı qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1204/2022 saylı qərardadına əsasən Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsində üçüncü şəxs X12 məhkəməyə mübahisəli ərazidə yerləşən tikiliyə çıxarış aldığını qeyd etmişdir. Bundan sonra vəkil sorğularına əsasən cavabdeh təşkilatdan X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində ünvan 5 ünvanında mənzil qeydiyyata alındığı və X6 adına Tovuz rayon İcra Hakimiyyəti Mənzil İstismarı sahəsinin 322 nömrəli 26 oktyabr 2021-ci il tarixli arayışına əsasən ünvan 7 ünvanında ********** qeydiyyat nömrəsi ilə 03 noyabr 2021-ci il tarixdə 1 nömrəli məzilin qeydiyyata alındığı müəyyən edilmişdir. Halbuki həmin ünvanda yerləsən mənzil 11 may 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçını adına qeydə alnmışdır. Eyni ünvanda yerləşən bir mənzilin iki şəxsin adına qeydə alınması tam qanunsuzluqdur. İddiaçı cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

16. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə X6 adına olan ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 02 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri qeydi üçüncü şəxsin adına qanunla müəyyən edilmiş əsas və qaydalarla aparıldığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(114)-480/2023 saylı qərarı qanunsuz və əsassız olmaqla yanaşı maddi və prosessual hüquq normalarının kobud pozuntusu və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən bir mənalı olaraq ləğv edilməlidir. Çünki məhkəmə qərarının əsası kimi qeyd edilmişdir ki, İddiaçı qanuna uyğun olaraq hazırkı tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında müvafiq araşdırılma aparılmış və əmlakların ünvanlarında texniki səhvə yol verilmiş və həmin səhv aradan qaldırıldığından cavabdeh tərəfindən haqlı olaraq onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə bu nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, İddiaçı iddia tələbində daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi ilə yanaşı X6 adına olan ********** qeydiyat nömrəli çıxarışın verilməsinə əsas olan Tovuz Rayon İcra Hakimiyyəti Mənzil İstismarı Sahəsinin 322 nömrəli 26 oktyabr 2021-ci il tarixli arayışı verən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün onların barələrində xüsusi qərardad çıxararaq müvafiq prokurorluğa göndərilməsini də xahiş etmişdir. Lakin məhkəmə tərəfindən qərarın nə giriş, nə fabula, nə əsaslandırıcı nə də ki, nəticə hissəsində iddianın bu halına və nəyə görə xüsusi qərardad tələb edilməsi, həmin hissənin təmin və yaxud rədd edilməsi göstərməmişdir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. X6 adına olan ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Tovuz Rayon İcra Hakimiyyəti Mənzil İstismarı Sahəsinin 322 nömrəli, 26 oktyabr 2021-ci il tarixli arayışı verən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün onların barələrində xüsusi qərardad çıxararaq müvafiq prokurorluğa göndərilməsinin səbəbi ondan ibarətdir ki, SSR-i dağıldıqdan sonra vətəndaşın işlədiyi müəssisədən ona yalnız bir dəfə əmlak payı verilə bilərdi. Hazırkı inzibati iş üzrə üçüncü şəxs X12 Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində işləməklə həmin cəmiyyətdən təxminən 2000-2005-ci illərdə ünvan 8 ünvan 44 olmuşdur) yerləşən 1 nömrəli mənzili əmlak payı olaraq almışdır. Daha sonra aldığı həmin əmlak payını X11 müvafiq notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında satmışdır. Bundan sonra X12 "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən ona 2000- 2005-ci illərdə verilmiş əmlak payına dair ilkin sənədləri Tovuz Mənzil İstismar İdarəsi ilə birlikdə saxtalaşdıraraq yenidən ona əmlak payı verilməsi adı ilə ikinci dəfə sənədləri saxtalaşdıraraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən ilk dəfə əmlak payı alırmış kimi ilkin sənədləri saxtalaşdıraraq həmin sənədlər əsasında ikinci dəfə əmlak payı almış, ikinci dəfə aldığı həmin əmlak onun xüsusi mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında yerləşən 1 nömrəli mənzildir və həmin mənzilə dair hazırda mübahisələndirdiyi çıxarışı almışdır. Bundan başqa işdə olan sorğuya cavab olaraq qeyd edilmişdir ki, X9 adına ********** qeydiyyat nömrəsi ilə 02 iyun 2020-ci il ünvan 9 ünvanında 1 nömrəli mənzil hüquqları dövlət qeydiyyatına alınmışdır. 02 fevral 2023-cü il tarixdə İddiaçı vəsatətlə sədrlik edən hakimə müraciət edərək, X9 adına olan 02 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərin (X12 ilə X9 arasında bağlanmış alğı-satqı müqaviləsinin, alğı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş X6 adına olan çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərin) məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğu verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən isə vəsatəti qanunsuz və əsassız, maddi və prosessual hüquq normaları kobudcasına pozularaq təmin edilməmiş və iş üzrə yekun qərar qəbul olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, mənzili K.Bağırovdan almışdır, lakin torpaq sahəsi onun mülkiyyətində deyildir. Hazırda mübahisəli çıxarışla üçüncü şəxsə məxsus olan mənzil ona məxsus mənzilin qarşısında yerləşir və onun mənzilə gediş-gəliş yolunu bağlayır. Məqsədi həmin mənzilin sökülərək onun evinin qarşısının açılmasıdır. Bundan başqa o mənzili alan zaman üçüncü şəxslərin mənzilinin də ona satıldığı bildirilmişdir.

23. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildiridi ki, mübahisələndirilən qeyd tərəflərindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır və heç bir uyğunsuzluq yoxdur.

24. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara məxsus mənzil iddiaçının mənzilinin qarşısında yerləşsə də gediş-gəliş yolu vardır. Lakin iddiaçının məqsədi onlara məxsus mənzilə də sahib olmaqdır. İddiaçı mənzili alanda artıq onların mənzili mövcud idi və iddiaçı bunu bilərək K.Bağırovdan mənzili almışdır.

Tətbiq edilən hüquq:

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

30. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

31. Hazırki tələbdə iddiaçı üçüncü şəxs olan X6 adına aparılmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsini xahiş etmişdir.

32. Məhkəmə tərkibi hesab edir ki, mübahisəyə münasibətdə ilkin araşdırılmalı olan məsələ iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olubolmamasıdır.

33. İş materiallarında olan xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmış, AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı satılmışdır.

34. Bundan sonra, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

35. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları ünvan 1 üzərində qeydiyyata alınmış, torpaq sahəsi üzərində heç bir hüququ müəyyən edilməmişdir.

36. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs X8 Azərbaycan Dövlət Dəmir Yoluna məxsus mövcud mənzil Fondundan mənzil verilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. Daha sonra Tovuz rayon İcra Hakimiyyəti Mənzil-İstismar Sahəsinin 322 nömrəli, xx.xx.2021-ci il tarixli arayışı əsasında Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında yerləşən mənzil X12 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

37. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, ev 56/1, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır.

38. Belə olan halda iddiaçının üçüncü şəxsə məxsus mənzilə dair çıxarışı mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir.

39. Bununla yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, qeyd olunan məsələ ilə bağlı araşdırma zamanı mənzillərin ünvanında texniki səhvə yol verildiyi aşkarlanmış və ünvanla bağlı uyğunsuzluqlar aradan qaldırılmışdır.

40. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhz iki ayrı mənzilin mövcudluğu və iddiaçının mübahisələndirdiyi çıxarışın məxsus olduğu mənzilə dair hər hansı hüquqi və ya faktiki əlaqəsinin olmaması müəyyən olunmuşdur. Bu isə iddiaçının hazırki tələb üzrə subyektiv hüququnun olmasını istisna edir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.

42. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı, Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar