Məhkəmə qərarları › İş №2-1(104)-362/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-362/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-362/2025 23.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və X2 iştirakları ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəbli əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-88/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2016-cı il tarixində xidməti vəzifələrini yerinə yetirərkən hərbi hissənin yaxınlığında maşın təmiri üçün qazılmış xəndəyə düşərək çənəsinin xəndəyin beton kənarına dəyməsi nəticəsində travma almışdır. Hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2016-cı il tarixində əng və çənənin şinalanma əməliyyatı aparılmışdır. xx.xx.2016-cı il tarixdə "Çənəaltı nahiyənin çapılmış infeksiyalaşmış yarası, çənənin sol şaxəsinin yerini dəyişən sınığı" diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2016-cı il tarixdə müayinə və müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. xx.xx.2016-cı il tarixdə "Çənə sümüyünün sol oynaq çıxıntısının qeyri-düzgün bitişmiş sınığının repozisiyası, internal fiksasiyası" cərrahiyyə əməliyyatı icra olunmuşdur. Çənənin sol oynaq başı və tac çıxıntısının düzgün bitişməyən sınığı, osteomielitlə fəsadlaşmasına görə xx.xx.2016-cı il tarixdə Bakı Klinik Tibbi Mərkəzinə köçürülmüşdür. xx.xx.2016-cı il tarixdə çənənin sol oynaq çıxıntısının, sol tac çıxıntısının və titan lövhələrin çıxarılması" əməliyyatı icra olunmuşdur. Nəticədə iddiaçıya Üzün küt travması (xx.xx.2016) nəticəsində çənə sümüyünün sol oynaq çıxıntısının qeyri-düzgün bitişmiş sınığına görə aparılmış çənə sümüyünün sol oynaq çıxıntısının acıq üsulla repoziyası və internal fiksasiyası (xx.xx.2016), çənənin sol oynaq başı və tac çıxıntısının qeyri-düzgün bitişən sınığı və osteomielitinə görə aparılmış çənənin sol oynaq və tac çıxıntılarının, titan lövhələrinin xaric edilməsi (xx.xx.2016) cərrahi əməliyyatlarından sonrakı sol tac çıxıntısının 24x27mm, oynaq başının 12 mm ölçüdə sümük defekti. Üz-çənə nahiyəsinin kontrakturası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2016-cı ildə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin olunması ilə əlaqədar olaraq SQ BKH-nın hərbi-həkim komissiyası tərəfindən xx.xx.2016cı il tarixdə şəhadətləndirilmiş və "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir. İddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə “Baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonra qeyri-düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların, titan lövhələrin çıx-sı əməliyyatından sonrakı vəziyyəti. Sol çənə sümüyünün xroniki osteomieliti çeynəmə və nitqin pozulması. Sol çənə sümüyünün xroniki osteomieliti” diaqnozu üzrə Meyarların 2.5.15-ci (çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9) bəndinə əsasən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli qərarı ilə SQ BKH-nın hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1583 nömrəli xəstəlik haqqında şəhadətnamədə qüvvəsindən düşmüş, iddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi təyin edilmişdir. Hal-hazırda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli şəhadətnaməsi qüvvədədir (xx.xx.2023-cü il tarixli, 1671 nömrəli məktubuna əsasən). Bundan sonra “T02.0 Baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2016) İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıx-sı əməliyyatdan sonrakı vəziyyəti (xx.xx.2016).Sol çənə sümüyünün xroniki osteomieliti çeynəmə və nitqin pozulması” əsas diaqnoz, “T02.0 Baş və boyun nahiyəsinin sınıqları” və “K10.2 Çənələrin iltihabi xəstəlikləri, Sol çənə sümüyünün xroniki osteomieliti” ağırlaşmaları ilə Meyarların 2.2.9-cu (qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg) bəndinə əsasən xx.xx.2017-ci il tarixdə iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barəsində sonuncu dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş və iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: T02.0 - Baş və boyun nahiyəsinin sınıqları, Baş və boyun nahiyəsində sınıqlar. Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıxarılmassı əməliyyatdan sonrakı vəziyyəti. Çeynəmənin əhəmiyyətli dərəcədə pozulması. Ağırlaşma: M86-Osteomielit, Sol çənə şaxəsində xroniki osteomielit, çeynəmənin və nitqin pozulması. Ağırlaşma: K07.5- Funksional mənşəli çənə-üz anomaliyaları. Ağırlaşma: K07.6- Gicgah-çənə oynağının xəstəlikləri. Yanaşı xəstəlik: F48.0-Nevrasteniya, Asteno-nevrotik sindrom. Ağırlaşma: S02.6-Alt çənənin sınığı, Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol tac çıxıntının 24x27 mm oynaq başının 12 mm ölçüdə defekti. Açıq dişləm sagital yarıq – 1-2 mm kontakt, 7/7, 7\7 çeynəmənin əhəmiyyətli dərəcədə pozulması. Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmin qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 33 nəfər vətəndaşın xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3394/2023 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın 1.24-cü bəndinə əsasən iddiaçıya münasibətdə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin T693/2023 nömrəli ekspert rəyinə əsasən iddiaçıya qoyulmuş baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2016) İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıx-sı əməliyyatdan (xx.xx.2016) sonrakı vəziyyəti...” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur. Qeyd edilən diaqnozla əlaqədar iddiaçının hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifəsini yerinə yetirərkən xəndəyə yıxılaraq travmalar alması ilə bağlı təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin, dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəbli əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə təqdim etdiyi etirazında iddiaçının müayinə nəticələrini qeyd etmiş və əlavə bildirmişdir ki, verdiyi anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-306/2024 nömrəli qərardadı ilə 10 dekabr 2024-cü il tarixədək xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) münasibətdə xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş tibbi göndərişdə yol verilmiş yanlışlığın aradan qaldırılmasının təmin olunması və bundan sonra iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə şəxsin əyani müayinəsini keçirərək müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə edilmişdir. Həmin qərardad əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş və təqdim edilən tibbi sənədlər və əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-88/2025 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır səbəbli əlaqəsi ilə müddətsiz əlillik təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, 2022-ci ilin iyul ayının 1-dən qüvvədə olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın “Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri” adlanan 3.1-ci bəndinin (K07-K10) 3.1.1-ci yarımbəndində “Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri” xəstəliklər öz əksini tapmışdır. Göründüyü kimi, K07.5 və K07.6 diaqnozlu xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1.1.2-ci bəndinin tələbləri baxımından müddətsiz əlilliyin təyininə əsas verən xəstəliklərdir. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 88/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskresion səlahiyətlərinə müdaxilə edərək iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin edə bilməzdi. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi Oruc İbişov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: 3.1. Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri 3.1.1. üz-çənə anomaliyaları (damaq, dodaq, çənə çatışmazlıqları; kontrakturalar) - K07-K10 Qiymətləndirmə: 3.1.1.2. çeynəmə və artikulyasiya funksiyasının əhəmiyyətli dərəcədə pozulması halında alt çənənin bir hissəsinin itirilməsi - 50% - müddətsiz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. İş materiallarından görünür ki, mübahisələndirilən qərar cavabdehə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə apellyasiya şikayəti göndərilmişdir. Odur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə xx.xx.2017-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli qərarı ilə şəhadətləndirildikdən sonra ona xx.xx.2017-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı ona müddətsiz əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində sonuncu dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən tərtib edilmiş göndərişdə iddiaçıya aşağıdakı diaqnozlar qoyulmuşdur: Əsas diaqnoz: T02.0 - Baş və boyun nahiyəsinin sınıqları, Baş və boyun nahiyəsində sınıqlar. Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların, titan lövhələrin çıxarılması əməliyyatdan sonrakı vəziyyəti. Çeynəmənin əhəmiyyətli dərəcədə pozulması; Ağırlaşma: M86-Osteomielit, Sol çənə şaxəsində xroniki osteomielit, çeynəmənin və nitqin pozulması; Ağırlaşma: K07.5- Funksional mənşəli çənəüz anomaliyaları; Ağırlaşma: K07.6- Gicgah-çənə oynağının xəstəlikləri; Yanaşı xəstəlik: F48.0-Nevrasteniya, Asteno-nevrotik sindrom; Ağırlaşma: S02.6-Alt çənənin sınığı, Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol tac çıxıntının 24x27 mm oynaq başının 12 mm ölçüdə defekti. Açıq dişləm sagital yarıq – 1-2 mm kontakt, 7/7, 7\7 çeynəmənin əhəmiyyətli dərəcədə pozulması. Həmçinin iddiaçının barəsində olan xx.xx.2023-cü il tarixli rentgen müayinəsindən görünür ki, iddiaçıda “üz çənədə asimmetriya müşahidə edilir. Sol çənədə bucaq sahəsindən yuxarı sınıq müəyyən edilir. Alt çənədə əng şaxəsi görünmür. Dişlər təmas etmir, alt-üst çənə ara məsafə 5 mm” olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 3.1. “Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri” adlı bəndin 3.1.1. yarımbəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üz-çənə anomaliyaları (damaq, dodaq, çənə çatışmazlıqları; kontrakturalar):” XBT-10 kodu “K07-K10” kimi təsbit olunmuş və həmin Əlavənin 3.1.1.2. yarımbəndinə əsasən “çeynəmə və artikulyasiya funksiyasının əhəmiyyətli dərəcədə pozulması halında alt çənənin bir hissəsinin itirilməsi” ilə orqanizminin funksiyalarının pozulması faizi 50 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin müddətsiz təyin olunmalı olduğu göstərilmişdir. Belə ki, iddiaçıya qoyulmuş diaqnozda olan xəstəliklər: alt çənə sümüyü defekti (12 mm) - bu, artıq “alt çənənin bir hissəsinin itirilməsi” sayılır. Çeynəmənin əhəmiyyətli dərəcədə pozulması – diaqnozda açıq şəkildə göstərilib. Xroniki osteomielit və təkrari cərrahi əməliyyatlar – daimi və geridönməz patoloji dəyişikliklərdir. Nitqin pozulması – artikulyasiya funksiyasının zədələnməsi faktıdır. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Həmçininin iş materiallarından görünür ki, iddiaçıya əvvəl də “T02.0 Baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2016) İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların, titan lövhələrin çıx-sı əməliyyatdan sonrakı vəziyyəti (xx.xx.2016).Sol çənə sümüyünün xroniki osteomieliti çeynəmə və nitqin pozulması” əsas diaqnoz, “T02.0 Baş və boyun nahiyəsinin sınıqları” və “K10.2 Çənələrin iltihabi xəstəlikləri, Sol çənə sümüyünün xroniki osteomieliti” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıya əvvəlki dövrdə təyin olunmuş əlilliklə bağlı tibbi göstəricilər və hazırkı tibbi sənədlərdə əks olunan göstəricilər eyni xarakter daşıyır. Hər iki halda alt çənə nahiyəsində anatomik defekt, çeynəmə və nitq funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, eləcə də təkrari cərrahi əməliyyatlardan sonra yaranmış daimi funksional məhdudiyyətlər müşahidə olunur. Bu isə göstərir ki, iddiaçının xəstəliyi keçici deyil, stabil və davamlı xarakter daşıyır, yəni onun əvvəlki əlillik təyinatına əsas olan patoloji vəziyyət indiyədək aradan qalxmayıb. Buna görə də əvvəlki dövrdə eyni tibbi göstəricilərlə əlillik təyin edilməsi faktı indiki vəziyyətin də həmin meyarlara tam uyğun olduğunu bir daha təsdiq edir. Bundan başqa əlilliyin səbəbinə münasibətdə isə işdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli qərarından görünür ki, iddiaçıda olan “üzün küt travması (xx.xx.2016) nəticəsində çənə sümüyünün sol oynaq çıxıntısının qeyri-düzgün bitişmiş sınığına görə aparılmış çənə sümüyünün sol oynaq çıxıntısının acıq üsulla repoziyası və internal fiksasiyası (xx.xx.2016), çənənin sol oynaq başı və tac çıxıntısının qeyri-düzgün bitişən sınığı və osteomielitinə görə aparılmış çənənin sol oynaq və tac çıxıntılarının, titan lövhələrinin xaric edilməsi (xx.xx.2016) cərrahi əməliyyatlarından sonrakı sol tac çıxıntısının 24x27mm, oynaq başının 12 mm. ölçüdə sümük defekti. Üz-çənə nahiyəsinin kontrakturası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması ilə.” diaqnozu Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır kimi müəyyən edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin əlilliyin səbəbinə münasibətdə də gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmasının qanunsuz və əsassız sayılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur. Cavabdeh isə apellyasiya şikayətinin dəlilində bildirmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə orqanın diskresion səlahiyyətinə müdaxilə edərək iddianı təmin etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-88/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar