Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-363/2025 11.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2614/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə dövlət qulluğunda son 24 ayda aldığı orta aylıq əmək haqqının 49%-i həcmində (09 il dövlət qulluğunda iş stajına görə) dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən təyin olunaraq ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Yaşı tamam olan tarixdə proaktiv qaydada ümumi əsaslara ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin o, müxtəlif illərdə dövlət qulluğu hesab olunan vəzifələrdə işləmişdir. Son dövlət qulluğunda iş yeri Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Aparatında məsləhətçi vəzifəsi olmuşdur. İddiaçının Dövlət qulluğunda xx.xx.2017-ci il tarixə qədər cəmi 09 il 06 ay 23 gün iş stajı var. Bu tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq (əmək kitabçasına əsasən) dövlət qulluğunda iş stajı xx.xx.1987ci il tarixdən xx.xx.1991-ci il tarixədək 4 il 12 gün, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 05 il 06 ay 11 gün (ümumi 09 il 06 ay 23 gün) təşkil etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2022-ci il tarixdən vəzifə maaşı 495,00 manat (yerli icra hakimiyyətində məsləhətçi), vəzifə maaşına əlavə 495,00x10%=49,50 manat, mükafat və müavinət 495,00x800% :24=165,00 manat, 3-cü dərəcəli dövlət qulluqçusu 55,00 manat cəmi 764,50x53%=405,18 manat, xx.xx.2023-cü il tarixdən 405,18x14,7%=464,74 manat, xx.xx.2024-cü il tarixdən 464,74x11,2%=516,79 manat şəklində xx.xx.2017-ci il tarixədək qüvvədə omuş qanunvericiliyin tələblərinə əsasən, təyin olunaraq ödənilməlidir. Bununla bağlı iddiaçının cavabdeh orqana bir neçə dəfə müraciəti olsa da müsbət cavab ala bilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2614/2025 saylı qərardadı ilə (hakim R.Tağıyeva) İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, cavabdehin üzərinə xx.xx.2017-ci ilədək qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğunda son 24 ayda aldığı orta aylıq əmək haqqının 49% həcmində (09 il dövlət qulluğunda stajına görə) dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən təyin olunaraq ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, xx.xx.1957ci il təvəllüdlü olmaqla pensiya yaşına xx.xx.2022-ci ildə çatmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan məzmununa uyğun olaraq dövlət qulluqçusu kimi pensiyanın təyin olunması üçün onun azı 5 il stajının olması ilə yanaşı həm də 1 iyul 2017-ci il tarixədək qanunvericilikdə nəzərdə tutulan pensiya yaşına çatmalı idi. Başqa sözlə, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdə yarandığı üçün onun barəsində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan mətninin tətbiq edilməsi qanunauyğun hesab edilmir. Pensiya hüququ xx.xx.2022-ci il tarixdə yarandığı üçün həmin vaxt qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Həmin vaxt və hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmaq üçün minimum 15 il dövlət qulluğu stajı mövcud olmalıdır. Ona görə də məhkəmə hesab edir ki, pensiya hüququ yarandığı zaman və hazırda qüvvədə olan qanunvericilik normalarında nəzərdə tutulan dövlət qulluqçusu kimi pensiyaya çıxmaq üçün minimum staj tələbi ödənilmədiyindən iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Yaşı tamam olan tarixdə proaktiv qaydada ümumi əsaslara ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin müxtəlif illərdə dövlət qulluğu hesab olunan vəzifələrdə işləmiş, son dövlət qulluğunda iş yeri Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Aparatında məsləhətçi vəzifəsi olmuşdur. Dövlət qulluğunda xx.xx.2017-ci il tarixə qədər cəmi 09 il 06 ay 23 gün iş stajı var. Bu tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq (əmək kitabçasına əsasən) dövlət qulluğunda iş stajı xx.xx.1987ci il tarixdən xx.xx.1991-ci il tarixədək 4 il 12 gün, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 05 il 06 ay 11 gün olmaqla ümumi 09 il 06 ay 23 gün təşkil edir. Hesab edir ki, xx.xx.2022-ci il tarixdən vəzifə maaşı 495,00 manat (yerli icra hakimiyyətində məsləhətçi), vəzifə maaşına əlavə 495,00x10%=49,50 manat, mükafat və müavinət 495,00x800%:24=165,00 manat, 3-cü dərəcəli dövlət qulluqçusu 55,00 manat cəmi 764,50x53%=405,18 manat, xx.xx.2023-cü il tarixdən 405,18x14,7%=464 74 manat, xx.xx.2024-cü il tarixdən 464,74x11,2%=516,79 manat şəklində xx.xx.2017-ci il tarixədək qüvvədə omuş qanunvericiliyin tələblərinə əsasən, təyin olunaraq ödənilməlidir. Onun dövlət qulluğunda iş stajı xx.xx.2017-ci il tarixə qədər olduğundan dövlət qulluğundakı 9 il iş stajına görə əmək pensiyası da o vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanmalıdır. Məhkəmə dövlət qulluğunda qazandığı 9 il iş stajını xx.xx.2017-ci il tarixinədək qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanması xüsusiyyətinə diqqət yetirmədən cavabdehin fikirləri ilə razılaşmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləvğ edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi onun xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək və xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək dövlət qulluğunda olan 9 il 6 ay 17 günlük stajına görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1. və 20.11.2. maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edir. Belə ki, normanın həmin dövrdə qüvvədə olan mətninə əsasən dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla pensiyaya əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında (hazırda qüvvədə olan redaksiyada); 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (hazırda qüvvədə olan redaksiyada). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarını hərtərəfli araşdıraraq düzgün nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi pensiya hüququ yalnız onun pensiya yaşına çatdığı tarixdə – xx.xx.2022-ci ildə qüvvədə olan qanunvericiliyin tələbləri əsasında qiymətləndirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasının tətbiqi üçün iddiaçının həmin tarixədək həm qanunda nəzərdə tutulan yaş həddinə çatması, həm də tələb olunan qulluq stajını toplaması zəruri idi. Lakin iddiaçı pensiya yaşına yalnız 2022-ci ildə çatdığından, 2017-ci ildən sonrakı qüvvədə olan hüquqi tənzimləmələr onun işinə tətbiq olunmalıdır. Qanunvericiliyin hazırda qüvvədə olan müddəalarına görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmaq üçün minimum 15 il qulluq stajı tələb edilir. İş materialları ilə təsdiq olunduğu kimi, iddiaçının dövlət qulluğunda cəmi 9 il 6 ay 17 gün stajı mövcuddur və bu göstərici minimum həddi ödəmir. Bu hal tərəflər arasında da mübahisəsizdir. Belə olduqda, iddiaçının tələb etdiyi statusda pensiya hüququnun mövcudluğu üçün zəruri şərtlərin olmadığını birinci instansiya məhkəməsi düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüququn mövcudluğu yalnız normativ aktlarda nəzərdə tutulmuş qaydalara riayət edilməklə yaranır. Dövlət qulluqçusu kimi pensiya hüququnun tanınması üçün tələb olunan minimal qulluq stajı mövcud olmadığından, iddiaçının başqa şəxsdən (cavabdehdən) belə pensiyanın təyin edilməsini tələb etmək ixtiyarı yaranmır. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun mövcud olmaması barədə nəticəsi tam qanuni və əsaslıdır. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir, həmçinin hüququn pozulmasıda müəyyən edilmir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2614/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-363/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-363/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver