Məhkəmə qərarları › İş №2-1(104)-364/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-364/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-364/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövrün əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. NT-İ ******* nömrəli əmək kitabçasına əsasən X7 xx.xx.1996-cı il tarixdən xx.xx.2004cü il tarixədək Kiçik-Qaramurad kənd mağazasında satıcı işləmişdir. xx.xx.2004-cü il tarixli AZ-İ 104335 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X7 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)133-2014 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, İddiaçı 1977- 1995-ci illərdə sabiq “Sovet Ukraynası” adına sovxozda işləməsi müəyyən edilmiş, İddiaçı 1977-1995-ci illərdə sabiq “Sovet Ukraynası” adına sovxozda fəhlə işlədiyi illərin onun əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarına əsasən, sosial müavinət alır. Əmək haqqı cədvəlləri aşkar edilmədiyindən və ad uyğunsuzluğu olduğundan xx.xx.1996-xx.xx.2004-cü illərin sığorta stajına daxil edilməməsi səbəbi ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 xx.xx.2024-cü il tarixli aktından görünür ki, İsayeva (Ələkbərova) Şərvanı Novruz qızının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında işləməsi faktı Gədəbəy rayon Kooperativ Cəmiyyətində qarşılıqlı araşdırılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əmr kitabına əsasən, şəxsin xx.xx.1996-cı il tarixli 36 nömrəli sərəncam ilə Kiçik Qaramurad kənd mağazasına adı Şərvanı kimi qeyd edilməklə yəni X2 olmaqla satıcı təyin edilmişdir. xx.xx.2004-cü il il tarixli, 8 nömrəli sərəncam ilə adı Şərabanı kimi qeyd edilməklə yəni X4 öz xahişi ilə işdən azad edilmişdir. Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri aşkar edilmədiyindən əmək haqqı məlumatlarının yoxlanılması mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli sosial müavinətlər üzrə qərarına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunanlar öz əksini tapmışdır. Azərbaycan Respublikası Mərkəzi Kooperativlər İttifaqı “Azərİttifaq” Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9 həqiqətən 30 dekabr 1996-cı il tarixdə 56 nömrəli sərəncam ilə Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin KiçikQaramurad kənd mağazasına satıcı təyin edilmiş və 17 iyun 2024-cü il tarixdə işdən azad edilmişdir. Satıcıların əmək haqqı etdiyi pərakəndə satış dövriyyəsi ilə hesablandığına görə ona əmək haqqı hesablanmamışdır. xx.xx.1996-cı il tarixli 56 nömrəli və xx.xx.2004-cü il tarixli 08 nömrəli sərəncamlara əsasən, müvafiq olaraq X1-Qaramurad kənd mağazasına satıcı təyin edilmiş və işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında xx.xx.1996cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətini əks etdirən sosial sığorta stajının sosial sığorta stajına hesablanılmaqla, yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş və hal-hazırda orada qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. xx.xx.2012-ci il tarixdə həmin vaxtı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, TSEK tərəfindən ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və 2021-ci ilin noyabr ayının 15nə kimi əlil kimi pensiya almışdır. xx.xx.2021-ci il tarixdən əlil kimi pensiyası dayandırılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, xx.xx.2024-cü il tarixdə yaşı 63 il, 6 ay olduğuna görə, yaşa görə pensiya almaq hüququ yarandığından şəxsiyyət vəsiqəsi, əmək kitabçası, eləcə də digər lazımi sənədlərini toplayıb Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh orqan ona 14 iyun 2024-cü il tarixdə, 3- 17-1/2-1-141467/2024 saylı imtina məktubu ilə bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun pensiya işində olan sənədləri araşdırarkən müəyyən edilmişdir ki, onun yalnız Gəncə İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən sığorta stajı 18 il təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən, xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun əmək kitabçasının surətində qeyd olunanların mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən, xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X3 xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən, əmək kitabçasının surətində qeyd olunmuş Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında xx.xx.1996cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti zamanı işə daxilolma və işdənçıxma qeydlərində onu adında uyğunsuzluq aşkarlanmışdır (xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamla Şərvani adı ilə işə qəbul edilməsinə baxmayaraq xx.xx.2004-cü il tarixli 8 nömrəli sərəncamla Şərabani kimi qeyd edilərək işdən azad edilmişdir). Həmçinin, Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri aşkar edilmədiyi üçün iddiaçının əmək haqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. O, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, əvvəla onun Gəncə İnzibati Məhkəməsinin qərarı ilə sosial sığorta stajı 18 il deyil, 19 il müəyyən edilmişdir. Bundan əlavə iddiaçının Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik- Qaramurad kənd mağazasında xx.xx.1996-cı il tarixdən, xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətinin cavabdeh orqan tərəfindən sığorta stajına hesablanmaması, Konstitusiyaya, insan haqlarına, eləcə də onun ədalətli pensiya almaq hüququna tamamilə ziddir. Belə ki, həqiqətən də o, həmin kooperativdə işləmiş, hər ay əmək haqqı almışdır. Bu onun iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən də tam təsdiq olunur. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. O, hesab edir ki, cavabdeh orqan qərəzli olaraq onun 7 ildən artıq sosial sığorta stajını nəzərə almır. Ona görə də iddiaçının hüquqlarını bərpa etmək üçün məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Yuxarıda qeyd olunan əsas və səbəblərə görə o, hesab edir ki, Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında xx.xx.1996-cı il tarixdən, xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətini əks etdirən sosial sığorta stajı nəzərə alınmaqla, xx.xx.2024cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının üzərinə qoyulması barədə ədalətli qərar çıxarılmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövrün əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı Ş.X14 daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-1414677/2024 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə əsasən, İddiaçı sığorta stajı qanunla nəzərdə tutlandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının pensiya işində olan Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən, sığorta stajı 18 il təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X3 xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən, əmək kitabçasının surətində qeyd olunmuş Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında xx.xx.1996cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti zamanı işə daxilolma və işdənçıxma qeydlərində adında uyğunsuzluq aşkarlanmışdır. (xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamla Şərvanı adı ilə işə qəbul edilməyinə baxmayaraq xx.xx.2004-cü il tarixli 8 nömrəli sərəncamla Şərabani kimi qeyd edilərək işdən azad edilmişdir). Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əməkhaqqı cədvəlləri aşkar edilmədiyi üçün İddiaçı əməkhaqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövr əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyinə şübhələrin olmasını bildirsə də, həmin şübhələrin nədən ibarət olmasını göstərməmişdir. Ona görə də məhkəmə hesab edir edir ki, iddiaçının xx.xx.1996cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında işləməsi onun əmək kitabçası ilə müəyyən olunmalıdır. Həmçinin iddiaçının işdən azad olunması barədə sərəncamda adının səhvən Şərəbani yazılması onun həmin mağazada işləmədiyi anlamına gəlmir. Belə ki, iddiaçının işə qəbul sərəncamında adı düzgün qeyd edilmiş, bu isə iddiaçının həmin mağazada satıcı təyin edilərək işləməsi halını müəyyən edir. Digər tərəfdən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında satıcı işlədiyi dövrdə əmək haqqı alıb-almaması barədə məlumatın olmaması həmin dövrün iddiaçının əmək stajına hesablanmasını istisna etməməlidir. Ona görə də xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan 7 il 5 ay 16 gün iddiaçının əmək stajına hesablanmalıdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)133-2014 nömrəli qərarına əsasən, iddiaçının sığorta stajına daxil edilən 18 ilə iddiaçının Kiçik Qaramurad kənd mağazasında işlədiyi 7 il 5 ay 16 gün əlavə olunmaqla İddiaçı ümumi əmək stajı 25 il 5 ay 16 gün təşkil edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İsayeva (Ələkbərova) Şərvanı Novruz qızının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında işləməsi iddiasının qanuni əsaslarla təsdiqlənmədiyi aşağıdakı hüquqi dəlillərlə sübut olunur. 1. Şəxsin eyniləşdirilməsində ciddi ziddiyyətlər mövcuddur: xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamda adı "Şərvanı" kimi; xx.xx.2004-cü il tarixli 8 nömrəli sərəncamda isə "Şərəbanı" kimi qeyd edilmişdir. 2. "Azərittifaq" Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəsmi məktubunda xx.xx.1960-cı il təvəllüdlü X6 təyin edilməsi haqqında məlumat verilir ki, bu da sənədlərdəki adlarla uyğunsuzluq yaradır. Hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edən fakt - iddiaçının iddia edilən dövr ərzində: Əmək haqqı almadığı; Məcburi dövlət sosial sığorta ödənişlərinin edilmədiyi; Pərakəndə satış dövriyyəsinə əsaslanan əmək haqqı hesablamasının aparılmadığı təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın müvafiq maddələri (3.2, 3.4 və 4.1) tələb edir ki, əmək kitabçasındakı qeydlər konkret əmr və sərəncamlara istinad etməli; Rəsmi sənədlərdəki məlumatlar bir-biri ilə tam uyğun olmalı; İşəgötürən tərəfindən qeydiyyat prosedurları dəqiq yerinə yetirilməlidir. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə İnzibati Məhkəməsinin iddianın təmin edilməsinə dair xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, imtina məktubu ilə iddiaçının pensiya işində olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən sosial sığorta stajının 18 il təşkil etdiyi, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmiş və ona xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. Cavabdeh imtinasının əsası kimi bildirmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X3 xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyətini zamanı işə daxilolma və işdənçıxma qeydlərində adında uyğunsuzluq aşkarlanıb (xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamla Şərvanı adı ilə işə qəbul edilməyinə baxmayaraq xx.xx.2004cü il tarixli 8 nömrəli sərəncamla Şərabani kimi qeyd edilərək işdən azad edilmişdir). Həmçinin Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əməkhaqqı cədvəlləri aşkar edilmədiyi üçün əməkhaqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sığorta stajının mübahisələndirilən hissəsi onun xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında işlədiyi dövrlər olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik- Qaramurad kənd mağazasında işləmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)133-2014 nömrəli qərarına əsasən iddiaçının 18 il əmək stajı mövcuddur ki, bu hal cavabdeh tərəfindən də qəbul edilmişdir. Göründüyü kimi iddiaçının tələbi də xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Kooperativlər İttifaqı “Azərİttifaq” Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9 həqiqətən 30 dekabr 1996-cı il tarixdə 56 nömrəli sərəncam ilə Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasına satıcı təyin edilmiş və 17 iyun 2004-cü il tarixdə işdən azad edilmişdir. Satıcıların əmək haqqı etdiyi pərakəndə satış dövriyyəsi ilə hesablandığına görə ona əmək haqqı hesablanmamışdır. xx.xx.1996-cı il tarixli 56 nömrəli və xx.xx.2004-cü il tarixli 08 nömrəli sərəncamlara əsasən, müvafiq olaraq X1-Qaramurad kənd mağazasına satıcı təyin edilmiş və işdən azad edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Göründüyü kimi iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2024-cü ildə yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdehə görə iddiaçı 25 il ümumi stajı toplamamışdır. Qanunvericiliyə görə əmək fəaliyyətinin mövcudluğunu və müddətini təsdiq edən əsas sənədlərdən biri əmək kitabçasıdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində, eləcə də Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəsmi məktubunda göstərilir ki, İddiaçı (məktubda Şərabani kimi qeyd edilsə də) xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamla satıcı vəzifəsinə təyin edilmiş, xx.xx.2004-cü il tarixli 08 nömrəli sərəncamla işdən azad edilmişdir. Bu sənədlər iddiaçının həmin dövrdə faktiki olaraq əmək münasibətlərində olduğunu təsdiqləyir. Cavabdeh tərəfin işə daxilolma və işdənçıxma qeydlərində qeyd olunan ad fərqliliyinə (Şərvanı – Şərabani) istinad etməklə iddiaçının həmin dövr üzrə əmək fəaliyyətinə şübhə etməsi və bu əsasla sosial sığorta stajının tanınmasından imtina etməsi məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, əmək kitabçası, həmin dövr üzrə həm işə qəbul, həm də işdən azad edilmə ilə bağlı mövcud olan rəsmi sərəncamlar və “Azərİttifaq” Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubunu birlikdə nəzərə aldıqda bu cür fərqliliyin texniki xarakterli uyğunsuzluq olduğu açıq-aydın görünür. Ad və ya soyad fərqliliyinə dair texniki uyğunsuzluqlar, əgər bu uyğunsuzluqlar şəxsiyyətin eyniliyini şübhə altına alacaq səviyyədə deyilsə və digər sübutlarla dəqiqləşdirilirsə, həmin şəxsə münasibətdə hüquqi nəticələrin tətbiqindən imtina üçün əsas ola bilməz. Bundan başqa cavabdeh tərəfindən iş yerinin əməkhaqqı cədvəllərinin olmaması səbəbilə əmək haqqının ödənilib-ödənilməməsi məsələsi irəli sürülsə də, bu, əmək münasibətlərinin faktını inkar etmir. Əmək kitabçası və işə qəbul və işdən azad edilmə sərəncamları mövcuddur ki, bu, əmək münasibətlərinin mövcudluğunu göstərir. Əmək haqqı cədvəllərinin tərtib edilib-edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığı üçün onun məsuliyyət sferasına aid deyildir. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixədək iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların olmaması həmin müddətin staja daxil edilməməsi üçün əsas deyildir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik- Qaramurad kənd mağazasında iddiaçının iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar