Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-367/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 saylı qərarının ləğv edilməsi, xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1959/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı pensiya işinin materialları ilə müəyyən edilir ki: - İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 nömrəli qərara əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən hesablanaraq 627,83 manat məbləğində hesablanmışdır. - “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən son üç il üçün ona ödənilmiş 7809,31 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmiş və pensiyasından ümumilikdə 315.20 manat tutularaq büdcəyə bərpa edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Mürvət Əli oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-T229391/2024 nömrəli məktubda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati organ maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirilir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 627,83 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 7809,31 manat təşkil edir.
2. İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-lQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 28 il 2 ay 6 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,27 manat (28,18 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 51,56 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1764,00 manat pensiya sığorta kapitalına uyğun 12,25 manat (1764,00:144) və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 138,81 (51,56+12,25+75,00) manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 210,66 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixinə 199,91 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 370,08 manat) əmək pensiyası təyin edilərək ona ödənilib. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7109,96 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına – 121 aya (63 il 6 ay-59 il 5 ay=49 ay+(144 ay-72 ay)) bölünməklə qanuni əmək pensiyasının (210,66 manat) üzərinə 58,76 manat (7109,96:121) əlavə edilərək pensiya məbləği xx.xx.2018-ci il tarixindən 269,42 (210,66+58,76) manata (indeksləşdirilməklə xx.xx.2024cü il tarixinə 496,62 manat) artırılmalı olduğu halda, düzgün olmayan 370,08 manat məbləğində pensiyası 426,06 manata (indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 773,02 manat) artırılmaqla ona ödənilib. Bundan başqa, əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9447,26 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına – 72 aya (144 ay-72 ay) bölünməklə qanuni əmək pensiyasının (496,62 manat) üzərinə 131,21 manat (9447,26:72) əlavə edilərək pensiya məbləği xx.xx.2024-cü il tarixindən 627,83 (496,62+131,21) manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona son üç il üzrə 7803,31 manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyini xahiş edirlər. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 627,83 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixindən təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi, əmək pensiyasından tutulmuş vəsaitin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, imtiyazlı iş stajına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. İşləməkdə davam edir və növbəti 6 ili tamam olduğundan XŞTMF-a müraciət etmiş, pensiyasının məbləği artmaq əvəzinə azaldılmışdır. Azalma ilə bağlı ona verilmiş cavab məktubunda yazılanları diqqətə çatdırmaq istəyir. Verilmiş cavabda bildirlir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 7809,31 manat təşkil edir. DSMF-nin XŞTMFnın əməkdaşları qüvvədə olan və qüvvədən düşmüş Qanunvericiliyin maddələrinə istinad edərək etdikləri hərəkətləri əsaslandırmaq istəsələr də bu alınmır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 və 114-cü maddəsini unudurlar və ya bilərəkdən istinad etmək istəmirlər. xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Deməli, cavab məktubunda deyildiyi kimi, əgər onun ümumi və xüsusi iş stajı xx.xx.1997-ci il tarixədək yetərli olsa idi (ümumi iş staj 20 il, xüsusi iş stajı 10 il) ona pensiya 50 yaşı tamam olduğu tarixdən əmək haqqına əsasən hesablanmalı idi. Birincisi onun 20 il ümumi iş stajı xx.xx.1998-ci il tarixdə tamam olur və müvafiq olaraq altı ay yaş artırma ilə 50.5 yaşı xx.xx.2009-cu il tarixdə tamam olduğundan güzəştli şərtlərlə pensiya almaq hüququ da 50.5 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdən yaranır. XŞTMF-nın əməkdaşları özləri qanunçuluğu izah etsələr də bunu nəzərdən qaçırmışlar. Yəni yaş mərhələ-mərhələ hər il 6 ay artırılır, 2000-ci ildən isə 52 yaş olur. Bu isə o deməkdir ki, ona ilkin pensiya təyinatı düzgün olaraq 2010-cu il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun xx.xx.2009-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq ödənilmişdir. XŞTMF-ın əməkdaşları bunlara fikir vermədən ədalətsiz qərar verərək pensiyasının məbləğini azaltmışlar.
5. Gəncə İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 saylı qərarının ləğv edilməsi, xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəillərlə əsaslandırılmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh nümayəndəsi X2 iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1959/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə iddianı təmin edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-1959/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan RespublikasıQanunu nəzərdə tutulmuşdur. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Belə ki, xx.xx.2006-cı ildə aparılan pensiya islahatları çərçivəsində qüvvəyə minən və yeni pensiya sistemini müəyyən edən ƏPQ-nin qəbul edilməsi ilə pensiya təyinatında köklü dəyişikliklər edilmiş, bu zaman ƏPQ-yə daxil edilən Qanunun 9.8-ci maddəsi həmin tarixədək, yəni xx.xx.2006cı il tarixədək olan təminatların qorunub saxlanılması məqsədi daşımışdır. Başqa sözlə, ƏPQ-nun 9.8-ci maddəsi məhz əvvəlki qanunla (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) qazanılmış hüququn saxlanılmasına təminat vermək məqsədi daşıyır, ƏPQ-nun qəbul edilməsindən 10 il əvvəl qüvvədə olmuş və qüvvəsini itirmiş xx.xx.1997-ci il tarixədək olan təminatların deyil, Qanuna 9.8-ci maddənin daxil edilməsi ilə qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri gözlənilmişdir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaq məqsədi daşıyır. O da qeyd edilməlidir ki, bu yanaşmanın əksi həm ƏPQ-nin 9.8-ci maddəsinin təsbit edilmə məqsədinə, həm də 1 nömrəli siyahı üzrə xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin hüquqlarına zidd olmaqla, hüquq bərabərliyi prinsipinin pozulması deməkdir. Fond tərəfindən qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Lakin xx.xx.1997-ci il tarixədək 1 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslər onlara 52 yaşdan deyil, 50 yaşdan (əvvəlki Qanunun xx.xx.1997-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətbiq edilməklə), 2 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslər isə müvafiq olaraq 57 yaşdan deyil, 55 yaşdan pensiya təyinatı və ya yenidən hesablanması qanunauyğun deyil. Oxşar hüquqi mövqe digər pensiya təyinatlarında, eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına münasibətdə də keçərlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək ƏPQ-nun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün şəxsin: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması; 3) bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması, yəni eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur. Həmin maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Şəxsin pensiya hüququ əldə etməsi isə tələb olunan bütün şərtlərin ödənilməsi halında baş verir. Məsələn: iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla xx.xx.2017-ci il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajına malik olmuş, lakin 57 yaşı xx.xx.2018-ci ildə tamam olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməyəcəkdir. Çünki qeyd edilən tarixdə artıq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli pensiya hüququ verən yaş həddi 60 yaş olmuşdur. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra məhkəmə qərarlarında əks olunması ağlabatan deyil. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyası üzrə pensiya təyinatlarında xx.xx.2017-ci il tarixədək 3 şərtdən ikisi-ümumi və güzəştli stajı ödənilən, yaş tələbi isə ödəməyənlərə pensiya təyin edilmədiyi halda, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək ümumi və güzəştli staj ödənildiyi, lakin yaş tələbi ödənilmədiyi halda qazanılmış hüquq anlayışından çıxış edərək pensiya təyin edilməsində fərqli yanaşmanın tətbiqi yolverilməzdir. Halbuki nəzərə alınmalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. Məhkəmənin cavabdehin əleyhinə olan mövqeyini o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklikdə belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən iddiaçıya son üç il üzrə 7803,31 manat artıq ödənilmiş əmək pensiyası aşkar edilmişdir. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə etirazı daxil olmuşdır. İddiaçı etirazında tələbinin dəlillərinin əsaslı olmasını göstərərək, apellyasiya şikayətinin təmin etməyərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1959/2025 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
19. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
20. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).
21. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
22. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
25. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
26. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
27. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
28. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
29. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
30. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulan mübahisələndirmə və öhdəliyin icrası haqqında iddiadır.
31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.
34. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında həmin Qanunun tənzimlədiyi münasibətlərin dairəsi, növü, həcmi müəyyənləşdirilmişdir. Preambulada qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
35. Göründüyü kimi, bu Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını), həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir.
36. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 nömrəli qərarına əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən hesablanaraq 627,83 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən son üç il üçün ona ödənilmiş 7809,31 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmiş və pensiyasından ümumilikdə 315.20 manat tutularaq büdcəyə bərpa edilmişdir.
37. Bundan sonra, İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda ona yuxarıda qeyd edilən hallar bildirilmişdir.
38. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən hesablanması ilə bağlıdır.
39. Belə ki, cavabdeh orqan iddiaçının onun şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması barədə müraciətinə baxan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan - xx.xx.2010cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olmasını müəyyən etməsinə əsaslanmış və hesab etmişdir ki, iddiaçıya 50 yaşdan - xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı qanunsuz olmuşdur. Buna görə də, yenidən hesablama zamanı pensiyanın təyinat tarixini xx.xx.2010-cu il kimi qəbul edərək, artıq ödəmələr müəyyən etmiş, iddiaçının pensiyasından qismən tutma aparmış və qalan məbləğin ödənilməsini tələb etmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
41. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə oln halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
42. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
43. Belə ki, məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan 4 fəsli mövcuddur ki, belə növdən olan inzibati mübahisələrdə iddiaçı olan şəxs sözügedən fəsildə müəyyən edilmiş müddəalara tam riayət etdikdən sonra, yəni inzibati icraatı yekun olan qərarı qəbul edib cavabdehə təqdim etdikdən sonra cavabdeh həmin qərarla razılaşmadığı halda, iddiaçının məhkəməyə müraciət etmək hüququ olur.
44. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
45. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
46. İşin hallarından göründüyü kimi cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişsiz inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu və mülahizələrini təqdim etməsini təmin etmədən hazırda mübahisələqdirilən aktı qəbul etmişdir.
47. Halbuki sadalanan normalardan göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
48. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 nömrəli qərarla pensiyanın təyin olunduğu tarixi “xx.xx.2010-cu il” qeyd edilərək müvafiq məbləğində vəsait tutulmuşdur, bu da qanuni hesab edilə bilməz.
49. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.
50. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya ödənişinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh həmin normanın müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
51. Məhkəmə kollegiyası vurğulayır ki, bu zamanı həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır.
52. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
53. Hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqları təmin edilməmişdir. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir.
54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1959/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.