Məhkəmə qərarları › İş №2-1(104)-368/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-368/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-368/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-201/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Goranboy avtonəqliyyat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Goranboy rayonunun Zeynallı kəndində anadan olmuşdur. Ona 29 noyabr 2007-ci il tarixdən İl dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01 dekabr 2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyası dayandırılmışdır. Pensiya yaşı çatdığı üçün yaşa görə pensiyaya çıxmaq istəyir. Lakin, pensiyaya çıxarkən 01 yanvar 1992-ci -ci il tarixdən 30 dekabr 2002-ci il tarixə kimi “Goranboy avtonəqiliyyat müəssəsində” sürücü işləməsi, əmək haqqı alması nəzərə alınmır. Baxmayaraq ki, həmin illər onun əmək kitabçasında sözü gedən idarə rəhbərliyinin imza və möhürü ilə təsdiqlənmişdir. Lakin, cavabdeh təşkilat Goranboy avtonəqliyyat müəssəsinin əmək haqqı cədvəllərinin mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilmədiyini əsas gətirərək həmin illəri onun sosial sığorta stajına daxıl etmir. Bu səbəbdən də iddiaçıya 01 yanvar 2022-ci il tarixdən müddətsiz olaraq yaşa görə sosial müavinat təyin edilmişdir. İddiaçı isə bununla razı deyil. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, xx.xx.1972-ci il tarixində iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qеyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2002- ci il tarixədək əmək fəaliyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Gəncə- Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Goranboy Avtonəqliyyat müəssisəsi”nin əmək һаqqı cədvəlləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən qeyd olunan dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-201/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müəssisənin əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırki tələb üzrə iddiaçıya artıq müvafiq pensiya təyin edilmişdir və bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən təqdim edilmiş “Pensiya təyinatı alt sistem”ə işlənmiş xx.xx.2023-cü il tarixli elektron qərardan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiya təyin edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar