Məhkəmə qərarları › İş №2-1(104)-369/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-369/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-369/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-146/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya xx.xx.2015-ci il tarixdə “Astma respirator çat digər xr. Obstruktiv ağ ciyər xəs.” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmiş və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin fevral ayından 2021-ci ilin noyabr ayınadək 2-ci qrup əlil kimi ona ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2014-cü ildə astma və digər yanakı xəstiiklərlə bağlı İİ qrup əlil kimi pensiyaya çıxmışdır. Onun astma xəstəliyilindən başqa, həm də vərəm plevriti, baktrerioloji və histoloji təsdiq edilmiş sağ tərəfli vərəm mənşəli eksuditiv plevritdən sonrakı kobud qalıq əlaməti, döş qəfəsinin deformasiyası, ağ ciyərin xroniki obastroktiv xəstəliyinin aşağı tənəffüs yollarının kaskin respirator infeksiyası ilə birgə müşahidə olunması xroniki obstroktiv bronxit essensial hipertaniya xəstəliyi və vazomator rinit vozamator və alleqrik rinit xəstəliyim də vardır. Axırıncı dəfə 2016-cı ilin yanvar ayında mənə 5 il müddətinə həmin xəstəliklərlə bağlı İİ qrup əllik təyin edilmişdir. Mən 2021-ci ilin yanvar ayına kimi İİ qrup əlil kimi sosial pensiya almışam. TSEK-in mənim barəmdə verdiyi 5 illik əillik müddət tamam olduğundan mən 2021-ci ilin yanvar ayının 12-də Gəncə şəhəri Kəpəz rayonu 6 saylı poliklinikaya tibbi sənədlərimi verib Tibbi Sosial Ekspert Komissiyasına forma 88-im göndərilməsini xahiş etdim. xx.xx.2021-ci il tarixdən əlilliyin təkrar qiymətləndirilməsi üçün Gəncə şəhəri 6 saylı Poliklinikanın həkim-məsləhət komissiyası tərəfindən müayinə olunmuş və göndəriş "Tibbi Sosial Ekspert Komissiyasına göndərilşin reyestri"nə daxil edilmişdir. Hər dəfə Gəncə şəhəri 6 saylı Poliklinikanın həkimməsləhət komissiyasına müraciət edib əlilliyinin bərpa olunub, olunmadığını soruşduqda, ploklinikanın baş həkimi ona "Sistem dayanıb, işləmir, get gözlə" cavabı vermişdir. 2021-ci ilin noyabr ayına kimi əlilliyi bərpa edilməmiş və onun pensiyası 2021-ci ilin yanvar ayından, noyabr ayına kimi onun günahı olmadan qanunsuz dayandırılmışdır. 2021-ci ilin noyabr ayından onun İİ qrup əlilliyi bərpa olunmuşdur. 2021-ci ilin noyabr ayından halhazıra kimi əlil kimi pensiyasını alır. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət edib ona 2021-ci ilin fevral ayından, 2021-ci ilin noyabr ayına kimi ödənilməmiş sosial müavinətin ödənilməsini xahiş etsə də, cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********0 saylı məktubla cavab vermişdir ki, onun yeni əlillik təyinatı (xx.xx.2021-ci il) ilə əvvəlki əlilliyin bitdiyi müddət (xx.xx.2021-ci il) arasında 6 aydan çox vaxt keçdiyindən həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir". Hansı ki, iddiaçı xx.xx.2021-ci il tarixdən sonra 6 ay müddətində iki dəfə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə komissiya tərəfindən müayinə olunaraq TSEKin siyahısına daxil edilmişdir. Səhiyyə nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0452003AAJKJ saylı və xx.xx.2021-ci il tarixli 0452003AAJ19 saylı arayışlar da bunu təsdiq edir. İddiaçı Azətbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edib tələbinin təmin edilməsini xahiş etsə də, cavabdeh orqan ona 05 iyul 2022-ci il tarixli, **********1 saylı məktubla imtina vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-146/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də növbəti təyinat zamanı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəkli fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq dəyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Qeyd olunan hal iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Agentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərar cavabdeh orqana xx.xx.2023- cü il tarixdə təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, Gəncə İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2-1(114)-146/2023 nömrəli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı xx.xx.2015-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilir. Əlillik müddətinin bitməsi səbəbindən iddiaçının əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər kabinetininin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyəti ilə bağlı dövlət tibb müəssisəsinin 0378003AABAQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətlədirilmiş və ikinci dərəcə əlilliyin təyin edilmsi ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalı tərəfindən xx.xx.2021-ci il tarixdən (TSEK qərarının verildiyi tarixdən) iddiaçıya "Əmək Pansiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı istinad etdiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən "əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində səxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir" müddəası xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə müəyyən olunmuş və qeyd edilən tarixdən müvafiq olaraq hesablanaraq ödənilməkdədir. Qeyd edilən dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə sosial müavinətin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ...

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə “Astma respirator çat digər xr. Obstruktiv ağ ciyər xəs.” diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmiş və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı 2021-ci ilin fevral ayından 2021-ci ilin noyabr ayınadək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı 2014-cü ildən eyni xəstəlikdən əziyyət çəkir və xx.xx.2021-ci il tarixədək (ilkin imtina tarixi) həmin diaqnozla 2-ci dərəcə əlil hesab edilmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacı var”, xx.xx.2021-ci il tarixdə “Göndərişin natamam doldurulması-ixtisaslı həkim müayinələrinin nəticələri dəqiqləşdirilsin” əsasları ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.

Bundan sonra, X1 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 10 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunduğundan, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-146/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar