Məhkəmə qərarları › İş №2-1(104)-37/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-37/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-37/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə “informasiya sistemində torpaq sahəsinin mənsubiyyəti ilə bağlı düzəliş edilməsi və X9ı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əlmakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə xx.xx.2023-cü il tarixli, 2- 1(114)-19/2023 saylı qərarından cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, Bərdə bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədilə 2010 kv.m torpaq sahəsinin İddiaçı satılmasına etiraz etmir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılması qanunamüvafiq hesab edir. Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə-Tərtər yolunun cənubunda Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə İddiaçı satılması qərara alınmışdır. 30 mart 2007-ci il tarixli Sahəseçmə aktından görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi şimaldan BərdəTərtər şose yolunun qoruma zolağı ilə, şərqdən yol və həyət ilə, qərbdən avtobazanın hasarı ilə, cənubdan isə su arxı ilə həmsərhəddir. 31 mart 2007-ci il tarixli 32 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı satılmış 2010 kv.m torpaq sahəsinə görə İddiaçı tərəfindən 703 manat nağd pul ödənilmişdir. A 002161 nömrəli xx.xx.2007-ci il tarixli X9ı və ölçüsündən görünür ki, bu sənəd Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı satılmış 2010 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə-Tərtər yolunun cənubunda BərdəYevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə Bərdə - Tərtər yolunun cənubunda Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona satılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 18 saylı qərarı nəzərə alınmaqla sözügedən torpaq sahəsinin ona satılmasına etiraz etmədikləri barədə xx.xx.2007-cı il tarixli "Sahəseçmə akt"ı verilmişdir. Həmin torpaq sahəsinə dair DT və XKnin Bərdə rayon şöbəsi tərəfindən sözügedən torpaq sahəsinə yerquruluşu plan və ölçüsü verilmişdir. xx.xx.2007-ci il tarixdə DT və XK-nin Bərdə rayon şöbəsində 32 saylı qeydlə "torpaqların alqı-satqısına dair" akt tərtib edilmiş və iddiaçı tərəfindən bələdiyyənin hesabına 703 manat pul ödənilmişdir. Daha sonra, Bərdə Bələdiyəsinin müvafiq qərarı ilə sahibkarlıq məqsədilə ona verilmiş torpaq sahəsinə dair X8 kitabında xx.xx.2007-ci il tarixdə 160 nömrə ilə uçota alınmış X9 və Ölçüsünü (Kadastr Planı) almışdır. DT və XKnın Bərdə rayon şöbəsi sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə rəy verərkən əraziyə baxış keçirilmiş və xx.xx.2007-ci il tarixli, 60 saylı Rəyi ilə 2010 kv.m torpaq sahəsinin Bərdə Bələdiyyəsinin mülkiyətində olması öz təsdiqini tapmışdır. Sözügedən Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 nömrəli qərarı ilə ona ayrılmış 0,2010 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “X2 X6”ndə xx.xx.2007-ci il tarixli, A002161 saylı plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı düzəliş edilməsi və xx.xx.2007-ci il tarixli, A002161 saylı X9 və ölçüsü sənədində qeyd olunan kordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-19/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, “X2 X6”ndə xx.xx.2007-ci il tarixli, A002161 saylı plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı (bələdiyyə mülkiyyəti kimi) düzəliş edilməsi və xx.xx.2007-ci il tarixli, A002161 saylı X9 və ölçüsü sənədində qeyd olunan kordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, X9ı və ölçüsü sənədi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun olması həmin plan və ölçü sənədində müəyyən edilmiş koordinatlar daxilində sahənin qeydə alınmasına maneə olan hal deyil. Eyni zamanda, iş üzrə verilmiş müvafiq rəydən göründüyü kimi, Bərdə şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi Elektron məlumat bazasında olmadığına görə mübahisəli torpaq sahəsinin hüquqi rejimi X3 X4 (TEKUİS-nə) əsasən müəyyən edilmişdir. Nəzərə alınsa ki, sahə 2007-ci ildə satılmış və həmin sahəyə dair həmin ildə səlahiyyətli qurum (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən X9 və ölçüsü sənədi işlənmiş, habelə sahənin üstündə tikililər inşa edilmişdir, 2016-cı ildən sonra yaradılmış bazaya sahənin monitorinqi aparılmadan dövlət mülkiyyəti kimi işlənməsinin əsası olmamışdır. Başqa sözlə, cavabdeh qurum “Azərbaycan Respublikasında X3 X6nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan sözügedən sahənin hüquqi rejimini səhv müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə mövqeyini “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X3 X6nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”n 2-ci bəndi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı tərəfindən Bərdə rayonu Bərdə bələdiyyəsinin 30 mart 2007- ci il tarixli 03 saylı qərarı ilə satılmış 0.2010 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və "X9ı və ölçüsü" sənədinin verilməsi ilə bağlı 21 sentyabr 2021-ci il tarixli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, ərazi idarəsinin mütəxəssisi sözügedən torpaq sahəsinə baxış keçirərək müəyyən olunmuş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılmışdır. Torpaq sahəsi dövlət mülkiyyətinə aid əraziyə düşdüyü üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 15.1.1-ci bəndinə uyğun olaraq bələdiyyə tərəfindən satılmış 0.2010 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus torpaq sahəsinin ərazisinə düşməsinə baxmayaraq bu hal Məhkəmə tərəfindən araşdırılmamış, müvafiq qərar qəbul etmişdir. Göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahəsi üzırində qanunvericiliyin tələblərinə zidd olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbini dəqiqləşdirərək “Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən və həmin qərar əsasında tərtib edilmiş A№002161 saylı "X9ı və ölçüsü” sənədində göstərilən 2010 kv.m. ölçüdə torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı “Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına ona satılmış 2010 kv.m. ölçüdə torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlərdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən sonrakı redaksiyada) 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada)

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...

2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 03 saylı qərarı ilə Bərdə-Tərtər yolunun cənubunda, Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 2010 kv.m ölçüdə olan torpaq sahəsi sahibkarlıq məqsədilə İddiaçı satılmış və həmin torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Bununla yanaşı 2010 kv.m torpaq sahəsinə dair keçmiş DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətinə aid əraziyə düşdüyü üçün bələdiyyə tərəfindən satılmış 0.2010 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-346/2-4476/2023 nömrəli məkutubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.2214 ha torpaq sahəsinin koordinatları ilə, ləğv olmuş DT və XK-si tərəfindən tərtib edilmiş AM 002162 nömrəli "X9ı və ölçüsü" sənədi ilə verilmiş 0.2010 ha torpaq sahəsinin məkan göstəriciləri üst-üstə düşsə də, koordinatları və sahə ölçüləri arasında uyğunsuzluq vardır (bu rəyə əlavə olunmuş sxematik planda öz əksini tapmışdır). İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.2214 hektardır. Bərdə şəhəri ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi Elektron məlumat bazasında mövcud olmadığından, Bərdə bələdiyyəsinin 30.03 2007-ci il tarixli, 03 saylı qərarı ilə 0.2010 ha torpaq sahəsi satılan zaman həmin torpaq sahəsinin hüquqi rejimini təyin etmək mümkün olmamışdır. Yalnız Elektron məlumat bazasında mövcud X3 X4 (TEKUİS-nə) əsasən həmin torpaq sahəsinin hüquqi rejimini təyin etmək mümkündür və həmin torpaq sahəsi tikinti altı torpaqlar olmaqla digər təyinatlı torpaq sahəsidir. Bundan başqa məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-46/2-87/2023 nömrəli məkutubuna əlava edilmiş rəydən görünür ki, A № 002161 saylı X9ı və ölçüsü sənədində qeyd olunan, Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinin yalnız cənub hissəsində yerləşən X1 hüquqları xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə A N 002161 saylı X9ı və ölçüsü sənədinin yerləşdiyi ərazi baza məlumatlarında dövlət əmlakı kimi qeyd edilmişdir. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən və həmin qərar əsasında tərtib edilmiş A№002161 saylı "X9ı və ölçüsü” sənədində göstərilən 2010 kv.m. ölçüdə torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmiş və cavabdehə yazılı münasibət bildirilməsi üçün göndərilsə də, cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, mübahisə predmeti olan 2010 kv.m torpaq sahəsi Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 28 oktyabr 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin 12 aprel 2007-ci il tarixli 60 saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması bildirilmiş və DTXK-si Bərdə rayon şöbəsi Bərdə bələdiyyəssinin fondundan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 2010 kv.m torpaq sahəsinin satılmasına etiraz edilməmiş və torpaqayırma sənədlərinin mövcud qanunvericiliyə uyğun hazırlandığından həmin sənədlərin əsasında iddiaçıya hüquqi sənədlərin verilməsi məqsədə müvafiq hesab edilmişdir. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Bərdə rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Bərdə rayon şöbəsində 31 mart 2007-ci il tarixdə 32 saylı qeydiyyata alınmış Torpaqıarın alqı-satqısına dair AKT, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsi tərəfindən verilmiş A N 002161 saylı “X9ı və ölçüsü” sənədi mövcud olmuşdur. Həmçinin iş materiallarında olan fotoşəkillərdən və mütəxəssis rəyinə əlavə edilmiş ortofotodan görünüşdən müəyyən edilir ki, iddiaçı tərəfindən bələdiyyənin qərarına əsasən ona verilmiş torpaq sahəsi üzərində avtomobil təmiri sexləri yerləşir. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Bundan başqa iddiaçıya verilmiş torpaq sahəsinə həmsərhəd olan torpaq sahələri üzərində başqa subyektin mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınıb-alınmaması və qeydə alınmış torpaq sahəsinin mənsubiyyəti barədə məlumatın əldə edilməsi istiqamətində aparılmış araşdırmalar nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə mübahisəli torpaq sahəsinin cənub hissəsində yerləşən X1 hüquqlarının xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınması və həmin Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2- 522/2024 saylı məktubuna əlavə edilmiş Bərdə rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 28№-li icrakom iclas protokolundan çıxarışda həmin torpaq sahəsinin həyətyanı olması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir. Belə olan halda qanunvericiliyində tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-19/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən və həmin qərar əsasında tərtib edilmiş A№002161 saylı "X9ı və ölçüsü” sənədində göstərilən 2010 kv.m. ölçüdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar