Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-370/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliklə bağlı məlumatların altsistemə daxil edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədova Günel Zakir qızının katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməsi tələbinə dair” inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-118/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA seriyalı ******* şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Zona TSEK-in xx.xx.2000-ci il tarixli, 3381 nömrəli arayışından görünür ki, İddiaçı Şamil oğlunun hərbi xidmət dövrü, ÇAES qəzasının ləğvi ilə əlaqədar İİ qrup əlilliyi müəyyən edilmişdir.
3. xx.xx.2000-ci il tartixdə verilmiş 208178 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Şamil oğluna ikinci dərəcəli ÇAES müharibə əlilidir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Zona TSEK-in xx.xx.2008-ci il tarixli, 3381 nömrəli müayinə aktından çıxarışdan görünür ki, İddiaçı Şamil oğlunun əlillik qrupu “İİ qrup”, “müddətsiz”, əlilliyin səbəbi isə “Çernobıl qəzasının ləğvi ilə əlaqədar, hərbi xidmət dövründə” kimi qeyd edilmişdir.
5. Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhəri Kəpəz rayonu şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamil oğlu ikinci dərəcə ÇAES görə 117,16 manat məbləğində pensiya alır.
6. Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008-ci il tarixli, 213 nömrəli qərarından görünür ki, İddiaçı Şamil oğluna İİ qrup ÇAES əlilliyinə görə aylıq 70 manat məbləğində ömürlük müavinət təyin edilmişdir.
7. İş materialarına əlavə edilmiş sərəncamdan görünür ki, “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanına əsasən İddiaçı Şamil oğluna ömürlük 85 manat məbləğində müavinət təyin edilmişdir.
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 139 nömrəli arayışdan görünür ki, baş leytenant 1959-cu il təvəllüdlü İddiaçı Şamil oğluna, ondan ötrü ki, o, həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1986-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində xidməti zamanı Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsində 30 km zonada iştirak etmişdir və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsində qeydiyyatdadır.
9. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 14 03.2019cu il tarixli ekspert rəyindən görünür ki, xəstəlik və ya əlilliyin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq təqdim olunmuş sənədlərə əsasən İddiaçı Şamil oğluna “radiasiyon toksiki ensefalopatiya, kəskin asteno-nevrotik vəziyyət. Radiasiyon mielopatiya” diaqnozu qoyulmuş və xəstəliyin Çernobıl AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanma ilə əlaqədar olması müəyyən edilmişdir.
10. MN Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 345 nömrəli qərarına əsasən, Gəncə şəhəri Nizami RHK-ğı tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2019-cu ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik diaqnoz “Radiasion toksiki ensefalopatiya, kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət. Radiasion mielopatiya” (Azərbaycan Respublikası SHXÇDX-nin Nizami rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 922 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli, 147 nömrəli arayışı. Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən verilmiş 14 03.2019-cu il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssis-nevropatoloqun rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının sosial müavinət, təqaüd və kompensasiya təyinatları üzrə xx.xx.2021-ci il tarixli, 330 nömrəli qərarından görünür ki, İddiaçı Şamil oğluna CAES əlillərinə verilən 2021-ci il üzrə birdəfəlik 237 manat məbləğində müavinət təyin edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-28201/2024 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı Şamil oğlunun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, vətəndaşın müayinə aktı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən əlillik səbəbinin Çernobıl AES-də hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində məlumatın Agentliyin alt sisteminə daxil edilməsi, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan güzəşt və kompensasiyaların təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 40000 manat məbləğində, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 40000 manat məbləğində mənəvi zərərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət zamanı Çernobıl AES qəzasının ləğvində baş leytenant rütbəsində iştirak etmişdir. Həmin fakt həm şəxsi işi, həm də RF SSR Müdafiə Nazirliyinin Baş Arxiv İdarəsindən alınmış arayışla təsdiq olunur. İİ qrup əlilliyi xx.xx.2000-ci il tarixdə müayinə aktı əsasında təsdiqlənmişdir. O, Prezident təqaüdçüsüdür. Hər il “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq verilən pul kompensasiyalarını və sanator-kurort putyovkalarını 2022-ci ilədək almışdır. Növbəti dəfə kompensasiya və putyovka almaq üçün Gəncə 8 nömrəli TSEK-ə müraciət etmiş və ona bildirmişlər ki, onun Çernobıl qəzasının ləğvində iştirak etməsi və radiasiya ilə əlaqədar aldığı xəstəliyi Agentlik tərəfindən təsdiq olunmalıdır. O, həmin sənədləri xx.xx.2022-ci il tarixdə Gəncə 8 nömrəli TSEK-ə təqdim etmişdir. Lakin ona bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə X5 düşməsi üçün **********5 saylı müayinə aktı və digər sənədlər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə baxmayaraq kompüter alt sistemə daxil etməmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1959/2023 nömrəli qərardadı (hakim G.Əliyeva) ilə iddia mümkün sayılmamışdır.
16. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1959/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-524/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1959/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
18. İddiaçının müvafiq ərizəsinə əsasən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-409/2024 nömrəli qərardadı ilə cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.
19. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2- 1(114)- 409/2024 nömrəli qərardadı ilə ilkin iddia tələbi “əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməsi” tələbinə dəyişdirilmişdir.
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəlləyə görə, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Bu cür iddialara öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia deyilir (İPM-in 34-cü maddəsi). Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən, inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara: buna öhdəliyin icrası haqqında iddiada deyilir; bu o deməkdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Bundan başqa Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adı çəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
21. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh nümayəndəsi X3 iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-118/2025 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı 2-ci dərəcə müddətsiz ÇAES səbəbi ilə təyin edilmiş əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
24. Məhkəmə iddianı təmin edərkən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad edərək qeyd etmişdir ki, iddiaçının dövlət orqanlarının qanuni və yazılı qərarlarına güvənərək hüquqi mövqeyini müəyyən etməsi onun etimad hüququnun birbaşa təzahürüdür. İddiaçıya ikinci dərəcəli əlillik statusu əsasında uzun müddət pensiya ödənilməsi, bu hüquqi münasibətin legitim gözləntilərin formalaşması ilə nəticələnmişdir. Beləliklə, cavabdeh tərəfindən bu statusun tanınmaması və aidiyyəti altsistemlərə daxil edilməsinin rədd olunması həm etimad hüququnun pozulması, həm də inzibati fəaliyyətin qanunauyğunluğunun pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçıya ehtimal olunan əlilliyin əsassız olması ilə bağlı 1 il müddətində əlilliyin ləğvi və ya əlilliyə görə səhv təyin olunmuş pensiya ödənişinin dayandırılması istiqamətində də hər hansı tədbir görülməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-118/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işi lazımi qaydada araşdırmayaraq, iddiaçının təqdim etdiyi arayışlara istinad etmişdir. Halbuki, İddiaçı Şamil oğlunun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. Agentlik tərəfindən iddiaçıya dair müayinələrinin arxiv araşdırmaları aparılması zamanı iddiaçının təqdim etdiyi müayinə aktı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən əlillik səbəbinin Çernobıl AES-də hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibb şəhadətləndirmə reyestrində əlillik səbəbi Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilmişdir. Bundar irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır. İddiaçınrn 2023-cü və 2024-cü illərdə müayinələrin “Əlillik” AS-ə daxil edilməsi ilə bağlı müraciətlərinə isə onun sənədlərində uyğunsuzluğun olması izah edilməsinə və dinlənilmə hüququnun həyata keçirilməsi üçün Agentliyə dəvət edilməsinə baxmayaraq, o gəlməkdən imtina etmişdir. Məhkəmə bu kimi halları nəzərə almamış, işin baxıldığı müddət ərzində də inzibati icraatın aparılması üçün Agentliyə müddət verməmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. Əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin X5 göndərilməsi, həmin göndərişlərə Tibbi sosial ekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. Hazırkı iş üzrə təqdim edilmiş arayışların tarixindən də məlum olur ki, əlillik alt sistemi mövcud olmadığı zamanda verilmişdir. Çıxarışlardan da görünür ki, MHHK qərarında müəyyən edilən xəstəlik səbəbi və müavinətlarin verilmə səbəbləri fərqlidir. Başqa sözlə, bu arayışlar qanunvericiliyin tələblərinə uyğun olaraq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilmir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının əlilliyinə dair müvafiq sənədlərin əslləri təqdim edilmədiyinə görə müvafiq inzibati icraatın aparılması mümkün olmamışdır.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1.21. Müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələridir.
31. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə: 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018- ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir - 2.1.4. “Sosial ödənişlər” altsistemi; - 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; - 2.1.8. “Pensiya” altsistemi; - 2.1.15-1. “Zəfər” altsistemi; 2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir. 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: - 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3 Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyuişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir 33.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
34. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
35. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).
36. İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
37. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
38. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
39. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
40. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
41. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
42. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
43. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
44. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
45. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan mübahisələndirmə və öhdəliyin icrası haqqında iddiadır.
46. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda qeyd olunan qanunvericilik və normativ hüquqi aktların tələblərinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs statusuna malikdir. Qeyd edilməlidir ki, Agentlik öz səlahiyyətləri çərçivəsində Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət sahələrində zəruri tədbirləri həyata keçirir və normativ hüquqi aktlarda əks olunmuş vəzifələrin icrasını təmin edir. Bu vəzifələr sırasında müvafiq sahədə elektron xidmətlərin təşkili və göstərilməsi də xüsusi yer tutur. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi çərçivəsində bir sıra altsistemlər fəaliyyət göstərir və onlardan biri olan “Əlillik” (TSERAS) altsisteminə məlumatların ötürülməsi məhz Agentlik tərəfindən həyata keçirilir.
49. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının təqdim etdiyi əlillik sənədlərinə və məhkəmə sorğusu əsasında əldə edilmiş pensiya təyinatına dair sənədlərdən aydın olur ki, iddiaçıya ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilmiş, bu əsasla pensiya (müavinət) təyin olunmuş və ikinci dərəcə əlilliyə görə ona müvafiq məbləğdə pul ödənilmişdir. İddiaçı hazırda müddətsiz əsaslarla təyin olunmuş ikinci dərəcəli əlillik statusuna malik olduğunu bildirməklə, bu məlumatın müvafiq altsistemə ötürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını tələb edir.
50. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən ona əsaslanmışdır ki, iddiaçının müayinə aktı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən əlillik səbəbinin Çernobıl AES-də “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə olmasına baxmayaraq, Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Çernobıl AES-də “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd edilmiş, bu səbəbdən də şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır.
51. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının əlilliyinə dair müvafiq məlumatlar arasında ziddiyyət olduğundan onun əlilliyinə dair məlumatların müvafiq altsistemə daxil edilməməsi ilə bağlı olmuşdur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından aydın olur ki, iddiaçıya ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilmiş, bu əsaslada ona pensiya (müavinət) təyin edilərək müvafiq ödənişlər edilmişdir. Həm birinci instansiya məhkəməsindəki icraat zamanı, həm də apellyasiya instansiyasındakı icraat zamanı iddiaçıya təyin olunan əlillik dərəcəsinin “Əlillik” altsistemində ona dair məlumat aşkarlanmaması halı ilə ikinci dərəcə əlilliyə görə pensiya alması ilə bağlı ziddiyyətli halların mövcudluğu araşdırılması və mübahisənin müvafiq inzibati icraat qaydasında məhkəmədən kənar həll edilməsinin mümkünlüyünün müzakirə edilməsi üçün sənədlərin surəti cavabdehə göndərilməklə ona vaxt verilmiş, lakin cavabdeh tərəfindən bu ziddiyyətin aydınlaşdırılması və aradan qaldırılması istiqamətində hər hansı icraat aparılmamış, səbəbləri barədə əsaslı izahat verilməmiş, əksinə vətəndaşın əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə əyani müayinəyə gəlməməsini əsas gətirmiş, həmçinin məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsi iddiaçının əlilliyinə dair müvafiq sənədlərin əslinin təqdim edilmədiyini bildirərək inzibati icraatın aparılmasının mümkün olmadığını bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası iş materiallarında mövcud olan sənədlərin məzmununa istinad edərək hesab edir ki, iddiaçıya faktiki olaraq ikinci dərəcəli Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik təyin olunmuş və buna görə də ona müvafiq ödənişlər edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik statusunun olması işin mübahisəsiz halıdır. Belə ki, həmin əlillik statusunun ləğv edilməsi, qüvvədən düşməsi və ya məhkəmə tərəfindən iddiaçının əlilliyi ilə bağlı qərarın ləğv edilməsi və ya etibarsız sayılması halı öz təsdiqini tapmamışdır. Bununla belə, cavabdeh inzibati orqan, əlilliyin təyini ilə bağlı iddiaçıya verilmiş müddətsiz ikinci dərəcəli əlillik barədə məlumatın altsistemdə olmadığına istinad edərək iddiaçının Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik statusunun olmasını inkar etmişdir. Halbuki, cavabdehin üst qurumu, başqa sözlə desək tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti üzrə yerli şöbəsi uzun müddət ərzində həmin əlillik əsasında iddiaçıya pensiya (müavinət) ödəmişdir. Bu halda, DSMF-nin uzun müddət ərzində iddiaçıya məhz ikinci dərəcəli müddətsiz əlillik əsasında müvafiq ödənişlərini həyata keçirməsi, cavabdehin üst qurumunun özü tərəfindən bu statusun faktiki olaraq tanındığını göstərir. Göründüyü kimi qeyd olunan hallar cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalı olduğu halda buna əməl edilməmişdir.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu zaman inzibati orqan tərəfindən vətəndaşın etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. Başqa sözlə, “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş müvafiq prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət etməlidir.
55. Hazırki halda iddiaçının dövlət orqanlarının qanuni və yazılı qərarlarına güvənərək hüquqi mövqeyini müəyyən etməsi onun etimad hüququnun birbaşa təzahürüdür. Belə ki, iddiaçıya ikinci dərəcəli əlillik statusu əsasında uzun müddət müvafiq ödənişlər edilməsi, həmçinin əlilliyi ilə bağlı sanatoriya-kurort göndərişlərişlərindən istifadə etməsi bu hüquqi münasibətin legitim gözləntilərin formalaşması ilə nəticələnmişdir.
56. Bundan əlavə qeyd edilməlidir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
57. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir.
58. Lakin hazırki iş üzrə iddiaçıya ehtimal olunan əlilliyin əsassız olması ilə bağlı 1 il müddətində əlilliyin ləğvi və ya əlilliyə görə səhv təyin olunmuş pensiya ödənişinin dayandırılması istiqamətində də hər hansı tədbir görülməmişdir.
59. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının əlilliyinə dair sənədlərin bir qismində əlillik səbəbinin Çernobıl AES-də “hərbi xidmət dövrü ilə əlaqədar”, bir qismində isə Çernobıl AES-də “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd edildiyinə görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu hal dolayısı ilə iddiaçının əlilliyinin cavabdeh tərəfindən qəbul edildiyini, lakin sənədlərdə qeyd olunan əlillik səbəblərindəki fərqlərdən dolayı bundan imtina etdiyini ehtiva edir.
60. Cavabdehin bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyə dair sənədlərdə əlilliyin səbəbləri arasında fərqlərin mövcudluğu iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının əlilliyinə dair sənədlər bu sahədə müvafiq səlahiyyətli orqanlar tərəfindən tərtib edildiyindən həmin sənədlərdəki ziddiyyətlərə görə də həmin orqanlar məsuliyyət daşıyır. Qeyd olunan ziddiyyətli məqamların da aydınlaşdırılması bu halda cavabdeh inzibati orqanın üzərinə düşmüşdür.
61. Beləliklə, cavabdeh tərəfindən iddiaçının statusunun mübahisələndirilməsi və aidiyyəti altsistemlərə daxil edilməsinin rədd olunması həm etimad hüququnun pozulması, həm də inzibati fəaliyyətin qanunauyğunluğunun pozulması kimi qiymətləndirilməlidir.
62. Hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamışdır. Buna görə də, cavabdehin faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir.
63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-118/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.