Məhkəmə qərarları › İş №2-1(104)-371/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-371/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-371/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-247/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Gəncə şəhəri, Kəpəz rayonu ƏSMM tərəfindən İddiaçı adına verilmiş 07 yanvar 1990-cı il tarixli, 020275 saylı vəsiqənin surətindən məlum olur ki, vəsiqəni təqdim edən şəxsin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Vəsiqə Azərbaycan Respublikası ərazisində xx.xx.1990-cı il tarixdən etibarlıdır. 123 nömrəli, Kəpəz rayon İcra Hakimiyyəti başçısı tərəfindən təqdim edilən vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid X4 arvadı olaraq şəhid ailəsi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02 oktyabr 2019-cu il tarixli, 20/2749 nömrəli məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanının 8-ci maddəsinə müvafiq olaraq Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən göndərilmiş “1997-ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahısı”nda X4 adı (№1715) vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli arayışında bildirilir ki, X6 xx.xx.1992-ci il tarixdən N və N nömrəli hərbi hissədə qulluq etmiş və hərbi vəzifələrini yerinə yetirərkən xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində törədilən özbaşınalıq zamanı həlak olmuşdur. Gəncə şəhər Kəpəz rayonu Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli, 4/123 nömrəli arayışında bildirilir ki, X6 hərbi vəzifəsini yerinə yetirərkən xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində həlak olmuşdur. xx.xx.2021-ci il tarixli AZ-İİ 177154 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə ölmüş, ölümün səbəbi «bədəninin çoxlu sayda güllə yaraları» olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilir ki, X4 hansı səbəb və şəraitdə həlak olması, habelə “şəhid” hesab edilməsi barədə məlumat olmadığına görə onun adının 11000 (on bir min) manat sığorta məbləğinin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi mümkün deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 15 avqust 2023-cü il tarixli, 3-17-1/2-183314/2023 nömrəli məktubunda qeyd olunur ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı şəhidliklə bağlı hər hansı növ müavinət və təqaüd təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, İddiaçı verilmiş 020275 nömrəli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən gözəştlər haqqında” 2 sentyabr 1993-cü il Azərbaycan Respublikası Qanununda göstərilən güzəştlər və imtiyazlar istifadə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş hər hansı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 43-18/2-1315/2023 nömrəli məktubdan görünür ki, mərhum X5 “şəhid” statusunun verilibverilməsi və ya ləğv edilməsi barədə heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X5 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X6 hərbi toplanışa çağrılmaqla hərbi hissədə qulluq etmiş və vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Təşkilati Səfərbərlik İdarəsi tərəfindən göndərilmiş “1997-ci ilin avqustun 2-dək həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahısı”nda X4 adı (1715) vardır. İddiaçının mərhum əri Mehman Cəfərovun adının AR Prezidentinin qəbul etdiyi fərmana əsasən siyahıda olmasına baxmayaraq sonradan onun adının həmin siyahıdan çıxarılması ilə bağlı cavabdeh tərəfindən hər hansı qərar qəbul edilməmişdir, eyni zamanda buna dair yerli icra hakimiyyəti orqanının qərarı yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, müvafiq komissiyanın qərarına əsasən mərhum ərinin şəhid statusunun ləğv edilməsi əsassızdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-247/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum ərinin şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-247/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İş üzrə cavabdehə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Şəhid və şəhid ailəsi anlayışı. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddiaçı tələbində mərhum əri X4 hərbi vəzifələrini yerinə yetirərkən xx.xx.1993-cü il tarixdə həlak olduğuna görə şəhid statusuna məxsus olduğunu, lakin sonradan hər hansı qərar verilmədən bu barədə statusun ləğv edildiyini iddia edərək cavabdehdən mərhum ərinə şəhid statusunun verilməsi xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri... şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. İstər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunda, istərsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyildir. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilmiş digər inzibati orqan tərəfindən ləğv edilə bilər. Hazırkı halda, iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin iddiaçının mərhum ərinə şəhid adı vermək, eləcə də onun statusunu ləğv etmək kimi səlahiyyəti olmamışdır. İşdə olan Gəncə şəhəri, Kəpəz rayonu ƏSMM tərəfindən İddiaçı adına verilmiş 07 yanvar 1990-cı il tarixli, 020275 saylı vəsiqənin surətindən məlum olur ki, vəsiqəni təqdim edən şəxsin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 3 sentyabr 1993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Vəsiqə Azərbaycan Respublikası ərazisində xx.xx.1990-cı il tarixdən etibarlıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 15 avqust 2023-cü il tarixli, 3-17-1/2-183314/2023 nömrəli məktubunda qeyd olunur ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı şəhidliklə bağlı hər hansı növ müavinət və təqaüd təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, İddiaçı verilmiş 020275 nömrəli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən gözəştlər haqqında” 2 sentyabr 1993-cü il Azərbaycan Respublikası Qanununda göstərilən güzəştlər və imtiyazlar istifadə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş hər hansı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 43-18/2-1315/2023 nömrəli məktubdan görünür ki, mərhum X5 “şəhid” statusunun verilməsi barədə tərəflərindən heç bir məlumat yoxdur. Göründüyü kimi, mərhum X5 şəhid statusunu təsdiq edən vəsiqə verilmiş və bu statusunun və şəxsə məxsus olan vəsiqənin ləğv edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi iş materialları ilə müəyyən olunmamışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iki halda iddia qaldırıla bilər: hazırki cavabdehə qarşı şəhidlik statusunun ləğv edilməsi ilə bağlı qərarın etibarsızlığına dair “müəyyənetmə və tanınma haqqında” iddia (əgər müvafiq inzibati akt qəbul edilmiş olsa idi); - müvafiq ödənişləri həyata keçirən orqana qarşı ödənişin bərpa edilməsi ilə bağlı iddia. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının mərhum ərinin şəhidlik statusunun ləğvi ilə bağlı inzibati akt qəbul edilməyib (ən azından məhkəmə icraatı zamanı təqdim edilməyib) və iddiaçının hüquqi marağı mərhum ərinin şəhid statusuna malik olmasıdır İddiaçının mərhum əri hərbi hissədə xidmətdə olduğundan, qanunvericiliyə əsasən, şəhidlik statusu ilə bağlı məsələ də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsi tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 43-18/2-1315/2023 nömrəli məktubda X5 “şəhid” adının ləğv edilməsi ilə bağlı hər hansı məlumat olmadığı qeyd edildiyindən, iddiaçının “şəhid” adının ləğv edilməsi ilə bağlı qərarın mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək zərurəti yoxdur. Çünki, iddiaçının mərhum ərinə “şəhid” statusunun olması barədə verilmiş vəsiqə ilə statusun verilməsi təsdiqlənir, onun ləğvi ilə bağlı hər hansı inzibati aktın qəbul edilməsinə dair sübut isə mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki tələb üzrə iddianın digər mümkünlük şərtlərindən biri olan iddia tələbi üzrə ilkin olaraq hazırki cavabdeh inzibati orqana müraciət etməsi də iş materiallarında aşkar olunmamışdır. Belə ki, işdə olan sənədlərə əsasən iddiaçı mərhum əri X4 hərbi vəzifələrini yerinə yetirərkən xx.xx.1993-cü il tarixdə həlak olduğuna görə şəhid statusunun olduğunu, lakin sonradan hər hansı qərar verilmədən bu barədə statusun ləğv edildiyini iddia edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mərhum ərinə şəhid statusunun verilməsi ilə bağlı ilkin olaraq müraciət etmişdir (qəbz iş.v 4). Beləliklə birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı, Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-247/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Afiq Hüseynzadə, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar