Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-371/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Tovuz rayonu Alakol bələdiyyəsi) iş Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-467/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə ona verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-S-01xx-xx/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0,08 həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə AzCAD məlumat bazası arasında uyğunsuzluq vardır. Bu uyğunsuzluğun araşdırılması üçün qonşu torpaq istifadəçilərinin, yerli icra nümayəndəsinin və bələdiyyənin iştirakı yerində GPS ölçü aləti vasitəsilə çöl-ölçmə işlərinin aparılması zərurəti vardır. Odur ki, iddiaçının, qonşu torpaq istifadəçilərinin, yerli icra nümayəndəsinin və bələdiyyənin iştirakı ilə birlikdə faktiki istifadə vəziyyətində torpaq sahələrinin ölçülməsi üçün vətəndaşların iştirakının təmin ediləcəyi və torpaq sahələrinin yerləri təqdim ediləcəyi təqdirdə müraciətə baxıla bilər.
İşdə olan sənədlər:
2. Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli protokolqərarı ilə İddiaçı həyətyanı məqsədi ilə 800 kv.m torpaq sahəsi satılmışdır.
3. xx.xx.2007-ci il tarixli şəhadətnamə aktına əsasən, DT və XK Tovuz rayon şöbəsinin aparıcı məsləhətçisi Ə.Abduləliyev, Tovuz rayon Alakol bələdiyyəsinin sədri B.H.Hüseynov və İddiaçı iştirakı ilə 0,08 ha torpaq sahəsi ölçülərək sonuncuya verilmişdir.
4. xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən, Alakol bələdiyyəsinin ərazisində 0.08 ha torpaq sahəsinin İddiaçısatılması barədə xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində onun tərəfindən Tovuz rayon BUSB bankının ********** saylı hesabına əvvəlcədən 300 manat haqq ödənilmiş, akt xx.xx.2007-ci il tarixdə 60 nömrə ilə Komitənin Tovuz rayon torpaq şöbəsində qeydiyyata alınmışdır.
5. X8 kitabında xx.xx.2014-cü il tarixdə 2405 nömrə ilə uçota alınmış A480681 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə satılmış 800 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2- 1705/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayon Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı əsasında Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair Sadıqov llqar llyas oğlunun adına tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin arxiv nüsxəsi mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyətinin konfiqurasiyası və koordinatları ilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanı əsasında hazırlanmış X2 X4 (TEKUİS və AzCAD) olan torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq vardır. AN480681 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 0.08 ha həyətyanı torpaq sahəsi TEKUİS və AZzCAD məlumat bazasına əsasən mülkiyyət növü dövlət, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı, tikinti altında olan torpaqlar (həyətyanı sahə) kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi üzərində hər hansı şəxs və ya şəxslərin və hər hansı orqanın hüquqları dövlət qeydiyyatına alınmamışdır.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2- 5923/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İddiaçının istifadəsində olan və A seriyalı 480681 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş torpaq sahəsi elektron baza məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı sahələrin altında olan torpaqlar və Dövlət mülkiyyəti kimi verilmişdir. - X8 kitabında xx.xx.2014-cü il tarixdə 2405 nömrə ilə qeydiyyata alınmış A seriyalı 480681 nömrəli torpaq sahəsi ilə iddiaçının iddia etdiyi (istifadə etdiyi) torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən üst-üstə düşür. - Torpaq sahəsində hər hansı tikil mövcud deyil. - Torpaq sahəsinin daxilindən Un 10 kV elektrik hava ötürücü xətti keçir. - Torpaq sahəsi baza məlumatlarına əsasən hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Qeyd: Rəyin tərtib edilməsi zamanı "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin ( TEKUİS) məlumatlarına istinad edilmişdir.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2- 4446/2025 nömrəli məktubunda qeyd edilmişdir ki: - RX seriyalı, ******* nömrəli , xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışla X3 məxsus torpaq sahəsindən Un 10 kV elektrik hava ötürücü xəttinə qədər məsafə 24.8 metr, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********51-12301 nömrəli, **********51-12301 reyestr nömrəli çıxarışla X1 və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X5 məxsus torpaq sahəsindən Un 10 Kv elektrik hava ötürücü xəttinə qədər məsafə 28 metrdir. - Həmin torpaq sahələri üzərində xüsusi mülkiyyətə dair hüquqlar dövlət reyestrində qeydiyyata alınmadan əvvəl kompleks yerquruluşu layihəsinə əsasən mülkiyyət növü bələdiyyə, kateqoriyası kənd təsərrüfatı təyinatlı, dinc torpaqlardır. - AzCAD və TEKUİS məlumat bazasına əsasən RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışla X3 məxsus torpaq sahəsi ilə A seriyalı 480681 nömrəli torpaq sahəsinin plan ölçü sənədində olan torpaq sahəsi arasındakı məsafə 639 metr, ********** qeydiyyat nömrəli, **********51-12301 reyestr nömrəli çıxarışla X1 və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X5 məxsus torpaq sahəsi ilə A seriyalı 480681 nömrəli torpaq sahəsinin plan ölçü sənədində olan torpaq sahəsinin arasındakı məsafə 5.15 metrdir.
9. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-7348/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu Alakol kəndində yerləşən torpaq sahəsi 1974-cü ildə istismara verilmiş 10 kV-luq elektrin verilişi xəttinin mühafizə zonasında yerləşir.
10. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-11437/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılması” Tələblərin 2.2-ci bəndinə əsasən, Tovuz rayonu Alakol kəndi 10 kV-luq hava veriliş xətlərinin mühafizə zonasında yerləşir. Həmin xətt 1974-cü ildə çəkilib istismara verilmiş, hal-hazırda aktivdir və Alakol kəndini qidalandırır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-5007/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı satılan 800 kv.m həyatyanı torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə, 2405 nömrə ilə X8 kitabında uçota alınmış, A№480681 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin ştampı ilə təsdiq edilmiş sənədlər olmuşdur. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu Alakol kəndində yaşayır. Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə ona cizgidə göstərilən sərhəd daxilində 0.08 ha həyətyanı torpaq sahəsi satılmışdır və həmin torpaq sahəsi onun istifadəsi və mülkiyyətindədir.
14. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Tovuz rayonu, Alakol kəndində yerləşən, Alakol bələdiyyəsinin 24 fevral 2007-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinə dair A №480681 nömrəli 31 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Eyni zamanda, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına istinad edilərək İddiaçı istifadəsində olan və A №480681 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş torpaq sahəsi elektron baza məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı sahələrin altında olan torpaqlar və Dövlət mülkiyyəti kimi verilmişdir. Sözügedən torpaq sahəsinin üzərindən Un 10 kV elektrik hava ötürücü xətti keçir və hər hansı tikili mövcud deyil, baza məlumatlarına əsasən dövlət mülkiyyəti olduğundan digər şəxslərin hüquqlarına toxunur. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir, lakin, sözügedən torpaq sahəsinin bələdiyyəyə verilməsi ilə bağlı heç bir məlumat mövcud deyildir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Tovuz rayonu Alakol bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-467/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Tovuz rayon şöbəsində 26 fevral 2007-ci il tarixdə 60 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsi tərəfindən verilmiş A 480681 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmuşdur. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab edildiyindən, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-467/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubu və iddia tələbinə qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Onunla həmsərhəd torpaq sahələrinə çıxarış verilmişdir.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
30. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)
2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: (Qüvvədən düşmüşdür).
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”: 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr.
34. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə 800 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli şəhadətnamə aktına əsasən, DT və XK Tovuz rayon şöbəsinin aparıcı məsləhətçisi Ə.Abduləliyev, Tovuz rayon Alakol bələdiyyəsinin sədri B.H.Hüseynov və İddiaçı iştirakı ilə 0,08 ha torpaq sahəsi ölçülərək sonuncuya verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar X8 kitabında xx.xx.2014-cü il tarixdə 2405 nömrə ilə uçota alınmış A480681 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
37. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.
38. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə AzCAD məlumat bazası arasında uyğunsuzluğun yəni, dövlət mülkiyyətinə məxsus olması, həmçinin üzərindən Un 10 kV elektrik hava ötürücü xəttinin keçməsidir.
39. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda həmin Qanunun müvafiq maddələri sadalanmışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən İddiaçı satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 28 oktyabr 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.
41. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən torpaq sahəsinə dair sənədlər (torpağın alqı-satqısına dair akt, şəhadətnamə aktı, sxematik plan, torpaq sahəsinin qaiməsi) hazırlanmışdır. Eyni zamanda torpaq sahəsinə dair Tovuz rayonu Alakol Bələdiyyəsinin yerquruluşu planından çıxarış da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.
42. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
43. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı sənədlər həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Tovuz rayon şöbəsi tərəfindən tərtib olunmuşdur.
44. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-5007/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı satılan 800 kv.m həyatyanı torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə, 2405 nömrə ilə X8 kitabında uçota alınmış, A№480681 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin ştampı ilə təsdiq edilmiş sənədlər olmuşdur.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz.
46. Torpaq sahəsi hazırda dövlət mülkiyyətində olsa da, bələdiyyə qərarı ilə iddiaçıya satıldığı - xx.xx.2007-ci il tarixində bələdiyyə mülkiyyətində olmuşdur. Belə olan halda apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı mübahisəli torpağı aldığı zaman qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun davranmışdır.
48. Bundan başqa mütəxəssis X6 birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinin yerquruluşu xəritəsində əvvəl bələdiyyə mülkiyyətində yararsız torpaq sahəsi kimi əks olunduğunu bildirmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolu (səh. 135-137) və audio-videoyazı 04:54 dəq.).
49. Apellyasiya şikayətinin “mübahisəli torpaq sahəsinin üzərindən Un 10 kV elektrik hava ötürücü xəttinin keçməsi” dəlilinə münasibətdə qeyd edilir ki, hazırki qərarın 32 və 33-cü bəndlərindən göründüyü kimi elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Başqa sözlə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır.
50. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-11437/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, Tovuz rayonu Alakol kəndi 10 kV-luq hava veriliş xətlərinin mühafizə zonasında yerləşir. Həmin xətt 1974-cü ildə çəkilib istismara verilmiş, hal-hazırda aktivdir və Alakol kəndini qidalandırır.
51. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə isə yuxarıda qeyd olunan səbəblərə görə belə əsaslar mövcud deyildir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
53. Beləliklə, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-467/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov