Məhkəmə qərarları › İş №2-1(104)-372/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-372/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-372/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, «Uşağın soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 672/2023 saylı qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2021-ci il tarixli, AZ-İİ 444945 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin avqust ayının 30-cu günündə 903 nömrə ilə qeyd edilmişdir. **********08 nömrəli doğum haqqında tibbi şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdə oğlan övladı dünyaya gətirmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 698-05/15 nömrəli məktubundan görünür ki, iddiaçıların övladlarına “Asifli” soyadın verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladları Arasın soyadının “Asifli” olaraq qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 doğulmuşdur. İddiaçılar övladlarına doğum haqqında şəhadətnamə alan zaman onun soyadının “Asifli” kimi qeyd edilməsini istəsələr də, cavabdeh orqan bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-672/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, uşaqlarının soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir və onun soyadına dəyişiklik edilməsinə isə valideynlərinin soyadları müxtəlif olduqda, eləcə də soyadın sonluğuna dəyişiklik edildikdə valideynlərin birgə xahişinə əsasən yol verilir. İddiaçıların soyadı “Bərxudarlı”-dır, buna uyğun olaraq da valideynlərin razılığı ilə onların övladlarına yalnız “Bərxudarlı” soyadı verilə bilər. Göründüyü kimi mövcud qanunvericiliklə uşaqlarının soyadına dəyişiklik edilməsi üçün konkret hallar və əsaslar müəyyən edilmişdir və hazırda iddiaçıların tələbi həmin şərtlərə cavab vermir. Yəni hazırki halda iddiaçılar övladlarının soyadının sonluğuna dəyişiklik deyil, bütövlükdə soyadın dəyişdirilməsini tələb edir ki, bu, mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçılar qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladları Arasın soyadının "Asifli" olaraq qeydə alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 doğulmuşdur. Övladlarına doğum haqqında şəhadətnamə alan zaman onun soyadının "Asifli" kimi qeyd edilməsini istəsələr də, cavabdeh orqan Cavabdeh bundan imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaları təmin edilməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almalıdır ki, müvafiq qanunvericiliyin müddəalarında istinadla qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. İddiaçılar olaraq onlar inzibati orqana müraciət etmişlər, lakin inzibati orqan hər hansı inzibati icraat aparılmadan onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçıların müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçıların özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Həmin icraatın gedişində cavabdeh həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydalarının tələblərindən irəli gələn araşdırmanı aparmalı olduğu halda, bunu da etməmişdir. Yuxarıda sadaladıqlarıma əsasən hesab edilir ki, birinci instansiya məhkəməsi qərarı ilə iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, əvvəlcədən soyadlarının atasının adı ilə davam etdirilməsini arzu ediblər. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin məcəllənin 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» qaydaları: Həmin qaydaların 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin qaydaların 6.2-ci bəndinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”: Həmin Paktın 24-cü maddəsinə əsasən:

1. hər bir uşaq irqi, dərisinin rəngi, cinsi, dili, dini, milli və ya sosial mənsubiyyəti, əmlak vəziyyəti və doğuşu əlamətinə görə heç bir ayrı-seçkiliyə yol verilmədən, elə müdafiə tədbirləri hüququna malikdir ki, bu müdafiə tədbirləri, kiçik yaşlı vəziyyətində olduğuna görə, onun ailəsindən, cəmiyyətdən və dövlətdən tələb olunur.

2. Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır.

“Uşaq hüquqları haqqında” BMT Konvensiyası: Həmin Konvensiyanın 7-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Həmin Konvensiyanın 8-ci maddəsinə əsasən:

1. iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər.

2. əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından qanunsuz məhrum edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

İnsan Hüquqlarının və X5 X4: Həmin Konvensiyanın 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin Konvensiyanın 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlarının soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir və onun soyadına dəyişiklik edilməsinə isə valideynlərinin soyadları müxtəlif olduqda, eləcə də soyadın sonluğuna dəyişiklik edildikdə valideynlərin birgə xahişinə əsasən yol verilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçıların soyadı “Bərxudarlı”-dır, buna uyğun olaraq da valideynlərin razılığı ilə onların övladlarına yalnız “Bərxudarlı” soyadı verilə bilər. Həmçinin iddia tələbini rədd edən birinci instansiya məhkəməsi məhz öz əsaslandırmasında da qeyd etmişdir ki, mövcud qanunvericiliklə uşaqlarının soyadına dəyişiklik edilməsi üçün konkret hallar və əsaslar müəyyən edilmişdir və hazırda iddiaçıların tələbi həmin şərtlərə cavab vermir. Yəni hazırki halda iddiaçılar övladlarının soyadının sonluğuna dəyişiklik deyil, bütövlükdə soyadın dəyişdirilməsini tələb edir ki, bu, mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, dövlət ilkin seçimi iki valideynə əsasən buraxıb, bununla ailənin işinə qarışmamaq öhdəliyinə əməl edib. Onun iki yetkin şəxsin ailə və övlad planlamasına qarışmadığı kimi, planlamanın doğuşdan sonra reallaşan, lakin ondan əvvəl artıq qərarlaşdırılmış hissəsi – soyad hissəsi ilə bağlı da qərarın qəbuluna qarışacağı yoxdur. Yuxarıda qeyd olunan normalar ən mərkəzi prinsip kimi Uşağın mənafeyinin müstəsna üstünlüyü prinsipinə xidmət etməyə, o isə öz növbəsində uşağın fiziki, psixoloji, mənəvi, hərtərəfli sağlam inkişaf və qayğı ilə əhatələnməsinə yönəlib. Göründüyü kimi ad və soyad şəxsi və ailə həyatının dövlətin müdaxiləsindən maksimum uzaq, daxili avtonom bir immunitetli sahəsi kimi beynəlxalq hüquqda qəbul edildiyi kimi milli hüquqda da tanınıb. Müdaxilənin həcmi və məqsədində uşağın mənafeyindən başqa mənafe irəli sürülməyib. Dövlətin tənizmetmədə işi ədalətli balansı tapmaqdır – dövlət, valideyn və uşaq hüquqi üçbucağında bu işdə valideynlərin dövlətdən tələbində balansı pozacaq hər hansı element yoxdur. Valideynlərə buraxılmış diskresionda valideynlər belə bir qərar veriblər, uşağın mənafeyinə toxunacaq bir şey yoxdur, qanun da buna imkan verəcək mətndə yazılıb. Ona görə də, milli və beynəlxalq normaların məzmun və təyinatı göstərir ki, bu məsələdə dövlət yalnız son dərəcə zərurət olduqda, yalnız xoşniyyətlə, ilk növbədə uşağın, sonra valideynlərin və dövlətin bu işdə maraqlarını nəzərə alıb müdaxilə edə bilər. Qalan hallarda uşağın soyadıyla bağlı təmasda maksimal dərəcədə hüququ icraedicilik gözlənməlidir. Burada valideynlərin və uşağın da hüququ dualistdir: həm şəxsi, həm ailə hüququ çərçivəsində qiymətləndirilə biləndir. Bundan başqa İnsan Hüquqlarının və X5 X2 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin Konvensiyanın 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Ad və soyad seçilməsi məsələsində İnsan Hüquqlarının və X5 X2 8-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi ilk dəfə 1990 ildə Burghartzın İsveçrəyə qarşı işində araşdırılmışdır. Məhkəmə həmin işdə aydın şəkildə göstərmişdir ki, bu hüquq 8-ci maddədə birbaşa göstərilmədiyinə baxmayaraq, şəxsin adı soyadı onun kimliyini (indentifikasiyasını) müəyyənləşdirən və ailəsi ilə əlaqəli məsələ olduğu üçün şəxsi və ailə həyatının tərkib hissəsidir. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Guillotun Fransaya qarşı işində də qeyd etmişdir ki, uşağın adının valideyin tərəfindən seşilməsi şəxsi və mənəvi məsələdir, bu səbəbdən şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür. Məhkəmə müəyyən etmişdir ki, müəyyən növ şikayət ərizələri ilə bağlı məhkəmə icraatları hər zaman hər hansı iddia irəli sürən şəxsin iddianı sübuta yetirməsi prinsipinin qəti surətdə tətbiqini tələb etmir və Konvensiyanın 34-cü maddəsi çərçivəsində təsis edilmiş fərdi şikayət sisteminin effektiv fəaliyyəti üçün dövlətlərin şikayətlərin düzgün və səmərəli şəkildə baxılması üçün bütün zəruri imkanları təmin etməsi son dərəcə vacibdir (Bazorkina Rusiyaya qarşı, § 170; X9rşı [BP], § 253). Ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyini iddia etdiyi halda, ərizəçinin həm effektiv, həm də əlçatan olan hüquq müdafiə vasitəsindən istifadə etmədiyini sübut etmək yükü hökumətin üzərinə düşür (Dalia Fransaya qarşı, § 38; MakFarleyn İrlandiyaya qarşı). Hər hansı belə hüquq müdafiə vasitəsinin əlçatanlığı qanunda və praktikada kifayət qədər təsdiq edilməlidir. (Verniyo Fransaya qarşı). Buna görə də, bu hüquq müdafiə vasitəsinin ölkədaxili qanunvericilikdə açıq-aydın əsası olmalıdır (Skavuzzo-Hager və başqaları İsveçrəyə qarşı (qər.); X6rşı, § 117; Sürmeli Almaniyaya qarşı [BP], §§ 110-12). Hüquq müdafiə vasitəsi ərizəçinin şikayəti ilə bağlı vəziyyətin aradan qaldırılması imkanına təminat verməlidir və işin müsbət şəkildə həll olunması ehtimalı ağlabatan xarakter daşımalıdır (Skoppola İtaliyaya qarşı (No2) [BP], § 71). Mövcud olduğu deyilən hüquq müdafiə vasitəsinin inkişafı və əlçatanlığı, o cümlədən tətbiq dairəsi aydın müəyyən edilməli, praktika və ya presedent hüquqla təsdiqlənməli və tamamlanmalıdır (Mikolayova Slovakiyaya qarşı, § 34). Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi şəxsin adı və soyadı onun kimliyini (indentifikasiyasını) müəyyənləşdirən və ailəsi ilə əlaqəli məsələ olduğu üçün şəxsi və ailə həyatının tərkib hissəsi olmaqla uşağın adının valideyin tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir. Göründüyü kimi həm milli hüquq, həm də beynəlxalq hüquq normalarında uşağın soyadının babanın adı ilə qeyd olunmasında məhdudiyyətlər müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsi yalnız formal mülahizələr əsasında iddia tələbini təmin etməmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-672/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il təvəllüdlü övladları X1 dəyişdirilərək “Asifli” qeyd edilməsi və bu barədə həmin uşağa müvafiq yeni doğum haqqıda şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar