Məhkəmə qərarları › İş №2-1(104)-377/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-377/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-377/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-725/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: 15 fevral 2022-ci il tarixli 2V-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Sahib Avadan oğlunun qanun üzrə vərəsəsi kimi İddiaçı miras əmlakı tam pay qəbul etmişdir, miras pay kütləsi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialında hesablanmış 6496,57 manat sığorta ödənişi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 oktyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda ailə üzvlərinə qaytarılmasına dair heç bir müddəa olmadığından imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri Əhmədov Sahib Avadan oğlunun 6496.57 manat pensiya kapitalının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri Əhmədov Sahib Avadan oğlu 2013- cü ildə vəfat etmiş, ərini 6496.57 manat pensiya kapitalı olmuş, lakin əri öldüyündən həmin məbləğin ona ödənilməsi mümkün olmamışdır. Özünün pensiya məbləği az olduğundan ərinin pensiya kapitalı birdəfəyə və yaxud hissə-hissə ona ödəniləcəyi təqdirdə maddi durumu yaxşılaşa bilər. Məsələ ilə bağlı cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Cavabdehin 16 dekabr 2022-ci il tarixli, **********7 nömrəli etiraz ərizəsində qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı mərhum həyat yoldaşı Əhmədov Sahib Avadan oğlunun fərdi hesabında yığılan məbləğin- 6496,57 (altı min dörd yüz doxsan altı manat əlli yeddi qəpik) manat pulun birdəfəlik ödənilməsini tələb etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində mərhum həyat yoldaşının fərdi hesabında toplanmış məbləğin birdəfəlik ödənilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanan məktubla qanunun tələbləri izah olunmuş, əmək pensiyası hüququ olan şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınan məbləğin birdəfəlik ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Sözügedən Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyqun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi uçotu həyata keçirilmiş, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazası yaradılmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sözügedən Qanunun 5-ci maddəsinə uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bır sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. “Əmək, pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsində sosial sığorta ehtiyatı anlayışı verilmişdir. Belə ki, sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə” Qaydalarının 3.1-ci maddəsinə əsasən sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir: 3.1.1.əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 3.1.1. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə: 3.1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. Sözügedən Qaydaların 3.3-cü maddəsində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaolunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olan sığorta haqqı daxil olunur. Həmin hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləşdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın,qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Qanunun şərhinə uyğun olaraq İddiaçı iddia tələbinin hüquqi əsası yoxdur və mərhum həyat yoldaşının fərdi hesabında yığılan məbləğ iddiaçıya ödənilə bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-725/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sosial sığorta sahəsində qüvvədə olan qanunvericiliklə sosial sığorta ödənişlərinin digər məqsədlər üçün istifadə olunması nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının hazırki tələbi əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-725/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə cavabdeh tərəfin etiraz ərizəsinin dəlilləri birinci instansiya məhkəməsində təqdim olunan ərizə ilə eynilik təşkil etmişdir. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçı özü pensiyaçıdır və mərhum Əhmədov Sahib Avadan oğlunun sığorta kapitalında yığılmış məbləğin ona ödənilməsini tələb edir və tələb olunan məbləğ isə 5847 manatdır. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikasının “Sosial Sığorta haqqında” Qanunu: 1.1.1.sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 19.1. Məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunu: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 5.2.12. sığortaedən hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.16. sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat; 5.2.19. vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir; Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Sığorta ehtiyatından istifadə haqqında” Qaydalar: 3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə; 3.1.3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. 3.2. Sosial sığorta ehtiyatından istifadəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edir. 3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 20-ci maddəsində, həmçinin 2021-ci il yanvarın 1-dək qüvvədə olan 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixində mərhum həyat yoldaşı Əhmədov Sahib Avadan oğlunun fərdi hesabında yığılan məbləğin birdəfəlik ödənilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, inzibati orqanın imtina məktubunda qanunun tələbləri izah olunmuş, əmək pensiyası hüququ olan şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınan məbləğin birdəfəlik ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmaması bildirilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və etiraz dəlilləri ilə razılaşaraq qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Sözügedən Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyqun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Göründüyü kimi sosial sığorta ödənişi əsasında yaranan sosial sığorta yığımının məqsədi xeyrinə ödəniş edilən şəxsin gözlənilən pensiya hüququnun həyata keçirilməsinə maddi təminat yaratmaqdır. Hazırki halda iddiaçı mərhum ərinin sığorta kapitalının ona maddi rifahının yaxşılaşdırması məqsədi ilə nağdlaşdırılmasını tələb etsə də, o, tələb olunan sığorta katipatı üzərində sərəncam vermək hüququna malik şəxs deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliaksı Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Normanın təfsirindən göründüyü kimi pensiya kapitalına malik şəxs öldükdə onun ailə üzvü yalnız ailə baçısını itirməyə görə pensiya təyinatının subyekti ola bilər. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarında qazanılmış pensiya kapitalının nəinki şəxsin hüquqi varislərinə, sığortaolunanın özünə belə birdəfəlik ödənilməsinə dair hüquq norması, yəni hazırki iş üzrə iddia tələbinin hüquqi əsası mövcud olmadığından iddiaçının iddia predmeti ilə bağlı subyektiv hüququ yoxdur və şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəlmədiyindən iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1. maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2. maddəsinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Həmin qərarın 5.3. maddəsinə əsasən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Həmin qərarın 5.4. maddəsinə əsasən bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı, Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-725/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar