Məhkəmə qərarları › İş №2-1(104)-377/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-377/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-377/2024 25.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və X4 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-93/2024 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: TSEK müayinələri ilə bağlı alt sistemdən çıxarışdan görünür ki, İddiaçı «Revmatoidli poliartritin kəskinləşməsi seropozitiv forma. Hər iki aşağı və yuxarı ətraf oynaqlarının zədələnməsi , deformasiyası. QDÇ İİ dərəcə. Diz oynaqlarının hərəkət funksiya pozulması İl dərəcə » diaqnozu ilə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. TSEK müayinələri ilə bağlı alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişdə qeyd olunmuş diaqnoza « Göndərişin natamam doldurulması » səbəbilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin T714/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və onun xx.xx.2023-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona "Revmatoid artrit, hər iki əlin daraq-falanqa, falanqalararası oynaqların İİ-İİİ dərəcəli artrozu, sağ əl barmaqlarının yarıbükülmüş vəziyyəti, tam bükülməməsi, açıcı-bükücü kontrakturası, tutma funksiyasının pozulması, hər iki diz oynağının osteoartrozu, sağda İV solda İİİ dərəcəli, açıcı-bükücü kontrakturası (sağda açma 165°, bükmə 100°, solda açma 170°, bükmə 90°), hər iki pəncənin xırda oynaqlarının artriti, osteoporozu, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması" diaqnozu qoyulmuşdur. İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "M05.8-digər seropozitiv revmatoid artritlər, revmatoidli artrit: poliartrit, seropozitiv forma, gecikmiş mərhələ İİ aktivlik, İİİ Rentgenoloji dövr. Ağırlaşma: R52.2-digər daimi ağrı, daimi ağrı sindromu ilə, R26hərəkətin və yerişin pozulmaları, oynaq funksiyasının çatmamazlığı İİ fs" diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarları"nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona aid tibbi sənədlərə əsasən 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “revmatoidli poliartritin kəskinləşməsi, seropozitiv forma hər iki aşağı və yuxarı ətraf oynaqlarının zədələnməsi, deformasiyası” diaqnozu ilə xəstədir, sərbəst hərəkət etməkdə çətinlik çəkir, 2016-2021-ci illərdə bu diaqnozla İİ qrup əlilliyə görə pensiya almışdır. Təkrar müayinə ilə əlaqədar həkim komissiyasının tələbinə əsasən stasionar qaydada müayinələrdən keçmiş və müvafiq qaydalara əməl etməklə həkim tərəfindən sənədlər cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində olan Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Mərkəzindən daxil olmuş imtinada Dövlət səhiyyə müəssisəsi tərəfindən müraciətin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. İddiaçı hesab edir ki, imtina tam olaraq əsassızdır. Belə ki, onun müraciətinin təmin edilməməsinə səbəb sənədlərin "natamam olması", "natamam doldurulması" olduğundan, cavablar İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun deyildir. İddiaçının müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-93/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əlillik təyinatına dair sənədlərdən göründüyü kimi iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə əsasən « ürək qüsurları və ya miokardda baş verən dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı » diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli müayinə nəticəsində iddiaçıda eyni diaqnoz aşkar edilməsinə baxmayaraq « göndərişin natamam doldurulması » səbəbi ilə əlillik təyinatından əsassız olaraq imtina edilmişdir. Məhkəmə həmçinin iş üzrə verilmiş ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, rəydə iddiaçının 088 nömrəli göndərişdə qeyd olunan ürək qüsurları ilə bağlı vəziyyətinə qiymət verilməmişdir. Halbuki, iddiaçıya 2016-cı ildə məhz ürək qüsurları ilə bağlı əlillik təyin edilmiş, sonrakı göndərişlərdə də digər xəstəliklərlə yanaşı ürək qüsurları da qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya əlillik təyinatı ilə bağlı ilkin imtina xx.xx.2022-ci il tarixdə verildiyindən, iddiaçıya həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2024-cü il tarixli, 2-1(114)-93/2024 saylı qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göndərişin natamam doldurulmasının səbəbi xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursunun yetərli olmaması barədə rəsmi sənədin poliklinika tərəfindən göndərilməməsi ilə izah edilir. Həmçinin bildirmək istəyir ki, vətəndaşa sonuncu göndərişlə verilən imtina göndərişin natamam doldurulması ilə deyil, əlavə müayinəyə ehtiyacının olması ilə əlaqədardır. Bildirmək istəyir ki, məhkəmə məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə, həmçinin birinci instansiya məhkəməsində vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və məhkəmə tibbi ekspertizası tərəfindən verilmiş rəyi mötəbər hesab etməmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. Buradan da birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulduğu müəyyən olunur. Həmçinin bildirir ki, sözügedən analoji hallarda mübahisələrin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Həmçinin, əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (Forma-088) şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluqlar aşkar olunduqda, müayinələr əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stasionar və ambulator müalicələri yetərli olmadıqda və yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamam doldurulduqda və s. hallarda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisəsinə geri qaytarılır. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, X1 uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 5.3.1. – bəndinə əsasən xəstəliyin adı “digər seropozitiv revmatoid artrit” – X3 M05.8 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 5.3.1.2. bəndinə əsasən, RA, oynaqların funksiyalarının aşkar pozulması lll dərəcə, rentgenoloji – artritin İİ-İİİ mərhələsi, orta-ağır və ya ağır forma daxili orqan sistemlərinin funksiyasının mülayim və ya aşkar pozulması ilə, kliniki-laborator olaraq aktivliyin İİ dərəcə göstəriciləri, az inkişaf edən gedişat, tez-tez və ya uzunmüddətli kəskinləşmələr, İİİ FS 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona aid tibbi sənədlərə əsasən 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra onun müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsaslanaraq İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı sonuncu dəfə Samux rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və qiymətləndirmə nəticəsində ona əlilliyin təyin edilməsindən “göndərişin natamam doldurulması” səbəbilə imtina edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən qiymət verməli olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə istinad etmişdir. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə tətbiq edilməli olan doğru maddi hüquq normasını tətbiq etməmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçıya “Revmatoidli poliartritin kəskinləşməsi seropozitiv forma. Hər iki aşağı və yuxarı ətraf oynaqlarının zədələnməsi , deformasiyası. QDÇ İİ dərəcə. Diz oynaqlarının hərəkət funksiya pozulması İl dərəcə” diaqnozla xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığından tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlər göndərilməsinə baxmayaraq, göndərişlərdə qeyd olunmuş diaqnozlara “Göndərişin natamam doldurulması” səbəbilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Bundan əlavə səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 27 iyun 2024-cü il tarixli, 2-1(104)- 377/2024 saylı sorğu verilərək xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə keçirilmiş TSEK müayinəsi nəticəsində İddiaçı göndərişlərin natamam doldurulması əsası ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilən zaman göndərişlərdəki natamamlığın nəyi ehtiva etməsi barədə ətraflı mülahizənin Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuş, lakin məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı münasibət bildirilməmişdir. Burdan da belə görünür ki, cavabdeh orqanın “göndərişin natamam doldurulması” səbəbilə imtinası əsassız olmuş və imtina formal xarakter daşımışdır. Belə ki, İddiaçı sonuncu müayinəsi zamanı tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə xəstəliyinin əsas diaqnozu - XBT 10 kodu M05.8 - “Digər seropozitiv revmatoid artritlər, Revmatoidli artrit: poliartrit, seroneqativ orma, yüksək aktivlik formalaşmış mərhələ” olmuşdur. Kollegiya qeyd edir ki, göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 5.3.1.2. bəndinə əsasən “RA, oynaqların funksiyalarının aşkar pozulması lll dərəcə, rentgenoloji – artritin İİ-İİİ mərhələsi, orta-ağır və ya ağır forma daxili orqan sistemlərinin funksiyasının mülayim və ya aşkar pozulması ilə, kliniki-laborator olaraq aktivliyin İİ dərəcə göstəriciləri, az inkişaf edən gedişat, tez-tez və ya uzunmüddətli kəskinləşmələr, İİİ FS” 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 65-80 faiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-93/2024 saylı qərarı ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-93/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar