Məhkəmə qərarları › İş №2-1(104)-378/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-378/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-378/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-559/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinə mülkiyyət hüququnun və məhv edilmiş əmlakının bərpa edilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə cavabdeh inzibati orqanın müvafiq qurumları tərəfindən zəruri tədbirləri həyata keçirərək torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamına əsasən iddiaçının mərhum əri X1 Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən ticarət passajının qarşısında yeməkxananın tikintisi üçün 15m x9m ölçüdə (135kv.m.) torpaq sahəsi ayrılmışdır. Sərancamın icrası məqsədilə, tələb olunan torpaqayırma və digər lahiyətexniki sənədlər tərtib edilmiş, obyekt inşa olunaraq 20 ilə yaxın müddətdə fəaliyət göstərmişdir. Lakin 2011-ci ilin yayında o zaman Gəncə şəhərinə rəhbərlik etmiş şəxslərin şifahi göstərişlərilə, həmin obyekt məhkəmə qərarı olmadan qanunsuz sökülmüş və bu müddət ərzində (11 il) heç bir abadlıq işləri aparılmayaraq, mülkiyyət (istifadə) hüququ ilə ona məxsus obyektin yerləşdiyi torpaq sahəsi istifadəsiz qalmışdır. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən, inzibati qanunvericiliyə uyğun olaraq, yuxarıda qeyd edilən sərancamla ayrılmış torpaq sahəsinə mülkiyyət (istifadə) hüququnun və qanunsuz sökülmüş əmlakının bərpası məqsədilə, müvafiq qurumları tərəfindən həmin torpaq sahəsini naturada müəyyən edərək ona dair texniki və digər təşkilatıi sənədlərin tərtib olunması habelə öz vəsaiti hesabına obyektin şəhərin memarlıq üslubuna uyğun bərpa edilməsi üçün lahiyə eskizin təsdiq edilməsi barədə göstərişlərin verilməsini Gəncə Şəhər İcra Hakimiyyətindən xahiş etmiş, lakin cavabdeh inzibati orqan müraciətinə mahiyyəti üzrə deyil, müccərəd şəkildə cavab verərək, müxtəlif bəhanələrlə əsassız olaraq, müvafiq təşkilati və sənədləşmə işlərinin aparılmasından imtina etmiş, eyni zamanda sözügedən qeyri-yaşayış öbyektin sökülməsi ilə əlaqədər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar verilmədiyini bildirmişdir. Bununla da cavabdeh vaxtilə qəbul etdiyi və hüquqi qüvvəsini saxlamış qərardan irəli gələn öhdəliklərin icrasından yayınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-559/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Hazırki iş üzrə yeməkxananın tikintisi nəzərdə tutulan torpaq sahəsinin ayrılması prosedurlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada riayət edilmədiyinə görə qeyri-müəyyən sahəyə dair texniki sənədlərin hazırlanması da hər-hansı qurum tərəfindən mümkün olmayacaqdır. İddiaçı qeyd olunan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-559/2023 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə məsələnin həllinin cavabdehlə bərabər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyət və vəzifə borcu olduğunu vurğulasada, mülki icraatdan fərqli olan inzibati icraatın xüsusiyyətlərinə uyğun olaraq özünün (məhkəmə) vəzifə borcunu yerinə yetirib ƏMDX-ni işə cəlb etsəydi qanuni və ədalətli qərar qəbul etmiş olardı. Digər ziddiyətli məqam isə, məhkəmənin iş üzrə tətbiq edilməli olan Azərbaycan Rispublikası Konstitusiyası (bundan sonra- Konstitusiya), mülki ,torpaq və inzibati qanunvericilik normalarına deyil ƏMDX-nin Əsasnaməsinə (bundan sonra-Əsasnamə) istinad etməsidir. Halbuki həmin Əsasnamənin məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyi 1.1, 1.2 və 3.0.23-cü maddələrindədə, ümümi xarakterli müddəalar təsbit olunmaqla yanaşı, ƏMDX-nin öz fəaliyyətində ilk növbədə yuxarıda sadalanan konstitusiyon və qanunvericilik normalarının rəhbər tutulması, həmçinin torpaq sahələri ilə bağlı bütün texniki və təşkilati işlərin aparılması bu əsasnaməyə uyğun olaraq xidmətin vəzifəsi kimi qeyd edilmişdir. Buna müvafiq olaraq icra hakimiyyəti (inzibati) orqanları hesab olunan cavabdeh və ƏMDX tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi, həmçinin onların üzərində tikintilərin aparılmasının inzibati-təşkilati işləri publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənir. Bundan əlavə,məhkəmənin işə yanaşmasının göstəricisi kimi , qərardakı-"Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərancamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edlib ölçülməsi və sərhədlərin müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir" cümləsinə hüquqi qiymətin verilməsini işə baxan yuxarı instansiya məhkəmələrinin ixtiyarına buraxmışdır. Lakin bu hal mətndə yol verilmiş texniki səhv olmasına baxmayaraq hazırki işin mahiyyətinə aid məhkəmənin qeyri-ixtiyari ifadə etdiyi düzgün mövgedir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə şöbəsi və onun nəzdində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibatin Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materialları araşdırılan zaman müəyyən edilir ki, iddiaçı cavabdehin xx.xx.1992-ci il tarixli, 2621 saylı sərəncamının icrasının təmin edilməsi məqsədilə müvafiq torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsini, obyektin lahiyə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulmasını tələb etsə də, cavabdehin xx.xx.1992-ci il tarixli 2621 nömrəli sərəncamında “Dostluq” X2 küçəsində ticarət passajının qarşısında 15.0x9.0 m. ölçüdə yeməkxana tikintisinə icazə verilməsinə baxmayaraq, yeməkxananın tikintisi üçün torpaq sahəsi ayrılmamış, həmçinin yeməkxananın inşa ediləcəyi torpaq sahənin koordinatlarını, sərhədlərini və coğrafi mövqeyini müəyyən edən sənədlər tərtib edilməmişdir. Bundan başqa sözügedən yeməkxana əvvəllər inşa edilərək istifadə edilmiş, lakin 2011-ci ildə sökülmüşdür. “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü rekvzitləri göstərilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin eskiz-layihənin təsdiq edilməsini xahiş etmiş, lakin iddiaçı qeyd olunan eskiz-layihənin onun hüquqlarının və qanunla qorunan maraqlarının hansı əsaslarla pozmasını əsaslandırmamışdır. Kollegiya həmçinin qeyd edir ki, eskiz-layihə ümumiyyətlə inzibati akt hesab olunmur və iddiaçı üçün hər-hansı hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Lakin həmin səlahiyyətlər çərçivəsində iddiaçının tələb etdiyi torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi kimi səlahiyyətlər nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd olunan birinci instansiya məhkəmənin işə yanaşmasının göstəricisi kimi, qərardakı- "Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərancamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edlib ölçülməsi və sərhədlərin müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir" cümləsinə hüquqi qiymətin verilməsini işə baxan yuxarı instansiya məhkəmələrinin ixtiyarına buraxmasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddia ərizəsində qeyd edilən obyektin yerləşmə yeri Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ticarət passajının qarşısı olduğundan tələbə də cavab verməli inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qeyd olunmalı idi. Lakin, aydın məsələdir ki, birinci instansya məhkəməsinin qərarında 3 saylı Gəncə Ərazi İdarəsi əvəzinə 15 saylı Tovuz Ərazi İdarəsi kimi qeyd edilməsi texniki səhvə yol verilməsin nəticəsində yaranmış yanlışlıqdır. Bundan başqa Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2002-ci il tarixli, 47-a saylı arxiv arayışından görünür ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 2621 nömrəli sərəncamı ilə “Dostluq” Assosasiyasının 14 may 1992ci il tarixli 7_04/8İ nömrəli məktubunu nəzərə alaraq Vəli Xuluflu küçəsində ticarət passajının qarşısında 15.0x9.0 m. ölçüdə Assosasiyanın yeməkxanasının tikintisinə icazə verilmişdir. Hazırda həmin yeməkxana mövcud deyildir və iddiaçının əvvəllər həmin yeməkxananın yerləşidiyi torpaq sahəsinə dair heçbir subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qərarın ləğvi üçün əsas olan pozuntulara yol verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-559/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən olunması, texniki və digər sənədlərin tərtib edilərək təhvil verilməsi və obyektin layihə eskizinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar